writer1

Şərif Ağayar

Məqalə sayı

550
clock13:31 calendar-gray 29 İyun 2016 view-gray407 dəfə oxunub
view-gray407 dəfə oxunub

Yazdıqlarımız doğrudan da olubmu?

Özü roman yazmasa da romançılıqla bağlı ən ağıllı mühakimələr irəli sürən Xorxe Borxesin “Don Kixot”da ən çox bəyəndiyi fənd Don Kixotun özü haqqında yazılan kitabı oxuması idi.

Ümumiyyətlə, ədəbiyyatda oxucu-prototip-yazıçı üçbucağı bütün dövrlər üçün maraqlı olub.

Oxucu özünü bir əsərdə həm yazıçı, həm də prototip kimi hiss edə bilər.

Eyni zamanda yazıçının özünü prototip sayar.

Yazıçı da öz növbəsində oxucunun və prototipin, eyni zamanda yaratdığı obrazın yerinə keçib dünyaya onun gözü ilə baxmaq istəyir.

Məşhur bir deyim var: bütün kişilər qadınlardan narazılıq edəndə öz həyat yoldaşlarını göz önünə gətirirlər.

Bu halda kişinin mənfi obraz kimi yaratmaq istədiyi qadın nə dərəcədə onun öz həyat yoldaşıdır?

Eyni sualı ədəbiyyat müstəvisinə keçirib yaradılan obrazın nə qədər prototip, nə qədər yazıçının özü və nə qədər onun xəyal məhsulu olduğunu ayırd eləmək çox çətindir.

Belə qarışıq bir vəziyyətdə prototiplə yazıçı arasında hər hansı skandal başadüşüləndir.

Markesin anası yazıçı oğlunun yaxın qohumlardan götürdüyü prototipləri tanıyıb ona deyirdi: “Lütfən, bütün bunları qələmə alıb bizi biabır etmə!”

Qarabağ bölgəsində danışırlar ki, Axundovun məşhur Hacı Qarası ağcabədili olub, özü də o qədər xəsis adam olmayıb. Bir gün böyük yazıçını çağırıb, onunla söhbət edə-edə cüzdanından çıxardığı pullarla bir samovar suyu qaynadıb. Mesajı da bu imiş ki, görürsən, xəsis-filan deyiləm.

Mirzə Cəlilin, Sabirin, Seyid Əzimin öz prototiplərindən çəkdiklərini dilə gətirməyə ehtiyac duymuram.

Böyük Servantes isə oxucu-prtotip-yazıçı üçbucağını gör neçə yüz il öncə komik bir şirinliyə bağlaya bilib.

Yeri gəlmişkən, Don Kixotun prototipi onun yaxın qohumu olub və Servantesin əsərlərini oxuyurmuş.

Sizcə, hər hansı bir tipin əsərdə özünü görməsi və narahat olması yazıçının uğurudur, yoxsa yox?

Cavab verməyə tələsməyin, çünki məsələ düşündüyümüz qədər sadə deyil.

Oxucular sadəlövh də ola bilir, intellektual da.

Adətən özünü prototip kimi görüb hay-küy salan oxucular sadəlövh oxuculardır və iki səbəbə görə vəziyyəti qəlizləşdirirlər:

1. Ədəbiyyatın şərtiliyini anlamırlar;

2. Öz oxşarlarını görsələr belə ağılla susmaq lüksünü əldən verirlər...

Ədəbiyyat həm də oyundur və bu oyun həm də prototiplə yazıçı arasında qurulur.

Ancaq ciddi bir yazıçı prototipin özünü tanıyıb hay-küy salmasından sevinc duymamalıdır - çünki, ədəbiyyat həm də intellektual süni, uydurma, qurmaca işdir.

Eyni zamanda, bir yazıçı heç kəsin özünü görmədiyi əsər yaratmağı böyük uğur hesab etməməlidir – çünki, ədəbiyyat həm də həyatın güzgüsüdür, elmdən fərqli olaraq içində sadə insanların məhrəm duyğularını da ehtiva edən sahədir.

Keçən yazımızda dediyimiz kimi, yazıçı hisslə intellekti içində əridən, onların arasındakı sərhədi götürən peşə sahibidir.

Belə olan təqdirdə, biz, özünü əsərimizdə həm görən, həm görməyən prototiplərlə daha xoşbəxt ola bilərik.

Onlar, ədəbiyyatın kiməsə və nəyəsə oxşayacaq qədər həyati, ondan kəskin şəkildə fərqlənəcək qədər uydurma olduğunu bilənlərdir.

Yazıçı yaxından tanıdığı birini nəzərdə tutub özünün xəyal etdiyini yaradandır.

Eynən, öz qadınını nəzərdə tutub başqa qadınlar haqqında mühakimə yürüdən kişi kimi.

Sadəcə o kişidən fərqli olaraq, yazıçı mexanizmin necə baş verdiyini və oyun olduğunu yaxşı bilir.

Mən öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, yazdığım ən realist yazılarda belə gerçəklik payı on faizdən çox olmayıb. Ancaq bəzi insanlar, hətta yazıçılar düşünürlər ki, bu hadisələr baş verib, mən də onları olduğu kimi qələmə alıram. Hətta sadəlövhcəsinə sual verənlər də tapılır: “Əhvalatlar qurtarsa nə edəcəksən?”

Diqqət etsəniz, biz həyatımız boyu hekayə kimi baş verən hadisə görməmişik. Hadisələr hekayə kimi yox, əhvalat kimi baş verir. Amma hekayə kimi gördüyümüz çoxlu hadisələr, əhvalatlar olub və düşünmüşük ki, bu hadisədən, bu əhvalatdan hekayə çıxarmaq olar.

Yazıçı hekayəni o hadisədən, o əhvalatdan düzəltmir, o hadisənin, o əhvalatın içindən çıxarıb tamamilə ayrı bir şey düzəldir. Bütöv ideya, mesaj, düşüncə daşıyan bir şey...

Təxminən belə: göz, su, sən, içmək sözlərinin birləşib, gözlənilmədən Gözüm səndən su içmir kimi bu sözlərə heç bir dəxli olmayan məna və fikir yaratdığı kimi.

Prototip bədii əsərin içində həm var, həm yoxdur.

Var olduğu qədər əsərin həyatiliyini, yox olduğu qədər qurğusallığını təmin edir.

Prototipin heç bir izi olmayan əsər qurama, prototipi obrazından fərqlənməyən əsər bozbaşdır.

Prototip və əsər qarşılığını çiçək və balla müqayisə etmək olar.

Arının məqsədi nərgizlə qızıl gülün fərqini göstərmək yox, bal düzəltməkdir.

Bunu, təbiətin balaca bir həşəratı qədər anlasaq barı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021
Afaq Bəşirqızının səhhətində hansı problem var? - Xalq artistindən açıqlama
11:53 11 İyun 2021
Tərcüməçidən professora cavab: “Proses” o mənanı vermir”
11:30 11 İyun 2021
Bacısını sevdiyimə görə məni döyən Orxan... – Ulucay yazır
10:51 11 İyun 2021
71-ci Berlin Film Festivalının xüsusi bölümü başladı
10:18 11 İyun 2021