news-inner
clock08:30 calendar-gray 29 Sentyabr 2015 view-gray129 dəfə oxunub
view-gray129 dəfə oxunub

Zahir Əzəmət: “İlk sevgilim ibtidai sinif müəlliməm olub” - YEMƏLİ SÖHBƏT

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı tanınmış yazar Zahir Əzəmətdir. Zahir bəylə Elmlər Akademiyası metrostansiyasının çıxışı ilə üzbəüz olan “Künefe Evi”ndə görüşüb, söhbətləşdik

- Zahir bəy, zəhmət olmasa cənub mətbəxi haqqında danışardınız.

- Cənub mətbəxi dedikdə ilk ağla gələn ləvəngi olur. Daha sonra plovun 100-ə yaxın çeşidi, balıq yeməkləri bizim regionun sevilən yeməkləri arasındadır. Cənub mətbəxi çox zəngindir. Azərbaycanda olan iqlim qurşaqlarının 7-si bizim cənub regionundadır. Hərçənd ki, mən o bölgədən çoxdan uzaqlaşmışam. Bəzən o yerlərin yeməkləri üçün darıxıram. Bunun üçün də evdə o yeməkləri bişirə bilən xanımım var. Bakıda Lənkəran mətbəxi üçün çox darıxanda getdiyimiz müəyyən məkanlar var və həmin restoranlarda bizim bölgənin aşpazları çalışır. Mənim ən çox sevdiyim yemək aşdır. Bizim evdə məni nəzərə alaraq həftədə ən azı bir dəfə aş bişirirlər. Bəlkə də yeganə yeməkdir ki, hər gün yesəm belə diksinmərəm.

- Zahir bəy, bəs imtina elədiyiniz yemək var?

- Bu uşaqlıqda olub. Çox qəribədir ki, uşaq vaxtı sup və dovğa yemirdim. Amma tələbəlik vaxtı supa və tədricən dovğaya öyrəşdim. Bilmirəm, nədənsə, uşaqlıqda bu yeməkləri sevmirdim. İndi də qaynadılmış kartof yeyə bilmirəm.

- Tələbə vaxtı yemək məsələsini necə həll edirdiniz?

- Tələbəlik illərim Mingəçevirdə keçib. Tələbə olduğum günə qədər heç nə bişirə bilmirdim. Evdə mənə deyirdilər ki, sən yemək bişirə bilmirsən, acından öləcəksən. Amma tələbəlik insana hər şeyi öyrədir. Deməzdim ki, hər şey bişirə bilirəm. Amma müəyyən qədər bacarıram. Tələbə vaxtı ilk bişirdiyim yemək yumurta qaynatması olub. Yumurtanı sobanın üstünə qoyub uzanmışdım. Bir də gördüm ev sahibi çağırır ki, burda nəsə partlayır. Saysız-hesabsız qazanlar yandırdıqdan, dadsız-duzsuz yeməklər bişirdikdən sonra xörək hazırlamağı öyrəndim. Sonuncu dəfə nə vaxt yemək hazırladığım yadıma gəlmir. Yəqin ki, bu evlilikdən qabaq olub. Tələbə vaxtı Mingəçevir mətbəxi ilə tanış oldum. Məsələn, biz tərəfdə xaş o qədər də dəbdə deyil. Amma o zonada çox sevilir.

- Restoranlara tez-tez gedirsiniz?

- Bəli. İşimin özəlliyi ondan ibarətdir ki, tez-tez iş və müxtəlif görüşlər olur. Həmin görüşləri də restoranda keçirdirəm. Günün müəyyən hissəsini ya kafelərdə, ya da restoranlarda keçirdirəm. Mən yeməyə qarşı kaprizli adam deyiləm. Təbii ki, bir yerə gedəndə fərqli dad, gözəl xidmət və sakitlik axtarırsan. İstənilən restorana gedəndə adam özü üçün yaradılacaq bir muxtarlıq axtarır. Əlbəttə, insan pul xərcləyirsə, qarşılığında xidmət istəyir.

- Zahir bəy, siz bir vaxtlar “Alma” qəzetinin baş redaktoru olmusunuz. O qəzetin çox maraqlı bir ofisi var idi. O günləri necə xatırlayırsımız?

- O redaksiya üçün darıxmışam. Artıq yaşlandığımızın fərqinə varırıq. Ovaxtkı gənclik coşğusu üçün, gənclik çevrəsi üçün adam darıxır. Bizə gənc deyə-deyə bir də gördük ki, artıq gənclik geridə qalıb. “Alma” redaksiyasında çox əcaib bir mühit var idi. Şəhərdə darıxan, hər kəs demək olar ki, ora gəlirdi. Bizim ofisin çox böyük həyəti var idi. Özümüz yemək bişirib, çay dəmləyib söhbətləşirdik. İndiki redaksiyamız ora yaxın yerdədir. O ofis indi sökülüb və yerində böyük bir bina ucaldıblar. O sökülmə prosesinə baxanda elə bilirdim ki, məndən nəsə qoparırlar. Təbii ki, ora mənim şəxsi mülküm deyildi, biz oranı icarəyə götürmüşdük. Amma ora həqiqətən çox doğma idi. Yeddi illik bir müddəti orda keçirdik. Ora bizə redaksiyadan daha artıq idi. Biz o vaxtlar oranın adını “Azadlıq adası” qoymuşduq.

- Həmin redaksiyada olan maraqlı əhvalatlardan bir-ikisin bizə danışardız...

- Oranın ən sevimli yeməyi sosiska idi. Ovaxtkı pulla “2 məmməd”ə satırdılar. Bu gün Bakıda olan çox bahalı sosiskalar o dadı artıq vermir. Sonra hazır kotletlər çıxdı. Orda bəzən bir tavanın başına 20 adam yığılırdı. “Alma”da çox hadisələr olub. Ora hətta hücumlar da olub. Məsələn, mənim yadıma gəlir, bir dəfə Qarabağ Azadlıq Təşkilatı redaksiyamıza hücum etmişdi. Biz də onları çox mehribancasına qarşıladıq. Oranın həyəti çox gözəl idi. Ordan şəkil çəkəndə bəziləri elə bilirdi ki, bura İsmayıllıdır. Orda gənclər həyətdə otun üstündə süfrə hazırlayıb, yeyib içirdilər. Bəzən eyni anda həyətdə 3-4 süfrə açırdılar. Kababçı rolunda, şair Aqşin, ya mən çıxış edirdim. Məni həyat yoldaşım Sevinclə evliliyə aparan nöqtə “Alma” qəzeti oldu. Bizim o qəzetlə bağlı çox xatirələrimiz var. Orda Sevinclə çox küsüb-barışmışıq. “Alma”nın redaksiyasında dostlardan biri bizə dedi ki, siz bu il 19 dəfə küsüb-barışmısız.

- Spirtli içkilərlə aranız necədir?

- Həmişə içmişəm. Evlənənə qədər araq da içirdim. Bu gün spirtli içkilərdən yalnız arağı içmirəm. Amma həmişə çalışmışam ki, qədərində və daşıya bildiyim qədər yük götürüm. Dostlar da təsdiq edir ki, həmişə məclislərdə qədərində içmişəm. İndinin özündə də dost bildiyim, uyğun çevrələr olan məclislərdə içməyi sevirəm. Yeri gəldi-gəlmədi içməyi sevmirəm.

- Kimin bişirdiyi yemək üçün darıxmısız?

- Həə. Təbii ki, bütün övladlar kimi anamın bişirdiyi yemək üçün darıxmışam. Bir də böyük gəlinimizin bişirdiyi yeməklərdən darıxmışam. İstər-istəməz insan yediyi bütün yeməklərin dadını o vaxtların dadı ilə müqayisə edir. O mənada bəxtim gətirib. İstər Sevinc, istər Sevincin anası və nənəsi çox dadlı yeməklər bişirirlər. Sevincin nənəsi “Kubinka”da yemək bişirmək məsələsində çox məşhurdur. O vaxt elçi gedəndə Sevinci mənə vermək istəmirdilər və müxtəlif bəhanələr gətirirdilər. Deyirdilər ki, bu heç yemək də bişirə bilmir. Amma Sevinc hər yeməyi sevə-sevə bişirir. Evə bəzən gec gəlirəm və çöldə yemək yesəm belə, evdə bişirilən yeməkdən mütləq yeyirəm.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Biz ailəlikcə çox yeyənik. Qardaşımın həyat yoldaşı (yuxarıda qeyd edilən şəxsdən söhbət gedir) ilk dəfə bizim evdə yemək bişirmişdi. Məndən böyük qardaşım evə nahara gəlib. Qardaşımın həyat yoldaşıgil arıq idilər və çox az yeyəndilər. Bu qadın balaca bir qazanda çox az dolma bişirib. Qardaşım mətbəxdə həmin balaca qazanda olan yeməyi yedi və soruşdu ki, nə hazırlamısan? Təbii ki, o yemək bizim ailə üçün həddindən artıq az idi. Gəlin sonradan təzədən qazan asdı. Lənkəranda bir yemək var: turşu aş. Dovğa kimi bir şeydi. Mütləq bizim evdə dovğa bişəndə qonşuda turşulu aş bişirirdilər. Həmin evdə mənim sinif yoldaşım qalırdı və o da turşulu aşı sevmirdi və ailələr həmin yeməkdən bir qab dəyişirdilər.

Mən Bakıda yaşayan vaxtlarda Sadiq Elyer, İntiqam Hacılı bir evdə qalırdıq. Kasıblıq idi. Evdən balaca bir kartof tapdıq. O kartofu mən necə xırda-xırda doğradımsa, ondan bir tava yemək çıxdı.

- İndiki gənc yazarların əksəriyyəti ilə xeyli məclislərdə olmusan. Həmin məclislərdən yadında nəsə maraqlı bir şey qalıb?

- Xatirələr çoxdur. Dava-dalaşlarımız çox olub. Şərif Ağayar bunu çox yaxşı bilir ki, mən məclislərdə adətən dava söhbətlərini yatırmaqla məşğul olmuşam. Sizə bir xatirə danışım. Amma o xatirəni tam çılpaqlığı ilə danışa bilməyəcəm. Bir dəfə Rasim Qaracanın Türkiyədən şair qonağı gəlmişdi. Həmin məclisdə ədəbiyyat söhbəti gedirdi və türk şairi bizim yazarlara yuxarıdan aşağı baxmalı oldu. Bu zaman Murad Köhnəqala elə bir jest elədiki, adam o gedən getdi.

Sahil metrosu ilə üzbəüz bir kafe var idi. Yeni ilə 2-3 gün qalmışdı. Mən də rayona getməliyəm. Amma fikirləşdim ki, dostlarla bir az yeyib-içib gedərəm. Bərkdən, açıq-saçıq danışdığımıza görə, kafenin administrator bir-bir uşaqları çağırıb pərdənin arxasında şillə vurub buraxırmış. Növbə mənə çatanda mən hay-küy saldım və məsələni yoluna qoyduq. Dostlar maraqlı söhbətin yarımçıq kəsilməsini istəmədikləri üçün administratora reaksiya vermirdilər.

Bizim yazar olaraq xatırladığımız məkanlardan biri “Şirzadın kafesi” olub. Bayaq dediyim Rasim Qaracanın məclisi də orda olub.

Sonra biz ədəbiyyata ilk dəfə gəldiyimiz vaxtlarda “Ulduz” metrostansiyasının yaxınlığında bir kafedə yığışırdıq. Orda çox gözəl xatirələrimiz var. Elə olub ki, günlərlə, həftələrlə pulumuz olmayıb. Amma orda heç kim bizdən pul istəməyib.

- Zahir bəy, ilk dəfə sevgilinizlə harada yemək yemisiz?

- Sizə bu söhbəti ardıcıllıqla danışacam. Mənim ilk sevgilim ibtidai sinif müəlliməm olub. Həmin müəllimə nişanlananda bizə şokolad payladı. Mən küsüb şokoladı tulladım. O, məni qaldırıb öpdü ki, böyüyəndə sənə ərə gələcəm.

Sonra kənddən bir qızı sevmişəm. Amma o qız bunu bilmədi. Sonra instituta girdim və orda heç kimi sevmədim. Daha sonra əsgərliyə getdim. Bakıya qayıdandan sonra “Pərvanə” ədəbi məclisində Sevinclə tanış oldum. Sevinc onda 11-ci sinif şagirdi idi. Sevinclə uzun müddət heç bir yerə getmədik. İlk dəfə Sevinclə getdiyimiz yer “Xəqani” ticarət mərkəzində bir türk kafesi oldu. Mənim orda davranışım Sevincin xoşuna gəlməmişdi. O, fikirləşib ki, bu qaşığı düz tutmur, çəngəldən istifadə edə bilmir. Çox uğursuz bir yemək oldu.

Bu yaxınlarda Sevinclə fərqli bir yerə yemək yeməyə getmək istədik. “Tarqovı”dan keçəndə bir suşi verilən kafe gördük və həmin kafeyə girdik. Açığı deyim ki, mən heç vaxt suşi yeməmişəm. Suşini gətirdilər, yanında da çubuq. Sevinc mənə çubuğun tutma qaydasını izah elədi. Birtəhər zülmlə yeməyi yedik. Bir də gördük ki, qonşu masaya suşi gəldi. Və həmin müştəri çubuğu qırdı və başladı yeməyə. Əslində suşinin yeyilmə qaydası belə imiş. Biz buna xeyli güldük. Bunu çəngəllə yemək olar da. Niyə özünə zülm edirsən. Biz kənd uşaqları o cəhətdən bir az kobuduq.

- Ev işləri ilə aranız necədir?

- Müəyyən şeylər var ki, sən onu necə alsan belə qadın onu bəyənməyəcək. Məsələn, dünyanın ən yaxşı ətini alsan da, qadın mütləq deyinəcək ki, yaxşı ət deyil. Çalışıram ki, əti, meyvəni mən almayım. Sevinc gedib Təzə bazardan özü alıb gəlir. Digər şeyləri mən alıram.

- Zahir bəy, sizin toyunuz bir az fərqli oldu. Açığını deyim ki, bunu indiki zəmanədə etmək o qədər də asan deyil. Siz necə bacardız?

- Hər şeyi insan üçün az qala valideynləri edir. Mənim toyum vaxtı valideynlərim həyatda yox idi. 13 yaşımda atamla bir söhbətim oldu. Atam gördü ki, dərslərimi çox yaxşı oxuyuram. Mənə dedi ki, sənin üçün nə edim? Dedim, söz ver ki, dediyimi edəcəksən. Dedi, gücüm çatarsa edərəm. Mən dedim, heç bir işimə qarışma. Atam dedi, uşağın elədiyi qələtə bax. Sonra dedi, söz verdim. Atam mənim otağıma girəndə qapını döyürdü. Ondan sonra evdə heç kim mənə söz demək səlahiyyətinə sahib olmadı. O vaxtdan sonra müstəqil yaşamışam. Bu gün həyatda nə əldə etmişəmsə, öz müstəqilliyimin hesabına etmişəm. O vaxt toyumuz olanda Sevincin ailəsi bizim təklifimizi çox anlayışla qarşıladı. Açığı Sevinc istəyirdi ki, biz gəlin maşınını faytonla əvəz edək. Mən bunu istəmirdim. Son anda razılıq verdim. Tam istədiyimiz kimi bir toy oldu. Bütün televiziya kanalları göstərdi. Bu gün gənclərimizin özlərinin istədikləri kimi toy edə bilməməsinin səbəbi evdən olan maddi asılılıqlarıdır.

news-inner-user
Fuad Cəfərov

50 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Əlyazmalarını 15 qəpiyə satan azərbaycanlı dahi
13:15 18 Sentyabr 2019
Özbək ulduzlar Bakıda
12:42 18 Sentyabr 2019
Elçin: "Azərbaycan ədəbiyyatı bu gün parlaq dövrünü yaşamır" – Müsahibə
12:01 18 Sentyabr 2019
Yazıçıların seks travması – Müşfiq Şükürlü yazır...
11:40 18 Sentyabr 2019
Filmimiz festivalda Kim Ki Dukun filmi ilə yarışacaq
10:52 18 Sentyabr 2019
Boğazı kəsilən Əminə Bulutun adı Luvr muzeyində
10:20 18 Sentyabr 2019
Müşfiq Hətəmov “Azərbaycanfilm”dən getdi, yerinə təyinat oldu
09:53 18 Sentyabr 2019
Mirzə Cəlilin Şuşada dəfn olunmaq arzusu – Bilmədiyimiz gerçək
08:50 18 Sentyabr 2019
Atatürk dahi memarın qəbrini niyə açdırdı? - Araşdırma
21:00 17 Sentyabr 2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib - Sərəncam
18:25 17 Sentyabr 2019
Üzeyir Hacıbəylinin xatirəsi anılıb
18:11 17 Sentyabr 2019
Mən Vicdanam – Şamxal Həsənovdan hekayə
17:29 17 Sentyabr 2019
Gedənlər və yol gedənlər... - Esse
16:40 17 Sentyabr 2019
Teatrımız Beynəlxalq Festivalda səhnə alacaq
16:06 17 Sentyabr 2019
Bu universitetin tələbələri indi məşhur yazıçılardır – “Qorki” xatirələri
15:37 17 Sentyabr 2019
Əlif Şəfəq plagiat iddialarına cavab vermir
14:45 17 Sentyabr 2019
Tanınmış caz ifaçısı Bakıda çıxış edəcək
14:07 17 Sentyabr 2019
Həyat Şəminin kitabları təqdim olunacaq
13:26 17 Sentyabr 2019
ŞAH MAT-da absurd tamaşası olacaq
12:53 17 Sentyabr 2019
Diqqət! Diqqət! Kulis.az şeir müsabiqəsi elan edir! – Şərtlər
12:15 17 Sentyabr 2019