news-inner
clock14:07 calendar-gray 04 Sentyabr 2015 view-gray196 dəfə oxunub
view-gray196 dəfə oxunub

Sevgilisinin rəfiqəsi ilə evlənən dahi

1875-ci ilin iyun səhərində ABŞ-ın sakinləri böyük bir qalmaqalın şahidi oldular. Qəzetlər yazırdı ki, biçarə Flora Velman intihara cəhd edib və xoşbəxtlikdən hər şey yaxşı qurtarıb.

Məsələ burasındadır ki, Flora məşhur astroloq, professor Uilyam Çeyniyə ondan hamilə olduğunu dedikdən sonra astroloq onu aborta məcbur etmək istəyib. Qadın razı olmadıqda isə onu evdən qovub. Evsiz-eşiksiz qalan Flora Belman ağlını itirmək dərəcəsinə çatıb və özünü gülləylə vurub. İnsanlar biçarə Flora Belmanın halına acıyır, astroloqu söyüb-yamanlayırdılar. Halbuki Flora yalan uydurmaqda elə astroloqdan geri qalmırdı.

Nəticədə professor Uilyam Çeyni rüsvay olub gözdən düşür, Flora Velman isə 1876-cı ilin yanvarında sağlam bir oğlan uşağı dünyaya gətirir. Ona Con adını veririlər. Bir müddətdən sonra Flora müharibə əlili olan Con Londona ərə gedir, beləliklə, atalığı oğlanı himayəsinə götürüb ona öz soyadını verir: Con London. (Cek Con adının kiçildilmiş variantıdır).

Con Londonun ilk nikahdan iki qızı vardı. Böyüyü Eliza Cekin ən yaxın dostu və sirdaşı idi. Ceki demək olar ki, o böyütmüşdü. Çünki Flora gecə-gündüz işləyir, gah keçmiş sevgilisinin öyrətdiyi ruh çağırma seansları keçirir, gah toyuq ferması açır, gah da alver edirdi. Amma bütün cəhdləri boşa çıxır, bəxti gətirmirdi ki, gətirmirdi. Ona görə Cek kiçik yaşlarından işləməli olur. Gah qəzet satır, gah küçə süpürür, gah da qayıqla dəniz ilbizi ovuna çıxırdı. Amma Cek oxumaq istəyirdi, məktəb üçün çox darıxırdı. Bir sandıq kitabı vardı, iş-gücdən vaxt tapan kimi sevimli işiylə məşğul olur – kitab oxuyurdu. Hazırlaşıb universitetə qəbul olan Cek təhsil haqqını ödəyə bilmədiyi üçün 3 semestrdən sonra oranı tərk etməli olmuşdu...

İki qız dostu vardı: Anna Strunski və Meybl Epplqart. Bəlkə də o, Annaya aşiq olardı, əgər Meybl olmasaydı. Meybl qızılı saçlı, incə bir qız idi. Gənclər bir-birlərinə zərif hislər bəsləyir, gələcək haqqında xəyallar qururdular. Amma qızın anasının bir sərt baxışı bəs edirdi ki, Cek xəyallarından əl çəkib Meyblın onun tayı olmadığını anlasın.

Amma o, ümidlərini itirmirdi və bir çarə axtarırdı ki, kasıbçılığın daşını atsın. Nəhayət, belə bir yol tapılır. Bacısı Elizanın əri evini min dollara girov qoyub qızıl axtarmaq üçün Şimala getməyə hazırlaşırdı. Yol yoldaşına ehtiyac vardı, beləcə o, Ceki də özüylə aparır.

Kondayk çayına çatanda onlar it qoşqusu alıb aşağı enirlər. Douson şəhərciyində xeyli boş yer vardı. Birdən onların gözü qumların arasında işıldayan zərrələrə sataşır. Tez sevincək irəli atılırlar. Amma bu sadəcə parıldayan dəmir imiş! Onlar məyus olub geri çəkilirlər.

Cekin yeznəsi ümidini itirmir və axtarışlarını davam etdirirdi. Cek isə Dousonu gəzib-dolaşır, özündən nağıllar uydurub danışır, adamları əyləndirirdi. Cek hamının sevimlisinə çevrilmişdi, onu istənilən barda həvəslə yedirdib-içirdirdilər. Bəlkə də “qızıl qızdırma” xəstəliyi bir az da uzanacaqdı, amma Cekdə allergiya əmələ gəlir və o, Vətənə qayıtmalı olur. Meybl onu təbəssümlə qarşılayır, “Darıxma, alınacaq” - deyir.

Cek camaşırxanada günü 1 dollara paltar ütüləyirdi. Günlərin birində qəzetlərin birində belə bir elan görür: “Poçt departamentində işləmək üçün işçi tələb olunur”. Digər elan da cəlbedici idi: “Bizə min sözdən ibarət hekayə göndərin və 5 dollar qazanın”!

5 dollar! Belə çıxır ki, o hekayə yazaraq indiki qazancından qat-qat artıq pul qazana bilərdi. O, Alyaskada gördüklərini qələmə alır. Bu hekayəni 5 günə yazıb tamamlayır. Onun üçün çox qiymətli 1 dollarından keçərək bir neçə marka alır və hekayələri redaksiyalara göndərir. Bir neçə gündən sonra qəzetlərin birindən zərf gəlir. Zərfin içində 5 dollar vardı, məktubda isə yazılmışdı ki, onun hekayəsi bəyənilib.

Tezliklə Cek cəmi 3 saatın içində min sözdən ibarət hekayə yazmağı öyrənir. Amma bu iş stabil deyildi. Belə ki, bəzən hekayə redaktorların xoşuna gəlmir, ya da qonorar gecikdirilirdi. Meybl onu əbəs yerə poçt departamentində işləməyə razı salmaq istəyirdi. Cek yazıçı olmağı arzulayırdı. Gecə-gündüz kitab oxuyur və bu işdə püxtələşməyə can atırdı.

Meybl hər zaman olduğu kimi yanındaydı. Birlikdə velosipedlə gəzməyə çıxır, təpədə oturub buterbrod yeyir və gələcək haqqında xəyallar qururdular.

Günlərin birində məşhur bir Boston qəzeti onun povestini bəyənir və bəri başdan 120 dollar qonorar verir. Meyblin sevincinin həddi-hüdudu yox idi. Onlar nəhayət öz arzularını gerçəkləşdirə bilərdilər! Amma yenə maneə vardı. Meyblın anası onlarla yaşamağı arzulayırdı və üstəlik gələcək kürəkənindən gözəl, geniş bir ev istəyirdi. Qaynana ilə bir dam altında yaşamaq Cekin ürəyincə deyildi, üstəlik belə bir ev almağa onun pulu yoxu idi. O, Meyblı dilə tuturdu ki, onunla birlikdə başqa şəhərə qaçsın, evlənib xoşbəxt yaşasınlar. Amma Meybl anasının sözündən çıxmaq istəmir və Cekin varlanacağı günü gözləyirdi.

Cek isə əlinə pul gələn kimi lazımsız şeylər alır və ya ziyafətlər verirdi. Ona görə pul gəldiyi kimi də gedirdi. O artıq məşhurlaşmışdı. Nəşriyyatlar onun əsərlərini çap etmək üçün öz aralarında mübahisə edirdilər. Amma borcları yenə üst-üstə qalaqlanırdı. O da borclarını verə bilmək üçün yeni əsər yazır və vəziyyətini düzəldirdi. Bir dəfə o demişdi ki, əgər mənim borclarım olmasaydı, yəqin ki, roman yaza bilmək qabiliyyətimi itirərdim. Ona görə də Meybl ilə xoşbəxtlik arzuları hər dəfə “təxirə salınırdı”.

Bir hadisə isə birdəfəlik bu arzuların üstündən xətt çəkdi. Belə ki, Meybl qəzetlərin birində Cekin nişanlandığı xəbərini oxuyur. Adaxlı qız da özgəsi deyil, onun ən yaxın rəfiqəsi - ciddi, qaradinməz, darıxdırıcı Bessi idi! O, nişanlısını yaxın günlərdə cəbhədə itirmişdi və Meybl bir neçə dəfə Cekdən xahiş etmişdi ki, qızın eynini açmaq üçün onu özüylə gəzməyə aparsın!

Cek özü də başa düşə bilmirdi ki, bu necə olub. Axı Bessi onun zövqündə deyildi. Cek bir anlıq hissə qapılaraq ona evlənmək təklif etmişdi. Bessi də inanılmaz soyuqqanlılıqla razılıq vermişdi.

Cekin dostları onları bir-birlərinə yaraşdırmırdılar, amma o, həyatından razı idi. İki qızları dünyaya gəlmişdi. Yeganə qüsur Bessinin “məşhur yazıçı arvadı” statusuna uyğun gəlməməsi idi. Bessi Cekin ona aldığı açıq-saçıq, dəbdə olan libasları geyinməkdən boyun qaçırır, öz ciddi geymlərindən vaz keçmirdi. Bir dəfə Cek onunla bu barədə danışmağa cəhd edəndə qadın dedi: “Cek, bu gün mənim 1 dəqiqə də olsun vaxtım yoxdur. Qızların qayğısına qalandan sonra sənin əsərlərinin korrekturası ilə məşğul olmalı və nəşriyyatlarla danışıqlar aparmalıyam”.

Cek bu sözlərdən təsirləndi və dedi: “Eybi yox, əzizim, qoy uşaqlar böyüsün, hər şey yoluna düşəcək”. Amma evliliyin 4-cü ilində elə bil aydın səmada şimşək çaxdı. Günlərin birində eləcə “Bessi, mən səni tərk edirəm”, - deyib evdən getdi. Bessi əbəs yerə səbəbini soruşmağa cəhd edirdi, çünki bunu Cek özü də bilmirdi.

1904-cü il idi. Yaponiya və Rusiya arasında müharibə gedirdi. Qəzetlərdən biri Cek Londona böyük qonorar müqabilində Yaponiyada hərbi müxbir olmağı təklif edir. Cəbhə həyatı üçün Cekin burnunun ucu göynəyirdi. O, təklifi qəbul edib Yaponiyaya yola düşür.

Amma vəziyyət heç də onun gözlədiyi kimi olmur. Yaponiya hökuməti istəmirdi ki, əcnəbi media onların işinə burnunu soxsun. Ona görə müxtəlif ölkələrdən gələn jurnalist və müxbirləri mədəni şəkildə əsir almışdılar. Onlara ziyafətlər verir, ekskursiyalara aparır, teatr tamaşalarına dəvət edirdilər. Cek işi belə görüb məsələyə bu şəkildə müdaxilə edir; gizlicə qatarla Naqasakiyə gedir, sonra yeraltı qayıqla Sarı dənizi keçir. Koreya şəhəri Çemulpoda Yaponiya ordusunun cəbhəyə gedən alayına qoşulur.

Cek London bir neçə həftə ərzində Amerikaya unikal reportajlar göndərir. Yaponiyada banketlərdə vaxt keçirən jurnalistlərə qəzet redaktorlarından qəzəb dolu reaksiyalar gəlirdi. “Necə olur ki, Cek London cəbhədən xəbər göndərə bilir, amma siz yox?” Məsələdən xəbər tutan müxbirlər Ceki ələ verirlər. Cek tutulub Yaponiya həbsxanasına göndərilir. Yalnız Amerika prezidentinin müdaxiləsindən sonra Cek London azad edlib Kaliforniyaya göndərilir.

1907-ci ildə yazıçı dünya səyahətinə çıxmağı planlaşdırır. Qəzetlər hay-küy qaldırıb onu bu səfərdən çəkindirməyə çalışırdılar. “45 futluq yelkənli gəmidə dünya səyahəti? Bu ki, intihar etməyə bərabərdir”.

Cek London bütün bu deyilənlərə ancaq gülürdü. Amma Sakit okeana çıxanda o, nə etdiyinin fərqinə vardı. Bahalı motor xarab olmuşdu, ekipaj isə naşılardan ibarət idi! Elə ilk sahildə London ekipajın heyətini dəyişir və səyahət əvvəlki axarda davam edir. Onun planına əsasən, səyahət 9 il sürməliydi, amma 2 ildən sonra Cek xəstələndi və Amerikaya qayıtmalı oldu.

Bir neçə ildən sonra Cek London artıq yeni layihə haqqında düşünürdü. O, gözəl bir ranço almışdı və elə buradaca dəbdəbəli bir ev inşa etməyi planlaşdırırdı. Elə bir ev ki, “hətta imperator Yustinianın dillərdə gəzən sarayı belə onun yanında sönük qalsın”. Bu arada ikinci arvadı Çarmian ona hamilə olduğunu bildirir. Cek Londonun sevincinin həddi-hüdudu yox idi, o, əmin idi ki, onun varisi – oğlu dünyaya gələcək, bu mülk isə Londonlar nəslinin isti yuvasına çevriləcək!”

Ev inşa edilir. Amma oraya köçəcəyi gün qəfil hadisə baş verir, malikanə yanğından alışıb külə dönür. Çarmian isə oğlan yox, qız uşağı dünyaya gətirir, o da cəmi 38 saat yaşayır. Cek London mənəvi böhran keçirirdi. O, içkiyə qurşanır. Hər şeyi unutmaq üçün içkiyə aludə olan bir alkoqolik haqqında yazdığı əsər (qəhrəman da onun kimi nikahdankənar doğulmuşdu) cəmiyyətdə əks-səda yaradır.

O, göz görə-görə yaşlanırdı. Həyata baxışı dəyişmişdi. Düşünürdü ki, hamı ona pul kisəsi kimi baxır və artıq heç kimə lazım deyil. Yazıçı tərk etdiyi qızlarıyla münasibətləri qaydaya salmağa çalışır. Bu vaxt ərzində London onlara pul göndərirdi, ancaq həyatlarıyla demək olar ki, maraqlanmırdı. O, qızlarını rançoda onunla bərabər yaşamağa dəvət edir və deyirdi ki, vəsiyyətnaməni onların xeyrinə dəyişəcək. Amma qızları həyatlarından məmnun olduqlarını bildirir və xahiş edirdilər ki, ataları onları bir də narahat etməsin.

Bütün bunların şahidi olan Çarmianda Londona qarşı nifrət əmələ gəlirdi, beləcə ər-arvad bir-birlərinə gizli ədavət bəsləyirdilər. Cek London sürətlə müflisləşirdi. Həyatı macəralarla keçən yazıçıda böyrək xəstəliyi əmələ gəlmişdi və kəskin ağrılar ona rahatlıq vermirdi. Hər şeyini itirən yazıçının yanında ancaq bacısı Eliza var idi.

1916-ci il, 22 noyabr. Ertəsi gün Cek London Çikaqoya getməliydi. Alınacaq əşyaların siyahısını tutan bacı-qardaş gecə yarıya kimi söhbət edir. Səhər tezdən Eliza onu yerdə huşsuz vəziyyətdə tapır. Yanında iki boş morfi və atropin qutuları var idi. Böyrək ağrılarını sakitləşdirmək üçün həkimlər ona kiçik dozada morfi yazmışdılar. Amma bir məsələ aydın deyildi. Görəsən yazıçı morfini ağrıkəsici kimi qəbul etmişdi, yoxsa bilərəkdən ölümü seçmişdi? Bütün bunlar müəmma olaraq qaldı...

Dünya hüzn-kədərə qərq olmuşdu. Onu hamı sevirdi. Tənqidçilər yazırdı ki, onu oxuyanda sanki geniş bir dünyaya çıxırsan və təmiz havanı ciyərlərinə çəkirsən... Cek Londonun hekayələrindəki dünyaduyumu insanları heyrətləndirirdi. O, deyrdi ki, insanın ən həqiqi mahiyyəti mövcud olmaq yox, yaşamaqdır. O, dostluq, qardaşlıq, mübarizə kimi anlayışlara yeni yüksək mənalar gətirdi. O, sübut etməyə çalışırdı ki, ən ağır situasiyada belə insan köməksiz deyil. Onun obrazları qeyri-müəyyən deyildi, əksinə, o həqiqəti amansız dəqiqliklə ortaya çıxarırdı. O deyirdi ki, insan öz fiziki mövcudluğu üçün hər an narahat olmalıdır. Və bu zaman onun yalnız əzələlərə, güc və məntiqə yox, həm də dostluğa və qardaşlığa ehtiyacı var...

...Hətta Avropa qəzetləri də həmin gün dünyasını dəyişmiş Avstriya prezidentindən çox Cek Londonun ölümündən yazırdı. “Bəsdir güldünüz, Cek London ölüb!” qəzetlərdə belə başlıqlara da rast gəlmək olurdu...

news-inner-user
Günel Natiq

141 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020