Gecə də, gündüz də fikrimdə sənsən...

Gecə də, gündüz də fikrimdə sənsən...
25 dekabr 2014
# 18:22

Axşamdı. İşdən avtobusla evə qayıdıram. Şütüyən maşınlar, sayrışan işıqlar gözlərimi qamaşdırır. Şam ağaclarından asılmış rəngli oyuncaqların işığı yaraşıqlı Bakımızı daha da gözəlləşdirir. Qar qızın ətrafında dövrə vuran, atılıb düşən uşaqların sevinci axşamın həzinliyinə qarışıb ürəkləri duyğulandırır, adama qol-qanad verir.

Nədənsə, mən bu sevincdən, fərəhdən sanki qıraqda qalmışam. Çünki sənsizəm. Ürəyim çox darıxır, qəribsəyirəm. Əlim əllərinə, səsim qulağına çatmır eşidəsən məni. Axı, məndən uzaqdasan, hardan biləsən çəkdiklərimi. Sanki olanlar bir yuxu imiş, gözəl bir yuxu. Gözlərim səni axtarır, yollara baxır. Qəlbim bomboşdur, suyu sovulmuş dəyirmana bənzəyir. Biz bir –birimizi sevirdik. Sadəcə, qürurumuz qoymadı birləşək. Nə sən ilk addım atmaq istədin, nə mən tale ayırdı bizi. Ağrılarımı bir Allah bildi, bir də sənə xəbər aparan küləklərin səsi. Düşünmə ki, geri dönməyini istəyirəm, sənli günlərin həsrətini çəkirəm. Yox, əsla yox, çəkdiyim əzablarım, dərdlərim yetər! Dönmə geri!

****

Bəzən düşünürəm... Günahkar mənim tənhalığa çəkilən qəlbimdi. Ümidsiz, bir az da küskün. Ayrılığın ən ağrılı tərəfi-itirdiyin insanlara yenidən möhtac qalmağındır. Adlayıb keçə bilmədiklərim xatirinə istəmədən ünsiyyətdə olmaq, simasını görərkən yaşadıqlarımı bir daha hiss etmək ağrıdır məni. Qəlbim sevgi atəşində alovlanıb, kül olsa da, pərvanəsiz şama bənzəyir. Sanki bir içim su ümidiylə səhraya baş vururam. Lap uzaqdan kədərli səslə ötüb keçən yorğun dəvə karvanı, ucsuz-bucaqsız çöllər və küləklərdən boynu əyilmiş tək-tük yovşan görürəm. Onlar da ürəyim kimi sıxılır.

***

Gecə də, gündüz də fikrimdə sənsən,

Mən kimin fikrində yaşayım, söylə?

De, hansı bir ürək qəbul eləyər,

Məni sən ünvanlı dərdlə, gileylə.

***

Hansı bir ürəyə yan alsam əgər,

Dərdimin adından biləcək yadam,

Biləcək, gəlməyəm, köçəri quşam

Uzağam, soyuğam, dərdəm, fəryadam.

Bəs deyirlər, taleyi dəyişmək insanın öz əlindədir. Axı mən bütün vücudumla cəhd edirəm, bəs niyə alınmır? İstəklərlə əməllər üst-üstə düşməyəndə, düşünən beyin, döyünən ürək üz-üzə qalır. Kimin qalib gələcəyi isə sual altındadır. Qəlbimi didib-parçalayan gecələr, səhərə kimi balışımı isladan göz yaşları kədərdən başqa mənə nə verir ki?

Yox, düşkünlükdən sıyrılıb çıxmaq lazımdır. Ürək ümidsizliyin özündə belə işartı tapmalıdı. O işartının açdığı çığırın sonunda sevinc dayanır.

***

Artıq evə yaxınlaşıram. Heç bilmədim mənzil başına necə çatdım. Həmişə belədir. İnsanı dara çəkən düşüncələr sonda dənizi təlatümə gətirən tufan yatdığı kimi, aram olur, qəlb rahatlıq tapır. Sonra da... Sonra da bu günümə qayıdıram. Doğurdan da, xöşbəxtlik, rahatlıq insanın bir addımlığındadır, yetər ki, əlini vaxtında, məqamında ona uzadasan...

# 1119 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #