Musiqiçilərin intiqamı

Musiqiçilərin intiqamı
3 noyabr 2017
# 11:48

Tahir Tahiroviç

Xanəndə Əbanla, klarnet ifaçısı Əkustanın (Əkrəm) arası soyuq idi. Hər ikisi öz nüfuzları üçün mübarizə aparırdı. Əban kəndlərindəki toylara təsir etdiyi üçün Əkusta oralarda toy tuta bilmirdi. Bu da Əkustanın dəstəsinə pis təsir edirdi.

Bir dəfə Əkusta musiqiçilər çayxanasında dostlarıyla çay içirdi. Ayrı bir masada oturan klarnet ustası İlyasa söz atdı. Yüksək səslə:

- Ə İlyas, sən nəvaxt normal klarnet çalassan? O gün vağzalı çalırdın, gəlinlə anası ağlamaq əvəzinə gülürdülər. Sən klarnet çalmırsan ee elə bil şar pülüyürsən.

Saksafon ustası Rəfoş da o biri masadan səsləndi:

- Ay Əkusta, mənim klarnetim əladır ee. Sadəcə müştüyüm pisdi. Elə zənn elə ki, briliyant qaşlı saat taxmısan sadəcə kəməri trusik rezinidir.

Əkusta xeyli gülüb dinləndi:

- Hamımız o gündəyik.

Bu zaman Əbanın QAZ-21-i çayxanın yanında dayandı. Əkusta bunu görcək ağız-burnunu əydi. Əban tələsik masaya yaxınlaşıb salamsız-sabahsız (bilirdi ki, Əkusta onun salamını almayacaq ) dedi:

- Əkusta, pis vəziyyətdəyəm. Ələkli kəndinə toy söz vermişəm. Kolxoz sədrinin oğlunun toyudu, qəşəng pul olacaq, yaxşı klarnet istəyilər. Buralarda da səndən yaxşısı yoxdu. Gəl gedək. Bir saata toy başlayır.

Əkustanın əlinə fürsət düşmüşdü. Ondan acığını çıxmaq istəyirdi. Bir az düşünüb Əbana dedi:

- Əban, gəl sənə usta bir klarnetist verim. Əjdahadır. Hələ beləsini görməmisən. Hər toya getmir. Adı Qiyadı.

Əban sevincək əllərini bir-birinə çırpdı. “Əla” deyərək qışqırdı. Əkusta yarım saata qayıdacağını deyib getdi.

Əsl adı Zeynalabdın olan Qiya göyərçin saxlayırdı. 45 yaşın içində idi. 38 il əvvəl bir gün klarnetə getmişdi və xoşlamadığı üçün dərsdən qaçmışdı. Atası yalvarsa da xeyri olmamışdı. Quşbazlıqla məşğul idi.

Əkustanın onu çağırdığını eşidən Qiya quşları göyə uçurdaraq küçəyə çıxdı. Əkusta ona toya getməyi təklif etdi. O, klarneti sonuncu dəfə 38 il öncə əlinə aldığını dedi, özü də cəmi bir mahnı bilirdi, o da “Tiflisi” rəqsi. Əkusta israr etdi: “200 manat verirəm. Mənə lazımdır ki, Əbanı biabır edək. Ürəkli ol”.

Qiya 200 manatdan keçə bilmədi.

Əkustaya qoşulub Çuxur məhləyə anasıgilə getdilər. Qiya qapıdan anasını çağırdı:

- Günəş, mənim klarnetim hardadır ?

- A bala mən nə bilim, 30 il əvvəl axırıncı dəfə damda şiferin altında görmüşdüm.

Qiya tez damın üstünə tullandı. Şiferin altına girib yeşiklərin içindən plastmas klarneti götürdü. Klarnetin içi hörümçək və əqrəblə dolu idi. Tələm-tələsik Kalbamusa çeşməsində yuyub Əkustanın maşınında bağa gəldilər. Qiya yol boyu arabir Əkustaya deyirdi ki, mən Tiflisi rəqsindən ayrı heç nə bilmirəm haa. Əkusta ona başa salmaq istəyirdi ki, məqsəd Əbandan acıq çıxmaqdır. Gördün vəziyyət pisdi qaçarsan. Əsas sənin pulunu vermişəm.

Əban uzaqdan təəccüblə Qiyaya baxdı. Qiya gözlərini tez-tez qırparaq Əbannın maşına oturdu. Tar Zöhrab, Kamança Mekka, Nağara Pənah da maşına doluşdular, yola düşdülər. Qiya yol boyu həyacan içindəydi. Toyu necə yola verəcəyini ağlına gətirə bilmirdi.

Əbanın QAZ-21-i uzaqdan görünən kimi Ələkli kəndinin camaatı sevinməyə başladı. Toy mağarı canlandı. Evin ağsaqqalı musiqiçilərə xüsusi diqqət ayırmaq üçün əldən-ayaqdan gedirdi. Musiqiçilər tez şabaş yığmaq xatirinə toya erkən başlamağı fikirləşirdilər. Qiya isə həyacan içində idi. Əkustanın 200 manatı yadına düşəndə dilxor olurdu. Musiqiçilər öz yerlərini tutdular. Alətlərini özünəməxsus formada kökləməyə başladılar. Qiya sakitcə “Tiflisi” rəqsini məşq edirdi. Əban mikrafonu götürüb məclisi açıq elan edərək dedi ki, toy boyu muğam və təsniflərdən ibarət musiqi parçaları eşidəcəksiz. O dəqiqə də Qiyaya tərəf dönərək işarə etdi ki, do tonallığından Zabul-Segah versin.

Qiyanı tər basdı. Zöhrab Zabula başlamaq istəsə də Qiya buna imkan vermədi və həmən “Tiflisi” çalmağa başladı. Əbangil çaşıb qaldılar, məcbur olub Qiyaya qoşuldular. Kənd camaatının nə vecinə, musiqinin fərqinə varmayıb ortalığa düşdülər. Şabaş atmağa başladılar. Əbanın üzü güldü. “Tiflisi”ni yaddan çıxarmışdı. Təxminən on dəqiqə davam edən “Tiflisi” masanın üstünə 30-40 manat gətirdi. Pulun belə gəlməsinə sevinən Əban 20 manatı Qiyaya uzadıb dedi:

- Sənə halal olsun. Məclisi yaman əla aldın. Bundan sonra bir yerdə gedəciyik məclislərə.

Təriflərə baxmayaraq Qiyanın həyəcanı keçməmişdi, həm də qorxurdu. Ürəyində Əkustanı söydü. Bu vaxt bəyin əmisi Əbana yaxınlaşıb muğam istədi. Əban boğazını arıtladı. Mekka istəyirdi ki, Bayatı-Şiraza başlasın gözlənilmədən Qiya lya tonallığından “Tiflisi”yə başladı. Əban və musiqiçilər məcburi klarnetin arxasına getdilər. Kənd camaatı yenə ortalığa düşdü. Qiya klarnetini yuxarıya qaldırıb “Tiflisi”-ni pülüyürdü. Əban şokdaydı. Bu zaman bəyin qardaşı gəldi. Təklif etdi ki, bəlkə kənarda sizə bir masa açaq. Yemək yeyib boğazınızı yaşlayasız. Musiqiçilər bir söz deməmiş Qiya uca səslə, - “Əla, əla fikirdi”-dedi.

Masa açıldı. Yeməklər və araqlar gəldi. Qiya o dəqiqə vurmağa başladı. Bir azdan həyəcanı ləpə kimi çəkilib getdi. Yeyib qurtarandan sonra Əban musiqiçiləri mağara davət etdi. Qiya klarnetini götürüb Əbana dedi:

- Əban əmi, inan mənə məclisi tutuzdurmuşam, bəlkə bir rəqs ifa edim. Fikir verirsənsə şabaş da gəlir.

Əban Mekkaya tərəf dönüb gözüylə razılığını bildirdi. Zöhrab təklif etdi ki, “Tərəkəmə” çalsınlar. Yazıq Zöhrab, elə istəyirdi ki, mizrabı simə vursun, Qiya yenə öz “Tiflisi”-ni püləməyə başladı, ancaq bu dəfə mi tonallığından. Camaat heç nəyə fikir vermədən yenə ortalığa düşdü. Manatlıqlar sərçələr kimi göydə uçmağa başladı. Əban dönüb Qiyaya tərs-tərs baxdı. Qiya da göz-qaşla hər şeyin yaxşı getdiyini bildirdi. Çarəsiz musiqiçilər məcburən onun arxasınca gedirdilər. Musiqi qurtardı. Bəyin atası Əbana yaxınlaşıb Bayatı-Qacar sifariş verdi. Əban ayağa qalxıb Zöharaba işarə elədi ki, dedi ki, si tonallığından başla. Qiya hiss etdi ki, işlər fırıxdı. Tez klarnetini sökməyə başladı. Mekkaya tərəf dönərək:

- Siz başlayın, klarnetin rastrupunu düzəldim, mən ortadan girəcəm.

Mağar düz dəmir yolunun kənarında qurulmuşdu. Əban ağzını açmaq istəyidi ki, , uzaqdan Noraşen-Bakı qatarının səsi eşdildi və parovoz re tonallığında fit verdi. Qulaqları o qədər də yaxşı eşitməyən Əban paravozun səsinə uyğunlaşıb qışqırmağa başladı. Elə bağırdı ki, toydakı camaatın başı getdi. Qadınlar qazanları tullayıb mağara qaçdılar, elə bildilər kimisə bıçaqladılar. Zöhrab gözləri bərələn Əbanı qışqıraraq onun tonallığına düşməyə məcbur etdi. Birtəhər özünə gələn Əban təsnifi bitirənə yaxın musiqiçilərə pıçıldadı ki, lyədən “İrəvanda xal qalmadı” çalsınlar. Zöhrab elə istəyirdi ki, lyədən “İrəvanda xal qalmadı”-nı başlasın, bu zaman Qiya ayağa qalxıb do tonallığında “Tiflisi” püləməyə başladı. Aləm dəydi bir-birinə. Millət oynamaq üçün ortlalığa töküldü. Əban əlində qaval hirsli-hirsli Qiyaya dedi:

- A bala, bəsdir də. Sən elə səhərdən “Tiflisi” çalırsan. Axmağın biri. Çıx bayıra, səninlə söhbətim var.

Qiya hiss etdi ki, vəziyyət ağırdı. Klarneti çala-çala masanın üstündəki 50 manatı götürüb çöla qaçdı.

Əban əlində qaval onun arxasınca götürüldü, ancaq ona çata bilmədi. Qiya artıq təpənin başına dırmaşıb kürsüyə qalxmış idmançı kimi qalibanə əda ilə Əbanı süzdü və yanıq verirmiş kimi “Tiflisi”sini püləməyə başladı.

Əban Əkustanın ona oyun qurduğunu anladı. Ancaq artıq gec idi. Qavalını hirslə daşa çırpıb kor-peşman toyxanaya qayıtdı.

# 1112 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #