Kulis.az Sevda Sultanovanın “Sonuncu pərdə” filmi haqqında yazısını təqdim edir.
Rejissor Emil Quliyevin çəkdiyi “Pərdə” trilogiyasının (“Pərdə”, “İkinci pərdə”) üçüncü hissəsi - “Sonuncu pərdə” dramı, digər iki film kimi cəmiyyətin həssas nöqtələrinə nüfuz eləyir. İlk iki filmdə müəllif mental, məişət, ailə problemlərini mənəvi-əxlaqi dəyərlər müstəvisində göstərir. Trilogiyanın son hissəsində isə mənəvi dəyərlər ailə sərhədlərindən çıxaraq sosial, təbəqələrarası münasibətlər müstəvisinə proyeksiya olunur.
Süjetə görə, iş adamı Nəriman (Oqtay Mehdiyev) Bakının kənar məhəllələrindən birinin həyətində nəsə tikmək istəyir. Onun nə tikməsi konkretləşməsə də, bəlli olan odur ki, açacağı müəssisə, hər nədirsə, məhəllənin işsiz-gücsüz sakinlərini işlə təmin edəcək. Lakin sakinlərdən biri Fərman (Vidadi Həsənov) buna imkan vermir, onu fırıldaqçı hesab edir. Tərəflər arasındakı konflikt faciə ilə nəticələnir…
“Sonuncu pərdə” müəyyən mənada ideoloji dünya görüşlərin qarşıdurmasını da əks etdirir. Misalçün, sovet adamının obrazını (dürüst, əməksevər) təcəssüm etdirən Fərmanla qəbiristanlığı alver məkanına çevirən sinik Nərimanın qarşıdurması hekayənin əsas konfliktoloji nöqtələrindən biridir. Hərçənd, bəzi məqamlarda Fərmanın dürüstlüyünün, aqressiyasının arxasında əslində onun Nərimanın mövqeyinə həsədi sezilir. Bununla da müəllif ilk baxışda fərqli dünyagörüşlərinin toqquşması kimi görünən bu konfliktdən daha dərin, universal bir şeyi göstərir: insan təbiətinin ayrılmaz hissəsi olan tamahkarlığı, maddi maraqların dəyərləri üstələməsi…
Elə ona görə hekayənin tək qəhrəman yox, qəhrəmanları var: Coni (Nofəl Şahlaroğlu), Ülvi (Əlibəy Məmmədli), Anar (Cövdət Şükürov). Nəriman isə bu üç obrazın mahiyyətinin açılmasında iştirak edən hərəkətverici qüvvədir.
Hekayədən tanış olduğumuz epizodları, obrazları gündəlik həyatdan tanıyırıq, onlarla bağlı informasiyalar oxuyuruq. Yeri gəlmişkən, film real əhvalata əsaslanır. Nəriman, arvadını təhqir etdiyinə görə Fərmanı öldürür. Fərmanın oğlu Anar qatilin kimliyini polisdən gizləyir. Qətl zamanı təsadüfən Nəriman Coninin atası Telmanı (Arif Rəhimov) da öldürür. Və Nəriman Coniyə üzrxahlıq kimi 50 min manat ödəmək istəyir. Sürücüsü Ülvi isə pulu Coniyə vermir və işin üstü açılmasın deyə, Conini Nərimanı öldürməyə təhrik eləyir…
Lakin ssenaridə (Emil Quliyev, Qorqud Cəfər) boşluqların olması aktyor oyununa da təsirsiz ötüşmür. Bir qayda olaraq Emil Quliyev aktyorlardan yaxşı nəticə alan rejissor kimi xarakterizə olunur ki, bu, filmdə görünmür. Misalçün, Anarın qatilin kimliyini polisə deməməsinin gerçək səbəbi anlaşılmır. Onu psixoloji təzyiq altında saxlayan atasından qurtulduğuna, Nərimanın gələcək müəssisəsində işləyəcəyinə, özünün dediyi kimi, Coninin üzünə baxa bilmədiyinə, yoxsa atasının təhqir müqabilində ölümü doğrudan da haqq etdiyinə görə? Sual aydınlaşmır. Və sualı aydınlaşmağa qoymayan təkcə Cövdət Şükürovun anlaşılmaz oyunu yox, həm də rejissorun vəziyyəti düzgün təyin etməməsidir. Ata ilə konflikt yaşasa da, bütün hallarda oğulun atasının ölümünü rahat, heç nə olmamış kimi qəbullanmasına bəraət verilmir. Ən azı bunadək atası ilə mübahisəsində Anarın qəzəb partlayışına səbəb olacaq halı, nifrəti, bezginliyi ikinci, üçüncü planında, davranışında belə görünmür. Ümumiyyətlə, bütün vəziyyətlərdə Cövdət Şükürov eyni, statik oynayır, obrazını emosional, psixoloji qatda aça bilmir, tərəddüd, mənəvi vurnuxmalar keçirmir. Hətta kiçik qardaşı atasının ölümünü ona xəbər verib boynuna sarılanda belə Anarın üzü boş və laqeyd görünür.
Əhvalatın kulminasiya-aydınlanma səhnələri də alınmayıb. Sözügedən səhnələrdə təklif olunan vəziyyətə rejissor uyğun yanaşma tapa bilmədiyindən, aktyorların oyunu düşüncə və emosional şok, daha sonra aydınlatma yaratmadığından saxta təsir bağışlayır. Ümumiyyətlə, obrazlarda yenilənmə, dəyişmə, olanların dərki anı yoxdur. Baxmayaraq ki, Oqtay Mehdiyev, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli bu hissəyədək yaxşı oyun nümayiş etdirmişdilər. Final səhnələrində aktyorların, rejissorun yorulduğu hiss olunur.
“Sonuncu pərdə” digər hissələr kimi ekspressivdir, tamaşaçının emosional qavrayışına daha çox vurğular edilir və müəllif yenə də reallığı sadəcə göstərməklə kifayətlənir, öz yozumunu emal eləmir. Emil Quliyev, alman sosioloqu və kinotənqidçisi Ziqfird Krakauerin dediyi, filmdə “yeni reallığı yaratmaq” amilini gözardı edir.
“Sonuncu Pərdə” də kişi filmidir, burda kişilərin hisslərini, mövqelər uğrunda mübarizəsini görürük. Qadın yenə arxa plandadır, istifadə və istismar olunandır. Ülvinin sevgilisi rolunu oynayan Solmazın (Əzizə Həşimli) əsas istəyi seks müqabilində ona maşın aldırmaqdır. Bununla belə müəllif Solmazı kişi hərisliyindən, instinktindən yuxarıda qoyaraq sonda onu vicdanlı göstərir.
Operator Orxan Abbasov elə rakurslar seçir ki, hadisələri sanki çərçivədən izləmək kimi təəssürat yaranır. Bu, hadisəni gizli müşahidə etmək effektini verməklə yanaşı, əhvalatdakı ovqat sıxıntısını da ötürür. Əksər səhnələr Sabunçu qəsəbəsində çəkilib.
Hadisələr qısa zaman kəsiyində, real məkan və zamanda baş verir.
İlk epizodda qayğısız futbol oynayan uşaqların təsviri ilə minimalist, minor musiqinin səslənməsi ziddiyyət yaradır ki, bu da gələcəkdə baş verən xoşagəlməz hadisələrin xəbərini verir. Bu tərz musiqi bütün film boyu davam edir. Montaj isə (Asif İsgəndərli) bir musiqi əsəri kimi axıcı, ritmikdir.
Filmin ərsəyə gəlməsində "Cinex” şirkəti, İTV rol oynayıb.