Səfirliyimizə hücum edənlərə göz yumanlar

Səfirliyimizə hücum edənlərə göz yumanlar
5 avqust 2022
# 13:20

Kulis.az Mehdi Dostəlizadənin “Das Radikal” adlı yazısını təqdim edir.

Stereotipləri yox etmək atomu parçalamaqdan daha çətindir.

Albert Eynşteyn

“Bunlar kafirdir”, “bunları öldürmək lazımdır”, “bunları ayaqlarından asaram”, “bunları məhv edəcəyik” – kimi ifadələr radikal dindarların dillərindən düşməyən şüarlardır. Onlar elə kəsimdir ki, heç bir dialoqa və müzakirəyə açıq deyillər.

Türkiyədə Aziz Nesinin qaldığı hoteli yandıran, Salman Rüşdinin ölüm fətvasını verən, Suriyada muzeyləri, tarixi abidələri dağıdan mədəniyyət düşmənləri ilə onları dildə də olsa dəstəkləyən adamlar arasında heç bir fərq yoxdur. Sadəcə olaraq bir qismin bu əməlləri törətmək üçün münbit şəraiti var, digər qisim isə belə imkanlara sahib deyil.

Bəs bu “ləfzi” (sözdə, dildə – M.D.) möminlər hansısa güc və ya imtiyaz əldə etdikdə hansı fəlakətlərə yol aça bilərlər?

Budur, Azərbaycanın Londondakı səfirliyinə hücum edən, Azərbaycan bayrağını yerə atan “Mehdi Xidmətçiləri” (The Mahdi Servants Union) adlı ekstremist qruplaşma bütün maneələri, hüdudları aşaraq, “cahil cəsarəti” nümayiş etdirərək “ləfzi” ideologiyalarını “əməli” mərhələyə köçürüb. Yəni, nəzəriyyələrini praktikada tətbiq ediblər.

Əl-Qaidə, Taliban, İŞİD, Əl-Nusra, Hizbullah, Boko Haram və bu kimi digər terror qruplaşmalarının bir vaxtlar dağıdıcı, parçalayıcı düşüncələrə, irticaya rəğbət göstərmiş üzvləri (əlbəttə, hamısı olmasa da), nəticədə baş kəsən, qan tökən, öz mənafeləri uğrunda bütün dünyanı təhlükəyə atmağa hazır olan (hətta özlərini də – bax: kamikadze) şəxslərə çevriliblər.

Kor-koranə inandığımız, hörmət etdiyimiz ideologiyalar bizi hara aparır?

Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra ölkədə musiqi alətləri, rəsm əsərləri, reklam lövhələri, heykəllər dağıdılıb, televiziya, incəsənət, şahmat, ağ ayaqqabı (ağ rəng Taliban hərəkatının bayrağıdır), kişilərə saqqalsız gəzmək, qadınlara işləmək, ictimai yerlərdə yanında həyat yoldaşı olmadan görünmək qadağan edilib.

Şəriəti əlində bayraq etmiş qruplaşmalar hər dəfə təkidlə Allaha xidmət etdiklərini, islamı yaşatdıqlarını, bu yolda ölənlərin cənnətə gedəcəklərini desələr də, nə hikmətdirsə, narko-ticarətə, qaçaqmalçılığa, insan alverinə də elə bu qruplaşmalar nəzarət edir, başqalarının dünyasını cəhənnəmə çevirmək bahasına öz həyatlarını cənnətləşdirirlər.

Ekstremistlər əsasən yeniyetmələri, gəncləri hədəfə alır, onların savadsızlığından istifadə edirlər. Belə ki, cəhalətdən terrorizmə gedən yolu belə təsvir etmək olar: cahillik – özünütəsdiq axtarışı – mühit – radikallıq – nəhayət, ekstremizm. Cəhalət potensial terrorizmdir. Heç kimin heç nəyi bilmədiyi yerdə başqa bir heç nə bilməyən şəxs hər şeyi bilə bilər.

Cahil – saatlı bombadır. O hər an kənar təsirə düşərək ağlımıza gələ biləcək və ya ağlasığmaz istənilən addımı ata bilər.

Şüurun formalaşması üçün dünyəvi təhsil, elmə, mədəniyyətə meyl etməyin vacibliyi hər yerdə qətiyyətlə vurğulanmalıdır. Bu gün on beş, on altı yaşlı hər şeydən xəbərsiz yeniyetmənin sabah hansısa meydanda (yenə də hər şeydən xəbərsiz şəkildə) özünü partlatmaması üçün, ən azından.

Azərbaycanda elə bir şüur formalaşdırılmalıdır ki, özlərinə “mürid” axtaran “mürşid”lərin istəkləri həyata keçməsin. Bu şüur elə bir şüur olmalıdır ki, xoş avazı, “gəl-gəl” deyən görkəmi olan heç bir irticaçı hansısa gənci tərəqqidən, inkişafdan ayırmasın. Bu şüur elə bir şüur olmalıdır ki, heç bir azərbaycanlı Londonda Azərbaycan səfirliyinə hücum edən qruplaşmaya rəğbət göstərməsin.

# 3517 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #