Dünya gündəmində müharibə mövzusu aktual olduğu bir vaxtda, yenidən diqqəti müharibə ilə bağlı kino siyasətimizə çəkmək istəyirəm. Ötən il Mədəniyyət naziri Anar Kərimov Türkiyənin mədəniyyət sahəsinin rəsmiləri ilə görüşdə “44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də kino vasitəsilə təbliğində Türkiyə ilə işbirliyinin böyük önəm daşıdığını” demişdi. Və görüşdə Qarabağa həsr olunan filmlərin, serialların Türkiyə ilə birgə istehsalı və s. məsələlər müzakirə olunmuşdu.
Bu ilin fevralında Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılıarının mətbuat konfransı keçirildi. Rejissor Selahattin Sancaklının və digər türk kinematoqrafçıların iştirak etdiyi tədbirdə artıq bu ilin iyulundan Qarabağla bağlı filmin çəkilişlərinə başlanacağı deyildi. Sözügedən filmin müştərək olub-olmaması haqda məlumat verilməyib. Güman ki, azərbaycanlı aktyorların da yer alacağı film sırf Türkiyə istehsalı olacaq.
Mədəniyət nazirliyindən aldığımız məlumata görə, bütün hallarda 2022-ci ildə türk kinematoqrafçıları ilə birgə Qarabağ müharibəsi haqda döyüş filmi çəkiləcək. Amma hələki müştərək istehsalatda Türkiyə tərəfindən hansı komandanın iştirak edəcəyi konkretləşməyib. Ona görə Türkiyədən müxtəlif rejissor və prodüserlərlə görüşlər keçirilir. Döyüş filmi, böyük büdcə tələb elədiyindən, kinoya ayrılmış hazrıki dövlət vəsaiti, belə bir layihənin gerçəkləşdirilməsini çətinləşir. Ona görə əlavə maliyyə mənbələrinə ehtiyac yaranır. Üstəlik, layihəyə Türkiyədən qatılacaq prodakşnın nə qədər vəsait ayıracağı bəlli deyil.
Qarabağ haqda çəkiləcək müştərək filmin rejissorlarından biri kimi Osman Sınavın adı çəkilir. Osman Sınav da Selahattin Sancaklı kimi “Kurtar vadi”sinin bir neçə mövsümündə rejissor olub. Onun son bədii filmi isə 2013-cü ildə lentə aldığı “Aşk kırmızı”dır.
Qarabağla bağlı müştərək layihədə adı hallanan Sınav yaradıcı bioqrafiyasında ciddi işi olmayan, əsasən serial sahəsinə çalışan müəllifdir. Yada 2013-cü ildə çəkilmiş, Türkiyə ilə müştərək layihəmiz olan və fiaskoya uğrayan “Mahmud və Məryəm” filmi düşür. “Mahmud və Məryəm”i çəkənədək Mehmet Ada Öztekin bir neçə filmdə rejissor assistenti olmuşdu və bir neçə serialda rejissorluq eləmişdi. Yəni, o zaman ciddi təcrübəsi olmayan rejissora bəh-bəhlə iri büdcəli film həvalə olunmuşdu. Nəticədə klip estetikasında məzmunsuz məhsul ortaya çıxdı, əhvalat tarix və din haqda dərslik səviyyəsində bilgiylə yükləndi, əlaqəsiz epizodlarda isə montaj, mizan, xüsusi effektlər ideyaya xitab eləmirdi. Maraqlıdır, niyə müştərək layihələrimizdə bədii filmdə keyfiyyət çəkisi olmayan rejissorlar, ssenaristlər cəlb olunur?
Nədənsə, Mədəniyyət nazirliyi, həmçinin, bir qism kinematoqrafçı hesab edir ki, xüsusi effektlər, peşəkar qurulmuş döyüş səhnələri, ümumiyyətlə, texniki mükəmməllik filmin uğurunu təmin edəcək. Halbuki, bir yaxşı kinoəsərinin mütləq şərti yalnız zahiri gözəllik, estetizm deyil. Döyüş epizodları hekayənin ancaq bir hissəsidir və onun peşəkar səviyyədə çəkilməsi belə, filmin uğurunu təmin edən faktor sayılmır. Bu bəsit həqiqəti anlamaq üçün illah da ki, Andre Bazen, Bela Balaj olmağa gərək yoxdur.
İlk növbədə təsirli, universal hekayə yazılmalıdır. Elə bir hekayə ki, Keniyada yaşayan adama da doğma gəlsin. Bu, nəinki kinonun, ümumən sənətin dəyişməz düsturudur. Yəni döyüş filminin də məhək daşı məhz hekayəsidir. Hekayəni necə bir konsepsiya, hansı ifadə vasitələri ilə çatdırmaq məsələlərinin vacibliyi də öz yerində. Belə bir hekayənin qurulmasından ötrü isə türk rejissoru ilk növbədə ölkəni yaxşı tanımalıdır, mədəni, milli mühitimizi, Qarabağın ən azı son 30 illik tarixini dərindən öyrənməli, yaşananları və yaşantıları bilməli, hissi təcrübəyə malik olmalıdır.
Sənət, həmçinin kino hər şeydən əvvəl emosional enerjinin ötürülməsidir. Əgər bu yoxdursa, mükəmməl bədii texnika, fəndlər işə yaramayacaq, mexaniklik, falş önə çıxacaq. İstər istəməz Cəfər Cabbarlının “Hara gedir “Azərkino” məqaləsindəki məqamları xatırlayırsan: “Dəvət olunmuş mütəxəssislər bir qayda olaraq zəifdirlər... Öz sənətlərini bilməməkdən əlavə, bu işçilər, ümumiyyətlə, tanımadıqları mühitə düşdüklərinə görə çaşbaş qalırlar, qısa müddətdə içərisində işləməli olacaqları xalqın həyatı, şəraiti ilə uyğunlaşa bilmirlər və nəticə həmişə faciəli alınır. Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz manat pulu havaya sovuraraq çıxıb gedirlər və “Azərkino” həm məhsulsuz, həm də işçisiz qalır”.
Ona görə, bu suallara aydın cavab verilməlidir ki, Qarabağdan film çəkməyə iddialı türk müəllifləri ölkənin tarixini, məişətini, mədəniyyətini nə qədər tanıyır, mövzu üzrə araşdırma aparıblarımı, real insanlarla söhbət ediblərmi? Yəni, müəyyən tarixi hadisələrin əks olunduğu film xüsusi hazırlıq tələb edir, ən əsası, müəllifin emosional toxunuşları vacibdir.
Yeri düşmüşkən, 2013-cü ildə Rusiyada ekranlara çıxan, Fyodor Bondarçukun “Stalinqrad” müharibə dramı ölkədə xeyli müzakirələrə səbəb olmuşdu. Film ümumən peşəkarlar tərəfindən zəif hesab edilmişdi. Əsas iradlar ssenaridəki problemlər, xüsusi effektlərin aşırı olmasıyla əlaqəliydi. Bununla belə, “Stalinqrad” Rusiya prokatında böyük kassa yığa bildi. Yəqin, ona görə ki, filmin əsasında döyüş səhnələri yox, sevgi hekayəsi dayanırdı və onu, sözügedən tarixi hadisənin iştirakçılarının xələfləri, bu coğrafiyanı tanıyan, tarixin emosional yaddaşını daşıyan müəlliflər çəkmişdi.
Hələ bəlli deyil ki, Türkiyə ilə müştərək layihədə hər iki tərəfdənmi rejissor və ssenarist iştirak edəcək, yoxsa yalnız Türkiyə kinematoqrafçıları təmsil olunacaq?
Başqa bir məsələ də odur ki, döyüş filmləri bir qayda olaraq, festivallarda yer almır. Ona görə bu da aydınlaşmalıdır ki, Qarabağla bağlı kinolayihə yerli və yaxın coğrafiya üçün nəzərdə tutulur, yaxud daha geniş sərhədləri əhatə eləməlidir? Ayrıca, mövzunun Qarabağ olduğunu, Qələbəmizi təbliğ edəcəyini, Qərbin də bu məsələdə bizə məlum mövqeyini nəzərə alsaq, belə bir filmin digər ölkələrdə prokata girməsi nə qədər realdır?
Hər halda, böyük maliyyə sərf etməkdənsə, müharibə ilə bağlı insan hekayələrini mərkəzə qoyan minimalist filmlərin çəkilməsi daha əlverişlidir. Bu, dünya kinosunda yayılmış, qəbul olunmuş tendensiya, təbliğat nöqteyi nəzərdən də daha effektlidir.
Bütün hallarda, Azərbaycanla Türkiyənin müştərək film istehsalı baş tutacaqsa, yuxarıda dediyim səbəblərdən rejissor və ssenarist azərbaycanlı olmalıdır. Türkiyə istehsalçılarının burda əhəmiyyətli rolu, ssenarinin yazılmasında, müəyyən texniki məsələlərdə, istehsalat prosesində peşəkar yardımından ibarət ola bilər. Çünki Qarabağ bizim hekayədir, bizim tarixdir və ona kinoda da hər mənada sahiblənməliyik.