Müəlliməni statuslarına görə kabinetinə çağıran direktor

Müəlliməni statuslarına görə kabinetinə çağıran direktor
24 avqust 2020
# 10:51

Virtual aləm həyatımızı elə yağmalayıb ki, orda olmayanlara bir az qəribə baxırıq - şortik geyən, ya siqaret çəkən qızlara baxdığımız kimi.

“İnsanın “Facebook”u olmalıdır!” Bir dəfə bir adam bu sözü elə qətiyyətlə dedi ki, elə bil “insanın vicdanı olmalıdır” fikrini dilə gətirmək istəyirdi. “Facebook” artıq çoxdan vacib, onsuz ötüşülməsi qeyri-real olan dəyərlər sırasına keçib. Heç cür ağlımıza sığışdıra bilmirik ki, adam necə burdan kənarda qala bilər.

Yadıma gəlir ki, “Facebook”u 2010-cu ildə istifadə etməyə başlamışam. Xaricdə yaşayan bacımla əlaqə qurmaq istəyirdim və “Facebook” köməyimə yetirdi.

Yeni qurulmuş sosial şəbəkədə yoldaşlarımız daha çox türkiyəli bacı-qardaşlarımız idi. Özəl günlərdə hamı bir-birinə gül çələngi göndərir, ya musiqi paylaşırdı. Xüsusilə Beyons və Teylor Sviftin mahnıları dəbdə idi. Ümumiyyətlə “Facebook”da paylaşılan musiqi həm də bir növ zövqün göstəricisi idi.

Sonralar bir də fərqinə vardım ki, iş yoldaşlarım da “Facebook”a qatılıb. Sonra qohum-qardaş gəldi. Sonra qonşular. Sonra uzaqdan-uzağa tanıdığımız, amma real həyatda görmədiyimiz insanlar. Yaxın-uzaq tanışlarla o dərəcədə doğmalaşdıq ki, artıq bir-birimizdən ayrı sirrimiz qalmadı. “Facebook”un sayəsində kimin neçə dəfə sevdiyini, neçə dəfə ailə qurduğunu, hansı diş pastasından istifadə etdiyini öyrəndik. Sıralarımız isə genişlənirdi. Hətta 85 yaşlı Xurşud nənə də “Facebook”da dostum olanda mən artıq heç nəyə təəccüblənməməyə başlamışdım.

“Facebook”un yaradıcısı Mark Zukerberqin istəyi də insanları bir-birinə yaxınlaşdırmaq idi. Çünki internetdə axtarış aparıb lazımi insanları və ünvanları tapmayanda, internet dahisinin ağlına belə bir sosial şəbəkə yaratmaq ideyası gəlmişdi.

“Facebook” ilkin anlamında daha sevimli idi. Kəşf edilməmiş, toxunulmamış bir məkan kimi təmiz və maraqlı idi. Sanki Nazim Hikmətin dediyi “bir ağac kimi hür və bir orman kimi qardaşcasına” deyiminin mənasını yansıdırdı.

İndi insanlar reallıqla virtual aləmi bir az qarışıq salıblar və “Facebook”a xüsusi mənalar yükləməyə başlayıblar. Sanki “Facebook” bizim ictimai fəaliyyət sahəmizdir.

Halbuki heç birimizin belə bir öhdəliyi yoxdur. Bunun üçün lazımi qurumların rəsmi səhifəsi var və xüsusi funksiyalar orda icra edilir.

Tutaq ki, əgər biz müəllim və yaxud həkimiksə, “Facebook”da müəllim və ya həkim kimi fəaliyyət göstərmək məcburiyyətində deyilik. Amma bir müəllimin üzləşdiyi hadisə çoxunun bu məsələləri yanlış anladığından xəbər verir.

Bu müəllimə özünün şəxsi “Facebook” səhifəsində özəl həyatına dair paylaşım edib; həyatının məyusluqlarını qələmə alıb, mənəvi ağrı-acılarından bəhs edib. Çünki həmin vaxt mənəvi dəstəyə ehtiyacı olub.

Səhəri gün müəllim direktorun kabinetinə çağırılıb və danlanılıb.

-Siz müəlliməsiniz, niyə belə davranışa yol verirsiniz? -direktor kəskin şəkildə deyib. Halbuki müəllimə qeyri-etik bircə kəlmə də işlətməyib, bu məsələyə İbrahim Tatlısəssayağı yanaşsaq, fikrimizi belə ifadə bilərik ki, əgər yalqızlıq günahdırsa, bu müəllimənin də yeganə günahı onun yalqızlığıdır.

Müəllimə özündə cəsarət taparaq direktora etirazını bildirib:

“Məgər müəllimin şəxsi problemləri ola bilməz? Məgər müəllimlər günün 24 saatını özlərini yazı taxtasının önündə təsəvvür etməlidirlər?”

Bir haşiyə çıxaq. Xatirinizdədirsə, işdən yorulmuş bir müəllimin (səhv etmirəmsə, adı Gülsüm müəllimə idi) boş sinif otağındakı rəqsinin videosu necə böyük səs-küyə səbəb olmuşdu, sanki müəllim böyük bir qəbahət işləmişdi. Sonra cəmiyyətin böyük bir qismi uşaqların bu pozitiv dəstəkçisini təqdir etdikdən sonra ona “bəraət” verildi. Və daha sonra, koronavirus karantini zamanında müəllimlərin “şagirdin üçün rəqs et” layihəsi də uşaqlara və böyüklərə gözəl bir motivasiya idi və gələcəyə ümid aşılayırdı.

Kim olmağımızdan asılı olmayaraq, işdən sonra hər birimiz istirahətə, hüzura ehtiyacı olan adi bir insana çevrilirik. “Facebook” bir növ mədəni, sosial əyləncədir və insanların sosiallaşmasını, ünsiyyət qurmasını, əyləncəli vaxt keçirməsini təmin edir.

Ümumiyyətə “Facebook”a normal baxış bizim cəmiyyətdə hələ formalaşmayıb. Bəzi yoldaşlar sanki sosial şəbəkəyə kostyumda daxil olur və sərt qayda-qanun tələb edir. Bəziləri isə əksinə, normal ünsiyyəti lağlağıya çevirir.

Yəni reallıqla virtuallıq arasındakı sərhədləri müəyyən etmək rəsmiyyətçiliklə ciddiyyətin, yaxud əyləncə ilə lağlağının sərhədlərini müəyyən etmək kimidir.

Bu yaxınlarda bir yoldaşımın mənə danışdığı olay isə tamamilə ağlasığılmazdır.

Deyilənə görə, özəl bir şirkətin direktoru hər gün “Facebook”a daxil olub öz əməkdaşlarının yazdıqlarına bircə-bircə nəzarət edir. Yalnız şirkətin mənafeyini qoruyan statusların çox olmasını istəyən direktor paylaşımından razı qalmadığı işçilərini sabahısı gün otağına çağırıb açıqlama tələb edir.

Hətta uzun illər yazılmış əhvalatlarda da öz şəxsinə bir münasibət kəşf edib işçiləri uzun-uzadı sorğu-suala tutur.

-Bu ki, cəfəngiyatdır,- mən dedim. Direktoru dostluq siyahısından silməyə nə var?

-Direktoru dostluq siyahısından silmək real həyatda üstündən xətt çəkmək, hörmətsizlik etmək deməkdir. Yəni direktor bunu həqarət kimi qəbul edir.

-Bəs səhifəni bağlayıb getmək necə?- mən vəziyyətdən çıxış yolları arayırdım, - bu ki mümkündür.

- O da mümkün deyil, çünki direktor bunu yasaq edib. Bir neçə gün “Facebook”da görünməyən işçiləri xüsusi nəzarət altına alır. Elə yoldaşlar var ki, direktora görünməyin xatirinə “Facebook”a daxil olurlar. Bir növ “direktora görünüm, çıxım”.

“Direktora görünüm, gedim!”

Reallıqda tez-tez qarşılaşdığımız ifadədir, deyilmi? “Facebook” həyatımıza elə daxil olub ki, reallığı sıxışdırıb çıxarıb, indi çox adam reallığın harda, virtuallığın harda olduğunu müəyyənləşdirə bilmirlər.

Bir haşiyə də çıxım. Bir dəfə bir adam mənə atasının qəribə taleyi haqqında danışdı. JEK-də uzun illər müdir işləmiş bu adam təqaüdə çıxarılmışdı. Amma adam özünü hələ də JEK müdiri kimi hiss edirdi. Mənzilinin otaqlarından birini iş otağı elan etmişdi. Hər səhər bayırlıq paltarını geyinib işə gedirmiş kimi həmin otağa daxil olurdu. Bir də nahar fasiləsində evə “qayıdırdı”. Naharını edib təzədən “JEK müdiri işlədiyi yerə”, yəni öz otağına gedirdi. Saat 6-da isə ədəb-ərkanla “işdən evə dönürdü”.

Təsəvvür edin ki, bu adam tamamilə ağlı başında olan, psixi pozuntuları olmayan bir adam idi.

Bəzən insan reallıqdan qaçmağa cəhd edir, amma razılaşın ki, bu JEK müdirinin olayı artıq reallıqla pəncə-pəncəyə gəlməkdi. Reallığı şil-küt etməkdir, bir sözlə.

Virtual dünyanı həddindən artıq reallaşdıranların o adamın vəziyyətinə düşmək ehtimalı var.

Əslində səhər “işə gedirəm” deyib facebooka daxil olan və axşam “evə qayıdan”lar məgər aramızda yoxdurmu? Əlbəttə ki, var.

Bəs necə edək ki, virtual aləmin bizim həyatımızı daha artıq zəbt etməsinə imkan verməyək?

Bəlkə reallığa daha çox adaptasiya olaq? Məsələn, düşünək ki, internetdə problem yarandığı kimi reallıqda da yarana bilər, tutaq ki, hansısa statusumuz bəyənilmədiyi kimi hansısa işimiz də bəyənilməyə bilər. Ya da hansısa “like” yerində olmadığı kimi, hansısa sözümüz, münasibətimiz də yerində olmaya bilər. Yəni reallıqdakı məyusluqları virtual aləmdə yaşayırmışıq kimi təsəvvür edək.

Reallığı virtuala uyğunlaşdıraraq yaşayaq.

Bəlkə onda virtual aləmin mahiyyətini də daha yaxşı anlaya bilərik.

Və bəlkə onda yaşamaq daha asan olar.

# 5060 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #