Dost dost dedikləri

Dost dost dedikləri
5 sentyabr 2012
# 08:00
Bizdə adamı yaxşı tərəfdən xarakterizə etmək istəyəndə, ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir «sədaqətli dost» ifadəsi də əlavə etməyi unutmurlar. Xüsusən də, epitafiya janrında yazılmış boğazdanyuxarı sicilləmələrdə. Bəs, deməzsənmi, filankəs «çox sədaqətli dost idi».

Baxırsan, adamın dirisindən xəbərsiz birisi ölüsünün başının üstünü alıb, muzdla ağlayan arvadlar sayağı elə şivən qoparır ki, ölü yaddan çıxır, bunun əhvalına yanmağa başlayırsan.

Sözüm onda deyil, mən «sədaqətli olmaq» haqqında danışmaq istəyirəm.

Bu günlərdə oturduğum bir məclisdə məni dönə-dönə «vəfalı, sədaqətli dost» kimi tərifləyib, şənimə badə qaldıran bir sənətkarın üzünə qayıtmaq istədim. İstədim deyəm ki, bu dünyada ən sədaqətli, vəfalı varlıqlar itlərdir. O da hamısı yox! İnsandan vəfa ummaq əbləhlikdir…

Sonra fikirləşdim ki, məclisin pafosu ilə heç uyuşmayan bu sözlər qurbağa gölünə daş atmaq effekti yaradacaq, bayaqdan mənim sağlığıma nitq irad eləyən həmkarımın sifəti qəfildən dəyişəcək və o, mənim sözlərimin ardını gözləmədən:

- Sən oturub, çörək kəsdiyin adamları «it» və «əbləh» adlandırdığının fərqindəsənmi? – deyə bozaracaq.

Mən isə «çörək kəsmək»lə bağlı da nələrsə deyəcəyəm, məsələ lap qəlizləşəcək. Odur ki, səsimi içimə salıb, səbrlə məclsin bitməsini gözlədim. Əvəzində isə bu məqaləni yazmaq qərarına gəldim.

Ondan başlayım ki, əskilərdə qulun comərdliyi onun öz sahibinə sədaqəti ilə ölçülürmüş. Yəni sədaqətlilik ierarxiya münasibətləri sisteminin əhəmiyyətli ünsürü idi. Ol zamanlarda taxta çıxan sənətkar and içmirdi, əksinə təbəələr ona sədaqət andı içirdilər. Bu, bir növ ictimai müqavilə idi, bu andı pozmaq cinayət etməyə bərabər tutulurdu.

Bəlli məsələdir, insan eqosunun özəllikləri elədir ki, iki fərdin belə bir-birinə eyni dərəcədə sədaqətli olması mümkünsüzdür. Bunu qədim insanlar bizdən yaxşı bilirdi. Nəticədə insanların bir-birinə sədaqət andı içməsi, uzaq səfərlərə çıxan cəngavərlərin öz sevgilisinə «sədaqət kəməri» taxması kimi məsələlər meydana çıxırdı. İşgəncə alətini xatırladan «sədaqət kəməri» haqqında ayrıca danışmaq lazımdır. Bu kəmər qadın bədəninin bütün alt hissəsini «blokirovka» edən iri dəmir konstruksiyadan ibarət olurdu. Cəngavərlik romanlarında bu barədə çox danışılıb, Avropa muzeylərində nümayiş etdirilən belə kəmərlərin çeşidi isə «göz oxşayır».

Bu sırada Oskar Uayldın «Dorian Qreyin portreti» əsərindəki sətirləri xatırlamaq lazım gəlir. Sənətkar yazır ki, həyatında bircə dəfə sevənləri dayaz adam sayıram. Onların sədaqəti, vəfası yalnız vərdiş letargiyası, yaxud təxəyyülün kasadlığından irəli gəlir. Bu sadəcə gücsüzlüyün sübutudur, mülkiyyətçi tamahkarlığıdır.

Uayldın «Sədaqətli dost» adlı bir hekayəsi də var – burada bir-birinə dost deyib, dördəlli yapışanların həyat hekayəti nəql olunur. Axırda, məlumdur ki, biri o birisinin anasını ağlar qoyur.

«Sədaqətli dost» ifadəsinin özü də nitq ştampından başqa bir şey deyil məncə. Bu, «şirin şərbət» kimi səslənir. «Dost» sözündə sədaqət, vəfa və s. kimi qavramlar ehtiva olunmur məgər?

Ötənlərdə sənətkarlar klassik dostluq anlamının (sədaqət bir yana qalsın) yalnız fiksiya olduğunu çox gözəl ifadə ediblər:

Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay Mədəd.

***

Dost-dost deyə-deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara topraqdır.

***

Gunçıxandan günbatana yürüdüm,
Bir dost bulammadım, gün axşam oldu.
Hər ürəyə, hər könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu və s.

Sufi şairlərinin «dost» deyəndə bir tək Tanrını nəzərdə tutmaları heç təsadüfi deyil.

Ətrafınıza diqqət yetirin, görün, hansısa gerçəkləri pərdələmək və öz eqosunu təmin etmək üçün «sədaqət», «vəfa», «dost» kimi ibarələrdən çox ustalıqla istifadə edən nə qədər adam var!

Bunun yalnız bir adı var – daha çox özündə olmayan şeylərdən danışmaq!

Halbuki, bir-birinə qarşı dürüst olmaq, hər addımda yalana, fəndgirliyə baş vurmamaq, aradabir vicdanının səsini dinləmək kifayətdir ki, yalançı dostluqların girovuna çevrilməyəsən…







# 1185 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #