Teatrdan qeyri-teatral freskalar

Teatrdan qeyri-teatral freskalar
24 yanvar 2013
# 11:41

1.

- Limon apar, limon...

- Salfetlər beşi bir manat...

- Axşam bazarı...axşam bazarı...

Yox, bazarda deyiləm. “28 may” tərəfdən Azadlıq prospekti ilə Azərbaycan Dövlət Pantomima Teatrına addımlayıram. Hava qaralıb. Əyri-üyrü, kələ-kötür səkilərin üzərində ehtiyatla yeriyirəm ki, teatra bəzəyi pozulmamış çatım...

2.

Teatrın qapısında bir pişik klassik pozasında dayanıb məsum-məsum baxır, sanki “xoş gəlmisiz” deyir...

3.

Bu teatrda foyedən zala daxil olmaq üçün heç olmasa bir addımın səhnəyə dəyməlidir. Darısqallığın üzü qara olsun. Və artıq aktyorlardan biri səhnədə üzü üstə uzanıb. Səhnəyə keçməyə çətinlik çəkirəm. Bir AKTYORun uzandığı yerə necə ayaq qoymalı? Ya bilmədən ona toxunub incitsəm....?

4.

40 nəfərlik zalda əyləşmişik. Bu zal mənə Bakı Kamera Teatrının ilk səhnəsini xatırladır. Sonra o hər beynəlxalq festivalda yer qazanıb mükafat aldıqca qazanılan pulların hesabına teatra yeni texniki avadanlıqlar aldılar, zalı təmir edib böyütdülər, tamaşaçılar üçün daha çox oturacaq əlavə olundu və axırda teatr Gənc Tamaşaçılar Teatrı ilə birləşdi. Gənc Tamaşaçılar Teatrını yaxşı tanıyırsız yəqin. El arasında onlara “Baş Rejissorundan Narazı” teatr da deyirlər. Bu haqda başqa bir yazıda, indi malı mala, lənət şeytana, teatrı teatra qatmayaq.

5.

Üst geyimimiz qucağımızda oturub tamaşanın başlamasını gözləyirik. Tamaşa isə başlayıb... Səhnədə iki aktyor dolaşır, bir pişik balası isə foyedən səhnəyə açılan qapının qarşısındakı pərdənin altından çıxıb səhnədə yumalanır. Rusların inancına görə sehr, tilsim olan yerdə pişiyi bol etmək lazımdır. Nə əlaqə bilmirəm, amma teatrda pişik boldur. Stanislavski deyirdi ki, teatrın pişiyi də teatral olmalıdır. Bu teatrın pişikləri də başqa pişiklərdən fərqlənir. Duruşu, baxışı, oyunu ilə... Uca boylu, saqqallı-bığlı bir tamaşaçı şəstlə zala daxil olur və ayağını düz yerdə öz oyunundan məst olmuş pişik balasının belinə basıb zala keçir. Mən qışqırıram, kişi heç nə olmayıbmiş kimi düz zala keçib özünə yer axtarır, pişik balası sıçrayıb pərdənin arxasında itir, Qan Turalı mənə “bəsdi, sən o pişikdən çox ağrıdın” deyib gülür...

Qan Turalı yazardı. Bir yazarın dırnağı kəsilsə, elə bilir insanlığa qarşı soyqırımı törədilib... O, heç vaxt səhnəyə çıxmayıb və səhnədə öz oyunundan xoşbəxt olan günahsız bir məxluqun tapdanmasının nə demək olduğunu təsəvvür etmir... O, hesab etdi ki, tamaşaçı pişik balasını tapdaladı... O, aktyorun necə tapdanmasını görməyib axı... O, aktyorun ayın sonunda əlinə aldığı maaşın məbləğini təxmini bilsə də, onun məvacibin üstünü düzəldib kirayə pulunu ödəmək üçün nə məşəqqət çəkdiyini təxmin etmir... Tamaşadan sonra restoranlarda klounluq etməyin nə demək olduğunu... Ordan gələn 20-30 manatın neçə faizini ona hər arxasına vurulan təpiyə necə etinasız qalmağı öyrədən müəlliminə faiz olaraq ödəməyin nə demək olduğundan xəbərsizdi... Bu haqda da başqa bir yazıda...

6.

Tamaşa başlayır. Səhnəyə yeni simalar çıxır və gözlərim pantomim teatrının tamaşalarının vazkeçilməzi olan Pərviz Məmmədrzayevi axtarır... Qurban Məsimovun səsini eşidirəm. Əminəm, “Uçuş” tamaşasına baxanlar hələ də daşların toqquşmasından yaranan musiqinin müşayiəti ilə o ifanı xatırlayır:

“Kimsə görmədi ki, əbədi olsun,

Bina ki, təməli suda qoyulsun...”

O möhtəşəm üçlükdən səhnədə bircə əməkdar artist Elman Rəfiyev qalıb. Bu, məni pişiyin əzilməsi qədər ağrıdır...

7.

“Zibillik pərvanələri” tamaşası haqda heç nə yazmayacam. Mən növbəti yazıların birində yazaram zibillik pərvanələrindən... Mənim üçün zibillik pərvanələri zibillikdən tapılan körpələrdi... Bu məmləkətdə nə qədər zibilliyə atılan körpələr və nə qədər qucağına bir övlad ala bilməyən insanlar var. Mən hər dəfə zibillikdə dolaşan qadın görəndə elə bilirəm özünə övlad axtarır. Amma bu haqda da növbəti yazıda... Hələlik onu deyim ki, övladını teatra göndərən valideyn də hardasa elə onu doğub zibilliyə atır... Bu fikrimi təsdiq edəcək onlarla səbəb var.

Yazmayım deyirəm, amma olmur. Tamaşada səhnələr aktyorların zibillikdən tapdıqları atributlarla dəyişir. Hamımızın həyatında artıq zibilliyə atdığımız, bir vaxtlar isə hər şeyimiz olan sevgilərimiz var... Kiminsə adından danışmayım, amma tam əminliklə bütün teatrda çalışıb sonra ordan ayrılan insanların yerinə deyə bilərəm ki, bizim üçün teatr o nəsnələrdəndir... Bu gün zibilliyə atdığımız dünənin böyük sevgisi... Bu haqda isə heç vaxt yazmayacam...

8.

Tamaşa bitib və mən hələ də zaldayam. Aktyorlarla söhbət edirik... və aktyorların sakitcə, səliqə ilə səhnəni yığışdırmasını izləyirəm. Qonaqların arxasınca evi yığışdırırmışlar kimi... Rekvizitlərlə əllərində billur vaza varmış kimi ehtiyatla davranırlar. Siz heç bir dövlət teatrının aktyorunun rekvizitlə elə davrandığını görməzsiz, onlar tamaşadan sonra tez otaqlarına qaçırlar. Səhnəni deyinə-deyinə “axşam tamaşası kimə lazımdı ki? Evə vaxtında gedib çıxa bilmirik” deyərək teatrı sevməyən texniki heyət toplayır. Düzdü, pantomim teatrı dövlət statusu alıb, amma bu teatr dövlət teatrı olanda artıq bir teatr kimi formalaşmışdı və aktyorların fərqli bir teatr tərbiyəsi var idi. Teatra bu yanaşmanı bir də Vaqif İbrahimoğlunun “Yuğ”, Cənnət Səlimovanın “Kamera” teatrında görə bilərsiz. Bu teatrlar hər üçü Azərbaycan teatrı üçün yeni nəfəs idi.

Bu gün hansı teatrda azad ruhu olan aktyora rast gəlsəz, bilin ki, onlar bu üç teatrın birindən gəlib...

Vaqif müəllim rəhmətə getdi, teatrı qaldı... “Kamera” teatrı ləğv olundu, ya yumşaq deyək başqa teatra birləşdirildi, Cənnət xanım teatrsız qaldı... O keşməkeşlərdən bircə Bəxtiyar Xanızadə çıxa bildi, o da yeni aktyor truppası ilə. Odur ki, əsl teatrın necə olduğunu görmək istəyirsinizsə, Dövlət Pantomima Teatrına gedin. Nə badə aktyor olmaq üçün, yox! Sadəcə teatr haqda təsəvvürünüz olsun. Bizim insana təsəvvür yetər!

9.

Səhnədə ana olmağa hazırlaşan bir pişik zorla yeriyir. Dostlardan “bu “dekret”ə çıxmır?” soruşuram. Cavab: Bu pişiyi Bəxtiyar müəllim gətirib...

İnsanı yaşadıqları insan edir. Bəxtiyar Xanızadə uzun illər Dövlət Pantomima Teatrı ilə binasız qalıb. İndi isə əlinə balaca bir teatr binası keçib, oranı da sığınacağa ehtiyacı olanlardan əsirgəmir... və ya doğrudan da burda bir mif var. Sehr, tilsim olan yer pişiklərlə bol olmalıdır...

10.

Kollektivlə sağollaşıb ayrılıram... Teatrın qapısında məni qarşılayan pişiyin gözləri mülayimliklə “yenə gəl” deyir... Amma mənim gözüm tamaşa başlamamış tapdanıb yoxa çıxan o pişiyi axtarır... Bəlkə artıq o da ağrılara dözməyib böyük sevgisini zibilliyə atdı...

# 3423 dəfə oxunub

Müəllifin son yazıları

# # #