Təbrizə həkim yanına gedən azərbaycanlı nənə

Ümid Nəccari, yazar

Ümid Nəccari, yazar

30 mart 2023
# 10:00

Kulis.az Ümid Nəccarinin “Şəhriyarın şəkli” adlı yazısını təqdim edir.


Dostlarla Təbrizin ziyalılar kafesi olan “Günəş” kafesində çay içirdik. “Traktor” komandasının xod gedən vaxtları idi. Farsların komandası “İstiqlal” ilə Traktorun bir neçə gün sonra maçı olacaqdı, bu haqda qızğın söhbətlər gedirdi. Həyəcandan çayları iki-iki başımıza çəkirdik. Dostlarla orada səsləndirilən şeirlər-şüarlar haqqında müzakirə edirdik.

Bu təlatüm içində telefonuma zəng gəldi, çox əziz dostum, saz və bağlama ifaçısı Tohid Noruzi idi. Telefon arxasında “Qardaş, Bakıdan olan bir dostumun nənəsi göz xəstəsidir, mən Təbrizdə deyiləm. Onları qonaq edərsən, həkimə apararsan. Xəstə gəlib, sağlam qayıtmasını xahiş edirəm” – dedi. Məmnuniyyətlə təklifini qəbul etdim.

Həmin günün axşamı dostumuz nənəsi ilə Təbrizə çatdılar. Nənə taksidən düşən kimi üz-gözümdən öpüb “nənə sənə də qurban olsun, Təbrizə də. Məni tez Şəhriyarın məzarına apar” – dedi. Oğlu bir baxdı mənə, bir baxdı nənəsinə, “nənə darıxma, hələ bir az dincəl. Ümid bəydən xahiş edəcəm, aparacaq” – dedi.
Baxdım gördüm nənənin gözü şişib, gözünün içinə qan dolub, görməyə çətinlik çəkir, dedim:

– Ay nənə, sabah doktordan vaxt almışam, birinci gedək doktor gözünə baxsın, sonra Şəhriyarın məzarına da gedərik. Səni lap bazara da götürərəm.

– Düzdü, gözüm yaxşı görmür, amma taksiyə deyərsən Ərk qalasının yanından keçsin, ona da baxım, bala!

– Darıxma, nənə. İndi deyəcəm taksi oradan keçsin, sən Ərki də görəsən.

– Hə, bala. Biz Təbriz həsrəti ilə böyümüşük, mənim rəhmətlik yoldaşımın əsli Təbrizdəndir. Hayıf olsun ki, xəstə canımla buraya gəldim. Qorxuram öləm, Şəhriyarın məzarına çatmayam.

– Darıxma. Sabah həkimdən sonra birbaşa Şəhriyarın məzarına da gedəcəyik.

Sabah nənəni apardım göz həkiminə, doktorun köməkçisinə yaxınlaşdım. Gözəl və incə bir qız idi.

– Ağa, nobə (növbə) almısız?

– Bəli, xanım. Dünən zəng elədim, vaxt aldım sizdən.

– Xanım bakılıdır?

– Bəli, azərbaycanlıdır.

– Yaxcı, xahiş eliyirəm oturun, gözlüyün.

Bir neçə dəqiqə sonra növbəmiz çatdı. Nəhayət, həkimin qəbuluna düşə bildik. Həkim müayinədən sonra qaşlarını çatdı. Çox ehtiyatla nənənin üzünə baxdı.

– Nənə, gözündə ağır mərizlıx var, tez gələh əməl olsun. Bunu yubatmax olmaz. Bu xiyavanı rədd olun, otayda göz bimaristanıdı (xəstəxana). Ad yazdırın, günortadan sora gəlib əməl elyim.

– Rədd olmaq nədi ee, ay bala, xəstiyə rədd olun deyirlər sizin şəhərdə? Yaxşı qonağa hörmət eliyirsiz. Ayıb olsun.

Gördüm nənə inciyib, həkimin sözünü dəqiq başa düşə bilməyib. Həkim də nənənin sözlərindən təəccüb içərisindədir.
– Nənə, burda rədd ol, yəni keç o tərəfə. Pis mənada deyil. Narahat olma sən.

Gördüm nənənin rəngi özünə gəldi. Üzünü bir daha həkimə tutdu.

– Yaxşı, bala. Mənim əməliyyatım nə qədər zaman alacaq?

– Heç niyaran olmaya, nənə. Bir saatlıx əməldi. Tez əməl eliyəcam. Ancax bir həftə bimaristanda yatmalı olacaxsan.

– Elədirsə, mən bu gün gedim Şəhriyarın məzarını ziyarət eliyim, sonra gələrəm sizin “balniçaya” əməliyyat olaram.

– Ay nənə, sən bu gözünən hara gedirsən ziyarətə?! Gözün görmür ki heç. İcazə ver mən əməl eliyim, gözün açılsın, sora rahat get bax da.

– Yox, bala, dünən də Ümidə dedim ki, sabah getməliyəm. Bu gün getməsəm, ürəyim rahat olmaz.

Oğlu gördü nənə israr edir, başqa yolu qalmayıb daha. Doktordan bir neçə saat icazə aldı ki, tez Şəhriyarın məzarına gedək. Doktor da gecikməmək şərti ilə razılaşdı. Həkimlə sağollaşmaq istəyəndə nənə əlini saldı çantasından büzüşmüş on manatlığı çıxarıb, əli əsə-əsə həkimin masası üstünə qoydu.

– Qoy sənə bir hörmət eliyim, bala. Zəhmət çəkirsən burda.

Həkim şoka düşmüş vəziyyətdə mənə qayıtdı.

– Ağa, bu nəmənədi?

– Heç zad, doktor. Nənə şirinnıx eliyir da.

Həkimi qəribə bir gümək tutdu.

– Yox nənə, siz vizit pulunu pərdaxt (ödəniş) eləmisüz, bu izafədi. Biz soradan pul almırux. Buranın rəsmi fərqilidi, nənə.

Nənə qane oldu. Tez pulu masanın üstündən götürüb, çantasına qoydu. hiss etdim, oğlu bu vəziyyəti görüb bir az sıxıldı. Tez oğluna dedim, narahat olma, qardaş. Hər yerin özünəməxsus bir adəti var.

Bir taksi sifariş verib, nənəni Şəhriyarın məzarına apardıq. Nənə gözünü çətinliklə açır, qoca Təbrizin küçələrini taksinin toz basmış pəncərələrindən qəribə bir hisslə izləyir, kövrəlir, arada yaylığı ilə gözünün yaşını silir.

Məqbərətül-şüəranın yanında taksi saxladı. Muzeyin daxilində uyuyan ulu Şəhriyarın məzarına addımladıq. Nənə dilinin altında nələrsə zümzümə edərək, kiçik addımlarıyla muzeyə tərəf gedir. Muzeyin əsas taxta qapısında ustad Şəhriyarın şəkilini gördükdə başladı hönkür-hönkür ağlamağa. Başımı qaldırıb Şəhriyarın həmin şəklinə baxdım, dəfələrlə o şəkli başqa yerlərdə görmüşdüm. Ancaq bu dəfə sanki Şəhriyar daha qəmgin idi. Mənə yenicə çəkilən foto kimi gəldi. Oğlu tələsərək nənəyə yaxınlaşdı.

– Ağlama, nənə. Gözün xəstədi axı sənin. Belə eləsən gözün lap ağırlaşar.

– Nənə qurban, qoy doyunca ağlayım. İllərdir buranın həsrətindəyəm. Mən gördüyümü görmüşəm, bundan sonra nəyi görəcəm ki? Mənnən işin olmasın, bala.

Bir-iki saat Məqbərətül-şüəranın muzeyini, Şəhriyarın məzarını ziyarət etdik. Çıxanda nənə qapının üzərindəki Şəhriyarın şəklini öpdü. Xeyir-dua verdi.

Nənəni xəstəxanaya apardıq, çox uğurlu bir əməliyyat alındı və bir həftə sonra tərxis olundu. Çox gözəl əhval-ruhiyyə ilə bir daha Şəhriyarın məzarına getməyi xahiş etdi. Bir daha birlikdə ziyarətə getdik. Nənə həminki ahəstə və ehtiyatlı addımları ilə qapının üzərindəki Şəhriyarın şəkilinə yaxınlaşıb, Şəhriyarın gözündən öpdü. Həmin şəklə bir də baxdım. Yenə qəribə bir hiss keçdi içimdən. Daha həmin kədəri Şəhriyarın simasında görmürdüm. Bir daha gözümü sildim, diqqətlə şəklə baxdım, eyni şəkil idi...

Şəhriyarın kədərli olmayan şəkli!


# 2227 dəfə oxunub

Müəllifin son yazıları

# # #