Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı

Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı
15 mart 2018
# 15:00

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

***

Fransa təkcə azərbaycanlılar üçün yox, ümumən mühacirət tarixinin ən qədim yerlərindən biridir. Söz yox ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan-Fransa münasibətləri rəsmən yaranmağa və inkişaf etməyə başlayır. Azərbaycan nümayəndə heyətinin Fransaya ilk rəsmi səfəri 1919-cu ildə Paris şəhərində keçirilən Paris Sülh Konfransı zamanı baş tutur.

Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya səfər edən qrupun əsas məqsədlərindən biri Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto səviyyədə dünyanın aparıcı dövlətləri tərəfindən tanınması idi. Sovetlər, Azərbaycanı istila edəndən sonra nümayəndə heyətinin üzvləri vətənə dönə bilməmişdilər. Onlar Avropanın müxtəlif ölkələrində yaşayıb oralarda da dünyalarını dəyişiblər.

Bu gün haqqında söhbət açacağımız məkan həm Cümhuriyyət dövründə, həm də ondan sonra legioner həyatı yaşamış vətən övladlarının uyuduğu Parisdəki Monparnas məzarlığıdır.

Monparnas məzarlığında Gi de Mopassan, Samuel Bekket, Jan Pol Sart, Simona de Bovuar, Şarl Bodler, Pol Burje, Sesar Valexo, Xulio Kortasar, Ejen İenesko, kimi şair və yazarlar, Aleksandr Alyoxun kimi şahmatçı, İranın baş naziri Şapur Bəxtiyar, Jan Bodriyar və Suzan Zontaq kimi filosoflar və tənqidçilər, başqa tanınmış adamlar dəfn olunublar.

Bu məşhur məzarlıqda üç mühacir soydaşımız dəfn edilib. Onlardan biri də Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin ən uzunömürlü üzvü Məmməd Məhərrəmovdur.

Məmməd Məhərrəmov

1895-ci ildə anadan olub. Peterburq İmperator Universitetinin tibb fakültəsində oxuyub, sonradan təhsilini Moskva Universitetində davam etdirib. 1918-ci ildə Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edib. 1919-cu ilin yanvarında Azərbaycan nümayəndə heyətinin müşaviri kimi Paris Sülh Konfransına göndərilib.

1920-ci ilin aprel çevrilişindən sonra həmişəlik Parisdə qalıb. Qafqaz xalqlarının Parisdə fəaliyyət göstərən nümayəndə heyətlərinin işində yaxından iştirak edib, “Prometey” hərəkatının fəallarından olub.

Məmməd Məhərrəmov 1982-ci il martın 3-də, 87 yaşında vəfat edib və Monparnas qəbiristanlığında dəfn olunub. Diplomat Ramiz Abutalıbovun verdiyi məlumata görə, Məmməd Məhərrəmov Monparnas qəbiristanlığındakı son mənzilini dostu və məsləkdaşı Qədir Süleymanovla şərikli alıb ki, gələcəkdə hər ikisi bu qəbirdə dəfn olunsun.

Qədir Süleymanov

Qədir Süleymanov İkinci Dünya Müharibəsində sovet ordusu sıralarında vuruşub, 1941-ci ildə Krımda – Feodosiya yaxınlığında gedən qanlı döyüşlərdə yaralanaraq əsir düşüb. Bir müddət müxtəlif əsir düşərgələrində qaldıqdan sonra almanlar onu da milli legiona daxil ediblər və tərcüməçi kimi istifadə etmək üçün xüsusi təlim keçiblər. Müharibənin sonuna yaxın onun qulluq etdiyi legion Fransaya göndərilib və o, sonralar yerli partizanlara qoşulub.

Müharibə başa çatdıqdan sonra Qədir Süleymanov SSRİ-yə qayıtmayıb və Parisdə qalmaq qərarına gəlib. Lakin müvafiq sənədləri olmadığından Fransada yaşamaq icazəsi almaqda çətinlik çəkib. Həmin dövrdə Fransada yaşayan Azərbaycan nümayəndə heyətinin üzvləri sənəd düzəltməkdə belə adamlara kömək edirdilər. Qədir Süleymanova bu işdə Əlimərdan bəyin oğlu Ələkbər bəy Topçubaşi yardımçı olub. Qədir Süleymanov ömrünün sonuna kimi Ramiz Abutalıbovla dostluq edib. Onunla “Düdəngədən Münhenə” adlı sənədli filmimin çəkilişlərində Parisdəki xəstəxanaların birində görüşmüşdük. Ürək xəstəliyindən əziyyət çəkirdi. Ramiz müəllimin xahişini yerə salmayıb geniş müsahibə verməyə razı oldu. Xatirələrində deyirdi ki: “40 il öncə işdən evə qayıdırdım. Qapını həyat yoldaşım açdı və dedi ki, SSRİ-dən bir nəfər gəlib, otaqda səni gözləyir. Qorxudan ayaqlarım əsdi və yerə yıxıldım. Fikirləşdim ki, yəqin, DTK-dandır. Bu vaxt otaqdan əlində Quran tutmuş bir kişi çıxdı. Qurana and içdi ki, mən əmim Ceyhunu soruşmağa gəlmişəm. Bu adam maestro Niyazi idi”.

Q. Süleymanov 2014-cü il sentyabrın 17-də, 97 yaşında Parisdə vəfat edib və sentyabrın 19-da Monparnas məzarlığında torpağa tapşırılıb.

İlhan Zilli

2012-ci ildə Parisdə vəfat edən daha bir soydaşımız – İlhan Zilli də Monparnas qəbiristanlığında dəfn olunub. O, Fransada yaşayan soydaşlarımız arasında daha çox Elxan bəy kimi tanınırmış.

Nəzakət xanım Aşurbəyova-Ələkbərovanın verdiyi məlumata görə, Parisdə İlhan kimi tanınan Elxan bəy, Allahyar bəyin doğma nəvəsi olub.

Allahyar bəyin qızı Şövkət xanım əvvəlcə məşhur memar Zivər bəy Əhmədbəyova ərə gedib, lakin bu izdivac uzun sürməyib. Şövkət xanım ikinci dəfə Allahyar bəyin bacısı oğlu Zilli bəy Şamxorski ilə ailə qurub. Bu izdivacdan iki övladı dünyaya gəlib – Elxan və Mələk. Qeyd edək ki, Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Şamxorskilər də Yelizavetpol quberniyasının iri mülkədarlarından sayılıblar, 40 min desyatindən çox torpağa sahib olublar. Azərbaycan İnqilab Komitəsinin 5 may 1920-ci il tarixli dekretinə əsasən, Şamxorskilərin bütün mülk və torpaqları müsadirə edilib.

1920-ci ildən sonra bu nəslin nümayəndələrinin bir hissəsi Azərbaycanı tərk edib, Zilli bəy Şamxorskinin övladları – Elxan və Mələk İrana köçüb. Onlar uzun müddət İranda yaşayıblar, şah ailəsi - Pəhləvilərlə mehriban münasibət yaradıblar və bu ailə ilə yaxın dost olublar. 1979-cu ildə İran inqilabı baş verəndə Mələk və Elxan Fransada səfərdə olduqları üçün şahın yaxın adamları kimi bir daha İrana qayıda bilməyiblər və sonrakı həyatlarını Parisdə yaşayıblar.

Nəzakət xanımın dediyinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra Mələk xanım da, Elxan bəy də dəfələrlə Azərbaycanda olub, qohumları ilə görüşüblər. Mələk xanım ailə qurmayıb. Hazırda qocalıq illərini Parisdəki pansionatlardan birində keçirir...

Sonralar İlhan Zilli kimi tanınan Elxan bəy 2012-ci ildə Parisdə vəfat edib və Monparnas qəbiristanlığında dəfn olunub.

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

# 1585 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #