Dörd ilin tükənməz xatirəsi

Dörd ilin tükənməz xatirəsi
27 sentyabr 2024
# 09:00

Kulis.az Ulucay Akifin 27 sentyabr – Anım günü münasibəti ilə yazdığı “Bir günəşli gün” yazısını təqdim edir.

Bu gün 27 sentyabrdır.

Hər yerə qızıl hərflərlə yazacağımız tarixlərdən biri...

Ötən ilin bu günü cəbhədən döyüş xəbərləri gələndə, yəqin ki, bir çoxumuz hələ işin ciddiyyətindən lazımınca xəbərdar deyildik. Amma hər birimiz həyəcanlı idik.

Hərbi komissarlıqların önü yüzlərlə, minlərlə insanla doldu. Məmləkətin qadınları, kişiləri, yaşlısı, gənci - hər kəs birləşib düşmənin başını əzmək üçün dəmir yumruğa çevrildi.

Hər kəs evinin eyvanından, qapısından, maşınların üstündən bir bayraq asdı. Küçədə uşaqlar belə hərbi yürüşlə addımlamağa başladı.

Hələ bəlkə o zaman da bir çoxumuz necə böyük bir tarixə şahidlik edəcəyimizin fərqində deyildik.

İllər boyu efirdə, tədbirlərdə işlətdiyi "Bir gün Qarabağa qayıdacağıq!" kimi cümlələr çoxdan şablonlaşmış, hətta bizi əsəbiləşdirməyə başlamışdı.

Biz bu cümlələri eşitmək yox, bu cümlələri yaşamaq istəyirdik.

Artıq bəzi kəndlərin işğaldan azad edilməsi xəbəri gələndə, içimizdəki ümid də artmışdı. Qarabağla bağlı şablon cümlələri, təsəlliləri, “kaşki”ləri qırıb-dağıtmağa, leksikonumuzdan çıxarmağa başlamışdıq.

Ön cəbhə ilə arxa cəbhə arasında yaranmış möhtəşəm vəhdətin qarşısını heç kim ala bilməzdi. Pensiyasını çıxarıb cəbhəyə dəstək üçün fonda yollayan babalar, nənələr, ərzaq göndərən sadə vətəndaşlar, cəbhəyə yardıma gedən mülki insanlar...

Gəncəyə, Bərdəyə atılan bombalar, həlak olan mülki insanlarımız, evinin daşı daş üstə qalmasa da "Biz qorxmuruq! Təki ordumuz irəli getsin, dayanmasın! Təki Qarabağı azad edək!" deyən insanlarımız...

Bunların hamısı gözümüzün önündə baş verdi.

Uçulmuş evinin qarşısında dayanıb "Təki Allah əsgərlərimizi düşmən gülləsindən qorusun, ev-eşiyimin hamısı onlara qurban olsun!" deyən qadını hələ də xatırlayıram.

Ya da "Evdi də, təzəsini tikərik, təki qalib gələk" deyən dayını da çox yaxşı xatırlayıram.

Hər kəsin amalı, arzusu bir idi: Qələbə!

İnsanların canından qorxu duyğusu tamam yoxa çıxmışdı.

Sadəcə, bir şeyin qorxu və təlaşı var idi - müharibənin dayanma ehtimalı...

Bunu düşünmək belə bizi narahat edirdi.

Cəbhədən gələn xəbərlər, videolar bir neçə dəqiq içindəcə bütün ölkəyə yayıldı. O günlərdə bu mövzudan başqa nədənsə danışan yox idi. Bütün digər mövzular, problemlər, məsələlər bir kənara qoyulmuşdu.

Sadəcə real həyatda yox, virtual həyatımızda da!

Sosial şəbəkələrdə də hamı şad xəbər axtarışında idi. Bir tərəfdən işğaldan azad olunan kəndlərin, rayonların adına hədsiz dərəcədə sevinir, bir-birimizi muştuluqlayır, digər tərəfdən də şəhid xəbərlərinə eyni şiddətdə üzülürdük.

O günlərə kimi heç vaxt kədərlə sevincin bu qədər iç-içə ola biləcəyini təsəvvür də edə bilməzdik.

Hər bir şəhidin cənazəsi bir yox, milyonlarla insanın evinə girir, hər şəhid tabutu bir yox, milyonlarla evin içindən çıxırdı.

Ön cəbhə və arxa cəbhə anlayışının yanına "virtual cəbhə" də əlavə olunmuşdu. İnsanlar burada da düşmənlə müharibədə idi.

Düşmənlə informasiya müharibəsi başlamışdı.

Qarabağda baş verənləri, həqiqətləri bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni edirdik.

Gəncə hadisələri, Bərdədə baş verənlərlə bağlı açılmış həştaqların paylaşım sayı çoxdan milyonları keçmişdi. Məhz bunun hesabına xarici ölkələrin vətəndaşları arasından da baş verənlərdən xəbərdar olub Azərbaycana dəstəyini bildirənlərin sayı çoxaldı.

Əminəm ki, Tvitter-ə də bir çoxumuz elə onda qoşulduq. Həm bu həştaqlarla paylaşım etmək üçün, həm də Ali baş komandanın müjdəli xəbərlərini tez öyrənmək üçün.

Ermənilərlə virtual savaşımızda da bu dəfə daha güclü, daha inamlı görünürdük. Bu dəfə onların əsəbləri bizə tab gətirmirdi. Çünki qalib gələn biz idik. Məğlubluq sindromunu üstümüzdən atmışdıq.

Həmin günləri xatırlayanda aşağı-yuxarı hamımız eyni duyğuları yaşayırıq. Eyni şeyləri xatırlayıb sevinir, eyni şeylərə üzülürük.

Savaşa oxuya-oxuya, oynaya-oynaya gedən igidlərimizi xatırlayıram. Saysız-hesabsız Xudayarları xatırlayıram. Xudayarın timsalında bütün əsgərlərimizi, qazilərimizi və ən əsası şəhidlərimizi xatırlayıram.

O şəhidlər ki, bu gün onların sayəsində Şuşada azan oxuyuruq.

O şəhidlər ki, bu gün onların sayəsində Ağdamda dua edirik.

O şəhidlər ki, bu gün onların hesabına Qarabağda mahnılar oxuyuruq, şeir deyirik.

O şəhidlər ki, bu gün onların hesabına Qarabağda ağaclar əkirik, yollar salırıq, evlər tikirik.

Biz bir ömür yox, bir tarix boyu onlara borclu qalacağıq.

Çünki onlar indiyə kimi əzbərimizdə tutduğumuz bütün işğal tarixlərinin üstündən xətt çəkdi. Artıq məktəblilər hansı rayonun nə vaxt işğal olunduğunu yox, nə vaxt azad edildiyini əzbərləyəcəklər.

O şəhidlər bütün qara tarixlərimizin, 20 Yanvar, Xocalı şəhidlərimizin məzarı önünə böyük bir əklil, Qələbə çələngi qoydu.

Pəncərədən çölə baxıram.

Hava günəşlidir.

Necə ki, hər 20 Yanvar tarixində hava tutqun olur, düşünürəm, bundan sonra hər 27 sentyabr tarixində hava günəşli keçəcək.

Bizə günəşli günləri gətirən bütün şəhidlərimizə nə qədər təşəkkür etsək, azdır!

# 2147 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #