O qadının sinəsinə düşən toyuq budu

O qadının sinəsinə düşən toyuq budu
20 aprel 2016
# 14:06

Toyuq budu

Akif çamadanını götürüb təcili evdən çıxdı. Taksi gözləyirdi. Bir az piyada gedəndən sonra qonşuları Ələddini yolun kənarında gördü. Ələddin onu öz “Jiquli”siylə dəmir yolu vağzalına gətirdi.

Akif Noraşen – Bakı qatarını gözləyirdi. Vağzalın çayxanasında oturub çay sifariş verdi. Qatarda yeməkdən zəhləsi gedirdi deyə evdən çıxanda yaxşıca şam etmişdi. Vaxtından gec, yarım saat sonra qatar perona yaxınlaşdı. Səs-küy aləmi qatdı bir-birinə. Bu qatar təkcə Akifin yox, hamının sonuncu qatarı idi. Çünki sabahdan Noraşen qatarı bir daha olmayacaqdı. Ermənilər Mehridən yolu kəsəcəkdilər.

Akif özünün səliqəli geyimi ilə digər sərnişinlərdən seçilirdi. Bakıya iclasa gəlirdi. Kupeyə daxil olan kimi qalstukunu dartıb çıxardı, sonra da pencəyini soyundu. Qatar tərpəndi. Kupedə heç kimin olmadığını görüb sevindi ki, rahat istirahət edə biləcək.

Qatar Tumbul kəndində dayanan kimi koridorda vay-həşir qopdu. Üç gombul qadın özlərini qatarın dar-düdük koridoruna sürtə-sürtə Akifin kupesinə tərəf gəlirdilər. Qadınlar “tez-tez” deyə qışqıraraq içəri girdilər. Akif onların iri gövdəli olduqlarını görüb yol vermək üçün qapıya tərəf sıxıldı.

Qadınlar Akifə salam vermədilər. Özülərini elə apardılar sanki kupedə onlardan başqa kimsə yox idi.

Culfanı keçmişdilər ki, toyuq qızartmasının iyi kupeni bürüdü. İki iri toyuğun qızartması, kolbasa, yumurta soyutması, göyərti süfrəyə düzüldü. Yeyib-içmək başladı. Qadınlardan biri Akifi süfrəyə dəvət etdi. Akif tox olduğunu, qatarda yeməklə arası olmadığını dedi. Qadınlar vəhşicəsinə toyuqlara girişdilər. Yeməyin iyi Akifi birtəhər edirdi. Mədəsinin şirəsi axmağa başladı. Özünü zorla saxladı. Koridora çıxmaq istəsə də nədənsə fikrindən daşındı.

Qadınlardan biri Akifin halını hiss edib bir daha yeməyə dəvət elədi. Akifin ürəyi istəsə də yox cavabı verdi, amma arada qızarmış toyuq buduna gözaltı baxırdı. Qatar Ordubadı keçəndən sonra qaranlıq tunelə girdi.

Kupeləri qaranlığa büründüyü üçün qadınlar yeməyi saxlayıb pıçıltıyla söhbət etməyə başladılar. Akif qaranlığı fürsət bilib toyuq budunu qamarladı. Qatar tuneldən çıxana qədər budu yeyib qurtarmaq istəyirdi. Kupenin pəncərəsi işıqlanmağa başlayanda Akif tələsik yediyi budun qalanını masanın üstünə atdı.

Qatar tuneldən çıxdı, kupe yenidən işığa qərq oldu. Qadınlar yeməklərinə davam etmək istəyəndə gördülər ki, budun yarısı yeyilib. Dönüb Akifə baxdılar. Akif heç nə olmamış kimi özünü çox ciddi aparırdı. Ona səslənib dedilər ki, ay qardaş gəl çörək ye bizimlə, birdən ac olarsan.

Akif özünü sındırmadı, qadınlara minnətdarlığını bildirib təkrarən ac olmadığını və ümumən qatarda yemək yeyə bilmədiyini əlavə etdi. Gözü hələ də budda qalmışdı.

Bir az sonra qatar yenidən tunelə girdi. Kupeni yenə qaranlıq bürüdü. Akif əlini masaya uzadıb toyuğun budunu götürdü, ağzına aparıb didişdirməyə başladı. Amma unutmuşdu ki, bu tunel bayaqkı kimi uzun deyil, qısadır. Qatarın artıq tuneldən çıxdığını hiss edib daha budu masaya qoya bilmədi, əlindən tulladı. Bud qadınlardan birinin sinəsinə düşdü.

Qadın qorxub qışqırdı. Aləm bir-birinə dəydi. Qadın budu iri sinəsindən götürüb masaya qoydu. Bir-birlərinə baxdılar. Axı bu necə ola bilər ki, masanın üstündəki bud qadının sinəsinə tullansın. Akif söhbətə qarışıb dedi ki, yəqin qatar dönəndə silkələnmədən masanın üstündəki bud tullanıb qadının üstünə. Başqa heç nə olmaz.

Qadınlar Akifə tərəf döndülər və bir ağızdan “A bala, gəl bizimlə yemək yedaaa” deyə yüksək səslə danışdılar. Akif yenə də “Yox” deyib sakitcə özünü koridora verdi. Gedib yağlı əlini yumaq istədi. Tualetə daxil oldu. Əlini sabunla yudu. Qalxıb güzgüdə özünə baxmaq istəyəndə çox pis oldu. Toyuq budunun qızarmış dərisinin bığının üstündə yapışdığını gördü.

Akif utandığından Bakıya kimi kupeyə girmədi.

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

# # #