Sevimli dostlarımdan birinin dəvəti ilə bir neçə ildir ki, Milli Dram Teatrının səhnəsində oynanılan “Teleskop” (pyesin müəllifi Elçin, quruluşçu rejissor Kamran Şahmərdan) tamaşasına getmişdim.
Pyes zəif idi...
Orta yaşlı kişinin kliniki ölüm zamanı axirətə düşməsindən, ordan teleskopu yer kürəsinə tuşlayıb qohum-əqrəbalarının, tanışlarının izləməsindən, Yer kürəsinə dönmək istəməməsindən bəhs edən pyesdə qaynana-kürəkən münasibətinə, həkim məsuliyyətsizliyinə və sair məsələlərə ənənəvi yanaşma var. Dialoqlar darıxdırıcı gəldi. Tamaşanın quruluşunun, aktyor oyununun az-çox cəlbediciliyi, bol musiqi olmasaydı yəqin ki, tamamilə yuxulayacaqdım.
Mən əsnəyir, darıxdığımdan sağ tərəfimdəki qapının ağzında dayanıb xısınlaşan qadın nəzarətçilərə baxırdım.
Bilmirəm niyə, tamaşaçı zalından bir neçə pillə yuxarıda dayanan səhnədə gördüklərim mənə maraqlı gəlmir. Əksinə, beş-on addımlığımda dayanan bu nəzarətçi qadınları həmişə maraqlı hesab eləmişəm.
Onlar təkcə tamaşaçı salonunda nizama, sakitliyə nəzarət etmir, sanki səhnə arxasında baş verən hər şeydən xəbərdardır, amma bunu heç bir halda kənara ötürmür, mühüm, əhəmiyyətli sirr kimi özlərində saxlayırlar.
Bir anlıq ürəyimdən keçdi ki, bəlkə İsrafil İsrafilova müraciət edim məni də nəzarətçi götürsün.
Gerçəklər səhnə arxasında yaşanır. Səhnədə gördüklərim isə həddən ziyadə pafosludur, lazım olduğundan da şərtidir, təklif olunan vəziyyətlər sünidir, bozdur.
Nə maraqlıdır, məsələn?
Aktyorlarımızın, aktrisalarımızın daxildə səsləndirdiyi monoloqları necədir? Teatrı necə görmək istədikləri ilə bağlı dilə gətirə bilmədikləri düşüncələri nədir? Sonra səhnə arxasında yaşanan intriqalar, dedi-qodular...
Maraqlıdır ki, “Balzak dövrünü” yaşayan aktrisa 16 yaşlı Culyettanı niyə oynamaq istəsin ki?
Axı bu Cülyettada, 16 yaşlı infantil, sadə, bəsit bir qızda dolğunlaşmış qadın üçün maraqlı nə ola bilər? Əlbəttə ki, təxmini cavablarım var: ya aktrisanın gəncliyində reallaşmamış arzusudur, ya yaşı ilə barışmaq istəmir, ya da daxilindəki qızcığazdan qurtula bilmir. Amma təbii ki, doğru cavablar yenə də onların özündədir.
Axtarsan, dünya ədəbiyyatında, gənc Cülyettadan, Ofeliyadan qat-qat maraqlı, cəlbedici qadın obrazları var.
Üstəlik, bizim teatrlarda Şekspirin pyeslərinə adətən ənənəvi traktovkada quruluş verirlərsə və tutaq ki, min dəfə oynanılmış Ofeliya obrazına aktrisa əlavə nə qata bilər ki?
Amma fin rejissoru Aki Kaursimakinin rejissurasında dekonstruskiyaya məruz qalmış soyuq, bivec, sanki ətrafında baş verənləri dərk etməyəcək kimi küt görkəmi olan bir az kobud, bir az məzəli Ofeliyanı mən də oynamaq istəyərəm.
....Yaxud küsülü, bir-birinə nifrət edən aktyorların eyni səhnəni paylaşması, tərəf-müqabil olması necə bir hissdir? Qisas almaq üçün nə vaxtsa bir-birinə səhnədə tələ qurublarmı?
Somerset Moemin “Teatr” romanında peşəkar aktrisa Culiya kimi. Bu, romanın ən sevdiyim parçasıdır: Culiya gənc həmkarından qisas almaq üçün premyerada rejissorun quruluşunu alt-üst edir. O, özünün əvvəlcədən hiyləgərcəsinə düşündüyü səhnə mizanları, cazibəli jestləri, kostyumu, pauzaları ilə gənc aktrisanın oyununu heçə endirir.
Bizim aktyorların təcrübəsində oxşar hadisələr olubmu?
Hər halda Alehandro İnarritunun bizim teatrların kulisində baş verənlər haqqında “Birdman”dan daha maraqlı, faciəvi qara komediya çəkəcəyinə inanıram.
Çox istərdim ki, aktyorlarımızın arasında nə vaxtsa biri tapılıb onlara sırınan saxta pyeslərə, həyatla əlaqəsi olmayan rollara etiraz etsin.
“Birdman”da tamaşanın saxtalığına etiraz edərək butaforiyanı dağıdan, bu saxta oyunun bir hissəsinə çevrilən tamaşaçıya təpinən Mayk kimi davransın: “Bəsdirin, dünyaya mobil telefonun ekranından baxdız. Reallığa qayıdın”.
Amma Maykdan daha sərt....