Vətənim adamlar

Vətənim adamlar
24 oktyabr 2020
# 09:00

Kulis.az Sevda Sultanovanın "Vətənim adamlar" yazısını təqdim edir.

Bu günlərdə hamımız sevinc və kədər hisslərinin qarışdığı məsuliyyətli dönəmdən keçirik və maraqlı bir təcrübə yaşayırıq. Maraqlı təcrübə deyəndə, özəlliklə, illərdir ki, təsirsiz sözdən başqa nəsə olmayan, pafosla yüklənmiş - Qarabağ haqda bəlağətli şeir və mətnlərin, siyası çıxışların, bütöv Azərbaycan ideyasının gerçəkləşməsinin həyəcanını, indi onlara başqa rakursdan baxdığımızı nəzərdə tuturam.


Tofiq Fikrətin “Torpaq, uğrunda ölən varsa vətəndir” misrasını birbaşa mənasından çox, həmişə geniş anlamda qavramışam. Yəni məsələ heç də insanın ölüm-dirim mübarizəsinin vətən saydığı torpaq uğrunda aparmasında deyil. Vətən bu sözün fiziki mənasında yaşadığımız yer kimi, illərlə çəkilmiş zəhmət hesabına qurulmuş mülk kimi bəlkə də axırıncı sıradadır. Vətən hər şeydən əvvəl xatirələr toplusudur, bura ruhunu hopdurmuş doğma insanlar, ruhi və mənəvi bağlantı, fərdin həyatının energetik parçasıdır. Mel Gibsonun ”Cəsur ürək” filminin qəhrəmanının amansız mübarizəsi məhz sevdiyi qadın öldürüləndə başlayır. Çünki onun bu torpağa mühüm bir bağlantısı, sevgisi, xatirəsi məhv edilmişdi.


Bu mənada mənim üçün hər bir rayonun əhəmiyyəti, mənası hər şeydən öncə ayrı-ayrı insanlara bağlanır. Cəbrayıl mənim xatirəmdə həmişə İlqar Mehdiyevlə assosiasiya olunacaq. Ona görə Cəbrayıl şəhərinin azad olunması xəbərini eşidəndə ilk İlqarı, anası Zoya xanımı və atası Ərşad müəllimi xatırladım. Bir də İlqarın Cəbrayıldakı evlərində öz əlləri ilə sevərək əkdiyi qızılgülləri. Cəbrayılın işğalı zamanı şəhəri tərk etməyən, erməni hərbçilərinə əsir düşən, əsirlikdə ikən “ya yemək, ya da Azərbaycan bayrağını təhqir etmək” dilemması qarşısında Ermənistan bayrağına tüpürən, buna görə də ağlasığmaz işgəncələrə məruz qalan İlqarın dözümlülüyünün sərhədsizliyi məni həmişə heyran edir.


Səbirsizliklə Laçının azad olunmasını gözləyirəm. Laçın mənim üçün Cin Mübarizdir. Onun olduğu son kadrlar sənədli xronikalarda qalıb. Kədərli odur ki, bu illər ərzində Mübariz haqda demək olar ki, bir sətirə də rast gəlməmişəm. Mübariz Qarabağ müharibəsinin naməlum qəhrəmanlarındadır. Laçının işğalından sonra yaşaya bilməyən Mübariz əsir düşən qadınları xilas etmək üçün dayısı Vaqif Salmanovla birlikdə erməni hərbçilərinə hücuma keçir. Ermənilər sonradan Vaqif Salmanovun meyitini versələr də, Mübarizin indiyədək nə sağ qalması, nə öldürülməsi haqda xəbər yoxdur.


Bu səhər Qubadlı istiqamətində döyüşlərin getməsi haqda xəbəri oxuyanda mütəvazi, ona ünvalanan təriflərdən utanan Əliyar Əliyevi xatırladım. Qubadlının müdafiəsində əhəmiyyətli rol oynayan, kəşfiyyata çox vaxt təkbaşına gedən Əliyarın rəhbərlik etdiyi batalyon Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusa hücum etmiş, 336 erməni hərbçisini öldürmüşdü. Bununla bağlı Ermənistanda üç gün matəm elan olunmuşdu.

Xronikalardan birində polkovnik Məhərrəm Cahangirov onun batalyonunun bir gündə üç hərbi vertolyotu vurduğunu deyir. Hətta Əliyar Əliyevin ölümü Qubadlının, bəlkə də Qarabağın taleyinə təsir elədi. Qarabağ müharibəsinin salnaməçilərindən Nizami Abbas müsahibələrindən birində maraqlı epizod danışmışdı:


“Səhv eləmirəmsə, 1992-ci ilin oktyabr, ya noyabr ayı idi. Bir çəkiliş qrupu Tahir Qarayev, Tahir Əliyev Qubadlı, Vaqif Dərgahlı Füzuli, Seyidağa Mövsümlü Ağdam istiqamətində idi. Mən də Kəlbəcər istiqamətindəydim. Laçın-Kəlbəcər istiqamətində uğurlu əməliyyat olmuşdu, xeyli kənd azad edilmişdi. 701-ci briqadanın komandiri Zaur Rzayevin rolu vardı bunda. Əsl komandir idi. Növbəti əməliyyat olmalıydı, Laçın dəhlizi bağlanmalıydı. Ratsiya ilə xəbər gəldi, mən də yanında idim. Soruşdu ki, Əliyar Əliyev kimdir? Dedim, nə olub? Dedi, onu vurublar. Dedim, Zaur müəllim, Əliyarı vurublarsa, əməliyyat baş tutmayacaq. İlk sözüm bu oldu”.


Ağdərə Şikar Şikarov və Vəzir Orucovdur. Şikar Şikarov podpolkovnik, Ukraynanın Luqansk şəhərindəki hərbi hissələrdən birində qərargah rəisi idi, 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıtmışdı və 1992-ci ildə Goranboy rayonunda uğurlu əməliyyatlar keçirmişdi.


Hərbçi olmasa da fövqəladə hərbi istedada sahib Vəzir Orucov. Kadrlardan birində çevik hərəkətli Vəzir Orucov orta əsr cəngavərlərinə bənzəyir: əlində iriçaplı pulemyot, çiynində avtomat, qumbaralar.


Şuşa onu son nəfəsinədək qoruyan və uğrunda həlak olan Ramiz Qəmbərovdur. Şuşa həm də döyüş yoldaşlarının “yəhudi buterbrodu” (düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vururdu) adlandırdığı metodu tətbiq edən Albert Aqarunovdur.


Şuşa bir də vəkil Elton Quliyevdir. Çünki Elton Quliyev Şuşanın işğalı ilə bağlı çox qiymətli araşdırmalar eləmişdi və əminəm ki, gələcəkdə bu materiallar həqiqətlərin üzə çıxması üçün əhəmiyyətli baza olacaq.


Kəlbəcər xatirəmdə həmişə, təhsilini yarımçıq qoyub müharibəyə könüllü gedən kəşfiyyatçı Ülfət Kərimovla qalacaq. Kəlbəcərin Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girən və Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olan Ülfət... Nizami Abbasın “El qəhrəmanı” filmində təsirli kadr var: kameranın obyektivinə tuş gəlmək istəməyən Ülfət operatorun israrından sonra hərbi avtomobildən düşərək, sıxıla-sıxıla bir neçə kəmə deyir.


Altı min şəhid-bu, Ağdamdır.


...Atəşkəs dövründə əsassız fikir formalaşmışdı ki, indi Qarabağsız nəsil böyüyür və biz bu nəsillə torpaqları azad edə bilməyəcəyik. Reallıq isə onu göstərdi ki, bizim Qarabağla energetik bağlantımız heç vaxt qırılmayıb. Əksinə, biz ondan ildən ilə uzaqlaşmaq əvəzinə daha da yaxınlaşmışıq və məşhur fikirdə deyildiyi kimi “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” (fikrin müəllifi səhv etmirəmsə, yazıçı Bayram Bayramov idi).


Nikita Mixalkov “Sibir bərbəri” filmi haqda deyirdi ki, onun bu ekran əsərini çəkməkdə əsas məqsədlərindən biri rus zabitinin itirilmiş şərəfini qaytarmaqdır. İndi biz Qarabağı azad etməklə çox şeyi qaytarırıq və ən əsası özümüzə qayıdırıq.

# 3903 dəfə oxunub

Müəllifin son yazıları

# # #