Mədəniyyət Nazirliyinin acınacaqlı bəraəti

Sevda Sultanova, kinotənqidçi

Sevda Sultanova, kinotənqidçi

27 avqust 2022
# 12:00

Kulis.az Sevda Sultanovanın “Satınalma” yazısını təqdim edir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi İkinci Qarabağ Müharibəsi haqqında çəkiləcək 8 seriyalı bədii filmin layihəsini icra edəcək. Sifariş Mədəniyyət nazirliyi tərəfindən verilib və dövlət büdcəsindən layihəyə 1 milyon 700 min manat vəsait ayrılıb. Nazirlikdən APA-ya verilən məlumata görə, serial layihəsi bir mənbədən satınalma metodunu tətbiq edilməklə həyata keçirilib.

Nazirlik məlumatında onu da qeyd edir ki, satınalma “Dövlət satınalmaları haqqında” qanunun 21.1.2. bəndinə əsasən həyata keçirilib. Həmin bənddə deyilir ki, bir mənbədən satınalama o halda həyata keçirilə bilər ki, mallara təcili tələbat yaransın, tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmasın, tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmasın.

Çox qəribə, ziddiyətli vəziyyət ortaya çıxır. Elə bir vəziyyət ki, Mel Bruksun da belə bir absrud süjet ağlına gəlməzdi.

İkinci Qarabağ savaşı 2020-ci ilin noybarında başa çatıb. Və iki ildə artıq qarşı tərəf, yəni Ermənistan kinematoqrafçıları müharibəyə dair bir neçə film çəkməyə macal tapıblar. Bizim Mədəniyyət nazirliyinin isə eyni mövzuda elan etdiyi “Böyük qayıdış” qısametrajlı film müsabiqəsinin qalibi olmuş layihələr yalnız bu il təqdim olundu. Üstəlik, onların da hamısı yox. Ötən məqalələrimdə qeyd etdiyim kimi, Qarabağ müharibəsi haqda, keçən ildən istehsalatına başlanmış, dövlət sifarişi sayılan “Həyat, deyəsən, gözəldir” (Vaqif Mustafayev) və “Doğma torpaq” (İlqar Safat) bədii filmləri isə faktiki olaraq ortalıqda yoxdur. Nazirliyin qanunda əsaslandığı bəndin “mallara (yəni filmə-S.S.) təcili tələbatın yaranması” hissəsi məhz adı dəyişdirilmiş, gördüyü işin keyfiyyəti dəyişməyən kino şöbəsinin qeyri-peşəkar idarəetməsinin nəticəsidir.

Bəndin digər hissəsi “tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsinin məqsədəuyğun olmaması” isə qaranlıq qalır. Bütün hallarda məsul şəxslər aydınlıq gətirməlidirlər ki, nəyə əsasən açıq tender baş tutmayıb, səbəbləri nədir, hansı fövqəl hadisə baş verib ki, bir mənbədən satınalma olub?

Yəni ölkədə film, serial istehsalı ilə məşğul olan şirkətlər fəaliyyət göstərmədiyi, alternativlər olmadığı təqdirdə bir mənbədən satınalama baş tuta bilər. Lakin ölkədə müxtəlif prodakşnlar fəaliyyət göstərir və kinoprodüserlər APA-nın sorğusuna cavabında deyiblər ki, onlara mövzuyla bağlı məlumat verilməyib.

Başqa məsələ odur ki, türk şirkətinin təklif elədiyi ssenari kimlərin, hansı ekspertlərin tərəfindən qiymətləndirilib, ssenarinin müəllifi, rejissor kimdir? Yaradıcı və texniki heyətdə azərbaycanlılar varmı? Layihə müştərəkdirmi? Yoxsa istehsal 100 faiz türk kinematoqrafçılarına aiddir?

Sözügedən bəndin digər hissəsində deyilir ki, tenderin keçirilməməsi “məhsula tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadığı” halda baş tutmaya bilər.

Belə nəticə çıxır ki, Qarabağ haqda filmə tələbatın olduğunu dərk etməkdən ötrü nazirliyə iki il bəs etməyib və mövzu üzrə layihələrin reallaşmaması, guya, məmurların günahı deyil. Çox acınacaqlı bəraətdir. Hər halda peşəkar münasibət olsaydı, dövlət büdcəsindən Qarabağla bağlı çəkilən 3 layihənin konrket, uğurlu nəticələri ortada olardı. Yeri gəlmişkən, qələbədən sonra, yanılmıramsa, müharibə,qələbə mövzusunda çəkilən və nümayiş olunan ilk tammetrajlı bədii film Sosial Müdafiə Nazirliyinin ayırdığı az büdcə və daha çox müəllifin şəxsi maliyyəsi hesabına (RS Production) çəkilən Saida Haqverdiyevanın “Köhnə çamadanlar”ı olub. Ki, hazırlıq, sseanrinin yazılması, çəkiliş və postprodakşn mərhələsi ilə birlikdə ümumi proses bir ildən də az müddəti əhatə eləyib. Yəni bu, bir daha sübut edir ki, nazirlik hazır dövlət büdcəsi sayəsində qələbə haqda bir neçə tammetrajlı bədii filmin istehsalını qısa müddətə tamamlaya bilərdi.

# 4804 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #