Sifonu çəkməyən məmurlar: Bakının yağış biabırçılığı

Sifonu çəkməyən məmurlar: Bakının yağış biabırçılığı
29 sentyabr 2021
# 14:15

Kulis.az Sevda Sultanovanın “Bakının yağış biabırçılığı” yazısını təqdim edir.

Dünən Bakının yağışlı əhvalını və yağışın törətdiyi fasadları görəndə Cənubi Koreyalı rejissor Pon Cjun Honun “Parazitlər” filmini xatırladım. Filmin sonlarına yaxın yer alan epizodlardan biri belə təsvir var: Seulun aşağı təbəqənin yaşadığı məhəlləsi aramsız yağan yağış sularında üzür, kanalizasiyalar dolub daşır, alçaq evlər, maşınlar, ev əşyaları suyun səthində ləngər vurur, navalçalardan şəlalə axır...

Yağış yağanda, Bakı ümumən Seulun həmin kasıb məhəlləsini xatırladır.

Seuldan fərqimiz ondadır ki, yağış yalnız şəhərin kənar məhəllələrini yox, mərkəzi, qlamur küçələrini də Titanik gəmisinin vəziyyətinə salır.

Və faciə ondadır ki, bu, pintilik, antisanitariya təkcə yağış yağanda üzə çıxmır.

İşimlə əlaqədar tez-tez “Torqovıy”dan keçməli oluram. Arada Nizami adına Ədəbiyyat Muzeyinin yanında kanalizasiyanın aşıb-daşdığını, üfunətli, çirkab suların mərkəzi küçələrdə cığır saldığını görürəm.

Azərbaycanın digər şəhərlərində infrastrukturun qüsurlu olduğunu necəsə, birtəhər anlaya bilirəm. Lakin mədəniyyətin, sənayenin, təhsilin və sairin mərkəzləşdiyi paytaxtda hələ də kobud, gözlə görünən qüsurları olan infrastrukturun sözün əsl mənasında nədən bərbad olması sualına məsul olan məmurlar nəhayət ki, cavab verməlidirlər.

Misalçün, çox adi bir məsələni deyim. Şəhər mərkəzinə elə də uzaq olmayan ərazidə yaşayıram. Dünən səhər saatlarından başlayaraq, sərnişinlər BakıKART-a yükləmək üçün kontur tapa bilmirdilər.

Bakı Nəqliyyat Agentliyinə sual verirəm, siz Allah, yağışla kontur arasında nə kimi bağlantı var və ya Agentliyin əməkdaşları o bağlantını necə qururlar?

Yaxud, dünən axşam saatlarında, saat 11 olmamış evə qayıtmaq üçün avtobus tapa bilmədiyimdən taksidən istifadə etməli oldum. Digər nəqliyyat vasitələri işlədiyi halda, axşam vaxtı yağış avtobusa (özü də yenilənmiş avtobusa) nə kimi təsir göstərir ki, sərnişinlərin gözü yolda qalır?

Yox, əgər iş qrafiki 10-a kimidirsə, bu haqda, zəhmət çəkin, məlumat verin.

Məmur məsuliyyətindən söz düşmüşkən, günün trend mövzusuna da toxunum. Bu gün hamı COVİD pasportunun yoxlanması səbəbindən BDU-nun qarşısında yaranmış basabası təsvir edən fotonu paylaşır.

Uzun müddətdir tələb olunan sosial məsafə, işini qura bilməyən məmurlar üzündən göz önündə heçliyə yuvarlandı. Texnologiya əsrində yoxlamanı onlayn qaydada tətbiq etmək, tələbələrin qrafiklə gəlməsini təmin etmək hansı dərin ağıl tələb edir görəsən?!

Məndə belə təsəvvür var ki, sadə vətəndaşlarımız bir yana, məmurların şəhər, infrastruktur mədəniyyəti anlayışı haqda təsəvvürləri ya bəsitdir, ya da ümumiyyətlə yanlışdır. Yəqin onlara elə gəlir ki, mədəniyyət yalnız bahalı kafe restoranlar, butiklər və avtomobillərdir, qutabı çəngəl-bıçaqla yeməkdir.

Ya da infrastruktur anlayışı sadəcə dekor kimi qəbul olunur. Bu cür yanaşma isə məişət mədəniyyətimizdə bəzi ənənələrin zəifliyinə bağlıdır.

Məsələn, tualet mədəniyyətini götürək.

Bir də görürsən, təmtəraqlı ev tikilir, sahibi kanalizasiya xəttini sona saxlayır, ya da tam unudur.

Tualetdə təbii ehtiyaclarını ödəyib sifonu çəkməyi lazım bilməyən adamlar var hələ də.

Görünən budur ki, Bakı şəhərinin infrastrukturunun keyfiyyətinə, rahatlığına məsuliyyət daşıyan məmurlara şəhər mədəniyyətinin mahiyyəti haqda mühazirələr keçirilməlidir.

Şəhər mədəniyyətinin bəsit şərtlərindən biri budur ki, kanalizasiya xətləri, su boruları yenilənməlidir. Asfalt elə salınmalıdır ki, gölməçələr yaranmasın və hər kvartalın axırında dağılmasın.

Avtobus dayanacaqlarına yükləmə aparatları qoyulsun, nəqliyyat intensiv işləsin.

Bir sözlə, zavallı Bakı yağışa müqavimət göstərə bilsin.

Yoxsa, çox şeymi istəyirik?!

# 3092 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #