Özünü efirə satmaq istəyən Xatirə İslam

Özünü efirə satmaq istəyən Xatirə İslam
27 fevral 2021
# 12:30

Xatirə İslamın telekanallara çıxmağına görə qonorar tələbinin doğurduğu müzakirə və onun bu tələbinə bəzi televiziya nümayəndələrindən gələn sərt rəylər saytları dolaşır. Müğənninin açıqlamasında bir sual-fikir xüsusən, diqqət çəkir: “Verilişlərimizin hamısını müğənnisiz təsəvvür etsək, sizcə, maraqlı olar?".

Yazımın sonrakı passajlarında bu məqama qayıdacam.

Xatirə İslam və onu dəstəkləyən həmkarları fikirlərini əsaslandırmaqdan ötrü dünya praktikasına apelyasiya edirlər. Ki, xarici ölkələrdə müğənnilərə müsahibəsi və ya efirdə çıxışı qarşılığında qonorar ödənilir. Həqiqəti deyirlər. Doğrudan da, xaricdə ulduzlar – istər müğənni, istər aktyor olsun hər addımı üçün az qala pul tələb eləyirlər.

Lakin bu zaman diqqət yetiriləsi ciddi məqamlar var. Qərbdə, illərdir, reallığın diktəsi ilə mərhələ-mərhələ inkişaf edən, formalaşan sistemli sənət bazarı mövcuddur. Müğənnilər peşəkar komanda ilə işləyir, disklərdən, konsertlərdən, aktyorlar isə filmlərdən, dublyajdan yüksək məbləğdə qazanc əldə edirlər. Hələ bizim bilmədiyimiz, bələd olmadığımız min cürə nüansı, qaydaları demirəm.

Azərbaycanda müğənninin çalışma, karyera qurma, pul qazanm kriteriyaları fərqlidir.

Müstəqillik dönəmindən bəri ölkədə Qərbdəki kimi illərlə oturuşmuş, özünü təsdiqləmiş sistem yox, toy bazarı formalaşdı. Efirin toyxanaya çevrilməsini, musiqi mədəniyyətimizdə toy bazarının dərin kök salmasını bütünlüklə müğənnilərin ayağına yazmaq vəziyyətə birtərəfli baxmaqdır. Çünki, mövcud situasiya yanlış televiziya və mədəniyyət siyasətinin nəticəsidir.

Efirdə əksər proqramların eybəcər, çirkli toyxana estetikasında qurulması, geniş tamaşaçı auditoriyası qazanması həm də mentallğımızdan qaynaqlanır. Çünki milli mentallığımızda toy hər bir azərbaycanlı üçün müqəddəs mərasimdir. Hətta, karantin dönəmində insanlar qadağalara baxmayaraq, həbs olunmaları bahasına da olsa, gizlin toy mərasimləri keçirirdilər. Televiziya siyasəti də xalqın toya qarşı həssaslığı üzərində manipulyasiya etdi.

Beləliklə, bu, mədəniyyət və televiziya siyasəti primitiv bir mexanizmi meydana gətirdi. Müğənni efirə pul ödəyir, məşhurlaşır ki, toylara çağırılsın. Və telekanalların ona təklif elədiyi şəraitdən yararlanaraq həm qazanc əldə edir, həm karyera qurur. Başqa cür desək, televiziya müğənnini alınıb-satılan məhsula çevirir, tamaşaçıya onu toya çağırması üçün əmtəə kimi təklif eləyir. Bu zaman telekanal bir növ başqa redaktədə müğənninin prodüseri rolunu oynayır. Nəticədə, populyarlaşan müğənni artıq efirə pul vermədən çıxır, çünki brendləşmiş məhsul kimi o, konkret proqrama gəlir gətirir, auditoriya məhz ona görə verilişə baxır.

Bir çox müğənni kimi Xatirə İslamı da telekanallar məşhurlaşdırıb. Xatirənin publikası var, toylara çağırılır, ona görə yəqin ki, verilişə baxanlar da var və indi o, ulduz statusunu möhkəmləndirəndən sonra, haqlı olaraq öz vaxtını, səsini, fikrini efirə satmaq istəyir. Hətta baxmayaraq ki, əksər hallarda ifaları fonoqrama ilə reallaşır, fikirləri isə fikir olmaqdan uzaqdır.

Atalar məsəli ilə ifadə etsək, televiziya-müğənni münasibəti ”əl əli yuyar, əl də üzü” müstəvisində qurulub.

Qısacası, müğənnilərin ilk başda efiri satın alıb, sonra özlərini efirə satması yuxarıda haqqında danışdığım mexanizmin nəticəsidir.

“Verilişlərimizin hamısını müğənnisiz təsəvvür etsək sizcə, maraqlı olar?" fikrinə gəlincə, Xatirə İslam haqlıdır. Zamanla elə vəziyyət yaradılıb ki, telekanallarda bütün sahələr üzrə ekspert qismində ancaq müğənnilər çıxış edir, ciddi verilişlər sıradan çıxarılıb. Kanal rəhbərliyi, redaktorlar fərqində deyillər ki, müğənni haqqında danışdığı sahəni bilmir, bu, bir yana, təsəvvürü belə yoxdur. Telekanallar müğənnilərin hesabına pul qazanır, peşəsini, şəxsi həyatını istismar edir, üstəlik, buna görə pul ödəmir. Ümumilikdə, onların davranışı bir-birinə adekvatdır.

Qəzəblənmiş teleaparıcıların arqumenti isə savadsızdır və hədə tonundadır: “Müğənniləri dəvət etməsək onlar unudulub gedəcək”. İndi internet resurslarından, platformalarından yararlanaq daha çox populyarlaşmaq və pul qazanmaq mümkündür.

Ortada internet üzərindən populyarlaşan Nahidə Babaşlı, Çinarə Məlikzadə nümunəsi var.

# 3046 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #