Hüseynbala Mirələmovun katibəsi olmaq

Hüseynbala Mirələmovun katibəsi olmaq
23 aprel 2021
# 10:01

Hüseynbala Mirələmovun məlum, xoş olmayan videosu özlüyündə əhəmiyyətli informasiya daşımır. Amma onun yayılması zərərlidir.

Hamımız bilirik ki, sovet dönəmindən bu yana aşağı-yuxarı yüksək rütbəli məmurlardan tutmuş aşağı pillədə qərar tutan vəzifə sahiblərinədək bir qisminin (hərçənd, əlimizdə bu barədə dəqiq statistik məlumatlar yoxdur, təxmin edirik) köməkçisi, katibəsi olan qadınlarla ortaq razılaşdırılmış məhrəm münasibətləri var.

Hətta, Qərbin özündə belə müdir-katibə münasibət modeli mövcuddur. Bu mənada Bill Klinton-Monika Levinski qalmaqalını xatırlamaq yetərlidir.

Üstəlik, bizdə katibə adı həmişə müdirin sevgilisi kimi altmənalarla yüklənib (əsassız olmayıb əslində). Filmlərimizdə, hətta katibə obrazı daha çox dediyim kontekstdə göstərilir.

Yəni, demək istəyirəm ki, həmin videoya baxıb guya şok keçirən adamların hay-küyünə, didaktik-moralistik fikirlərinin səmimiyyətinə inanmağım gəlmir.

Ayrıca, yəqin, Mirələmovu ittiham nitqilə çıxış edənlərin arasında özlərinin qadına münasibətdə analoji təcrübəsi olanlar az deyil. Və ya kişilərin beynini görmək mümkün olsaydı, “ah, filan qadının filan yerini nə ....” arzulayanların az yox, çox olduğunu görərik.

Videodan ilk görünən odur ki, xanımın kişi ilə münasibəti qarşılıqlı razılaşdırılıb. Lakin dediyim kimi, bu, görünənlərdir.

Görünməyən tərəflər daha ağrılı ola bilər.

Ola bilsin, Mirələmovun köməkçisi müdirin seksual kaprizlərinə maddi səbəblərdən, işini itirməmək xatirinə dözür. Videodan da duyulur ki, o, qocanı yola verir, bu, artıq onun üçün nəsə mexanikləşmiş bir davranışdır.

Biz videodakı o qadının kimliyi, həyatı haqda heç bir məlumata malik deyilik. Və bunu bilməyə-bilməyə, əvəzində isə cəmiyyətdəki problemləri bilə-bilə video üzərindən karikaturalaşdırılmış cürbəcür təsvirlər yayılır və həmin lağlağı təsvirlər Mirələmovun davranışından daha pisdir. Videonun yayılması bu mənada cinayətdir. Ən azı heç olmasa xanımın üzünü “blurlamaq” mümkün idi.

Sözügedən video həm də ona görə zərərlidir ki, müdir-köməkçi münasibəti haqda bu şəkildə fakt-təqdimat cəmiyyətdəki mövcud güvənsizliyi, etibarsızlığı daha da gücləndirəcək. Onsuz da qadınların işləməsinə əngəl törədən ailələr vardı. Ailələr gənc qızlarının kiminsə yanında köməkçi işləməsindən daha da narahatlıq duyacaq, çəkinəcək.

Əlbəttə, müdir-katibə münasibəti hər yerdə intim xarakter daşımır.

Açıq cəmiyyətlərdə seksual qısnama halları olanda qadınlar məhkəməyə müraciət edib, haqlarını müdafiə edirlər. Düzdür, həmişə belə olmur. Bəzən, qadınlar karyerada irəliləmək məqsədilə qatlanır və olanları bir növ normallıq kimi qəbul edirlər. Mislaçün, kinoprodüser Harvi Vaynşteyn cinsi təcavüzləri, qısnamaları haqda mediada məlumat yayılandan sonra məlum olur ki, çox aktrisa karyerasını qurmaq üçün onun seksual qısnamasına dözüb.

Yəni, burda tək günahkar kişi deyil.

Bizdə isə məsələ daha qəlizdir. Mental mədəniyyətimiz üzündən qadın hələ də susur.

Yəqin ki, bu sükut uzun illər pozulmayacaq.

Ona görə ən vacib şərtlərdən biri qadının iqtisadi azadlığını təmin etməkdir.

# 7798 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #