Xocalı faciəsindən iki gün sonra Tümendən döyüşməyə gəldi, itkin düşdü – ŞƏHİD KƏŞFİYYATÇIMIZ

<b>Xocalı faciəsindən iki gün sonra Tümendən döyüşməyə gəldi, itkin düşdü – <span style="color:red;">ŞƏHİD KƏŞFİYYATÇIMIZ </b>
17 aprel 2018
# 14:11

Kulis.az Sevda Sultanovanın şəhid Cəlala Rüstəmov haqqında yazısını təqdim edir.

Naməlum nömrədən telefonuma zəng gəlir. Tanımadığım kişi səsidir, o, özünü təqdim etmədən ötkəmcəsinə deyir:

- Cəlal Rüstəmovdan müsahibə almağınızı istəyirəm.

Mənə tanımadığım Cəlalın nömrəsini verir. Zəng edirəm. Bir qadın cavab verir.

- Cəlal Rüstəmovla danışmaq istəyirəm.

- Gözləyin.

Bir azdan sakit, asta səs eşidirəm:

- Sizi dördüncü gün, saat ikidə gözləyəcəm.

...Məni ortayaşlı, alagözlü qadın qarşılayır. Deyəsən, telefonda danışdığım qadındır. Divarlarına qəhvəyi kafel düzülmüş, iki otaqlı soyuq evdə qəribsəyirəm.

- Cəlalın bir az ağrıları var, gün ərzində onun dörd saat ağrıları tutur. Gözləyin…

Bir azdan yan otaqdan arıq, ucaboylu, kədərli üzü olan gənc kişi çıxır. Onun əynində hərbçi formasına bənzər qiyafət var. O, mənə baxmadan stulda oturur. Tarı köksünə sıxır, başını azca aşağı əyərək yanıqlı-yanıqlı çalır. Onun bədən dilindən gələn susqun ağrısını, kədərini çılpaqlığıyla duyuram…

Yuxudan ayıldım. “Cəlal Rüstəmov, Cəlal Rüstəmov”. Axı kimdi o? Ağlıma ilk gələn o olur ki, dərhal kompüteri açmalı və adını Googleda axtarışa verməli…

Və qəfildən xatırlayıram. Kəşfiyyatçı-şəhid Cəlal Rüstəmov... Onun adını ilk dəfə, bu ilin fevralında premyerası keçirilən, Nizami Abbasın çəkdiyi, Milli Qəhrəman Yusif Mirzəyevi anladan “İgid əsgər” sənədli filmində eşitmişəm. Müəllif hərbçi operator Seyidağa Mövsümlüyə qəfil sual verir:

- Cəlal yadındadır?

Və Cəlalın əks olunduğu, yeganə xronikası… Özəlliklə də oğlu Elçin haqda dediyi sözlər…..

“Birinci dəfə döyüşə gedəndə iki yaşlı balaca oğlum Elçin mənə elə baxırdı ki... Ona dedim ki, Elçin, mən gedirəm sənin azadlığın üçün. Əgər qayıtmasam, bil ki, sənin azadlığında bizim şəhidlərin, bizim övladların, millətin ən qeyrətli oğullarının payı var. Həmin o payımızla yaşa”.

O gündən vaxtaşırı Cəlalı xatırlayıram, oğlu Elçini düşünürəm. Görəsən, Elçin indi necə insandır, o xronikaya baxanda atasının dedikləri haqda nə fikirləşir?

İnternetdə Cəlal haqda İsmayıllıda adına salınmış bulaq kompleksindən başqa bir məlumat tapa bilmirəm.

Əmin idim ki, yuxumun mütləq bir mesajı, mənası var. Çünki yuxularım mənə zamanla işarələr, mesajlar verir, sonradan baş verəcək olaylar çox vaxt öncə yuxuma gəlir və mən yuxularımdan yola çıxıram.

Vəkil Elton Quliyevdən kitab yazdığım müddətdə qanımın qara vaxtı, çıxılmaz durumda, sualım olanda yuxuma gəlib və yol göstərib.

Növbəti kitabımın qəhrəmanı Yusif Mirzəyevdən yazmaq istəyimin bir səbəbi də yuxuyla bağlıdır. Ancaq bu xoş, sirli və gözlənilməz yuxu başqa əhvalatdır, kitabda ondan ətraflı yazacam.

***

İndilik isə yazımın qəhrəmanı Cəlal Rüstəmovdur… Cəlalın doğmalarını tapmaq üçün İsmayıllının icra hakimiyyətinin e-mail ünvanına yazıram.

Səhəri gün Xoşqədəm Rüstəmlinin telefon nömrəsini göndərirlər. Dərhal zəng edirəm, birnəfəsə danışıram, Cəlalın doğmalarından kimləsə görüşmək istədiyimi deyirəm.

Qadın bir az təəccüb içərisində sözümü kəsir.

- Mən Cəlalın bacısıyam.

Həyəcandan soyada fikir də verməmişəm.

- Cəlal haqda kitab yazılıb. Bu yaxınlarda təqdimatı olacaq. Aprelin 7 ya 8-i. Sizi dəvət edirəm.

Haqqında kitab yazıldığını eşidəndə sevinirəm. Aprelin 9-da isə onun 53 yaşı tamamlanır…

Yəqin yuxunun mesajı da budur. “Kitabı oxuyub, haqqında material hazırlayaram” deyə düşünürəm. Təsadüfdənmi ya nədənsə, Xoşqədəm xanımla məhz dördüncü gün, günorta saatlarında danışıram.

Sonra rejissor, Cəlalı şəxsən tanıyan Nizami Abbasa zəng vururam. Nizami müəllim məndən ötrü filmlərində Qarabağı bizə çox daha yaxın edən, o qəhrəmanları bizə çox daha doğmalaşdıran yeganə rejissordur.

Yuxumu ona danışıram.

- Gör, necə gözəl insanları yuxuda görürsən... Sən bilirsən də Cəlal itkin düşüb?

Elə sarsılıram...

- Qiymətli kəşfiyyatçı idi…

“İtkin” ölümdən ağır sözdür. “Ölüm” konkretdir, bilinəndir, insanın fiziki anlamda sonudur. “İtkin” isə naməlumluqdur, qeyri-müəyyənlikdir, sonsuz nigarançılıqdır. “Naməlum” sözü özündə dəhşətli ağrı, xiffət daşıyır.

Bəlkə bu səbəbdən Cəlal yuxuma qüssəli, susqun girib?! Döyüş bölgələrində göstərdiyi xidmətlərə görə Cəlala şəhid statusu verilib.

...Rəna Mirzəliyevanın “Atam mənə oğul deyib” kitabında maraqlı faktlar yer alıb.

Ondan başlayım ki, Cəlalın əmisi Əlabbas Rüstəmov Fransada faşistlərə qarşı vuruşub. Əhmədiyyə Cəbrayılovun döyüş dostu və yaxın silahdaşı idi. Cəlalın atası Əbdülhəkim müəllim hərb işini gözəl bildiyindən hərbdən dərs deyirdi məktəbdə.

...Cəlal özü Bakı Neft-Kimya Texnikumunu bitirəndən sonra təyinatla Rusiyaya göndərilib, Tümen vilayətinin Novıy-Urenqoy şəhərində neft sahəsində mühəndis, sonralar baş mühəndis işləyib.

20 Yanvar, Qarabağ hadisələri onu çox sarsıdır. O, dəfələrlə Rusiyadakı azərbaycanlılara ölkəyə qayıtmağın vacibliyindən danışır. Xronikada da deyir bunu: “Mən Sibirdə olanda Yanvar hadisələri zamanı uşaqlara (Sibirdə yaşayan azərbaycanlı gənclər nəzərdə tutulur) deyirdim ki, gəlin qayıdaq, ay uşaqlar, vətən üçün çətindir. Mən çoxuna başa sala bilmirdim Vətənin çətin günlər yaşadığını.

Çoxu mənim kimi təyinatla çıxıb getmişdi. Burada yer tapa bilməmişdi. Hansı ki, o vaxt bəzi şeylər vardı. Və imkan vermirdilər ki, ən savadlı uşaqlarımız gəlsin öz torpağı üçün çalışsın. Gedirdin görürdün ki, hər hansı klinika azərbaycanlı gənclərlə doludur. “Necə gəlmisən?” – sualına müxtəlif cavablar:

- Beş il instituta baş vurmuşam, girə bilməmişəm.

- Müsabiqədən keçə bilmədim, çıxıb gəldim.

- Ali məktəbi əla qiymətlərlə bitirmişəm, yerim olmadı, göndərdilər təyinatla Rusiyaya.

Bir sözlə, qeyrətli oğullarımız, Vətənə lazım olan oğullarımız didərgin düşüblər.

İndi həmin oğlanlardır ki, qayıdırlar Vətənə, torpaqlarımızın azadlığı üçün vuruşmağa. Bu bizim ümidimizi qat-qat artırır.”…

Xocalı faciəsi baş verəndə Cəlal qəti qərar qəbul edir…

***

Rusiyadan qayıdanda onun getdiyi ilk yer Bakı xəstəxanaları olur. Bir-bir xəstəxanaları gəzir, Xocalıda yaralanmış, işgəncə görmüş adamlara baş çəkir, gördüklərindən sarsılır. Binəqədi rayonu ərazisində İkinci Bakı Batalyonuna yazılır.

Burada gələcək komandiri, kapitan Ramiz Aşralıyevlə tanış olur.

Ramiz müəllimlə bir kafedə görüşürük. Onu görən kimi üzü doğma gəlir.

- Sizi tanıyıram. Yusif Mirzəyev haqda filmdə görmüşəm.

O, xəfifcə gülümsəyir. Müharibəni, itirdiyi yoldaşlarını xatırladıqca ürəyinin yanğısı, ağrıları mənə də sirayət edir.

- Koroğlu Rəhimov da bizim batalyonda idi... Mənə dedilər ki, kəşfiyyat taqımı yaradılmalıdır. Neft və Kimya İnstitutunu bitirdiyimdən rütbəm vardı. Ona görə kəşfiyyat taqımını yaratmağı mənə tapşırdılar. 12 nəfərdən ibarət kəşfiyyat taqımı yaratdım. Onları bir-bir seçmişəm. Cəlal da onların arasında idi.

- Hansı keyfiyyətlərinə görə seçirdiz?

- Etibarlı adam olmalıydı. Üzlərinə baxanda kimin necə olduğunu hiss edirəm. Erməni dilini bilən bir nəfəri götürmüşdüm, tərcümə üçün. Sonra peşman oldum. Özünə də dedim ki, bircə səndə səhv eldim. İnsan kimi keyfiyyətsiz idi, həm də başqa səbəblər vardı. Seçdiyim digər bütün uşaqlarla fəxr edirəm. Özlərində də dedim. Dedim ki, burda sizin komandirəm. Amma cəbhədə bir-birimizin arxasında sipər kimi olmalıyıq. Elə də oldular.

Cəlalın da daxil olduğu kəşfiyyat taqımı Tərtərə yollanır. Onların birinci işi bütün qərargahı qorumaq idi.

- Onları saxlamaq mümkün deyildi. Olurdu ki, kəşfiyyata Kərimlə Heydər getməliydi. Cəlalla Hafiz inadkarlıq edirdi ki, niyə onlar, biz getmək istəyirik. Səhərədək yaxşı mənada mübahisə edirdilər. Cəlalı sözlə ifadə etmək… müsahibimin fikri qırılır, gözləri bir anlıq yol çəkir-təkcə Cəlaldan getmir söhbət, o vaxt insanların şüuru, əqidəsi başqaydı. Elə bil onların ürəyində torpağa yanğı da başqa idi… Cəlalın yaxşı imkanları vardı Rusiyada, Yusifin Bakıda obyektləri vardı, yaxşı qazanıb rahat yaşaya da bilərdilər. Amma atdılar hər şeyi. İçləri yanırdı ki, gəlmişdi. Mən özüm də zavodda işləyirdim, təyinatım da vardı. Amma hamımızı birləşdirən Xocalı oldu. Bir istəyimiz vardı, torpaqları azad etmək…

***

Cəlalın daxil olduğu kəşfiyyat qrupunda əsasən dörd nəfər idi və onlar həmişə birgə olurdular. Kərim Xanməmmədov, Hafiz Həsənov, Heydər Həsənov…

Kərim hazırda Bakıda yaşayır, Heydər Rusiyada. Hafiz isə... Hafiz həlak olanda Cəlal özünə yer tapa bilmirdi. Bir də komandiri, Ağdərə döyüşlərində həlak olmuş, Milli Qəhrəman Şikar Şikarovu itirməyi ağır keçirmişdi... O, xronikada da bu haqda emosional danışır:

“Biz üçüncü briqadanın razved (kəşfiyyatçı) qrupuyuq. Mardakertin (Ağdərənin) girəcəyində biz ən gözəl “razvedçikimizi” (kəşfiyatçımızı) – Həsənov Hafizi itirdik.

Biz əziz komandirimiz Şikar Şikarovu Tərtərdə itirəndə baş - başa verib bu qəhrəman üçün xeyli göz yaşı axıtmışdıq. Onlar indi Xiyabanda, demək olar ki, yanaşı dəfn olunublar. Onların hər ikisi xalqın azadlığı uğrunda özlərini qurban verən ən igid şəhidlərimizdəndir”.

Dostu Hafizin nəşini gətirəndə anası Cəlala nə demişdisə, o ailəsinə möhkəm tapşırmışdı: “Əgər ölsəm, məni gətirən uşaqlara heç nə deməyin, onların günahı yoxdur”.

Və Hafizin anasına: “Ay ana, Hafizi mən gətirdim, bəs məni kim gətirəcək?” deyibmiş.

Bəlkə ona görə də kadrlarda analara müraciət edir:

“Mən, birinci növbədə, şəhid analarına müraciət edirəm: heç vaxt şəhidlər üçün ağlamayın, analar. Sizə qurban olum, sizin qeyrətinizə qurban olum ki, belə övladlar həyata gətirmisiniz, belə böyütmüsünüz, Vətənin müdafiəsinə göndərmisiniz. Onlar Xiyabanda çox məğrur yatırlar. Onlar ölməyiblər. Onların ruhu da torpağın üstündədir. Onların ruhu bu Vətənin azadlığına kömək edəcəkdir. Başı əsrlərlə bəlalar çəkmiş Azərbaycan xalqı, inşallah, vətənpərvər oğulların başçılığı altında xoşbəxtliyə çatacaqdır. Mən bu günə inanıram. Qurban olum o günə. Mən həmin günə özümü də qurban demişəm. Allah mənə göstərməsə də, vətənimin bütün övladlarına bunu nəsib etsin”.

Cəlal Hafizin anasına onun qisasını alacağına söz verir. Döyüşlərdən birində Cəlalgilin batalyonu çoxlu sayda erməni hərbçisini məhv edir. Bu barədə televiziyada süjet verilir. Həmin kadrlar efirə verilən gün Cəlal Hafizin anasına zəng vuraraq süjetə baxmağı xahiş edir və: ”Ana, rahat ola bilərsən, Hafizin qisasını aldıq”, – deyir.

***

Cəlalın cəbhəyə getməsini doğmaları narazılıqla qarşılayır. Anası çox dilə tutur. Amma nəticəsiz…

- Xoşqədəm xanım, həmin günü necə xatırlayırsız?

- Biz heç onun Rusiyaya getməsini istəmirdik. O ki qaldı müharibəyə. O, qərarını deyəndə evdə hamı şoka düşdü. Anam etiraz elədi. Evdə dedilər ki, körpələrin var. “Əgər o xəstəxanada mənim gördüklərimi görsəydiz, heç vaxt etiraz eləməzdiniz. Danışa bilmirəm. Amma getməliyəm”- dedi. Xəstəxanalardan elə təəssüratla qayıtmışdı ki, getməməsi mümkün deyildi.

- Adı gələndə ilk yadınıza nə düşür?

- O, fərqli dünya idi. Atam tez rəhmətə gedib. Onda balaca idim. Ata əvəzi, çox qayğıkeş idi. Ailədə beş uşaq olmuşuq. Ondakı xarakter heç birimizdə yox idi. Evə girəndə bütün sakitlik pozulurdu, atmosfer dəyişirdi, çox şən idi təbiətcə. 11-ci sinfi qurtaranda, dedi ki, sənin üçün qonaqlıq verəcəm. İstəmədim, çünki təmtəraq həvəskarı deyiləm. Sözümü dinləmədi, qonaqlıq verdi. Bir söz də dedi: “Xatırlayarsan”.

- Narazı olduğunuz cəhəti hansıydı?

- Tərs, inadkar idi. Dediyini edirdi.

***

Döyüş yoldaşı Pərviz Muradovun xatirələrindən: “Tərtərin Qapanlı kəndində ilk döyüşə girdiyim vaxt idi. Axşamtərəfi müdafiədə idik. Bir azdan xəbər verdilər ki, döyüşçülərin çoxu özbaşına, heç kimin əmri olmadan Tərtərə gedib. Kənddə cəmi 4 nəfər kəşfiyyatçı, 4 nəfər minomyotçu və 2 nəfər biz rabitəçilər qalmışdıq.

Səhərə qədər düşmənlə atışdıq. Cəlal tez-tez yerini dəyişərək atırdı ki, düşmən kənddə az qüvvə olduğunu bilməsin. Beləliklə, qüvvələr nisbətinin qeyri-bərabər olduğu döyüşdə biz kiçik bir qüvvə ilə səhərə qədər tab gətirə bildik.

Bir dəfə də ermənilər Drambona hücuma başladılar.

Biz geri çəkilirdik. Bu zaman Ağdərə istiqamətindən bir maşının sürətlə gəldiyini gördük. Cəlal maşından düşdü və geri qayıtmağı əmr etdi. Heç kim qayıtmaq istəmədi. O dedi ki, mən qabaqda gedirəm, siz də mənim dalımca gəlin. Yenə də heç kim yerindən tərpənmədi. Onda Cəlal qəzəbləndi ki, erməni kimdir ki, bu qədər kişinin üstündən keçib kəndə girsin. Siz yalnız meyitimin üstündən keçib geri dönə bilərsiniz. Onun bu qətiyyəti döyüşçülərə yeni ruh verdi. Onlar kəndin zəbt olunmasına imkan vermədilər. Hətta düşməni Poqasamer kəndinə qədər geri oturtdular.

Tez-tez mənimlə görüşər və deyərdi ki, Pərviz, adamın heyfi gəlir sənin kimi gözəl oğlanları döyüşə göndərməyə. Ancaq neyləyəsən?! Allah qoysa, bu qudurmuşların dərsini verərik, gedərik rayona, Elçini də götürüb səhərdən-axşamadək doyunca küçələri gəzərik”.

***

Cəlalın haqqında sevgiylə söz açdığı Elçini görməyi çox istəyirəm. Görüşümüz bazar günü baş tutur. Ucaboylu, azca sarışındır. 28 yaşı var, ötkəm, tərs adam təəssüratı yaradır.

- Bir az qapalı adamam. Tünlük olan yerləri sevmirəm. Hər adama da güvənmirəm. Güvənməyim üçün illərin sınağından keçməlidir. Ancaq dostların əhatəsində şənəm.

Bu qapalı adamla söhbətimiz alınır.

- Ali məktəb oxumaq imkanım olsa da əsgərliyi seçdim. Şəhid oğlu və evin tək oğlu olduğum üçün əsgərlikdən qalmaq imkanım vardı. Amma sinif yoldaşım var, yaxın da dostumdur, onunla döyüşlər haqda oxuyurduq, vətənpərvərlik verilişlərinə baxıb təsirlənirdik. Atamın döyüşdüyü Tərtərdə xidmət eləmişəm. Könüllü oranı istədim. Atamın xidmət elədiyi hissə oradan aralıydı. Mən artilleriyadaydım. Taqım komandirinin müavini idim.

- Atanınızın kadrlarına baxanda nə düşünürsüz?

- Təəssüratlar çoxdur…

- “Kaş ki, atam getməsəydi” - deyə düşündüyünüz məqamlar olur?

- Olur, qınamışam da. Çünki atasız, arxasız çətindir. Hər şeyin yükünü sən daşıyırsan. Amma bir şey var. Aprel hadisələri olanda özüm könüllü getdim yazıldım. Sonra səs çıxmadı. Elə hisslər var ki, idarəolunmazdır. Onun qarşısında acizsən. Vətənpərvərlik belə hissdir. Görünür burda genetik kod da rol oynayır.

- Onu itirəndə iki yaşınız vardı. Yəqin çətin xatırlayasız.

- Yarıdumanlı xatırlayıram. Evdən çıxıb axırıncı dəfə getməyi yadımdadır. Anam deyir ki, danışığın, hərəkətin… eynilə atansan.

***

Cəlaldan qalan videonun tarixçəsini Seyidağa Mövsümlü danışır:

“Onunla ilk görüşümüz döyüşlərin qızğın çağı Ağdərədə oldu. Qaraqaş, qaragöz, ortaboylu bir igid mənə yaxınlaşdı. Salamlaşdıq, gülümsəyərək: ”Mən sizi tez-tez döyüşlərin qızğın yerlərində kamera ilə çəkilişlər aparan görürəm, qorxmursunuz?”- dedi. Mən dedim ki, əvvəla mənim döyüş təcrübəm var, ikincisi mən siz qəhrəmanları video-lentə almasam, kim bu şücaətlərdən xəbərdar olacaq. Həm də gələcək hərb tariximizdə sizin övladlarınız bu lentlərə baxıb fəxr edəcəklər.

Getdikcə söhbətimiz qızışırdı. Bir azdan bizə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev, Ərəstun, Rəhim və digər döyüşçülər yanaşdılar və söhbətimiz daha da şaxələnirdi. Söhbət əsnasında öyrəndim ki, Cəlalın 2 yaşında bir oğul övladı var. Uzaq Tümendə neft üzrə geoloq olub. Vətənin çətin günlərində hər şeyi atıb Qarabağa yollanıb. Ağır döyüşlərdə iştirak edib. Özü kəşfiyyat komandiri idi. Onda dostu Yusif dedi: ”Cəlalı, Allah qoysa, qələbəni də görəcəyik. Balaca oğlun səni qəhrəman kimi qarşılayacaq”. Səngərdə şirin xatirəli söhbət səhərə kimi davam etdi. Səhəri gün Aterk, Armbon, Qızıl Qaya uğrunda qızğın döyüşlər başladı. Döyüşqabağı mən əsgər və zabitləri bir yerə yığıb çəkməyə başladım. Cəlal irəli çıxdı və üzünü telekameraya tutub dedi: ”Mənim iki yaşında oğlum var. Mən evdən çıxanda üzümü ona tutub dedim: “Oğlum, mən sənin və sənin kimi körpələrin azadlığı uğrunda gedirəm. Atan əgər bu döyüşlərdən qayıtmasa, şəhid olsa, onunla fəxr edə bilərsən”.

Cəlalın gözlərində böyük Vətən sevgisi var idi. Mən çəkilişləri sona çatdırdım və biz belə ayrıldıq. Mən Bakıya, telestudiyaya qayıtdım və növbəti cəbhə verilişini hazırladım.

Sonralar Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev haqqında “Vətən sənə oğul dedi” adlı sənədli film hazırlayanda, Cəlalın da kadrlarını o filmə daxil etdim ki, Azərbaycanın hərb tarixində Cəlal da yaddaşlarda qalsın. Bu mənim şəhid qarşısında mənəvi borcum idi. Həmişə də istəyim o olub ki, kaş Cəlalın oğlu ilə görüşüm, qəhrəman atası Cəlal haqqında olan video-təsvirləri ona verim. Bu savab işdə mən Allahyar kişiyə minnətdaram. Onun məni axtarması və 22 ildən sonra mənimlə telefon əlaqəsi yaradıb deməsi ki, mənə və ailəsinə Cəlala məxsus tele-kadrlar lazımdır çox sevindiricidir. Böyük məmnuniyyətlə, tele-filmi və kiçik xatirələrimi onlara çatdırdım”.

***

Cəlal evə baş çəkəndə adətən müharibədən danışmırdı. Ümid verirdi ki, hər şey yaxşı olacaq. 1992-ci il sentyabrın 14-də sonuncu dəfə evə zəng vurur. Hamıyla hal-əhval tutur. Bu, onun sonuncu zəngi olur. O gündən Cəlaldan bir xəbər-ətər yoxdur...

Cəlal Ağdərədə itkin düşüb. Sentyabrın 16-sı kəşfiyyata gedir və bir daha geri qayıtmır. Döyüş dostları hər yeri ələk-vələk etsə də Cəlal tapılmır…

Sentyabrın 22-də bir süjetdə Cəlalın olduğu kadrlar televiziyada göstərilir. Bu çəkiliş sentyabrın 15-də olmuşdu.

***

Yazımı Cəlalın həyat yoldaşı Tahirə xanımın xatirəsi ilə bitirirəm:

“Cəlalla ilk dəfə 1986-cı ilin fevral ayında rastlaşdım. Mən Bakı Neft Texnikumunda qiyabi şöbədə katibə-makinaçı işləyirdim. O isə gündüz şöbəsində oxuyurdu. Bir gün mənə yaxınlaşdı və tanış olduq. Bir dəfə işdən çıxıb evə gedirdim. Yolumuzun üstündə böyük kitab mağazası var idi. Hər ay maaş alanda mütləq oradan bir kitab alırdım. Həmin gün də kitab almaq üçün mağazaya girdik. Mən İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin beş cildini götürdüm. Pulunu vermək istəyəndə Cəlal qoymadı, özü pulu verib tərs-tərs mənə baxdı.

Mağazadan çıxıb bir xeyli kitablardan, şairlərdən söhbət etdik. O, Bəxtiyar Vahabzadədən, onun “Ana dili”, vətən haqqındakı şeirlərindən hərarətlə danışdı, hətta əzbər də söylədi. Çox təəssüf edirəm ki, indi o şeirləri dəqiq xatırlamıram. Çünki birinci dəfə idi ki, eşidirdim. Mən B. Vahabzadənin şeirlərini (əsasən məhəbbət şeirlərini) çox oxumuşdum.

Cəlalın vətənpərvərliyini onda hiss elədim və yalan nə deyim, xoşuma gəldi. O gündən sonra bir-birimizi tanımağa çalışdıq. Anasını, bacılarını, qardaşını çox sevirdi. Atasından ağızdolusu danışırdı, onunla fəxr edirdi. Onun ailəcanlılığı, anasına, qardaş və bacılarına olan sevgisi, diqqəti, qayğıkeşliyi mənim ona olan istəyimi daha da artırırdı. O, mənə qarşı da çox diqqətli idi.

Nəhayət, 1989-cu ilin oktyabrında evləndik. 1990-cı il yanvarın 3-də o, Tümenə iş yerinə getdi və bir də martın 7-də gəldi. 20 Yanvar hadisələrini eşidib o qədər pis olmuşdu ki, hətta bizə: “Bakıda olsaydım, indi o şəhidlərdən biri də mən idim!”– söylədi. Sözün düzü, onun burada olmadığına bir qədər sevindim.

Qətiyyətinə bələd idim. Çünki sözünü tutan idi. İşi ilə əlaqədar tez-tez Tümenə gedib-gəlirdi. Hər dəfə o gedəndə evdə səssizlikdən, gələndə isə səsdən qulaq tutulurdu, çox şən, deyib – gülən idi. Amma tez-tez bir ifadəni işlədirdi: “Qoy yeməyi Tahirə bişirsin, birdən ölüb – eləyərəm, heç olmasa, bişirdiyi yeməklərdən yeyim”.

Sanki cavan, vaxtsız öləcəyini hiss etmişdi. 1990-cı il avqustun 8-də Elçin balamız dünyaya gələndə burada yox idi. Avqustun 10-da gəldi. O qədər sevinirdi ki, elə bil həyatda yalnız onun oğlu olmuşdu.

Növbəti dəfə vətənə 1992-ci il fevralın 28-də gəldi. Xocalı faciəsini eşidib dəhşətə gəldi. Özünə gələ bilmirdi. Elə hey deyirdi: “Yox, dözə bilmirəm, belə olmaz. Mən gedəcəm”.

13 martda artıq əsgər paltarında gəldi. Gözlərimə inanmadım. Nə desəm də, xeyri olmadı. Çox qətiyyətli idi. “Mən getməyim, o getməsin, sən getmə – bəs onda, yaxşı, kim getsin?” – deyib etirazını bildirdi. Böyük türk şairi Nazim Hikmətin məşhur şeirindən də misal çəkdi:

Mən yanmasam,

Sən yanmasan,

Necə çıxar qaranlıqlar aydınlığa.

Sonra danışdı ki, güclə yazıldıq. Üç nəfər idik. Bizi könüllülər dəstəsinə yazdılar. Bizdən sonra heç kimi götürmədilər. Mart–aprel ayını Pirəküşküldə oldu. Mən onda Bakıda olduğum üçün tez-tez anamgilə gəlirdi. Hər dəfə onu fikrindən daşındırmaq istəyəndə imkan vermirdi. Elə sözlər deyib məni utandırırdı ki, etiraz edə bilmirdim. Deyirdi: “Axı sən ağıllı qızsan. Mən səni elə-belə sevməmişəm. Sən gərək özün məni qədim spartalı xanımlar kimi yola salasan. Oğlunu müharibəyə yola salan ana qalxanı ona uzadaraq deyirdi: “Qalxanla, ya da qalxan üstə”, yəni ya qalib ol və əlində qalxan qayıt, ya da döyüşdə həlak ol və səni qalxan üstündə gətirsinlər. Mən bilirəm. Hələ vaxt gələcək, bəlkə sən mənim haqqımda kitab da yazacaqsan”.

Aprelin 24-də ad günümdə mənə 26 ədəd ağappaq və 1 qırmızı qərənfil aldı. Bu onun mənə sonuncu hədiyyəsi oldu. May ayından Goranboy, Tərtər cəbhələrində vuruşurdu.

Bizə tezliklə şad xəbərlər alacağımızı deyirdi. Həqiqətən də, iyun ayında əsgərlərimiz xeyli ərazilərimizi azad etdilər. Bu döyüşlərdə Cəlalın da əməyi var idi.

İyulun 2-3-dəki döyüşlər zamanı ən yaxın dostu Həsənov Hafiz həlak oldu. Bu, Cəlala çox pis təsir etmişdi.

Avqustun 6-da gecə icazə alıb bir həftəlik kəndə gəldi. Həm Elçinin 2 yaşı tamam olurdu. (08. 08. 1992), həm də iyulun 24-də qızımız dünyaya gəlmişdi. Üzünü görməmişdi. Qızını qucağına götürüb: “Allah baba səni ataya göndərib?” – dedi. Adını “Xəyalə” qoydu.

Avqustun 14-də yenə cəbhəyə yola saldıq. Elçin atasının dalınca ağlayaraq ona tərəf qaçdı. Birtəhər sakitləşdirib əmigilə göndərdik. (Cəlalın əmisi Əlabbas müəllimgil qonşuluqda yaşayırdılar). Cəlal tini dönüb gözdən itəndə ürəyim sanki qopub yerə düşdü.

Bildim ki, bu mənim Cəlalı gördüyüm sonuncu gündür və elə də oldu. Sentyabrın 14-ə qədər, demək olar ki, hər gün zəng vururdu. Mütləq Elçinlə danışıb səsinə qulaq asırdı. Elçin yavaş –yavaş danışmağı öyrənirdi. “Ata, gəl! ” – deyib atasını çağırırdı.

Sonuncu zəngi sentyabrın 14-ü səhər saat 6:30-da oldu. Hamı ilə danışdı. Elçini soruşdu. Elçin hələ yuxulu idi deyə, onunla danışa bilmədi. (Elçinlə danışa bilməyəndə mütləq ikinci dəfə yenə zəng vururdu.)

Mənə sentyabrın 20-də gələcəyini dedi. Amma gəlib çıxmadı...

Mən indi hər an onun çox sevdiyi və sözləri sanki bizim üçün yazılmış “Durnalar qayıtdı” mahnısını ürəyimdə zümzümə edirəm:

Deyirdin baharda görüşərik biz,

Bahar gəldi-getdi, sən gəlməz oldun.

Daşlaramı dəydi, sındı əhdimiz,

Aylar gəldi-getdi, sən gəlməz oldun.

Dedin, durnalarla gələrəm mən də,

Durnalar qayıtdı, sən gəlməz oldun”.

P.S. Yazıda bəzi faktlar Rəna Mirzəliyevanın “Atam mənə oğul deyib” ktabından götürülüb.

# 2329 dəfə oxunub

Müəllifin son yazıları

# # #