Elmimizin internet biabırçılığı

Elmimizin internet biabırçılığı
4 sentyabr 2015
# 07:30

Bir neçə gündür ki, saytlarda məşhur rus riyaziyyatçı Grigoriy Perelmanın İsveçə köçdüyü barədə xəbərlər yer alıb.

Perelmanı tanımayanlar üçün qısa bilgi verim.

O, 1904-cü ildə fransız riyaziyyatçısı Anri Puankare tərəfindən ortaya atılan məşhur Puankare hipotezini isbatlayıb.

Onun bu teoremi isbatını elmi sıçrayış adlandırırlar.

Britaniyanın “The Daily Telegraph” qəzetinin “Yaşayan 100 dahi” siyahısında Perelmanın adı 9-cu yerdə gəlib.

Perelman həm də zahid həyat tərzi və imtinaları ilə tanınır. O, qapalı həyat sürür, mətbuatla ünsiyyət saxlamır.

Mətbuatın məlumatına görə, məşhur riyaziyyatçı anasının təqaüdü ilə dolanır.

O, Amerikanıın Clay İnstitutunun milyon dollarlıq mükafatından, Avropa riyaziyyat cəmiyyətinin təqaüdündən, Beynəlxalq Riyaziyyat Birliyinin Fields medalından, Rusiya Elmlər Akademiyasına üzv olmaq və s. təkliflərdən imtina edib.

Bir milyonluq mükafatı almamasının səbəbini bir cümlə ilə belə izah eləmişdi: “Ehtiyacım olan hər şeyim var”.

Daha sonra “Mən qərarı ədalətli saymıram. Düşünürəm ki, bu məsələnin həll edilməsində amerikalı riyaziyyatçı Hamiltonun (Riçard Hamiltonun bu məsələnin araşdırılmasında böyük rolu olsa da, onu inkişaf etdirərək nəticə alan Perelman olub – S.S.) əməyi məndən az olmayıb” açıqlamasını vermişdi.

Yazımda məqsəd uzun-uzadı Perelmanı anlatmaq deyil.

Niyyətim başqadır. Puankare fərziyyəsi və onun isbatının izahı haqda Azərbaycan dilində məlumat almaq üçün bütün interneti ələk-vələk elədim.

Fəqət nəsə tapmadım.

İnterneti dolaşa-dolaşa Azərbaycan Elmlər Akademiyasını saytına gəlib çıxdım.

Məlumat almaq ümidi ilə Riyaziyyat və Mexanika İnstitutunun imm.az saytının linkini vurdum.

Amma çifayda... Saytda institutun strukturu, rəhbərliyi, seminarların keçirilməsi və s. haqda üç dörd cümləlik məlumatlar yer alıb.

Bu sayt bur yana, bizim internetdə istənilən bir şey haqda ilkin məlumat almaq istədiyimiz sayt Vikipediyadadır. Vikipediyada Puankare fərziyyəsinin mahiyyəti haqda ətraflı məlumat əksər dillərdə var.

Elmdə sıçrayış sayılan Puankare fərziyyəsinin isbatı niyə Azərbaycan dilində olmamalıdır? Özü də internet əsrində.

Riyaziyyat spesifik dili olan elmdir. Bu sahədə olan hansısa kəşfləri, nəzəriyyələri bədii ədəbiyyat tərcüməçisi edə bilməz.

Bunu tərcümə etmək riyaziyyat elmini, bu sahədəki prosesləri izləyən mütəxəssislərin öhdəsinə düşür.

Əlbəttə ki, Mexanika və Riyaziyyat İnstitutundan ümumiyyətlə, Elmlər Akademiyasından Perelman kimi alimlərin yetişməsini gözləmirik. Onsuz da Perelman istisnadır.

Heç Akademiyadan elmə böyük töhfələrlə bağlı gözləntilərimiz də yoxdur.

Amma bütün dünyada səs salmış bir alimin əməyini heç olmasa məlumat səviyyəsində çevirib internetdə yerləşdirmək olardı axı.

Yeri gəlmişkən, Puankare hipotezi uzun illər həlli tapılmayan yeddi riyazi problemdən biri idi. Həmin problemlər həm də “Minilliyin məsələləri” adlanır.

Həll olunmamış qalan digər altı problem aşağıdakılardır:

- P və NP siniflərinin bərabərliyi

- Xoca hipotezi

- Riman hipotezi

- Yanq-Mills nəzəriyyəsi

- Navye-Stoks bərbərliyinin mövcudluğu və rahat həlli

- Berç və Svinnerton-dayer hipotezi

Adını çəkdiyim problemlər haqda yenə Vikipediyada çox dildə məlumat var. Ayrıca müxtəlif dillərdə Google-da axtarış verilsə, çoxlu əlavə məlumat da tapmaq olar.

Bəlkə də Elmlər Akademiyasından belə sadə şeylərlə bağlı nəsə gözləmək absurddur. Əgər Akdemiyanın əməkdaşı, fəlsəfə doktoru Atəş Əhmədli üçün dünya filosoflarının çox ciddi problemləri araşdırdığı bir zamanda əsas məsələ Novruz bayramında qapılara papağın yox, qurşağın atılması kimi əhəmiyyətsiz bir nəsnədirsə, onda niyə Mexanika və Riyaziyyat İnstitutu özünə əziyyət verib təmənnasız olaraq elmi məlumatları internetdə yerləşdirsin ki...

# 4266 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #