Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsinə çəkilən film – “HƏMYERLİ”

Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsinə çəkilən film – <span style="color:red;">“HƏMYERLİ”
3 iyun 2017
# 10:00

Kulis. az “Naməlum kino” layihəsində Valeri Kərimovun 1989-cu ildə çəkdiyi “Həmyerli” filmini təqdim edir.

Süjet: Samir (Şahin Əliyev) kənddən Bakıya gəlir. Özü ilə satmaq üçün mer-meyvə də gətirir. Bazara həmkəndlilərinin yanına gəlir. Burda işləyən həmyerlisi Əjdərdən (Tofiq Qarayev) ona kömək eləməsini istəyir. Əjdər onu qaldığı kirayə evə aparır. Onun gətirdiyi meyvələri isə bazarda satır. Samir səhər yuxudan oyananda Əjdəri evdə tapa bilmir. Bazara gedir, dost tanışdan soraqlayır. O, güman edir ki, Əjdər onun pulunu oğurlayaraq aradan çıxıb. Çünki Əjdər vaxtilə kənddə işlədiyi dövlət idarəsindən beş min manatı oğurlayıb şəhərə qaçmışdı.

Samir Əjdəri kafelərdən birində tapır. Onu pulunu oğurlamaqda, vicdansızlıqda suçlayır, pullarını qaytarmasını tələb edir və bu pullarla Leninqrada gedəcəyini deyir. Əjdər ondan xahiş edir ki, kəndə qayıtsın. O, kənddən niyə getməsinin əsl səbəbini Samirə deyir və onun kəndi tərk etməməsi üçün çalışır. Sonda Samir kəndə qayıdır. Bələdçi Samirə pul dolu bağlama uzadır və onun Əjdərin verdiyini deyir...

“Həmyerli” Əkrəm Əylislinin məşhur “Ürək yaman şeydir” hekayəsinin əsasında çəkilib.

Ümumiyyətlə, Əkrəm Əylislinin əsərlərində insanın ekzistensial böhranı əsas motivlərdən biridir. Yazıçı ustalıqla sosial problemləri, ictimai-mədəni mühiti, ailədə yaşanan hansısa problemi ekzistensial böhranın fonunda verir. Başqa sözlə desək, sadaladıqlarım müəllifin əsərlərindən detal kimi keçir, eyni zamanda əhvalatda atmosfer bu cür xırda detallardan hörülərək bütövləşir və qəhrəmanın düşdüyü mühiti açmaq rolunu oynayır.

Rejissor da əsəri ekranlaşdırarkən hekayənin ruhunu qorumağa çalışıb.

İlk epizodda quş uçuşundan çəkilmiş ümumi planda vağzalda tələsən insan axını görünür. Kamera ara-sıra onların arasından satmağa nəsə aparan ayrı-ayrı fərdlərə fokuslanır. Ümumi plandakı insan seli görüntüsü nəsə bir fanilik ovqatı yaradır. Həm fanilik, həm konkret adamların seçilməsiylə rejissor filmin ovqatını müəyyənləşdirir, onun ideyasına, qoyulacaq problemlərə uğurlu giriş eləyir.

Müəllif bizə iki fərqli Bakını göstərir. Hündür, müasir, rahat binaları, geniş, təmiz küçələri olan Bakı və pinti estetikada salınmış-səliqəsiz, uçuq sökük, kasıb daxmaları, dar, palçıqlı küçələri olan kriminal Bakını. Əjdər məhz belə bir yerdə yaşayır.

Seçilən pinti estetikalı məkan fakturası, çıxışı olmayan küçələr, Əjdərin yaşadığı yoxsul, cansıxıcı ev, adda-budda səpələnmiş köhnə məişət əşyaları qəhrəmanın iç dünyasının ifadəsidir.

Əvvəldə personajlar arasında gedən dialoqdan tamaşaçıya elə gəlir ki, Əjdərin kənddən getməsi sosial şəraitsizliyin, infrastruktur problemlərinin mövcudluğu ilə bağlıdır. Samir də kənddən sıxıldığını orda şəraitin olmamasına bağlayır və buna görə Leninqrada getmək arzusunda olduğunu deyir. Sosial şərait sadəcə üzdə ola problemdir. Çünki Əjdərin problemi daha dərindədir. O, sevdiyi qızın atasını xilas eləmək üçün işlədiyi yerdən pul oğurlayır. Pulu dövlət malını yeməkdə ittiham olunan qızın atasına verib, onun kəsirlərini ört-basdır eləyir. Özü isə qaçaq düşərək Bakıya sığınır. Sevdiyi qızı atası başqasına ərə verir, anası oğlunun xiffətindən ölür. Həqiqət isə çox az adama bəllidir. Uğradığı xəyanət, sevgi naminə elədiyi oğurluq və bu səbəblərdən kəndə qayıda bilməməsi onun ekzistensial tənhalığına yol açır. Müəllif onun doğma yerlərə həsrətini ucuz, bayağı yurd həsrətinə çevirmir. Üstəlik, söhbət fərdin hansısa konkret məkana bağlılığından yox, doğma bir bağı itirməsi səbəbindən özü ilə ünsiyyətinin qırılmasından, hər şeydən əvvəl özünə yadlaşmasından gedir.

Kənddə daxili rahatlığını, sakitliyini qoyub gələn Əjdər böyük şəhərdə mənən ölür, həyatının mənasını itirir. Ona görə Samirə “Kənddə Əjdər ölüb deyərsən” deyir.

O, Samirin də nə vaxtsa bu ağırını yaşayacağını arzulamadığı üçün onu edəcəyi səhvlərdən uzaqlaşdırmağa çalışır.

Filmdə Rembrandtın məşhur “Azmış oğulun qayıtması” tablosu sitat-kadrı Əjdərin taleyinə adekvatdır.

“Debüt” studiyasında istehsal olunan filmin ssenari müəllifi Əkrəm Əylisli, operatoru Yuri Varnovski, bəstəkarı Rauf Əliyevdir.

# 3164 dəfə oxunub

Müəllifin son yazıları

# # #