Dəmiryolunda işləyib Hollivud arzulayan aktyorlarımız haqqında kədərli FİLM

Dəmiryolunda işləyib Hollivud arzulayan aktyorlarımız haqqında kədərli <span style="color:red;">FİLM
28 yanvar 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Əli İsa Cabbarovun 2004-cü ildə çəkdiyi “Əyalət teatrının tarixçəsi” sənədli filmini təqdim edir.

Film Lənkəran teatrından, rejissorun, rəssamın, aktyorların gündəlik həyatından, məişətindən, sənətə münasibətindən bəhs edir. Rejissor Lənkəran teatrının nümunəsində ölkənin digər bölgələrini teatrlarının modelini ümumiləşdirir.

“Azərbaycantelefilm”in istehsalı olan “Əyalət teatrının tarixçəsi” simvolik başlanır.

Yağış yağır, dağılmış divarın, yararsız əşyaların fonunda tökülmüş, astarı üzünə çıxmış teatr kreslosu qoyulub. Hərçənd, yoxsul teatr estetikasını xatırladan mizan - yəni son dərəcə realistik fonda soyuqdan “üşüyən”, lazımsızlıq hissi aşılayan köhnə kreslo, naturadakı yağış səsi, təbiilik, gerçəklik bu kadrı şərtilikdən, ənənəvi simvol olmaqdan qurtarır.

Beləliklə də ilk dəqiqələrə müəllif sənədli filminin ideyasını, problematikasını elan eləyir.

Film bizi teatrın, özəl həyatlarının ağırlığını, çətinliyini çiyinlərində ləyaqətlə daşıya bilən yaradıcı adamlarla tanış edir.

Öncə onu deyim ki, kiçik şəhərlərdə yaşayan aktyorlarla ünsiyyətdə olduğumdan azdan-çoxdan onlara bələdəm.

Bu filmi izləyəndən sonra əminliklə deyirəm ki, əyalət aktyorları paytaxtda yaşayan, didişən, sənətdən çox ad, şöhrət üçün çarpışan, normal bir cümləni düzüb-qoşa bilməyən, müsahibə verəndə belə oynayan məşhur həmkarlarından fərqli olaraq, çox daha içdən, səmimidirlər, həyat fəlsəfələri dərindir, sənətə münasibətdə təmənnasızdırlar, teatr onların gerçək yaşam tərzidir, həyata tutunmaq üçün vacib ideyadır.

Qəhrəmanlardan biri aktyor Sücəddin Mirzəyev zamanın tələbləriylə ayaqlaşmaqdan ötrü dəmiryolunda işləyir. O, ikinci iş yerində balaca vaqonlardan birində belə yaradıcı mikromühit düzəldir, divarlardan aktyorların fotosu, rəsm əsərləri boylanır.

Onun kadrarxası mətndə səsləndirdiyi - filmlərdə oynamaq, məşhur olmaq kimi arzuları ilə yaşadığı gerçəklik (kasıb süfrə, müxtəlif məişət əşyaları, yoxsul vaqon interyeri) arasında təzad təsvirdə uğurlu həll olunub.

Həm neorealist, həm poetik üslubda işlənən filmin digər qəhrəmanı aktrisa Şahrud Mehdiyeva onun Sofi Lorenə bənzədilməsindən gizli qürur duysa da, ancaq özü kimi olmağa iddialıdır. Amma doğrudan da aktrisa fakturaca Sofi Lorenə bənzəyir. Onun tənhalığını bölüşdüyü tək şey səhnədir. Problemlərindən dolayı teatrı tərk eləməyi, hətta intihar haqda düşündüyünü deyən aktrisanı son anda həyata yenə teatr bağlayır.

Müəllif qəhrəmanların teatrdan kənarda məişətini lentə köçürür, amma bununla belə onlar məişət həyatında belə teatrdan kənarda deyillər. Teatr onları həyatla bağlantısını quran ən güclü qırılmaz teldir.

Adil Zeynalov evlərdə işləyir, suvaq vurur, toylara gedir, amma onun da tək nəfəsliyi teatrdır. Fərqli işdə işləməklə o, teatrı yaşadır. Çünki teatr onların ruhunu yaşada bilən tək vasitədir. A.Zeynalov ikili həyatdan baş çıxara bildiklərinə görə intihar eləmədiklərini deyir.

A.Zeynalov danışanda kamera onun fonunda uzaqdan başqa bir aktyora - Eynəli Nurllayevə fokuslanır. Hekayənin növbəti qəhrəmanı E.Nurullayev balıqçılığa uşaqlıqdan hobbi kimi baxıb, indi isə bu hobbi onun üçün maddi gəlir yeridir: “Amma biz teatrda bir-birimizi başa düşürük. Bilirsən ki, varsan, mövcudsan”.

Niftulla Əsgərovun məişətinə isə daha çox pəncərə çərçivəsindən baxırıq. Pəncərənin ortasına vurulmuş taxta kadrı iki hissəyə ayırır. Sol tərəfdə bayırda görünən qəhrəman, içəridə isə sağda ona tamaşa edən balaca uşaq təsviri ilə ustalıqla ikili ekspozisiya yaranır. N.Əsgərov deyir ki, Lənkəran onun üçün dünyanın mərkəzidir, buranı həm Moskva, həm Bakı, həm Nyu-York kimi görür.

Səhnələrdən birində aktyorlar özlərinə ironiya edirlər: “eksperiment edələr ki, bu maaşla niyə ölmürlər”. Hamı gülüşür, sonra gülüşmə onların ovqatını (kədərli, fikirli, təmkinli) fiksə edən qısa planlarla əvəzlənir.

Teatrın rejissoru Baba Rzayevin dediyinə görə, 1850-ci ildə Qriboyedovun “Ağıldan bəla” əsəri o vaxt Peterburqda, Moskvada təhsil almış ziyalılar tərəfindən tamaşa qoyulur. O, müəllimi Ağəli Dadaşovun maraqlı bir xatirəsini də paylaşır. 1920-30-cu illərdə Bakda teatrlar maliyyə cəhətdən tənəzzülə uğrayanda onlar bir həftəlik gəmi ilə Lənkəranda qalaraq tamaşalar göstərərmiş, çünki adamlar teatra gəlirdi.

“Əyalət teatrının tarixçəsi” ümumən, sərgini xatırladır: müxtəlif insan taleləri ayrı-ayrı detallarda ön plana çıxır.

Filmin operatoru Adil Abbasov, ssenarist bu yaxında rəhmətə getmiş şair-dramaturq Camal Yusifzadədir. Aktyorlardan biri Eynəli Nurullayev 2014-cü ildə vəfat edib. Teatrın rejissoru Baba Rzayev də həmin il dünyasını dəyişib. O, 1980-ci ildə Moskvada keçirilmiş kütləvi tamaşaların Ümumittifaq festivalının qalibi olub.

# 1573 dəfə oxunub

Müəllifin son yazıları

# # #