Əsirlikdə damarına kerosin vurulsa da “Qarabağ Ermənistanındır” deməyən azərbaycanlı

Əsirlikdə damarına kerosin vurulsa da “Qarabağ Ermənistanındır” deməyən azərbaycanlı
18 may 2018
# 15:30

Sevda Sultanova

Bu görüşün üstündən on beş il keçib...

Zoya xanım və Ərşad müəllim əlləri qoynunda məni yola salırdılar. Qapıdan çıxanda Zoya xanıma döndüm:

- İlqarla bağlı ən çox nəyi xatırlayırsız?

Qadıncığazın mavi gözləri yenə doldu. Gözləri dar dəhlizdə istinad nöqtəsi axtarmağa başladı:

- Qızılgülləri...onun bağımızda öz əlləriylə əkdiyi qızılgülləri unuda bilmirəm. Yuxuda da onları görürəm.

Yanaqları islanır, əmindim ki, Zoya xanım o anda İlqarın bağda qızılgül əkdiyini görür.

Ötən əsrin 60-cı illərində Vyetnam müharibəsinin əleyhinə çıxan hippilər gülü müharibəyə qarşı qoyurdular, silahlara sancırdılar. İlqar sülh adamıydı. Fiziki cəhətdən güclü olsa da dalaşmağı sevməzdi, münaqişəyə yalnız son həddə gedərdi.

Müharibə başlayanda tək oğulları döyüşə çağırmırdılar. İlqar da evin tək oğluydi. Ancaq Cəbrayılın müdafiəsi üçün “Ziyalı” batalyonu yaradılanda inadkarlıq göstərib ora daxil olmuşdu...

***

Müharibə başlanandan ailəsini unutmusdu. Doğmaları ona problemlərini danışanda reaksiyası kəskin olurdu: “Başqalarından artıq deyilsiz”.

1993–cü ilin avqustunda Cəbrayıl işğalla üz-üzə, köməksiz qalmışdı. Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəsi olan İlqar vəzifəli şəxslərdən fərqli olaraq rayonu tərk eləmədi. Əksinə, çaşqınlıq içində olan şəhər əhalisinin təhlükəsizliyini üzərinə götürdü. Halbuki başqa məsul şəxslər kimi onun da rayonu tərk etmək imkanı vardı. Ancaq İlqar Cəbrayıla çox bağlıydı, nə olursa-olsun tərk edilmiş şəhəri tək qoymaq istəmirdi.

Valideynləri Sumqayıtda aldıqları mənzil haqda deyəndə də qəzəblənmişdi: “Nə ev, biz mütləq Cəbrayıla qayıdacağıq”.

Rayon işğal ərəfəsində olanda atasını inandırmışdı ki, tezliklə o da şəhərdən çıxacaq. Ancaq yalan demişdi.

Şəhər mühasirədə olanda şəxsi maşınıyla çoxlarını xilas etdi. Növbəti dəfə şəhərə qayıdanda əsir götürüldü... Cəbrayıl işğal olundu, amma İlqarı zərrə qədər işğal edə bilmədilər. Üç il davam edən əsirlik inadkar, ötkəm İlqar üçün taleyin ən ağır, ən məsuliyyyətli imtahanı oldu.

Üç il sonra Qırmızı Xaç Komitəsinin xəttiylə azad olunan İlqar əsir düşdüyü gün haqda danışacaqdı: “Maşını saxlayıb düşəndə ermənilər əvvəl məni, sonra isə Yusif həkimi (Yusif Şəfiyev) əsir götürdülər. Yaxınlıqdakı yarımçıq tiklimiş binaya bizim bayrağımız sancılmışdı. Ermənilər bizi məcbur etdilər ki, həmin bayrağa tüpürək. Mən bayrağa yaxınlaşdım, elə bildilər ki, tüpürəcəyəm”.

İlqar azca əyilib bayrağın ucunu götürdü, dodaqlarına yapşdırıb gözlərinin üstünə qoydu. Sonra qamətini düzəltdi, geri çevrilərək xüsusi baxışla Cəbrayıla nəzər saldı və dərindən nəfəs aldı. Bundan sonra İlqarı ermənilər ölümcül hala saldılar: “Yuz faiz bilirdim ki, ermənilər məni güllələcəyəklər. Ona görə fikirləşirdim ki, qoy sonuncu dəfə Cəbrayıla baxım”.

***

İlqarın belə davranışı yalnız vətənə sevgisindən qaynaqlanmırdı. O, ümumiyyətlə, uduzmağı bacarmırdı. Bu keyfiyyət onda uşaqlıqdan vardı. Futbolu, tennisi, voleybolu əla oynayan İlqar oyunlarda uduzmağıyla barışa bilmirdi. Bacısı danışırdı ki, şahmatda onu udanda dəliyə dönürdü: “Məni məcbur edirdi ki, bir də oynayaq, udmamış əl çəkmirdi”. Uduzanda dözümsüz olurdu. Hətta o həddə qədər ki, hirsini bəzən sındırdığı əşyalardan çıxırdı. Bəlkə də İlqarın zəifliyi idi. Amma uduzmağı bacarmamaq, inadkarlıq, riski nəzərə almadan məqsədinə doğru getmək onun xarakterini foirmalaşdırırdı. Və İlqar həyatda da uduzmağı bacarmadı...

Onun oxuduğu sinif, Qorki adına məktəbdə ən güclüsü sayılırdı və təbii ki, güclülər arasında birinci olmaq asan deyildi. Ancaq lider olmağı İlqar bacarırdı və onunla hesablaşırdılar. O, yaraşığı, xarakteri, davranışıyla seçilirdi.

Anası Zoya xanım sərt təbiətli, ciddi müəlliməydi, şagirdləri ondan çəkinərdilər. O, İlqara da dərs deyirdi. Dərsə geçikməsinə, dəcəlliyinə görə onu sərt cəzalandırırdı:

- İlqarın həddi nəydi ki, üzümə ağ olsun.

Hərçənd, İlqara çəkdiyi şillələrə görə özünü bağışlaya bilmir: “Onu vuranda kaş əlim quruyaydı”.

Cəbrayılda tanış bilişləri Mehdiyevlər ailəsini zarafatla “alman ailəsi” adlandırırdı. Çünki bütün ailə sübh tezdən iş başında olurdu. İri meyvə bağları, güllü-çiçəkli həyətləri vardı.

Məktəbi qurtaranda İlqar birinci il instituta daxil ola bilmir. Tanışlıqla düzəltmək istəyəndə imtina eləyir. O, hər şeyi özü əldə etmək istəyirdi...

Dostlarına həddən çox bağlıydı. Hətta bir dəfə qışda səhərədək bir dostunun evinin damını təkbaşına vurmuşdu. Olurdu ki, təkbaşına məktəbi, idman zalını təmir edərdi.

***

İlqarın əsirlikdəki davranışı emosional ovqat, ifadə edə bilmədiyim möhtəşəm, heyrətamiz duyğular doğurur.

Əsir yoldaşlarına nikbinlik aşılayardı, onların ağrılarını unutdurmaq üçün lətifə danışardı. Bəzən ermənilərlə ideoloji mübahisə aparırdı, onların gəlmə olduqlarını sübut etdiyindən daha ağır işgəncələrə məruz qalırdı. Hamıdan çox döyülən də, işgəncə görən də o idi.

İlqarı ram etmək mümkün deyildi. Erməniləri ən çox qəzəbləndirən də İlqarı məğlub edə bilməmələriydi. Ona görə İlqarı uzun müddət başqa əsirlərdən təcrid edib ayrı saxlamışdılar, dəhşətli zülm vermiş və əsirlərə onu güllələdiklərini demişdilər. Əsir düşəndən sonra beynəlxalq təşkilatların qeydiyyatına salındığına görə onu güllələməyən ermənilər bilirdilər ki, damarlarına gerosin, zəhərli maddələr yeritdikləri, onurğa sümüyünü sındırdıqları İlqar onsuz da çox yaşamayacaq.

İşgəncələr İlqarın üz-gözünü də, görkəmini də dəyişdi, amma mahiyyətini dəyişmədi, onu sındırıb özgələşdirmək, insanlıqdan çıxarmaq mümkün olmadı. Bəlkə ona görə ki, İlqar həddən artıq insan idi...

Bədənini başqa əsirlərin yerinə təpiklərin altına da verirdi, işin ağırını da özü görürdü, bütün ağrları tək daşımaq istəyirdi. Əsir yoldaşlarının bacarmadığı işləri özü görürdü ki, kimsə döyülməsin. Natiq Namazov danışırdı ki, İlqarın sənətkarlığı bəzən özünü da, bizi də xilas edirdi. Hətta bəzən buna görə bir növ ona güzəştə gedirdilər. Şüşə kəsməkdən tutmuş plintus düzməyə qədər hər işi bacarırdı. Nə eləsə zərgər dəqiqliyi ilə edirdi. Hətta evində işlədiyi bir erməni zabitinin anasında İlqar elə simpatiya doğurmuşdu, oğlundan xahiş eləmişdi ki, onu geri verilməsi üçün köməklik etsin.

...Bir dəfə əsirlərə kəndlərimizdən birindəki evləri boşaldıb, sökmək əmr olunur. Göstəriş əsir Azər Məmmədova pis təsir edir. Fikirləşir ki, öldürsələr də, daha nəsə etməyəcək. Onda ermənilər onu huşunu itirənədək döyür. Ayılanda deyirlər ki, huşunu itirəndə ermənilərdən biri onu güllələmək istəyibmiş, İlqar özünü onun üstünə ataraq öldürməyə qoymayıb: “Özünə gəlsin, onu işlədərik”.

***

Əsirlər nələrdəsə, hansısa məqamlarda güzəştə getməyə məcbur idi, amma İlqar başqa cür olmağı bacarmırdı.

Baxmayaraq ki, kompromissiz idi, geriyə çəkilmirdi, ancaq o qədər alicənab adam idi, zəif, iradəli adamları qınamırdı. Başa düşürdü ki, hamı eyni biçimdə, iradədə ola bilməz. Bu mənada İlqarın hekayəsində bir detal özəlliklə məni heyrətləndirir. Füzulinin Veysəlli kəndindən olan İlham Qurbanov ermənilərə satılmışdı, sonralar ölkəyə qaytarıldı və vətənə xəyanətə görə haqqında cinayət işi qaldırıldı. İlham bizim əsirlərlə amansız rəftar eləmişdi, Azər Məmmədova işgəncələr vermişdi, əsirlərə onun kimi hərəkət etməyi məsləhət görəndə İlqar dözməmişdi: “Sən dediyin formada yaşamaq bizə lazım deyil. Biqeyrət olub keflə yaşamqdansa şərəflə ölmək yaxşıdır”, sonra da üzünə tüpürmüşdü. Onda ermənilər İlqarı huşu itirənədək döymüşdülər.

Düşmən əhatəsində ikən İlhama qəzəbli davranan İlqar əsirlikdən qayıdandan sonra deyirdi ki, neyləsin, onun iradəsi çatmadı. İlhamla bağlı prokurorluğa çağrılanda da utana-utana getmişdi. Onun alicənablığı, nəcbliyi adamı sarsıdır. O, insanların gücsüzlüyünə, acizliyinə baxa bilmirdi. Və İlhamı yazıq görmək ona ağır gəlirdi. Bu yəqin ki, adamları azad, ləyaqətli görmək istəyən, amma həlledici anlarda onu görə bilməyən nəcib insanın utanc hissiydi.

***

Bir dəfə İlqarın barakda uzanıb ağrılardan əzab çəkdiyini görən Azər elə qəhərlənir, bezir ki, özünü öldürmək istəyir, və birdən İlqarın sözlərini xatırlayır: “Ölmək hələ tezdir Azər, biz ölümün özünə də qalib gəlib, düşməni heyrətə salmalıyıq”.

İntihar etmək istəyən əsirləri o dəfələrlə fikrindən daşındırmışdı.

İlqarı geri qaytarmaq üçün ermənilər onun qarşısına şərt qoymuşdular ki, rəsmi olaraq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu desin. İlqar vəzifəli şəxs olduğundan onun bunu deməsi önəmliydi. Təbii ki, imtina edir...

Görəsən insan hansı həddə qədər dözə bilər? İşgəncələrə tab gətirən İlqarın dözümünün sərhədi vardımı? Hər halda dəqiq bilirəm ki, İlqar vətən anlayışının yadlaşdığı bu məmləkətdə kiminsə “sağ ol”u üçün dözməmişdi. İlqar ən ağır şərtlərdə belə özünə xəyanət etməyi bacarmırdı. Özünə xəyanət etməyən kəsin isə vətənə, dostuna xəyant etməsi mümkün deyil.

***

Mixail Oginskinin “Vətənlə vidalaşma” əsərini çox sevirəm. Bu, mühacirətdə yaşamağa məcbur olan bəstəkarın vətənə həsr elədiyi ayrılıq himni deyil. Ayrılıq odur ki, sənin vətənə deyilən sözün, bağlılığın olmasın. İlqar vətənlə heç vaxt ayrılıqda olmadı. O, inanırdı ki, Cəbrayılı azad etmək üçün partizan müharibəsi başlayacaq, dostlarının qisasını alacaq. Mürvət adlı əsiri güllələyəndə İlqar onu vuran erməninin üzünü yadında saxlamışdı. Deyirdi ki, ondan qisasımı almasam, qəbirdə də olsa dincəlmərəm.

***

İlqar mavi gözlüydü. Bu bioloji xüsusiyyət ona milliyyətcə rus olan anası Zoya Pankovadan keçmişdi. Zoya xanımın valideynləri ötən əsrin əvvələrində Volqaboyundan köçüblərmiş.

İlqarın ata tərəfindən 7 nəfər 1930-cu illərdə repressiya qurbanı olmuşdu. Ata babasının ömrünə də zindanda son qoyulmuşdu.

Onu qəhrəman adlandıranda təəcüblənirdi: ”Axı mən başqa cür hərəkət edə bilməzdim”. Qəzetlərin ondan yazmasını da istəmirdi.

Bir də istəmirdi ki, onu yataqda xəstə görsünlər. Əsirlikdən qayıdandan sonra canındakı ağrıları gizlədi, bir dəfə də olsun dilinə gətirmədi, gülümsəyərək ört-basdır etdi. Ondan əsirlikdə başına gətirilənləri danışmağı xahiş edəndə “sonra danışaram” demişdi. Son nəfəsədək doğmalarını inandırırdı ki, yaşayacaq. Bəlkə də bu bütöv adamın bütöv olmayan ölkədə bütövləşməyi bacarmayanlar arasında çox yaşaması mümkün olmazdı.

***

İlqar xatirə deyil. İlqar dünən, bu gün və sabahdır.

İlqarın həyatı dramatik filmə bənzəyir. Bu filmdə pauza yoxdur. Bu filmdə nəfəsdərmələr, pərdələr yoxdur. Bu filmdə ancaq kulminasiyalar, gərgin dramatik vəziyyətlər var. Bu filmdə ölçülüb biçilmiş nəsə yoxdur. Bu filmdə ancaq təhlükəli improvizələr var. Bu filmin ssenaristi də, rejissoru da, qəhrəmanı da İlqardır.

...İtirilmiş torpaqlar məni bu müharibənin qəhrəmanları qədər həyəcanlandırmır. Çünki vətənlə bağlı dəyərlər sistemini yaradan da, qisasçılıq hissini ölməyə qoymayan da məhz onlardır. İlqar Mehdiyev vətən adlı dəyəri yaradandır...

# 3899 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #