Kulis.az “Əsl kino” layihəsində gürcü rejissoru Otar İoselianinin “Bazar ertəsinin səhəri” (2002) və amerikalı Tom Diçillonun “Başdanxarab” (2006) filmlərini təqdim edir.
Otar İoseliani 1984-cü ildən Fransada yaşayır. Müsahibələrindən birində isə 2006-cı ildə Gürcüstana köçdüyünü desə də filmlərini Fransada çəkir.
Rejissor Kann, Berlin, Venesiya festivallarının mükafatçısıdır. Fransa və İtaliya istehsalı olan “Bazar ertəsi səhər” filmi isə 2002-ci ildə Berlin festivalında “Ən yaxşı rejissor” işinə görə “Gümüş ayı” mükafatına layiq görülüb.
Süjet: Fransanın əyalətlərindən birində yaşayan Vensan (Jak Bidu) həyatın yeknəsəqliyindən yorulub. O, hər gün səhər tezdən işə gedir, gün batanda qayıdır. Oğullarının öz maraq dairəsi var, arvadının başı ev qayğılarına qarışıb. Qoca anası isə öz dünyasında yaşayır.
Vensan vaxtı olanda rəsmlər çəkir. Günlərin birində o, ailəsindən xəbərsiz Venesiyaya yola düşür...
İoseliani həyatımızın monotonluğu haqda poetik tragikomediya çəkib. Onun qəhrəmanı mənasızlıqda məna axtaran biridir.
Rejissor maraqlı obrazlar kaleydoskopu ilə həyatın eyniliyini, sıxıcılığını daha qabarıq göstərir: Qoca hər gün eyni marşrutla gəzintiyə çıxır. Poçtalyon başqalarının məktubunu oxuyur. Şorgöz keşiş qadın görəndə ağzı sulanır. Yazmağı bilməyən qaradərili fermer başqasına sevdiyi qadın üçün məktublar yazdırır. Uşaqlar darıxmamaq üçün cürbəcür oyunlar uydurur.
Müəllif amansız bir həqiqəti anladır. Bizə həmişə elə gəlir ki, xoşbəxtlik hardasa biz olmayan uzaqlıqdadır. Vensan da belə düşünür, ona görə də xoşbəxtliyinin axtarışına çıxır, amma Venesiyada da özünə yer tapa bilmir. Onun evinə dönməyi bir şeyi ifadə edir: hər yer eynidir, hər yerdə həyat sıxıcıdır, günlər bir-birinə bənzəyir.
Rejissor gündəlik məişətin yoruculuğunu təmkinlə, tələsmədən təsvir edir, darıxmağın, cansıxıcılığın tablosunu yaradır. Bu emosiyasız filmdə nəsə baş vermir.
Rejissor film haqda deyir: “Bu kədərli komediyada hər şey öz təcrübəmə əsaslanır. Film bu dünyada xoşuma gəlməyən şeylər haqdadır. İnsan ona görə doğulur ki, hər gün monoton işi görsün və bu mənasızlığa bütün həyatını xərcləsin. Bu fikir mənim üçün dözülməzdir”.
Yeri gəlmişkən, rejissor özü də filmdə oynayır. O, saxta aristokrat obrazını yaradıb.
***
“Başdanxarab” komediyasına görə amerikalı Tom Diçillo San-Sebastyan festivalnda “Gümüş balıqqulağı” mükafatını alıb.
Süjet: Gənc Tobi (Maykl Pitt) bomj həyatı sürür. Onun anası ilə münasibəti alınmadığından evdən gedib və küçələrdə yaşayır. Tobinin arzusu aktyor olmaqdır. O, küçədə veyllənəndə bir qrup paparazzi ilə rastlaşır. Onlar gənc müğənni Karmanı (Elison Loman) çəkmək üçün qapısı ağzında toplaşıblar. Şərait elə gətirir ki, Tobi paparazzilərdən birinə - Lesə (Stiv Buşemi) yardım etməli olur. Sonra onun evində gecələmək üçün icazə istəyir. Əsəbi, emosional Les Tobini özünə köməkçi götürür. Tobi ziyafətlərdən birində müğənni Karma ilə yaxından tanış olur və onların arasında eşq macərası başlayır. Les isə Tobinin şou dünyasına asanlıqla daxil olmasına qısqanclıqla yanaşır....
Film paparazzilər və şou-biznes dünyası haqda çəkilmiş ən yaxşı filmlərdən biridir. Müəllif paparazzilər ilə şou aləminin qarşılıqlı münasibətini, onların mətbəxini, görünməyən tərəfləri göstərir. Bu dünyanın psixoloji portretini təsvir edir. Özəlliklə də Lesi bu dünyanın ümumiləşmiş obrazı kimi təqdim eləyir. O, məşhurlaşmaq üçün hər cür murdarlığa əl atır. O qədər abırsızdır ki, xeyriyyə tədbirlərindən hədiyyələri də oğurlayır. Və müəllif paparazziliyi xəstəlik kimi yozur. Les inanır ki, o, ciddi sənətlə məşğuldur. Konservativ ata-anasının iyrənc işlə məşğul olduğunu deməsini isə heç cürə qəbul edə bilmir.
Bir realiti-şouda məşhurlaşan Tobi isə tədricən şou dünyasının çirkinliklərinə bulaşır. Final səhnəsində müsahibə verən Tobinin fonda dumana bənzər, gözləri qamaşdıran işığa bürünməsi onun gələcək taleyinin vizual ifadəsidir.
Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”
Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO
Sallaqxanada eşq macərası – “Əsl kino”
Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu
Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist
Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO
Bu film Kamyunun hekayəsi əsasında çəkilib
Çin rejiminə etiraz edən film - “O qız çinlidir”
Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”