Heykəltəraş xanımına göz dikən dramaturq – AZƏRBAYCAN FİLMİ

<b>Heykəltəraş xanımına göz dikən dramaturq – <span style="color:red;">AZƏRBAYCAN FİLMİ </b>
11 mart 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Davud İmanovun 1990-cı ildə çəkdiyi “Zirzəmi” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı Teymur (Fərman Şəkili) heykəltəraşdır. O, qızı Leyla (Fidan Nəsirqani) və arvadı Səbinə (Elina İsmayılova) ilə zirzəmidə yaşayır. Ailənin maddi çətinlikləri var. Həyat yoldaşı Səbinə ərini pul qazanmamaqda, tənbəllikdə, bütün günü evdə veyllənməkdə günahlandırır. Teymur pul qazanmaqdan ötrü çıraq düzəldir. İlk çıraqları yaxşı qiymətə alınır, o, qazandığı pula dostlarına ziyafət verir. Qazancını bir gündə xərcləyib bitirir. Amma sonrakı günlər onun çıraqlarını alan olmur. Çıraqlardan gəlir əldə etmədiyini görən Teymur xaos işində vurnuxur, nə edəcəyini, düşdüyü vəziyyətdən neçə çıxacağını bilmir. Dostu Zelik (Aleksandr Kşinovloqer) ona sifarişlə heykəllər düzəltməyi təklif eləyir. O, imkanlı adamların sifarişini yerinə yetirir, qarşılığında böyük məbləğdə pul alır, amma pul borclarına gedir. Arvadı onunla tez-tez mübahisə eləsə də, ərini tərk eləmək istəmir. Əksinə qadın onu motivasiya eləməyə çalışır. Amma Teymur xəyallarla yaşayır, tədricən uçuruma gedir.

Səbinə dostu Çingiz (Səfa Mirzəhəsənov) vasitəsilə yazıçı Ayazla (Rasim Balayev) tanış olur. Ayaz teatrlar üçün pyeslər yazır, uğurlu dramaturqdur, maddi imkanları yaxşıdır. O Səbinəyə onunla evlənməyi təklif eləyir. Səbinə onunla ara-sıra görüşsə də ərini ata bilmir. Nəticədə səbri tükənir, içkiyə qurşanmış Teymurdan ayrılır, qızıyla birlikdə Ayazın evinə daşınır.

Müəllif əhvalatı uşağın – Leylanın dilindən danışır. Amma bu fənd bizə ekranda nəql olunanı uşağın gözüylə baxmağa xidmət eləmir. Leylanın kadrarxası dedikləri personajların kimlikləri haqda informasiya verir sadəcə.

Müəllifin ekrana gətirdiyi problemlərin hər biri günümüzdə daha aktualdır. Nəinki hadisələrin təsvir olunduğu 1990-cı illərdə.

Cəmiyyətin mədəni sferasını təşkil edən adamların sosial qayğıları, gücsüzlüyü, ümidsizliyi, çıxış yolunu tapa bilməməyi, nəticədə içkiyə qurşanmağı, sənəti “xaltura”ya, sifarişə qurban verməyi, maddi çətinliklər üzündən ər- arvad münasibətlərindəki keyfiyyət dəyişikliyi, boşanmalar günümüzdə daha çox baş verir.

Çağdaş dövrümüzdə incəsənət adamının həqiqi sənət, yoxsa sənəti tamlıqla maddiyyata qurban vermək seçimi – olum, ya ölüm dilemmasına bənzəyir. Ortaq yol əlbəttə ki, həmişə var. Əsas məsələ yaşadığımız cəmiyyətdə bunun üçün fürsətlərin, imkanların olub-olmamasıdır.

“Zirzəmi” 1990-cı ildə çəkilib. Həmin dövrdə sistem, quruluş dəyişir, bəzi dəyərlər əhəmiyyətini itirir, bəzi dəyərlər isə yenidən, fərqli baxış bucağından qiymətləndirilirdi. Sovet dönəmində hər şey kimi sənətin də yüksək ideallar naminə mövcudluğu (hər halda təbliğatda, sözdə beləydi) vurğulanırdısa, quruluş dəyişikliyi prosesində başqa tələblər, şərtlər meydana çıxırdı. Rejissor da onu vurğulayır ki, sovet tərbiyəsi almış adamlar dəyişikliyi ağrılı keçirir, yerlərini tapa bilmir, əksinə mövqelərini itirir, onların yeni şəraitə uyğunlaşması asan deyil. Ona görə Teymur sifarişlə heykəllər düzəltdikcə özü də mənəvi aşınmaya məruz qalır.

Adətən bədii əsərlərimizdə maddi problemli ailənin qadını bəlli stereotiplərlə təqdim olunur. Yəni əri pul qazana bilməyəndə arvadı onu aşağılayır. Burda da qadın ərini qınayır. Bununla belə Səbinə sonadək onu dəstəkləyir, çıraqların satılması üçün çalışır, onu istedadlı olduğuna inandırır, ruh verir. Anasının (Elmira Şabanova) “boşan, imkanlı kişi ilə evlən” təkidlərinə baxmayaraq, yenə ərini, ailəsini seçir. Hərçənd, sonda ərinin içkiyə qurşanmasına, iradə zəifliyinə tab gətirə bilmir və onu tərk eləyir.

“Zirzəmi” ümumən ziyalı təbəqəsinin durumunun mənəvi-psxioloji tərəflərini verməyə çalışır.

Səbinənin dostu Çingiz şairdir, o, daha çox bu günlə yaşayır. Ayaz uğurlu dramaturqdur, o, yeni şərtlərə daha rahatlıqla uyğunlaşmış tipdir. Söhbətlərdə Bertoluççinin, O Henrinin adı keçir. Ziyalı məclisində bu söhbətlər orqanik görünür.

“Zirzəmi” sözünün özü birmənalı deyil. Bu, həm birbaşa məkan mənasında işlənir, ailə işıqlı, geniş mənzilə yerləşmək istəyir. Həm də personajların görünməyən tərəflərinə işarədir.

Azərbaycanfilm kinostudiyasında istehsal olunan filmin ssenari müəllifi Dinarə Seyidova, operatoru Ələkbər Muradov, bəstəkarı Xəyyam Mirzəzadədir.

Davud İmanov "Sumqayıtın Əks-Sədası" sənədli filminin rejissorudur. O, "Mir" Dövlətlərarası Televiziya Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru işləyib. 2002-ci ildə vəfat edib.

# 2121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #