Vaqif Mustafayevi Tiktok yumoru səviyyəsində yamsılayan Əlixan Rəcəbov

Əlixan Rəcəbov

Əlixan Rəcəbov

14 yanvar 2022
# 09:00

Lap təzəlikcə Yutub platformasında Əlixan Rəcəbovun növbəti “Sonuncu şam yeməyi” bədii filmi yayıldı. Ordan-burdan film haqda tərifləri duyandan sonra baxmağa qərar verdim. Əlixan, əzizim, sizi məyus etdiyim üçün türk qardaşlarımız demiş, çox üzgünəm, amma “Sonuncu şam yeməyi”nə yalnız 14-cü dəqiqəyə kimi baxmağı bacardım. Çünki rejissor işindəki estetik zövqsüzlüyə, savadsızlığa qatlanmağa səbrim çatmadı...

Sözügedən film haqda, istedadlı və intellektual bir sənət adamı (kinotənqidçi deyil-S.S) resenziya yazıb. Lakin Əlixan Rəcəbovun fanatlarının yazacağı təhqiramiz, aqressiv rəylərə dözümlülük göstərmək istəmədiyindən adının açıqlanmasını istəmir...

Öncə bu fanat məsələsi haqda bəzi fikirlərimi bölüşüm. Sosial şəbəkələrdə olmadığımdan, Əlixan bəyin fanatlarının, onların idolu haqda yazdığım tənqidi məqalələrə reaksiyalarından xəbərsizəm. Hərçənd, ara-sıra təsadüfdən təsadüfə dost-tanış yadına düşəndə fanatların tənqidlərimdən narazılığını, haqqımda təhqiramiz ifadələr işlətdiklərini deyirlər. Fanatların aqressiyasını, söyüşünü anlayışla qarşılayıram. Çünki Oskarla Kann arasında fərqi bilməyən, Əlixan Rəcəbovun çəkdiyi hər filmi “dünya səviyyəli” adlandıran, onun sanki kinoda nəsə yeni bir üslub, forma kəşf elədiyinə inanan adamlara qəzəbli olmaq haqqını özümə tanıya bilmirəm.

“Sonuncu şam yeməyi”nin 14-cü dəqiqəsinədək aldığım təəssürat isə budur. Film Vaqif Mustafayevin üslubunun, estetikasının son dərəcə pis, zövqsüz təkrarıdır. Ona görə pis və zövqsüzdür ki, müəllif Vaqif Mustafayev səhnələrini öz baxış bucağını, yeni intonasiya və formada təqdim etmədən köçürüb. Ona görə həmin səhnələr əhvalatın tərkib hissəsi yox, məhz Vaqif Mustafayevin epizodlarının surəti kimi görünür, misalçün, qadınların ağlaşma səhnəsi kimi. Üstəlik, ağlaşan qadınlar həddən çox qışqırıb-bağırmaqla əndazəni aşır, kameraya oynayırlar. Bir şeyi anlamaq lazımdır ki, kinoda qrotesklə, qara yumorla işləmək çox çətindir. Ona görə çətindir ki, bu zaman müəllif mübaliğənin, yumorun dramaturji, estetik əndazəsini, ölçüsünü riyazi dəqiqliklə müəyyənləşdirməlidir. Hətta Vaqif Mustafayevin yaradıcılığında belə bu problem var. Bu cümləni oxuyan bəzi kəslərin ağızlarını necə büzdüyünü görürəm. Əlbəttə, başa düşürəm ki, Vaqif Mustafayev milli kinomuz üçün dahidir. Lakin dünya kinosu müstəvisində sadəcə, yaxşıdır, hətta bir neçə pillə aşağıda da dayana bilər. Vaqif Mustafayev də əsərlərində qara yumora, absurda o qədər aludə olur ki, montajda bəzi gərəksiz hissələri kəsməyə əli gəlmir, yaxud təklif etdiyi situasiyanı, aktyor oyununu qroteskləşdirəndə lazım olduğundan da ifrata varır, təsvirin bayağı, saxta göründüyünün fərqində olmur. Necə ki,”Space” kalanlının rəhbəri olanda bütün etik-estetik ölçünü itirmişdi. Kulis-də rejissorun “Fransız” filmi haqda gedən məqaləmdə bu haqda yazdığımdan mövzu üzərində çox dayanmaq istəmirəm.

Ümumiyyətlə, indi müəlliflərin əksəri müasir komediyaların konsepsiyasını yanlış anlayaraq, onu zarafat səviyyəsində qəbul edirlər. Məqalələrimdə komediyalarımızın hələki dəyişməyən bu qüsurunu dəfələrlə vurğulamışam, eyni problem Əlixanın işlərində, həmçinin “Sonuncu şam yeməyi”ndə də var. Yumorun kinematoqrafik yox, məhz KVN sayağı standartlarda işlənməsi, onun vəziyyətin, hadisənin tələbindən yox, məhz tamaşaçını güldürmək istəyindən (”baxın, gülməli söz dedim, gülün” diktəsi alınır) yaranmasını nəzərdə tuturam. Yəni personajlar gülməli vəziyyətə təbii şəkildə gəlmirlər, rejissor onları güclə həmin vəziyyətin içinə soxur ki, tamaşaçını güldürsün.

Fikir daha aydın olsun deyə, adının açıqlanmasını istəməyən, məndən fərqli olaraq, filmə sonadək baxan naməlum müəllifin məqaləsindən vəziyyəti dəqiq analiz edən bir parçanı təqdim edirəm: “Əlixana xüsusi təşəkkür düşür. Azərbaycan kinosuna sübut elədi ki, biz hələ çoxdan Vaqif Mustafayev həddini keçməli olduğumuz halda, onu tiktok yumoru səviyyəsində başa düşür, o səviyyədə də yamsılayırıq. Məsələ onda deyil ki, Əlixanın yeni "Sonuncu şam yeməyi" Vaqif Mustafayev tərzinin təkrarıdır. Sirr deyil ki, Vaqif Mustafayev özü də gürcü rejissorlarından bəhrələnib. Baxın, sehrli söz - bəhrələnmək. Təkrar, surət çıxarma ayrı şeydi, bəhrələnmək ayrı. Bir var, təkhüceyrəli orqanizmin bölünərək izomorf çoxalması, bir də var onurğalı orqanizmlərin doğaraq, yumurta qoyaraq çoxalması. Birincidən yeni xarakterli orqanizm çıxmır, ikincidə isə bir orqanizmdən yeni orqanizm törəyir, fərqli DNK kombinasiyası meydana gəlir.

Vaqif Mustafayev yumorunun sosial və siyasi mənaları var. O, Brejnev dövrünün sonu, qeyri-müəyyənlik, siyasi boşluq, nəhəng məkanın dağılmasının start mərhələsində kinoya gəlmiş adamdır. Mustafayev dövrün ağırlığı ilə gəlib bu sənətə, həmişə də sosial-siyasi məsələlərə qarşı refleksi güclü olub. Onun yaşadığı ölkədəki, ittifaqdakı ciddi olaylara münasibəti Əlixandakı kimi havada qalmır. Nümunə:

Həkimin sualı:

- Kimin şikayəti var?

Taleh Yüzbəyovun qəhrəmanı:

- Mənim... qaz qalxıb, işıq bahalaşıb, qadına şiddət...

Əlixan Rəcəbovun qəhrəmanı:

- Atamın halı pisləşib...

Bu dialoq filmin ümumi məzmunu ilə bütövləşmir, ona xidmət eləmir.

Yaxud başqa misal:

Cənazə daşıyan maşının sürücüsü:

- Nəyindi?

Əlixan Rəcəbovun qəhrəmanı:

- Atam

Sürücü:

- Çoxdandı?

Əlixan Rəcəbovun qəhrəmanı:

- Otuz il olar.

Budur, Vaqif Mustafayev yumorunun səthi başa düşülməsi, elə o cür də təqdimatı.

Hər müəllif seçdiyi mədəniyyət arealına aiddir. Əslində “seçmək” sözü yalnış istifadə olunub. Müəllifin estetik tərbiyəsi uşaqlıqdan, yaxud gəncliyindən bu yöndə formalaşır (hələ rejissor olub-olmamağa qərar verməmişdən öncə). Yəni iradəsindən kənar. Sonra fərd sənətçi olur və o tərbiyəni, ənənəni özündə davam etdirir, yaradıcı kimliyini təbiətinə çevirir. "Sonuncu şam yeməyi" Əlixanın təbiəti deyil, filmə baxarkən bu, gün kimi aydın görünür. Qısa ifadə etsək, bu film Vaqif Mustafayev yumorunun ənənəvi KVN-tiktok yumoru səviyyəsində təqdimatıdır. Yağ bıçağını qılınc qınına soxmaq kimi gülməlidir. Lakin bu gülüşü filmin içindəkilər yox, müəllifin iddiası doğurur”.

Film çəkmək təbii ki, Əlixan Rəcəbovun təbii haqqıdır. Sadəcə, fanatları onun məhsullarını nüfuzlu festival, yüksək əsər səviyyəsinə qaldırdığından, biz tənqidlərimizlə Əlixan Rəcəbovu ayıq-sayıq saxlamağa, reallıq hissini itirməməsinə kömək etməyə çalışırıq. Ki, qaqaş, o səviyyə səndə hələ alınmır.

# 8125 dəfə oxunub

Müəllifin son yazıları

# # #