Hamıya bədbəxtlik gətirən qadın - “Baxılası 50 film”

Hamıya bədbəxtlik gətirən qadın - “Baxılası 50 film”
5 iyul 2014
# 07:30

Kulis.Az “Baxılası 50 film” layihəsində dünya kinosunun əhəmiyyətli nümayəndələrindən biri, kino tarixinə adını texniki, maraqlı, yeni təsvir həlləri, fərqli təhkiyəsi, kino dili ilə yazan amerikalı Orson Uellsin (1915-1985) “Şanxaylı ledi” filmini təqdim edir.

Amerikada doğulan Orson Uells 15 yaşından teatrda oynamağa başlayıb. Sonralar isə aktyor və rejissor kimi federal teatrda işləməyə başlayır. 1937-ci ildə prodüser Hausmanla birlikdə şəxsi teatrını yaradır.

Uells burda Şeksprin “Yuli Sezar” əsərinə o dövr üçün novator sayılacaq yeni yanaşma edir, müasir geyinmiş insanlar dekorasiyasız oynayır.

...1938-ci ildə rejissor Herbert Uellsin “Dünyaların savaşı” romanı əsasında hazırladığı radiotamaşa Nyu Cersi ştatının əhalisini təşvişə salır.

O, radiodakı konserti qəfil kəsir və təcili xəbər bülleteni yayımlanır.

Marsda qəribə işartılarln müşahidə olunması haqda məlumatın ardınca bir astronom-professor bu planetdə həyatın mövcudluğunu inkar edərək əhalini sakitləşdirir.

Konsert davam edir, amma az sonra yenidən xüsusi xəbər buraxılışı ilə kəsilir. Hadisə yerində metal silindirin yerə enməsindən həyəcanla danışan reportyor çığırır və onunla əlaqə kəsilir.

Sonra efirdə ölkənin rəsmi nümayəndələri danışaraq ştatda fövqəladə vəziyyətin elan olunduğunu deyir, marslıların zəhərli qazdan istifadə etdikləri barədə açıqlama yayırlar.

Və yalnız 40 dəqiqə sonra diktor hadisənin uydurma olduğunu açıqlayır.

Tamaşanın vurduğu mənəvi zərbəyə görə Uellesi məhkəməyə verənlər də tapıldı.

Hətta yaponların Perl Harbora hücum xəbəri veriləndə əhali bunun da növbəti tamaşa olduğunu sanmışdı.

1935-ci ildə o, “Zamanın ürəyi” adlı ilk həvəskar filmini çəkir.

Ona uğur gətirən film isə “Vətəndaş Keyn” (1941) olur.

25 yaşlı rejissorun filmi kommersiya baxımından uğurlu olmasa da, dünya kinosuna əhəmiyyətli təsir göstərdi.

Bütün dövrlərin ən yaxşı filmlərindən sayılan, Oskar alan “Vətəndaş Keyn”in əsas qəhrəmanı Çarlz Keyn gerçək sima-qəzet maqnatı Uilyam Herstin prototipidir.

Dərin fokuslu optikanın tətbiqi, hərəkətli kamera, müəmmalı təhkiyə, dəqiq oyun filmi kinonun ifadə vasitəsi etalonlarından birinə çevirdi.

Film fleşbeklər üzərində çəkilib. Və seyrçi jurnalist araşdırması fonunda maqnatın həyatı ilə tanış olur. Uells sənədli faktlardan istifadə edir.

Onun “Möhtəşəm Embersonlar” (1942) filmini prodüserlər qayçıladı. Atasından böyük miras alan Corc Embersondan bəhs edən film bir neçə nominasiyada Oskara təqdim edilsə də mükafat almadı.

“Maqbet” (1948) faciəsi daha çox teatr tamaşasına oxşayırdı, büdcə azlığı üzündən filmdə kartondan hazırlanmış dekorasiyalar istifadə olunurdu.

1952-ci ildə o, yenidən Şekspirın yaradıcılığına müraciət edərək “Otello”nu çəkir və Kannda Qran-Pri alır. Pyesə sərbəst yozum verən filmdə “Vətəndaş Keyn”də olduğu kimi qeyri-xətti süjet var. Dialoqlar birbaşa çəkiliş meydanında yazılıb. Tənqidçilərin kinematoqrafik eksperiment adlandırdığı film daha çox təsviri planda maraqlıdır: səhnələr arasındakı keçidlər, əla kamera rakursları, operator işi.

Maqnat Arkadindən bəhs edən “Cənab Arkadin” (1955) trillerində ekzotik məkanlar, bol, köhnə dəbli dekorasiyalar, personajların həyəcanını ifadə edən rakurslar, kölgə və işığın təzadlı effekti, fleşbek içində fleşbek var. Bəzi tənqidçilər filmi “Vətəndaş Keyn”ə şüurulu parodiya adlandırır.

Narkotik maddə ticarətçiləri ilə mübarizə aparan polisdən danışan “Şərin möhürü” (1958) son klassik nuar filmi sayılır.

Uells 1962-ci ildə Kafkanın “Proses” romanı əsasında çəkdiyi eyniadlı filmi özünün ən yaxşı işi adlandırıb. Avropada çəkilən filmi tənqidçilər səhnə qrafikinə görə yüksək qiymətləndiriblər.

Onun 1965-ci ildə ekranlaşdırdığı “Falstaf” dram komediyası Şekspirin bir neçə əsərinin motivi əsasında çəkilib və Kannda iki mükafat alıb.

Pesvdodokumental manerada çəkilən “F for Fake” (1975) film-essesi sürətli montajı, bədii və sənədli oyunbazlığı ilə orijinaldır.

Bu filmdə rejissor məşhur rəsm əsərlərinin surətini çəkən, macar əsilli rəssam Elmir de Hori haqda lentə alınan sənədli filmdən istifadə edib. Onu yenidən montaj edib, çox əhəmiyyətli stop kadr və mimik dialoqlardan istifadə olunub.

Uells burda montaj stolu arxasında oturaraq özü-özünü oynayıb. Açıq narrativ strukturu olan bu ekran işi özünəməxsus bədii və sənədli sintezə filmidir.

“ Mən sizə yalan, saxtalaşdırma, fırıldaqçılıq haqda film təqdim etmək istəyirəm. İstənilən hadisə, ya bazarda, kamin qarşısında, ya da kinoda danışılan əhvalat demək olar ki, yalandır. Amma vəd edirəm ki, bu dəfə hər şey başqa cür olacaq. Növbəti saat ərzində eşitdiyiniz hər şey yoxlanılmış faktlara əsaslana həqiqətdir”.

Uells öz filmlərində oynamaqla yanaşı eyni zamanda başqa rejissorların da filmində rol alırdı. Onun məşhur rollarından biri “Üçüncü şəxs” filmindəki işidir.

Fransanın “Yeni dalğa” nümayəndələrindən tutmuş Lars fon Trierə kimi çox nüfuzlu rejissorlar onun filmlərindən bəhrələniblər.

Vudi Allen onun haqqında deyir: “Uells Berqman, Fellini, Renuarla bir sırada dayanan yeganə Amerika rejissorudur”.

Kulis.az “Baxılası 50 film” layihəsində rejissorun ekranlaşdırdığı “Şanxaylı ledi” (1947) klassik film nuarını təqdim edir.

Süjet: Gecə Nyu-Yorkun küçələrində bir neçə nəfər sarışın qadın Elzaya hücum çəkir. Maykl onu xilas edir. Qadın özünü Şanxayda doğulan rus qızı kimi tanıdır. Bu tanışlıq Mayklı gözlənilməz hadisələrlə üz-üzə qoyur.

Baş rolları Orson Uells və arvadı Rita Heyvort oynayıb.

Film Hollivud prodüserlərinin xoşuna gəlmədiyindən onu yenidən montaj etdilər. Və film prokatda uğur qazanmadı. Onların fikrincə, Uellsin hoqqaları, qeyri-standart vizual həlləri seyrçini hekayətdən yayındırır. Filmdən sonra rejissorun adı Hollivudun qara siyahısına düşdü. Bu, onun Heyvortla boşanmasını sürətləndirdi.

Amma 20 il sonra film nuar kinosunun zirvəsi sayıldı. Güzgülərin olduğu səhnədəki sürreal atışma isə dünya kinosunun ən effektli səhnələrindən biridir.

“Şanxaylı ledi” ekzotik cənub ölkəsində çəkilən ilk nuardır.

Film həm də özünün metaforik kino dili ilə seçilir. Personajlar akula və timsahlarla eyniləşdirilir. Sevgi səhnəsində akvariumdakı nəhəng osminoq Elzanın xain, riyakar mahiyyətinə eyham vurur. Alman ekspressionizmində olduğu kimi burda da məkan qəhrəmanların daxili vəziyyəti ilə uyuşur.

Trier deyir: “Uellsin sevdiyim filmləri “Şanxaylı ledi” və əlbəttə ki, “Şərin möhürü”dür. Əla filmdir. Mən bu filmə bir neçə dəfə baxmışam. Bir də “Şanxaylı ledi”yə zəifliyim var. Yəqin ki, bu, ordakı güzgülərin əksi olan səhnə ilə bağlıdır. Bu səhnə dahiyanədir və onu Vudi Allen də “Manhettendə müəmmalı qətl” filmində sitat gətirib”.

Rejissorun ayrı-ayrı vaxtlarda verdiyi müsahibələrdən maraqlı hissələri təqdim edirik.

“Filmlərdə hər cür simvollardan zəhləm gedir. Onlardan heç vaxt istifadə eləmirəm. Əgər kimsə simvol tapırsa, bu, onun işidir. Mən heç vaxt bu məsələləri müzakirə eləmirəm ki, nə cürsə hansısa qəhrəmanı simvola bağlayaq. Simvollar özü-özlüyündə peyda olur. Çünki həyatımız onlarla doludur. Sənət də həmçinin. Ona görə də, onlardan heç cürə yaxa qurtara bilmirsən”.

“Düşünürəm ki, ənənə istənilən sənətkar üçün sənətdə birinci dərəcəli rol oynayır. Ənənə ilə mübarizə aparmaq zəruridir, amma biz onu tamamilə məhv eləsək, gərginlik itir və onda nəsə qalmır: nə avanqard, nə eksperimental sənət. Ənənədən kənar hər cür eksperimentallıq anlamını itirir... Biz çoxdan ənənəni dağıtmağa başlamışıq-Birinci dünya müharibəsinə kimi-sürrealizmin, dadaizmin və s. köməyi ilə. Bu, sənətin bütün formalarına aiddir, indi isə ənənədən heç nə qalmayıb. Ona görə də mən ənənəni müdafiə edirəm və özümü ekspermentator saymıram, filmlərimdə yeni şeyləri bilərəkdən eləməmişəm. Sadəcə nəsə elə bir şey edəndə ümidim var ki, bunları mənə kimi kimsə çəkməyib”.


“Jan Renuar mənim üçün dahi kinematoqrafik uşaqdır. Mənə elə gəlir ki, o, kinoya bir kinematoqrafçının qadir olduğu ən yaxşı şeyi - uşaq baxışını gətirib və o, bunu ustalığın incəliklərini biləndə də saxlamağı bacardı. Mən Renuara pərəstiş edirəm. O, mənim üçün Tanrıdır. Məhz kinoda ona daha çox heyranam, başqa kumirlərim də var, amma o, müqayisə edilməzdir. Bizim üslublarımız müxtəlif olsa da, mövqeyimiz, süjetə yanaşma ümumidir, hər ikimiz o fikri bölüşürük ki, hər kəsin öz həqiqəti var”.


“Hiçkok tamaşaçıya hipnotik təsiri bacarsa belə mənim üçün mükəmməl deyil. O, hipnozçu olmaq üçün həddindən artıq qurudur. Onun ingilis dövrü filmlərini sevirəm: “39 addım”, “Çox şeyi bilən adam”. Hollivud dövrünə isə nifrət edirəm. Onun bu dövrü mənə nəsə quru, məzmunsuz, səmərəsiz gəlir”.


“Filmlərimi digər rejissorlardan fərqli olaraq, sürətli tempdə çəkirəm. Adətən gənc rejissorlar üçün bir qədər ləng temp xarakterikdir: məsələn, kimsə yolla gedir, ətrafda gözəllik var və bu, 10 dəqiqə çəkir. Məncə, seyrçi sürətə hazırlanır, heç olmasa, reklam səbəbindən. Çünki reklam çarxları dəhşətli sürətlə çəkilir. Reklama yararlı olan kino üçün də məqbuldur. Texniki baxımdan bir çox reklam filmləri bədii filmlərdən daha maraqlıdır”.

Filmə burdan baxa bilərsiz.

Sevda Sultanova

# 6038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #