Adam öldürən aşiqlər – QALMAQALLI FİLMLƏR

Adam öldürən aşiqlər – <span style="color:red;">QALMAQALLI FİLMLƏR
25 iyul 2015
# 09:00

Kulis “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Artur Pennin “Bonni və Klayd” filmini təqdim edir.

1922-ci ildə doğulan Penn “Kiçik nəhəng adam”, “Gecə addımları”, “Qaranlığın içindən” və s. maraqlı filmlərin müəllifidir.

Amma rejissorun ən yadda qalan və ona dünya şöhrəti gətirən filmi “Bonni və Kalyd” kriminal dramıdır.

Amerika tənqidçisi Rocer Ebert bu ekran əsəri haqda yazırdı: “Mən Oskara inamımı “Bonni və Klayd” filmi qalib olmayanda itirdim”.

Süjeti: Ofisiant qız Bonni Parker cinayətkar Klayd Berrou ilə onun anasının maşınını oğurlamaq istəyəndə tanış olur.

Boz, monoton həyatından sıxılan gənc qız Klaydın yüngül, asan həyat haqda fikirlərindən təsirlənir. Onlar yaxınlaşaraq, soyğunçuluqla məşğul olan dəstə yaradır.

Dəstə mağazaları, bankları yarır, adam öldürür, polisə yaxalanmamaq üçün daim yaşayış yerlərini dəyişməli olur.

Filmin süjeti real hadisələrə əsaslanır.

Böyük Depressiya dövründə soyğunçuluqla məşhur olan Bonni və Klaydın hekayəsini danışır. Dəstənin fəaliyyəti 1930-cu illərin əvvələrində bank və dükanların soyulması ilə başlayıb. XIX əsrin 30-cu illərində Şimali Amerikada işsizlik və aclıq problemi olduğundan, əhali varlı insanları, xüsusən də bankları günahlandırırdı. Bu səbəbdən Bonni və Klayd tərəfindən gercəkləşdirilən soyğunçuluq hadisələri yerli xalq tərəfindən hərarətlə qarşılanırdı. Bonni və Klayd arasında sevgi münasibətlərinin olması onlara rəğbəti daha da gücləndirmişdi.

Bonni və Klayd dəstəsinin özünəməxsus cəhətlərindən biri də, hər soyğundan sonra hadisə yerinə çiçək buraxmaları idi.

Rejissor filmdə onların fəaliyyətini romantikləşdirərək cəmiyyətin mövcud durumuna qarşı qiyam kimi təsvir edib. Personajların cinayətkar olmasına rəğmən müəllifin onlara qarşı açıq-aşkar simpatiyası hiss olunur. Bonn və Klayd cəmiyyətin qanunlarını, dəyərlərini rədd edir, seçdikləri yolun həqiqiliyinə inanırlar. Onlar həyatı qısa, amma birnəfəsə yaşamaq istəyirlər.

Klayd kasıbların müdafiəçisi, varlıların qənimi kimi göstərilir. Səhnələrdən birində dəstə bankı soyanda, Klayd görkəmindən yoxsulluq yağan yaşlı kişinin ona uzatdığı pulu almır. Onlar soyğunçuluq edərkən mümkün qədər qurbansız ötməyə çalışır. Kimisə öldürməyə məcbur olanda isə vicdan əzabı çəkirlər.

Bonni fəaliyyətləri haqda poema yazır, qəzetlər isə onu çap edir. Dəstə daha da məşhurlaşır, onların fanatları çoxalır.

Amerika kinosunda kult sayılan “Bonni və Kalyd” 1960-cı illər yeni istiqamətin - romantik qanqster kinosunun əsasını qoydu. Ənənəni “qanqster film” janrının modernləşdirilməsi sonrakı rejissor nəslinin yaradıcılığna böyük təsir elədi.

Cinayətkarların fəaliyyətinin poetikləşdirilməsi tənqidçilərin çoxu tərəfindən pis qarşılandı. Bu mənada film hələ də qızğın müzakirələr doğurur.

Bir qism tənqidçi isə əks fikirdədir. Onlara görə Bonni və Klayd böyük depressiya illərində itirilmiş nəslin nümayəndələridir. Onların fəaliyyəti 1960-ci illər Amerika cəmiyyətinə çağırışdır, Klaydın dəstəsinin polislər tərəfindən gülləbaran edilməsi isə Vyetnam müharibəsi əleyhinə hərəkatın dağıdılmasını ifadə edir.

Filmin sloqanı da bir qədər təxribaq xarakterlidir: “Onlar gəncdilər... onlar aşiqdirlər... və onlar adam öldürürlər”.

“Bonni və Klayd” operator işinə və ikinci planda ən yaxşı aktrisa nominasiyalarında Oskar alıb. Digər yeddi nominasiyada isə qalib ola bilməyib.

Bəzi versiyalara görə Klayd homoseksual olub. Və onların dəstəsinə Bonninin keçmiş sevgilisi Reymond da qatılıb. Reymondun həm Bonni, həm də Klaydla cinsi münasibətləri olub.

# 1589 dəfə oxunub

Müəllifin son yazıları

# # #