Roberto Karlosa tüpürən, telefon nömrəsini gizlədən əfsanə

Roberto Karlosa tüpürən, telefon nömrəsini gizlədən əfsanə
3 iyul 2014
# 14:00

O, özünü antikommunist sayır, həm də cəmiyyətdə qardaşlığın və bərabərliyin tərəfdarıdır. Odlu və soyuq silah kolleksiyası olsa da onlardan istifadə edə bilmir. Maradonanı bütün dövrlərin ən yaxşı futbolçusu, eyni zamanda Argentinanın “birinci narkomanı” adlandırır.

Söhbət çox sevdiyim, şəxsiyyətinə sayğı duyduğum, paraqvaylı futbolçu, qapıçı, ekstravaqant, dəliqanlı, “Buldoq”, “Çila”, “Professor” təxəllüslü Xose Luis Çilavertdən gedir.

Onun yadımda qalan unudulmaz oyunlarından biri 1998-ci il Dünya Çempionatının 1/8 mərhələsində Fransa millisi ilə görüşdəki performansı oldu. Əsas vaxt heç-heçə başa çatdı. Əlavə dəqiqələrdə Fransa yığması Paraqvayın qapısına qol vurdu. Oyun başa çatandan sonra paraqvaylı oyunçular sarsıldı, hətta biri ağlamağa başladı. Emosional Çilavert isə əksinə çox təmkinli görünürdü, ağlayan futbolçunu qucaqladı, nəsə dedi. Və mənə elə gəldi ki, o, həmin futbolçuya məğlubiyyətə rəğmən meydanı ləyaqətlə tərk etməyin vacibliyini söylədi.

Xose Luis Çilavert 1965-ci ildə Paraqvayın Luke şəhərciyində doğulub.

O, mühasib Katalino Çilavertin ailəsində dördüncü uşaq idi. Uşaqlıqdan Xose və üç qardaşı futbolçu olmaq arzusu ilə yaşayırdı.

Çilavertlər ailəsində o dövr üçün dəbdəbə sayılan ağ-qara televizor vardı. Futbol matçlarını seyr etmək ailədə ritual idi.

Xose hücumçu olmaq istəsə də, məhəllədə futbol oynayanda onu qapıda dayanmağa məcbur edirdilər. Ona görə yox ki, o, topu əla tuturdu. Ona görə ki, hamıdan balaca idi.

Və artıq 14 yaşında “Sportivo Luke” futbol klubunun məktəbinə gələndə, onun əla qapıçı təcrübəsi vardı.

Burda da məşqçilər Xoseni qapıçılığa hazırlayırdı. Qol vurmaq, meydanda oynamaq arzusu isə onu tərk eləmirdi. Buna görə o, hətta futboldan ayrılmaq qərarına gəldi.

14 yaşlı oğlunun evə göz yaşları içində qayıtdığını görən atası ona dedi: “Sənə heç kəs cərimə zərbələri və penalti vurmağı qadağan eləmir, amma səhvsiz vur ki, sonra başıalovlu öz qapına tərəf qaçmayasan”.

O vaxtdan bəri Xose müntəzəm olaraq standart vəziyyətlər üzərində işlədi.

Çilavert tədricən mükəmməl nəticə əldə edirdi, məşqlərdə vurulan 10 zərbədən 8 və ya 9-u qapıdan keçirdi.

Çilavert “Sportivo Lukenyo”nun əsas heyətində 17 yaşında debüt eləyib. Eyni zamanda yerli universitetdə iqtisadi təhsil alırdı. Yoldaşları buna görə ona “Professor” deyirdi.

Çilavert ilk professional oyununu belə xatırlayır:

″... “Sol de Amerika”ni 3-1 hesabı ilə udduq. O vaxtkı məşqçi Pedro Fernandesə məni qapıya qoyduğu üçün minnətdaram. Matça bütün ailəmiz gəlmişdi. Amma yadımda ən çox babamın sözləri qalıb. Mənə dedi ki, səni böyük gələcək gözləyir. Amma təəssüf ki, o, yalnız debütümü gördü. Çünki həmin həftə öldü”.

Çilavert "Sportivo Lukenyo"dan sonra Argentinanın “San Lorenso” klubunda çıxış edib. Amma karyerasının əksər hissəsini-11 mövsümü Argentinanın başqa bir klubunda “Veles Sarsfild”də keçirib. Bu komandada o, bir neçə dəfə Argentina çempionu, Cənubi Amerika Çempionlar Liqasının qalibi olub. Üç dəfə dünyanın, bir dəfə isə Latın Amerikasının ən yaxşı qapıçısı seçilib.


Paraqvay yığmasında isə 1989-cu ildə debüt edib.

24 yaşlı Xose Kolumbiya yığması ilə oyunda ilk penaltini uğurla yerinə yetirdi.

Xose milli komandada 74 matç keçirib və ümumilikdə 8 qol vurub. Beşini penaltidən, üçünü cərimə zərbəsindən.

Onun karyerasında ən məhsuldar sezon 1997-98 il idi, Çilavert 10 qol vurmuşdu. Argentinanın “River Pleyt” klubu ilə oyunda isə xet-trik eləmişdi.

Artıq çəkisi olsa da, bu, ona oynamağa mane olmurdu. Amma Çilaverti buna görə tez-tez tənqid edirdilər. Argentinalı qapıçı Herman Burgos deyirdi: “Yekə, yağlı arxası ilə qapıda dayanmağı bacarmır, ona görə meydanın rəqibə aid hissəsinə standart vəziyyətləri yerinə yetirmək üçün gəlir”.

Burgosun istehzası ona baha başa gəldi. Günlərin birində Çilavertin 60 metrlik məsafədən Burgosun qoruduğu qapıya vurduğu qol həftələrlə televiziyada nümayiş olundu.

Çilavert deyir: ”Qapıçı əvvəllər özünün cərimə zonasında, həbsdə olan məhbus kimi idi. Mənim gəlişimlə o, artıq şəxsiyyətə çevrildi. Qapıçı, sözün yaxşı mənasında aqressiv olmalı, bütün komandaya qapıdan rəhbərlik etməlidir. Və əlbəttə ki, qapıçının yaxşı fiziki göstəriciləri, mənəvi cəhətləri olmalı, o, nikbinliyini itirməməlidir”...

Maraqlıdır ki, ona Avropanı fəth eləmək qismət olmadı. Üç sezon ispan “Saraqosa”sının qapısını qorudu. Amma məşqçilər ondan tələb edirdilər ki, oyun intizamını pozmasın, qapıdan çox uzaqlaşmasın. Meydanda azadlığa alışan Xose Argentinanın “Velese Sarsfild” klubuna keçdi.

O, bir də 35 yaşında Avropada oynamağa cəhd edir və Fransanın “Strasburq” klubu ilə müqavilə imzalayır.

Çilavertin oynadığı müddətdə klub bir tərəfdən Fransa kubokunu udur, digər tərəfdən isə ikinci diviziondan çıxır. Çilavert isə sürətlə kökəlirdi, nəticədə “Strasbur”dan qovuldu.

Xose sağlamlığının da, çəkisinin də qaydasında olması haqda arayış təqdim elədi və qeyri-qanuni qovulmasına görə onları məhkəməyə verərək 4 milyon avro tələb elədi. Məhkəmə 3 il davam etdi və bəlli oldu ki, bu arayış saxtadır. Paris məhkəməsi ona 5 aylıq həbs cəzası və 10 min avro cərimə kəsdi.

1990-cı il Dünya Çempionatının seçmə matçında Ekvadorla oyunda Çilavert rəqib komandasının oyunçusunu ona qol vurduğu üçün yumruqlamağa başladı və meydandan çıxarıldı.

Çilavertin yola getmədiyi futbolçulardan biri də argentinalı qapıçı Roberto Bonano idi. Bonano onun ekssentrik addımlarına eyham vuraraq deyirdi ki, Çilavertdə natamamlıq kompleksi var.

Çilavert deyir: “Məni ya sevirlər, ya da nifrət edirlər. Amma hər halda bu yaxşıdır ki, cəmiyyət birüzlü deyil, onda müxtəlif fikirlər əks olunub”.

Çilavertin əsas düşmənlərindən biri də argentinalı hücumçu Martin Palermo idi. Onun oynadığı "Boka Xuniros”a Çilavert bir neçə dəfə qol vurub. Adıçəkilən iki futbolçunun görüşü isə həmişə qarşılıqlı təhqir və yumruqla bitirdi. Müsahibələrindən birində Çilavert deyirdi ki, o, heç vaxt qadın paltarı geyinmiş adama əl verməz. Palermo jurnallardan birində qadın qiyafətində foto çəkdirmişdi.

Çilavertin əsas konfliktlərindən biri məşhur futbolçu Roberto Karlosla olmuşdu. Qapıçı oyun zamanı onun üzünə tüpürmüşdü. Və bu hərəkətindən zərrə qədər də peşman deyil: “Televizorda yalnız mənim tüpürməyimi göstəriblər, amma kadr arxasında Roberto Karlosun məni necə təhrik etdiyi anlar var. O, məni beyinsiz hindu adlandırdı, ölkəmə güldü və sinəmdən vurdu”.

Çilavert söz üçün cibə girmir, təxribatlara həvəslə uyur, onu əsəbiləşdirənlərə, həm yumruqla, həm də sözlə cavab verir.

O, mətbuatla da yola getmir, bir neçə jurnalisti yumruqlayıb.

“Mətbuat mənimlə bacara bilmir. Ucuz sensasiya dalınca qaçan jurnalistlərin böyük problem odur ki, onlar məni heç vaxt, diskotekada sərxoş vəziyyətdə görə bilməzlər. Onların məni məhv eləməsi üçün ehtiyatda bütöv bir il var, çünki mən bunu bir dəfə edirəm”.

Yaxşı gəliri olan Çilavert, ailəsini, qohumlarını, ehtiyacı olanları unutmur, onlara yardım edir. İlk böyük müqaviləsindən aldığı pulla valideynlərinə ev aldı. Eyni zamanda futbolçu karyerası uğurlu olmayan qardaşlarına kömək edir.

Öz ölkəsinin varlı adamlarından biri olan Çilavertin torpaqları, mülkləri, Buenos Ayresdə 8 mənzili var.

Qitələrarası kubokda-“Milan”la “Veles Sarsfild” oyununda Çilavert “Puma” firmasının nümayəndələri ilə razılığa gələrək 14 min dollar aldı. Bundan başqa almanlar ona 80 cüt qapıçı əlcəyi, üç kisə geyim yolladı. O, əlcəkləri aşağı divizionda oynayan qapıçılara, geyimləri isə imkansızlara payladı.

Onun təsis etdiyi fond dovşan dodaqlı uşaqlara yardım edir.

Son vaxtlar isə o, siyasətlə məşğul olur və Paraqvayın prezidenti olmağı planlaşdırır. Eyni zamanda futbol analitiki işləyir.

Çilavert hakimiyyəti tez-tez tənqid edir. 1999-cu ilin iyununda Amerika kuboku uğrunda oyundan ona görə imtina elədi ki, təşkilatçılar arasında, paraqvaylı siyasətçi, general, qiyamçı Lino Ovyedo da vardı: “Ovyedo ölkəni qanda boğan antidemokratdır. Mən onunla nə salamlaşa, nə yanında ola bilərəm, o ki, qaldı onu qucaqlayım. Bizim hakimiyyət stadion tikmək əvəzinə məktəblər, xəstəxanalar tikməli, yoxsullara xüsusən də xəstə və savadsız uşaqlara kömək eləməlidir. Məhz o, ölkəni banan respublikasına çevirib”.

Hakimiyyətə loyal münasibət göstərməməsi səbəbindən Argentina aeroportunda Çilavertə sui-qəsd edilmişdi. Onda silahsız qapıçını bir neçə adam bıçaqla yaralamaq istəmişdi.

Çilavert deyir: “Siyasətə girişsəm yəqin ki, Paraqvayın prezidenti olacağam. İstərdim ki, başqa insanlara kömək edim, bilirsiz ki, mən söz yox, əməl adamıyam. Mənim dəyərlərim alınmır və satılmır”.

Çilavert baş ağrısı olduğu üçün təyyarədən və üzə bilmədiyi üçün dənizdən qorxur.

O, şəxsi həyatını haqda mətbuata açıqla vermir. “Veles Sarsfild”ə çıxış edəndə o, mobil nömrəsini klubun prezidenti Raul Qomesdən və məşqçilərindən gizlətmişdi.

“San Lorenso”da işləyəndə o, ingilis dili müəlliməsi Marsela ilə tanış olur. Bu günədək onlar birgə yaşayırlar.

Karyerası ərzində o, penalti və cərimədən 62 qol vurub. Lev Yaşin, Qordon Benks, Dino Zoff, Zepp Mayer və Rikardo Samoradan sonra XX əsrin ən yaxşı qapıçısı sayılır.

# 6350 dəfə oxunub

Müəllifin son yazıları

# # #