“İt ciddi söhbətə layiq yeganə canlıdır”

“İt ciddi söhbətə layiq yeganə canlıdır”
11 oktyabr 2014
# 08:30

Kulis.az “Baxılası 50 film” layihəsində müasir fin kinematoqrafiyasının siması, dövrümüzün maraqlı rejissorlarından biri Aki Kaurismyakinin “Keçmişi olmayan adam” filmini təqdim edir.

Kaurismyaki 1957-ci ildə Finlandiyada doğulub. Onun atası biznesmen idi, anası isə turizm bürosunda işləyirdi.

Məktəbi qurtarandan sonra o, Tampere Universitetinin jurnalistika fakültəsinə daxil olur. İki il sonra təhsilini yarımçıq qoyaraq iş axtarmaq üçün Helsinkiyə gedir.

O, kinoyla maraqlanır, hər gün 5-6 film izləyir.

Rejissorluqdan öncə poçtalyon, qabyuyan, kinotənqidçi işləyən Kaurismyakinin debütü Dostoyevskinin eyni adlı romanı əsasında çəkilən “Cinayət və cəza” filmi (1983 ) oldu. Hadisələr müasir Helsinkidə baş verir. Nişanlısının avtomobil qəzasında ölümündən sonra hüquq fakültəsinin tələbəsi universiteti ataraq sallaqxanada qəssab işləyir. Sonra o, qəzanın səbəbkarını öldürür. Hadisələr də bunun ətrafında baş verir. Rejissor deyir: “İlk filmim üçün dünyanın ən yaxşı romanını seçdim və onu tamamilə korladım”.

1986-cı ildə Kaurismyaki onu Avropada tanıdan “proletar trilogiyası”nın birinci “Cənnətdəki kölgələr” art house filmini ekranlaşdırır. Melodram və qara yumor elementlərinin olduğu əsər fin reallığı haqdadır. Qəhrəman tündməcaz Nikandr zibilyığan maşının sürücüsüdür. Şəxsi firmasını açmaq istəsə də ortağının ölümü planlarını pozur. Sevdiyi qadınla tənhalığını, həyatındakı xaosu adlamağa çalışır. Rejissor bu haqda deyir: “Filmin premyerasına şəhərin zibil daşıyan maşınlarının sürücülərini dəvət etdim. Onlar ailələri ilə gəldilər və məmnun qaldılar. Sonra xudmani məclis oldu. Onlar dedilər ki, bizim həyatımız heç də belə deyil, amma bu, məzəli idi.

Trilogiyaya daxil olan ikinci film “Ariel” (1988) işsiz şaxtaçının taleyini anladır.

Trilogiyanın sonuncu “Kibrit fabrikində işləyən qız” (1990) H.Andersenin “Kibritsatan satan qız” nağılının motivləri əsasında çəkilib. Gənc qız İris işdə də, ailədə də autsayderdir. O, sevgisizliklə əhatə olunub, diskriminasiyaya məruz qalır. Və sonda ata-anasını da, sevgilisini də qətlə yetirir. Rejissor kapitalizmin insanı əşyaya çevirməsini göstərir.

Ümumiyyətlə, Karusimyaki klassik əsərlərə çox müraciət edir və onları fərqli yozumlarda ekranlaşdırır.

“Hamlet dünya biznesində” (1987) filmində “Hamlet” pyesindəki hadisələri müasir dünyaya uyğunlaşdırır. Film kinofarsın, tragikomediyanın, nuarın qarışığıdır. Rejissorun sözlərinə görə, o, “Hamlet”i ekranlaşdırana qədər bu pyeslə tanış olmayıb. Müəllif kapitalizmdə ailə dəyərlərinin də satın alındığını göstərir.

Berlin festivalında mükafat alan “Killerlə müqavilə” (1990) rejissorun Finlandiyadan kənarda çəkdiyi ilk filmdir. Londonda lentə alınan filmdə baş rolu Qodar və Trüffonun filmlərindən tanınan aktyor Jan Pyer Leo oynayır. Bəxti gətirməyən qəhrəman işdə ixtisara düşür, özünü qətlə yetirmək üçün killer sifariş edir.

Anri Myürjenin “Bohema həyatından səhnələr” romanın əsasında çəkilən “Bohema həyatı” (1992) özünü dahi sayan, yoxsulluqda yaşayan üç sənət adamının - rəssamın, yazıçının, bəstəkarın gündəlik həyatını təsvir edir. Tənqidçilərə görə, film incəsənətin şərtiliklərinə istehza edən gözəl əsərdir.

Ağ-qara “Yuxa” (1999) ekran əsəri bir fermerin bəxtsiz kədərli hekayətini danışır. Kaurismyaki bu filmi böyük alman rejissoru F.Murnaunun “Günəşin doğuşu” filminin üslubunda çəkib. Səssiz ekranlaşdırılan filmə yalnız az musiqi parçası əlavə olunub.

“Şəhər ətrafı işıqlar” (2006) psixoloji dramının adı Çarli Çaplin “Böyük şəhərin işıqları” filminə göndərişdir. Çaplinin ekran əsəri insan xeyirxahlığı haqda melodramdırsa, Kaurismyakidə insan tənhalığının faciəsidir.

Qapalı həyat keçirən qəhrəman böyük dükanda gözətçi işləyir. Günlərin birində yoluna çıxan qadının tələsinə düşür və dükan qarət edilir. Həbsə düşən Koystinen heç kəsi satmır. Sübut tapılmadığı üçün azadlığa buraxılan qəhrəmanı finalda cinayətkarlar amansızca döysə də onun ölüb-ölmədiyini tamaşaçı üçün qətiləşmir.

Bu, rejissorun müasir cəmiyyət haqda ən tragik, kompromissiz filmi sayılır.

Kaurismyakinin son filmi premyerası Kann festivalında baş tutan “Havr”dır (2011). “Ən yaxşı xarici film” nominasiyasında Oskara nominant olan bu ekran əsərində ayaqqabı təmizləyən keçmiş yazıçı Afrikadan mühacirət edən bir yeniyetməyə kömək edir. Filmdə həm də Avropa bürokratik maşını tənqidə tuş gəlir.

”Havr” Kannda ekumenik jürinin və FİPRESSİ-nin mükafatına layiq görülüb.

Rejissorun fikrincə, filmlərin müddəti 90 dəqiqədən artıq olmamalıdır. Onun əksər filmləri 70 dəqiqəni ötmür.

Ölkəsindən kənarda daha çox tanınan rejissor art house filmləri çəkir, tamamilə fərqli-solğun, kədərli Finlandiyanı göstərir.

Onun filmləri sadə nəqlə, incə yumora əsaslanır.

Onun qəhrəmanları kiçik insanlar- ofisiantlar, satıcılar, zibil daşıyanlar, tramvay sürücüləridir.

Kaurismyaki personajlarını tamaşaçıya o qədər yaxınlaşdırır ki, hətta onlar cinayət törədəndə belə istər-istəməz haqq qazandırmalı olursan.

Müxtəlif janrlarda çəkdiyi bu ekssentrik parodiyalara kədərli lirizm hakimdir, onlar qüssəli, həyat eşqi olmayan fin obrazları, solğun, dağınıq təsvirlərlə zəngindir.

Rejissorun tərzinə Jan Pyer Melvill, Rayner Verner Fassbinder və Bresson kimi nüfuzlu rejissorlar təsir edib.

Kaurismyakinin istifadə etdiyi ifadə vasitələri minimalistdir, bir qayda olaraq sadə kino təhkiyəsinə üstünlük verir.

Daimi işlədiyi aktrisalardan biri Kati Outinen demək olar ki, bütün filmlərində əsas qadın rollarını oynayır.

Kaurismyakinin incə yumoru Cim Carmuşun filmlərini xatırladır.

Carmuş “Yer üzündəki gecə” filminin Helsinkidə çəkilən bölümünə Kaurismyakinin aktyorlarını dəvət edib.

Rejissorun qardaşı ilə birlikdə təsis etdiyi “Villealfa” şirkəti Qodarın “Alfavil” filminin şərəfinə qoyub.

“Baxılası 50 film” layihəsində rejissorun Kannda “Qran-pri” alan, “ən yaxşı xarici film” nominasiyasında “Oskar”a nominant olan “Keçmişi olmayan adam” (2002) dramını təqdim edirik.

Süjet: Finlandiyanın əyalətində yaşayan işsiz kişi Helsinkiyə iş axtarmaq üçün gəlir. Vağzalda naməlum adamlar onu döyür. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan kişi yaddaşını itirir. Və o, burda həyatını sıfırdan başlamalı olur.

“Keçmişi olmayan adam” müəllifin ən mükəmməl filmi sayılır. Mütəxəssislərin fikrincə, elə bu film kifayətdir ki, kinematoqrafiyada minimalist üslubu öyrənilsin.

Hollivudda isə fin tərzində çəkilmiş filmin magik realizmindən heyrətlənmişdilər: “...bu, amneziyanın qurbanı olan adamın tarixçəsidir. Amma əksər filmlərdə amneziyası olan personaj keçmişin sirlərini öyrənməyə çalışır, burda isə rejissor fokusu qəhrəmanı gözləyən gələcəyə tuşlayır”.

Rejissora görə film həqiqi humanizmi aşılayır: ”Adsız adam şəhərə gəlir və orda onu ölümcül döyürlər. Bu epik dram belə başlayır və onu cibi boş, tənha ürəklərin xəyalı adlandıra bilərik. Başlarının üstündə isə yalnız Tanrı var, ya da belə demək daha yaxşıdır, quşlar”.

Yeri gəlmişkən, film “Oskar”a nominant olanda rejissor Amerikanın İraqa müharibə etməsinə protest olaraq Los-Ancelesə getməyib.

Aki Kaurismyakinin fikirlərindən:

“Mən azad deyiləm. Birincisi, hər bir adam öz mədəni ənənələrinin əsiridir. İkincisi isə mənə işgəncə versələr, dərhal təslim olardım”.

“İtlər ciddi söhbətə layiq yeganə canlıdırlar. Bəzən parkla gedirsən və qadınların öz şpisləri (dikqulaqlı it cinsi) ilə necə danışdığını görürsən, sanki onlar qadınların itirdiyi ərləridir. Bu qadınlar dəli deyillər. Sadəcə, onlar seviblər“.

“Mən çox film izləyirəm, amma onların hamısı 1962-ci ilədək çəkilənlərdir. Dostum Cim Carmuş istisnadır. O, yeganə müasir rejissordur ki, filmlərinə böyük ekrandan baxıram. Carmuşun filmlərinə televizorda baxmaq onun sənətini təhqir etməkdir”.


”Azadlığın üç növü var: siyasətin verdiyi azadlıq, pulun verdiyi azadlıq, ruh azadlığı. Mənim azadlığım dördüncü növdür: sərsəri itin azadlığı”.

“Fin tamaşaçıları filmlərimdən heç nə anlamırlar. Filmlərimi yaşlı xanımlar anlayır. Publikam da elə onlardır. Onlardan başqa filmlərimə bir neçə tələbə də baxır”.

“Klassik rejissorun adət etdiyi vahiməli, qorxulu yuxular görürəm: Mən çəkiliş prosesinin ortasındayam, bütün çəkiliş heyəti meydançadadır və zərrə qədər də təsəvvürüm yoxdur ki, orda nə edirəm və film nədən bəhs edir. Amma şüuraltımda işimi tamlıqla yerinə yetirirəm və hər şey hazır olanda nəticəni əldə edirəm”.

“Özümü hardasa sosialist kimi görürəm, bu sözün ibtidai anlamında. Yəqin ki, xəyalpərəstəm: mənim dünyamda söz azadlığı olardı, heç kəs başqaları acından öldüyü zaman aşırı dərəcədə varlı ola bilməzdi”.

“Elə bir dünya arzulayıram ki, demokratiya yalnız varlı və böyük şirkətlərə xidmət etməsin, siyasi kursu korrupsiya, səfehlik və tamahkarlıq müəyyənləşdirməsin”.

“Mən gələcəyə inanmıram. Öz mövcudluğumda heç bir məna görmürəm. Filmləri sırf publika üçün çəkirəm. Film çəkməyimin yeganə səbəbi- tamaşaçıları gülməyə və ya ağlamağa vadar etmək hissidir”.

“Həyat yoldaşım qurudulmuş göbələklərdən yemək hazırlayan zaman Erix Mariya Remarkdan bir kitab oxumaq və Murnaunun “Günəşin doğuşu“ filmini gözləmək... Bu, əla bir gündür”.

“Bəzən düşünürəm ki, gəncliyimdə bir ya iki fürsəti qaçırmışam, məsələn qansız-qurbansız inqilab etmək imkanını. Yaxud proza yazmaq fürsətini – nəsr yazmağı həmişə arzulamışam. Vaxt gəlir, bunları etmək üçün gec olur. Mən bu gün onları həyata keçirmək üçün özümü çox qoca və çox yorğun hiss edirəm. Amma hər halda öz arzularını heç vaxt dəfn etmək lazım deyil”.

“Havr” filmində qoyulan mövzu mənə maraqlıdır: niyə Avropa vaxtilə müstəmləkəsinə çevirdiyi dövlətlərlə olan problemlərin öhdəsindən, onlarla hansısa razılığa gəlməyə, mövcud vəziyyətlə hesablaşmağa hazır deyil. Bu məni narahat etdiyi üçün “Havr”ı çəkmişəm. Film təbii ki, başqa bir yerdə, məsələn, İspaniyada və ya Aralıq dənizi ölkələrində də çəkilə bilərdi. Təkcə Finlandiyada yox, çünki heç kəc hələ ümidsizlik içində ora xilas üçün qaçmayıb” .

“Rəqəmsal təsvir sərrast, dəqiq, daha rənglidir, həm də ölüdür. Təsvirin səthi canlı deyil. Kino işığın və kölgənin oyunudur. Rəqəmsal elektrotexnikadır. Mişel Morqanı (tanınmış fransız aktrisası ) rəqəmsal obrazda təsəvvür etmək mümkün deyil“.

Onu fin kinosunun siması adlandıran jurnalistin sualına Kaurismaki belə cavab verib: “Dəhşət, çox çirkin simadı! İstərdim ki, fin kinosunun daha xoş siması olsun”.

Filmə burdan baxa bilərsiniz:

http://tfilm.tv/11724-chelovek-bez-proshlogo.html

# 3389 dəfə oxunub

Müəllifin son yazıları

# # #