Dünyada saxur dilində çəkilən ilk film – Azərbaycan filmi

Dünyada saxur dilində çəkilən ilk film – <span style="color:red;">Azərbaycan filmi
11 fevral 2017
# 09:00

Sevda Sultanova

Kulis.az “Naməlum kino” layihəsində Asif Rüstəmovun 2009-cu ildə çəkdiyi “Arxası qibləyə” filmini təqdim edir.

Süjet: Hadisələr Azərbaycanın şimalında yerləşən, saxurların yaşadığı kənddə baş verir. Filmin qəhrəmanı Əligilə Rusiyada yaşayan dayısı qonaq gəlir. Atası onu çoban Məhəmmədin yanına quzu almağa göndərir. Məhəmməd ona qara quzu əvəzinə ağ quzu gətirir. Canavarların sürüyə hücum elədiyini, qara quzunu da yediyini deyir. O, Əlinin üzündəki tərəddüdü görüb bic-bic gülümsəyir: “Qorxma, hələ adamlara cummurlar”.

Əli evə qayıdanda küçədə oynayan yaşıdları ilə rastlaşır. Yaşıdları onu görəndə “Qorxaq gəldi” deyib ələ salır. Onların arasında mübahisə yaranır. Dəstənin başçısı Əlini döyür, onu qoyun kimi mələməyə məcbur edir.

Atası Əliyə qoyun kəsməyin texnikasını öyrədir, bıçağın itiliyinin, qoyunun bıçağı görməməsinin və kəsiləndə mütləq üzünün qibləyə tərəf tutulmasının vacibliyini deyir. Qoyun kəsiləndə Əli qana dözmür, qaytarır. Atası isə onun belə şeyləri öyrənməli olduğuna təkid eləyir: “Yoxsa kənddə deyəcəklər ki, Məmmədin oğlu ağciyərdir”.

Dayısının qonaqlıq səhnəsində ata oğlunu öyür. Qoyunu onun kəsdiyini fəxrlə vurğulayır, dayısı da bunu kişilik kimi qiymətləndirib ona bıçaq hədiyyə edir.

Dayısı Məmməddən onun üçün qonşu qızı Leylaya elçiliyə getməsini istəyir. Leyla isə Əlini sevir. Əli Leyladan dayısına ərə getməyi xahiş edir, onun pis adam olduğunu deyir. Leyla onu sevgisi uğrunda mübariz olmadığına görə qorxaq adlandırır.

Toy günü məyus olmuş Əli küçədə gedəndə çoban Məhəmmədin döyüldüyün görür. O, fikirləşmədən onu döyən dəstəyə cumaraq onlardan birini öldürür.

Finalda arxası kameraya olan iki uşaq çəmənlikdə söhbətləşir. Onlardan biri Əlinin bacısı oğludur. Uşaq Rusiyada yaşayan, cinayət aləmində hörmət sahibi olan dayısı ilə fəxr edir. Əli yaxında kəndə qonaq gəlməlidir. Və atası ona qara quzu kəsəcək....

Əli ilə kişiliyin meyarını asıb-kəsməkdə görən atasının münasibəti “Dədə Qorqud” filmini yada saldı. Qazan xanın Turala dediyi sözləri: ”Sənə baxdım, 18 yaş yaşadın, baş kəsmədin, qan tökmədin. Bu igidlər hər biri öz yerini qılıncıyla, oxuyla alıblar”.

Hərçənd, Qazan xanın “asıb-kəsməyi” bacarmaq fikri daha çox düşmənə qarşı döyüşməyi bacara bilmək anlamına gəlir.

Asifin yozumunda isə əhvalat bir az daha pritçavarıdır, təsvir olunan durum fərqlidir, rejissor cəmiyyətin mövcud vəziyyətini önə çəkir. Yəni toplum yeniyetməni “qorxaq” adlandıra-adlandıra, psixoloji basqı edərək onu cinayətkara çevirir.

Epizoddan-epizoda qorxu müxtəlif mənalarla yüklənir. Məsələn, Əlinin canavardan qorxması istənilən insan üçün təbii hissdir. Amma bu normal qəbul olunmur, lağa qoyulur.

Leylayla bağlı atasına həqiqəti deyə bilməməsi həm cəsarətsizlikdir, həm ataya itaətdir.

Onun dava-dalaşa qoşulmaq istəməməsi isə sadəcə təbiətidir. Amma toplum üçün bu, normallıq sayılmır.

Ümumilikdə, Əlinin hər cür qovğadan uzaq olması, qana dözümsüzlüyü pasifizmdir və toplum onu olduğu kimi qəbul etmək istəmir. Onlar yeniyetməni özü kimi olmasını, onlara oxşamasını istəyir. Bu mikromühitdə Əlinin seçimi, başqa fürsətləri yoxdur.

Onun pasifizmi toplumun dəyərlərinə qarşı qoyulur. Ata quzunu kəsəndə Əli ona kömək eləyir. İri planda Əlinin əllərinin qoyunun belinə mərhəmətlə qoyması ilə atanın qoyunu soyuqqanlılıqla kəsməsi arasında dəyərlər arasında ziddiyyəti dəqiq göstərir.

Qonaqlıq səhnəsində ata oğlunu dayısına tərifləyir, Rusiyaya onun yanına göndərəcəyini deyir. Əli isə susur, onun üzündən tamamilə fərqli arzuları olduğu oxunur. Və arzuları atasının vecinə deyil. Sonda Əli məğlub olur, onun qalib gəlməyə cəsarəti, iradəsi çatmır.

Əli obrazını seçim imkanlarına sədd seçilən gənclərin simvolu kimi qəbul etmək olar. Filmi izləyəndə rayonlardan birində həyatını dəyişdirmək üçün paytaxta qaçan gənc qızın ailəsinin şikayəti əsasında polis tərəfindən saxlanılmasını və qızın davranışını telekanalların əxlaqsızlıq tonunda verməsini xatırladım...

Film saxur dilində çəkilib, rolları oynayanlar qeyri-peşəkar aktyorlar, kənd camaatıdır. Bu mənada filmi eksperiment də hesab etmək olar.

Rejissorun dediyinə görə film avarca çəkilməliydi, amma obyekt seçimi üçün şimal rayonlarını gəzəndə təsadüfən saxur dilini eşidib, onun ahəngi, poetikliyi diqqətini cəlb edib.

Filmin etnik xalqın dilində çəkməyini isə müəllif belə izah edir: “Azərbaycan dilli həvəskar aktyorlar AZ.TV tərzində saxta danışdığı üçün etnik dili seçdim. Heç bir kino təcrübəsi olmayan dildə danışan adamlar özlərini bənzətməyə nümunələri olmadığı üçün sadə və səmimi olurlar. Bu baxımdan avar, ləzgi, talış, istənilən xalq ola bilərdi. Landşafta görə Qafqaz dağlarını seçdik”.

Rejissor Zaqatalanın Qarqaya kəndində lentə alınan filmin onun üçün yeni təcrübə olduğunu deyir: “İşıq yox, məktəbdə taxta döşəmədə yatırdıq. Mobil, çevik priyomlar-dekor, rejissura, süjet, ssenari, dialoqda dəyişikliklər, improvizasiya baxımından maraqlı oldu. “Axınla aşağı”da da qeyri-peşəkarlara işləmişəm, cavan avarçəkənlərlə. Mingəçevirdə daha çətin idi. Saxurlarla rahat oldu, daha ciddi və səmimi qavrayırdılar”.

Filmin çəkildiyi Zaqatalanın Qarqaya kəndində adam az yaşayır. Əsasən mövsümdə kəndə gəlirlər. Rol alan yeniyetmələr qonşu kəndlərdən yığılıb.

“Arxası qibləyə” sözü günaha batan insanı ifadə edir.

Bu, dünyada saxurca çəkilmiş ilk filmdir. Titrlər də saxur dilindədir.

Filmdə saxur xalq mahnılarından, səslənməsi üçün qədim alətlərdən istifadə olunub.

“Arxası qibləyə” Amerikanın “Eurochannel” televiziyası tərəfindən alınıb, İspaniya və Amerikada keçirilən festivallara qatılıb.

Ssenarist Səbinə Hüseynli, prodüser Seva Kessler, həmprodüserlər Ali İsa Cabbarov, İlqar Nəcəfdir.

Film İsveçrənin SKM ArtProduction, Buta Film, Dərviş Prodüser Mərkəzi tərəfindən istehsal olunub.

# 1959 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #