“Axırıncı dayanacaq”dakı postmoderniz

“Axırıncı dayanacaq”dakı postmoderniz
20 oktyabr 2014
# 14:59

Axırıncı dəfə keyfiyyətli komediyanı bir neçə həftə əvvəl izləmişdim. Özünün kinokomediyaları və kinofarşları ilə tanınan amerikalı rejissor Mel Bruksun “Gözqamaşdıran yəhər” filmini nəzərdə tuturam.

“Gözqamaşdıran yəhər”də kino sənəti yaranandan bəri komediyada klişeyə çevrilən dialoqlardan, bu janrda oynayan aktyorların ənənəvi manerasından, ifa tərzindən istifadə edilib. Amma rejissor fərqli üslub, yəni vestern janrı ilə parodiya elementlərini qarışdıraraq onu bayağılıqdan xilas edib. Üstəlik, əhvalatda həm sosial, həm məmur-vətəndaş, həm də rasizm məsələlərini qabardıb.

Xüsusən, finalda Hollivud kino sənayesinə ironiya- nəql edilən bütün əhvalatın karton dekorasiyalarda çəkilməsinə işarə olunması onun bədii dəyərini artırır.

Təcrübəli rejissorlarımızdan biri Fikrət Əliyevin “Axırıncı dayanacaq” komediyasına baxanda nədənsə Mel Bruksu xatırladım. Janrına görə filmi yalnız komediya adlandırmaq olmaz. Rejissor janrların eklektikasından istifadə edərək maraqlı ekran əsəri çəkib.

F. Əliyev də M. Bruks kimi artıq yüz dəfə eşitdiyimiz klişe dialoqları, sovet aktyorluq məktəbinin köhnə-kürüş ifa tərzini - dram, melodram, fars, faciə, detektiv, komediya janrlarının kokteylindən yaratdığı postmodern filmdə korrektələrlə təqdim edir.

Və məhz postmodern üslub klişeləri neytrallaşdırır.

Rejissor ustalıqla müxtəlif obrazlar, xarakterlər qalereyası yaradıb. Qocalar evində biz ən müxtəlif taleyi olan adamların minimalist situasiyalar vasitəsilə kollajvarı həyat hekayətinin təsvirini görürük.

Qocalar evinin sakinlərindən biri - keçmiş polkovnikin pulları itir, “cinayətkarı” tapmaq üçün “istintaq qrupu” yaradılır.

Burda detektiv element postmodern xarakter daşıyır.

Yəni bu estetikada olduğu kimi “Axırıncı dayanacaq” da detektiv fənd seyrçini istər-istəməz oyunu yozmağa təhrik edir, onu müşahidəçiyə yox, iştirakçıya çevirir. Və Çingiz Abdullayevin kitabları, qəsdən xarab edilmiş çaydan, qarmon kimi əşyalar - oxucunu semiotik işarələr burulğanına atır, onu düşündürməyə vadar edir.

Əhvalatın ana – detektiv xətti başlıca məqsəd deyil, bu, həm də qocaların dünyasını, tənhalığını, ötüb keçən gəncliyə xiffətini göstərmək üçün bir fənddir. Ona görə film həm də ciddi, azərbaycansayağı ekzistensial dramdır. Xüsusən də filmin əvvəlində və finalında skamyada tənha oturmuş, mağmın qarı obrazı əhvalatın ekzistensial atmosferini gücəndirir. Və rejissorun yozumunda ekzistensializm heç şübhəsiz ki, Sartrın dediyi kimi humanist xarakter daşıyır.

Müxtəlif insan talelərindən hörülmüş mozaik filmdə daha bir postmodern fəndi əvvəldə görürük.

İlk kadrlarda dəniz, qayalıq, təbiət təsvirləri qəsdən AzTV -nin lirik, poetik kadrlarının intonasiyasında qurulub. Beləliklə də, müəlliflər postmodernizmin digər - pastiş elementindən istifadə edərək dövlət televiziyasının uzun illərdir ki, dəyişməyən vizual estetikasının formasını, biçimini qəsdən təqlid edir. Fürsətdən istifadə edib, peşəkar operator Kənan Məmmədovun işini xüsusi qeyd edərdim. K. Məmmədov ekstremal rakursları, avanqard rəng həlləri ilə məşhur olan avstraliyalı operator Kristofer Doyl kimi maraqlı baxış bucaqları seçir və görüntülərdəki psixologizm tamaşaçıya obrazların mahiyyətinə enməyə yardım edir.

Rejissorun müraciət etdiyi ironiya – postmodernizmin daha bir vacib detalıdır.

Qadınlardan birinin keçmiş sevgililəri qovuşdurmaq üçün banal yollara əl atması, başqa birisinin cütlüyü üzdə təbrik edib, arxada tamam fərqli davranışı və s. ilə mentallıq tənqid olunmur, ona sadəcə sərt ironiya edilir.

Postmodern romanda ironiya müxtəlif dil oyunları vasitəsilə edilirsə, “Axırıncı dayanacaq”da bu, çox planlılıq vasitəsilə həyata keçirilir.

Tanınmış aktyorların eyni filmdə əməkdaşlığı ilə rejissor (onların arasında komediya aktyorları üstünlük təşkil edir) kult filmlərimizdən biri “Bəyin oğurlanması”na göndəriş edir.

Film sanki həm də qocaman aktyorlarımızın bütün yaradıcılığının xülasəsidir. Başqa cür desək, onların ömrü boyu oynadığı eyni ampluanın, plastikanın yekunudur.

Rejissorun cəsarətli addımlarından biri də dramatik obrazlar ifaçısı kimi tanınan, son illərdə çəkilən filmlərdə monoton oynayan Fuad Poladovun xırda-para düzəlişlərlə komediya kontekstində yerləşdirməsidir.

Film sıravi azərbaycanlının təsəvvüründə xoşagəlməz assosiasiyalar doğuran qocalar evini Edəm kimi təsvir edir və adam istər –istəməz ömrünün qalanını orda başa vurmaq istəyir.

Rejissor və ssenarist (İlqar Fəhmi) adi, bəsit, gündəlik həyatın bozluğunda vacib fəlsəfi suallar da verir: “Niyə qocalırıq?”, “Qocalıq nədir?”, “Qocalmağa dəyərmi”?.

Aygün Səmədzadənin “Tut ağacı” janrında yazdığı musiqi isə filmə həm dramatizm, həm tragizm, həm də komizm gətirir.

Qısası, bu filmi ilə rejissor üslubunda, ifadə formalarında ciddi dəyişiklik edib. Əgər F.Əliyev “Yuxu” filmində rasional izahı olan bütün ideyalara və obrazlara etiraz edərək, sürrealizmdən yaralanırdısa, burda dövrün aktual - postmodernizm estetikasından faydalanır.

# 3197 dəfə oxunub

Müəllifin son yazıları

# # #