Ssenari yaza bilməyən dahi yazıçı

Ssenari yaza bilməyən dahi yazıçı
11 noyabr 2015
# 13:01

1950-ci illərdə Amerikanın tanınmış rejissorlarından biri Con Hyuston (“Mobi Dik”, “Mulen Ruj” və s. filmlərin müəllifi) Ziqmund Freyd haqda bioqrafik film çəkməyi planlaşdırırdı.

O, bir neçə il əvvəl Jan Pol Sartrla tanış olur və anlayır ki, Freydin araşdırmaları ilə yaxından tanış olan yazıçı-filosof onun layihəsində ssenarist kimi işləyə biləcək tək namizəddir.

Hyuston düşünürdü ki, Sartrın yanaşması obyektiv və məntiqli olacaq. Üstəlik, fransız filosofunun ssenarist kimi təcrübəsi vardı (Buna kimi Sartr “Son şans”, “Çirkin əllər”, “Hörmətli fahişə” və s. fransız filmlərinin ssenaristi olmuşdu). Sartr da öz növbəsində Hyustonu rejissor kimi yüksək qiymətləndirirdi.

Onların Freyd haqda fikirləri də üst-üstə düşürdü. Hər ikisinin antifreyd baxışları var idi. Sartr solçu idi və düşünürdü ki, psixoanaliz sosial planda elə də əhəmiyyətli deyil.

Hyustona görə isə işi başından aşan, vaxtı olmayan adamlar psixoanalizlə maraqlanmırdılar. Onun fikrincə, psixoanaliz daha çox maddi cəhətdən təmin olunmuş, darıxdığından nə edəcəyini bilməyən qadınlar üçün maraqlı idi.

Amma yazıçı-filosofla rejissorun əməkdaşlığı alınmadı. Çünki Sartr tammetrajlı film üçün ssenari yaza bilmirdi.

Qeyd edək ki, Sartr əvvəlki ssenarilərini başqa müəlliflərlə birgə yazmışdı. Beləliklə, o, əvvəlcə 95 səhifədən başladı, ssenari 300 səhifəyə çatanda Hyuston başa düşdü ki, beş saatlıq film çəkmək məqsədəuyğun deyil.

Hyuston və Sartr ssenarini qısaltmaq məqsədilə görüşəndə, onların görüşü soyuq keçir. Rejissor xatırlayır ki, Sartr çox danışır və ona ağzını açmağa imkan vermirdi. Bundan başqa o, bir insan nə qədər kifir ola bilərdisə, o qədər kifir idi.

Sartr da Hyuston barədə xoş fikirdə deyildi. Amma onun düşüncələri Hyustonun onun haqdakı fikirlərindən daha yumşaq idi.

O, arvadı Simona de Bovuara məktubunda Hyustonu vəcdə gəlmiş və yelbeyin kimi xarakterizə edirdi: “...Qırmızı smokinq geyəndə və ya at sürəndə (bunu o qədər də yaxşı bacarmırdı), yaxud xidmətçi ilə danışanda onda uşaqcasına bir şöhrət düşkünlüyü sezilir. Onun diqqətini heç beş dəqiqə də ssenariyə yönəltmək mümkün deyildi: işləyə bilmir, ümumiyyətlə, az düşünməyə çalışır”.

Uğursuz görüşdən sonra Sartr Hyustona ssenarinin daha bir versiyasını yollayır: bu dəfə səkkiz saatlıq film üçün... Yalnız bundan sonra Hyuston Sartrla işləməkdən imtina edir və ssenarist kimi alman Volfqanq Raynhardtı layihəyə cəlb edir. Onların əməkdaşlığı alınır, nəhayət, 1962-ci ildə ekranlara “Freyd: Gizli ehtiras” filmi çıxır.

Hyustonla görüşündə Sartr demişdi ki, o, Freydin pasiyenti Anna О. rolunda Merilin Monronu görmək istəyir.

Qeyd edək ki, avstriyalı Berta Pappenhaym ictimai xadim, qadın haqları müdafiəçisi olsa da, Ziqmund Freyd və Yozef Breyerin pasiyenti Anna O. kimi tanınıb.

Annanın xəstəliyi Freyd üçün isterika nəzəriyyəsinin, nəticədə isə psixoanalizi işləmək üçün başlanğıc olub.

Hyuston bu rola Monronu yox, Süzanna Yorku çəkdi. Üstəlik, o, Sartrın ssenarisindən istifadə eləsə də, onun adını titrlərdə yazmadı.

Məşhur İsveç rejissoru İnqmar Berqmanın digər fransız yazıçısı Alber Kamyu ilə işbirliyi alınmayıb. Amerikanın kino şirkətlərindn biri Berqmana Kamyunun “Süqut” əsərini ekranlaşdırmağı təklif edib.

Rejissor müsahibələrindən birində qeyd edib ki, Kamyu ilə onun “Süqut” əsərinin ssenarisini birgə yazmaq barədə məktublaşıblar: “Amma Kamyu öldü və hər şey yarıda qaldı. Bəlkə də bizim əməkdaşlığımızdan nəsə alınardı. Hərçənd, inanmıram ki, rejissor kimi bu işin öhdəsindən gələrdim. Düşünürəm ki, film pis alınardı”.

Sevda Sultanova

# 2166 dəfə oxunub

Müəllifin son yazıları

# # #