İradə İsaqın bütpərəstliyi

İradə İsaqın bütpərəstliyi
6 aprel 2015
# 15:08

Keçmişə istinad yeni ideyalara yol açırsa, bu, inkişafdır.

Yox, keçmişə bağlılıq bütpərəstlik xarakteri daşıyırsa, yeni, alternativ tendensiyaların qarşısını kəsirsə, bu, artıq təhlükəlidir, inkişafa yox deməkdir.

İradə İsaqın, özünün dediyi kimi “gülüş mogikanlarına” həsr olunan, keçmişin və bü günün yumorunun müzakirə edildiyi “Səbəbkar” verilişində müəllif cidd-cəhdlə keçmişdən qopmağın tərəfdarı olmadığını göstərdi.

Əvvəla ondan başlayım ki, maraqlı araşdırmaları və savadı ilə fərqlənən İ.İsaq bu verilişdə jurnalistikanın qaydalarını kobudcasına pozdu.

Tez-tez keçmişin, sovet dövründəki komediya aktyorlarının üstünlüyünü, peşəkarlığını, səviyyəsini vurğulayan aparıcı Fərda Xudaverdiyevə və Elməddin Cəfərova psixoloji hücuma keçdi.

İntonasiyası, dəxilsiz istehzalı gülüşü, sətiraltı və bəzən birbaşa ifadələri ilə onları necəsə təhqir etməyə çalışdı, birtərəfli mövqe nümayiş etdirdi.

Sovet dövrü ilə indinin şərtləri tamamilə fərqlidir. Həmin dövrdə aktyorların da, onların oynadığı tamaşaların da bütün ölkədə populyarlaşması, sevilməsi təbii idi. Qapalı mühit, bir telekanal, internet yox və tamaşaçını bu aktyorlar üçün daha əlçatmaz edən “dördüncü divar” sindromu beton divarlar kimi sərt...

Mədəni informasiya axını, fərqli kanallar, dünya ilə əlaqə olmadığına və bu səbəbdən də alternativ teatr tendensiyaları, tərzlər, üslublar ilə müqayisə aparmaq imkanı olmadığından onların fetişləşdirilməsi normaldır.

Və o vaxtdan indiyə kimi yaşlı aktyorlar, Mədəniyyət kanalı altşüurumuza birmənalı şəkildə sovet dövründə aktyorların korifey, tamaşaların, filmlərin dahiyanə olması təbliğatını yeridir.

Məqaləni yazanda Youtubedə, Mədəniyyət kanalında zaman-zaman göstərilən Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin, Əlağa Ağayevin, Nəsibə Zeynalovanın 60-cı illərdə oynadıqları səhnəciklərə bir daha baxdım.

Məsələn, futbol, “vur-vurum” səhnəciyi və ya N.Zeynalovanın L.Abdullayevlə oynadığı elçilik səhnəciyi tarix olaraq maraqlıdır. Süjetinə, yumoruna, mövzuya yanaşmasına görə isə məhəllidir, primitivdir, aktual deyil və qeyri-aktuallığına görə də gülməli deyil. Üstəlik, aktyor oyununda fövqəladə sənətkarlıq yoxdur.

N.Zeynalovanın qeyd etdiyim səhnədəki qarı, “Qaynana” filmindəki Cənnət, “Altı qızın biri Pəri” tamaşasındakı Cəhrə arvad obrazlarının ümumən xarakteri, plastikası eynidir və bu üç ifa onun bir aktrisa kimi başqa yanını açmır. Bu mənada Dilarə Əliyevanı N.Zeynalovadan zəif aktrisa saymıram. Əksinə, bu gün D.Əliyeva mənim üçün daha maraqlıdır. Necə ki, müasir auditoriya üçün keçmişin yumoru, aktyorları yox, məhz “Bu şəhərdə”nin, “Parni iz Baku”nun, Müşfiq Şahverdiyevin, Fərda Xudaverdiyevin, Elməddin Cəfərovun yumoru doğmadır.

Azərbaycan tamaşaçısı türk, rus yumorunu izləyir, çox rahatlıqla başqa ölkələrin komediyalarına baxır, müqayisə aparmaq imkanları çoxdur.

Təbii ki, belə bir virtual rəqabət şəraitində müasir komediya aktyorları üçün auditoriya qazanmaq çox çətindir. Üstəlik, bu sahədə peşəkar ola biləcək rejissor, ssenarist qıtlığını, maliyyə yoxluğunu da nəzərə alın. Amma onlar çətin şəraitə baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyindən kömək ummadan, gileylənmədən müstəqil şəkildə diş-dırnaqları ilə çalşırlar. “Bu şəhərdə”, “Parni iz Baku” zallara, Müşfiq Şahverdiyev “My name is İntiqam”, F.Xudaverdiyev, E.Cəfərov “Xoxan”la insanları kinoteatra gətirməyi bacarır. Onların ortaya qoyduğu məhsulun yaxşi-pis tərəfləri başqa söhbətdir. Söhbət dövlət yardımına arxalanmadan, kino sənayesinin sıfırda olduğu vəziyyətdə bu insanların verdiyi əməkdən, çəkdiyi zəhmətdən gedir. Bunu ən azı qiymətləndirmək lazımdır.

Yeri gəlmişkən, Yaşar Nuri, milli teatr və kinomuzun sözün həqiqi mənasında ən peşəkar, parlaq aktyorlarından birinin məgər zəif rolu yox idi? O, yazıçı Hüseynbala Mirələmovun əsəri əsasında 2005-ci ildə çəkilmiş, Ələkbər Kazımovskinin quruluş verdiyi “Yeni həyat” filmindəki rolu ilə yeni nəsə deməyib, yaradıcılığına fərqli ştrix qatmayıb.

Yəni, məsələ təkcə aktyorun istedadında deyil. Ssenari, rejissor işi zəif, kəsərsiz olanda ən güclü aktyor da görünməz olur. Dünya kinosunda onlarla belə nümunə var. Bu il Kann festivalının posterini İnqrid Berqmanın şəkli bəzəyəcək. Berqmanın obrazlarının çoxu mahiyyətcə saf, təmiz, qurbana çevrilən qadındır. Və bu, yeknəsəqlik onu aktrisa kimi maraqsız edir. Amma İnqmar Berqman kimi dahi rejissorun “Payız sonatı”sındakı rolu onun karyerasının ən mühüm ifalarından biri oldu.

...Mənim üçün maraqlıdır ki, istər dram, istər komediya sahəsində çalışan korifeylər olsun, bu gün yaşasaydılar, mövcud vəziyyətdəki şərtlərdə tamaşalarda, filmlərdə uğur qazana bilərdilərmi?

İ.İsaq deyir ki, müasir komediya aktyorları teatrda işləsəydi daha akademik gülüşləri olardı. Maraqlıdır, hansı teatrı nəzərdə tutur? Yəqin ki, Musiqili Komediya Teatrını. Son bir neçə ildə Musiqili Komediya Teatrı hər seansı anşlaqla keçən, sosial şəbəkələrdə müzakirə olunan, səs-küy doğuran hansı tamaşanı qoyub? Uğurlu tamaşa mütləq müzakirə olunur, rezonans doğurur axı.

Necə ki, məsələn, Rövşən Almuradlının “Yaşlı xanımın gəlişi” diqqət mərkəzində oldu.

Tamaşaçı ilə əlaqəsini qıran Musiqili Komediya Teatrının özündə köklü dəyişikliklərə, islahatlara ehtiyacı var.

Aparıcı daha sonra deyir ki, sovet dövründəki gülüş ustaları şəxsiyyət idilər. Onun əsaslandırmalarından biri də belədir ki, onlar yol keçəndə maşınlar saxlayırdı. Bu fakt məgər şəxsiyyətin ölçüsüdür? Əminəm ki, o dövrdə Röya və ya Rəqsanə yaşayıb populyar olsaydı maşınlar dayanardı.

Anlamaq lazımdır ki, dünyada tendensiyalar daim dəyişir, keçmişə qapanıb, autik mühit yaratmaqla, keçmişi zorən kriteriya kimi qəbul etdirməklə inkişaf mümkün deyil.

# 1789 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #