İyirmi birinci əsrin əcinnə ovçuları

Sevda Sultanova

Sevda Sultanova

18 noyabr 2021
# 11:09

Bir neçə il öncə, 2017-ci ildə məşhur amerikalı kinoprodüserlərdən biri Harvi Vaynşteynin vəzifəsindən sui-istifadə edərək, əməkdaşlıq etdiyi aktrisaları zorlamasının və seksual qısnamasının mediada ifşası, ardınca aktyor, prodüser Bill Kosbi və rejissor Roman Polanskinin cinsi təcavüzə görə Amerika Kino Akdemiyasından çıxarılması, rejissor və prodüser Brett Ratnerin eyni səbəblərlə Warner Bros şirkətindən qovulması və bu kimi analoji hadisələr, Hollivud kinosənayesinə müəyyən təsirini göstərməyə başladı. Beləliklə, nəticədə cinsi zorakılığa qarşı etiraz olaraq meydana çıxan MeToo hərəkatı kinoda bu mövzunun aktuallaşmasına təkan verdi.

Müəlliflər filmlərində mövzuya müxtəlif aspektlərdən yanaşırlar: qadın haqlarının pozulmasından tutmuş məsələnin etik tərəflərinə kimi.

Cey Rouçun 2019-cu ildə ekranlara çıxan “Skandal” dramı Fox News telekanalının baş direktoru Rocer Aylz hadisəsini anladır. Bu həmin Aylzdır ki, 2016-cı ildə seksual qısnamada ittiham olunaraq istefaya getmişdi.

Li Uonnelin 2010-ci ildə istehsal olunmuş “Gözəgörünməz adam” elmi fantastik trilleri isə Herbert Uellsin eyniadlı əsərinə istinad edir. Rejissor emosional zorakılığın qurbanın şüuruna necə təsir göstərdiyindən bəhs edir.

Ümumiyyətlə isə sözügedən mövzuda qadın rejissorlar daha çox fəallıq göstərirlər.

Kitti Qrinin “Assistent qadın” (2019) filminin qəhrəmanı, kinoşirkətdə işləyən, prodüser olmağı arzulayan gənc qızdır. Ofisdə telefon zənglərinə cavab verən, iş görüşlərini təşkil edən qız şirkət rəhbərinin müntəzəm olaraq gənc xanımlarla görüşməsi zamanı nələrinsə düz getmədiyindən şübhələnir. O, iş yoldaşlarından kömək istəyəndə, ona qarışmamağı məsləhət görürlər. Rejissor vurğunu, zorakılıq məsələlərində yalnız rəhbərlərin yox, kollektivin də məsuliyyət daşıdığına salır.

Yaxud ingilis aktrisası Emirald Fennel “Ümid verən qız” (2020) debüt filmində, kurs yoldaşı tərəfindən zorlanmış tibb kollecinin keçmiş tələbəsinin həyatını, bu travmalardan xilas olmasının yollarını anladır.

MeToo hərəkatından istifadə edən müəyyən qruplar kinosənayesində gender bərabərliyinə nail olmaq, seksual azlıqların mümkün qədər çox təmsil olunmasını istəyirlər. Bir qism kino adamı isə aktyorlardan əməkdaşlıq etdiyi studiya ilə müqaviləsinə “inclusion rider” şərtinin əlavə olunmasını tələb edirlər. Şərtə görə, filmdə kişi və qadın bərabərliyi olmalı, 40 faiz etnik azlığın, beş faiz seksual azlığın nümayəndəsi və 20 faiz əlilliyi olan şəxslər iştirak etməlidir. Ehtimal var ki, məhz bunun sayəsində ulduz aktyorlar studiyaların kastinq siyasətini dəyişməyə vadar edəcək, nəticədə azlıqlar üçün də iş yerləri açılacaq.

Amerikalı kinotənqidçi, kinoda feminist nəzəriyyəsinin nümayəndələrindən biri Rubi Riç isə müsahibələrindən birində deyir: “Bütün bunlara baxmayaraq Hollivudu MeToo hərəkatı yox, Amazon və Netflix ilə rəqabət narahat edir. Onlar sadəcə bu hərəkatı kənardan izləyir və ümid edirlər ki, hər şey yoluna düşəcək. Və ofislərində oturaraq necə bir strategiyanın uduşlu olmasını tapmağa çalışırlar. Əgər təklif pesrpektivlidirsə, əməkdaşlıq edirlər, biznesə zərər verəcəksə vaz keçirlər. Bütün məntiq bundadır”.

Yəni bütün hallarda MeToo hərəkatının kinosənayedə gender bərabərliyinə, seksual, etnik azlıqların təmsilçiliyinə nail olacağı real görünmür. Müsahibəsində Rubu Riç maraqlı bir detala da toxunur ki, Akademiyada onlara, böyük tələbatın olmadığı kvir kinoya (Amerika müstəqil kinosunda 1990-cı illərdə meydana gələn New Queer Cinema filmləri-homoseksuallarla bərabər transseksualların, biseksualların, transvestitlərin həyat tərzini təsvir edir, problemlərini qaldırır, homofobiyaya qarşı mübarizə aparır) səs vermələrinə icazə yoxdur. Hətta seksual qısnamda ittiham olunan animator, rejissor Con Lasseter yenidən kinosənayeyə qayıdır, ona Skydance studiyasında animasiya bölməsinin rəhbərliyi tapşırılıb.

Seksual zoraklıqlda və qısnamada günahkar olan hər kəs əlbəttə ki, cəzalanmalıdır. Lakin məsələnin pis tərəfi odur ki, müəyyən qruplar kinoda qadınların, müxtəlif azlıqların iştirakını keyfiyyət, təbii seçim hesabına baş verməsini istəmirlər. Nəticədə hər cür keyfiyyətsiz film festivallara, böyük ekranlara yol açır, istedadsız aktyor, aktrisa filmlərdə rol alır. Əslində, onsuz da nüfuzlu festivallarda nəhəng kinoşirkətlərin maraqları öndədir, aktual siyasi, sosial mövzular manipulyasiya edilir və nəticədə sənət meyarı daşımayan filmlər əsas müsabiqələrə salınaraq qalib olur və s. Üstəlik, bir də gender məsələsi, azlıq faktoru kontekstində təbliğat filmləri sənət adına sırınır. Daha pisi odur ki, zorakılıq etmiş adamın şəxsiyyətini peşəsindən ayrımamaq nəticəsində, o, repressiyaya məruz qalır və mahiyyətində latent faşizm daşıyan bu davranış liberalizm adlanır. Misalçün, Roman Polanski seksual zorakılığa görə cəzasını əlbəttə ki almalıdır. Amma bundan onun rejissor kimliyi zərər çəkməməlidir. Kimlərinsə xoşuna gəlməsə də, həqiqət budur ki, günümüzdə Polanski səviyyəsində, gücündə qadın rejissor yoxdur.

2019-cu ildə onun “Zabit və casus” filminin Venesiya festivalında nümayiş olunmasına etiraz edənlərə festivalın direktoru Alberto Barbera deyir: “Mən hakim deyiləm və Polanskini həbsə göndərməyin lazım olub olmadığına dair qərar vermək səlahiyyətim yoxdur. Mən kinotənqidçiyəm, bu situasiyada tək çıxış yolu budur ki, filmin festivalda iştirak etmək üçün kifayət qədər yaxşı olub-olmadığını anlayasan”.

Məşhur avstriyalı rejissor Mixael Haneke isə müsahibələrindən birində hərəkatla bağlı deyir:

“Məni MeToo dalğasında meydana çıxan, yeni kişiyə nifrət puritanizmi narahat edir. Qısnamada şübhəli bilinən aktyorların səhnələrinin, auditoriyanı itirməmək üçün filmlərdən və seriallardan kəsilməsinə təəssüflənirəm. Biz harda yaşayırıq? Yeni orta əsrlər dönəmində? Əlbəttə ki, qadına və ya kişiyə qarşı hər hansı seksual zorakılıq etmiş adam cəzalanmalıdır. Sadəcə, əcinnə ovunu orta əsrlərdə saxlamaq lazımdır. Mən bu müsahibədən sonra internetdə haqqımda nə yazacaqlarını təsəvvür edirəm: Haneke şovinist donuzdur”.

# 2603 dəfə oxunub

Müəllifin son yazıları

# # #