Qanunları heçə sayan “efir müstəntiqləri”

Qanunları heçə sayan “efir müstəntiqləri”
13 yanvar 2020
# 14:41

Nərmin Quliyevanın qətli jurnalistikamızın ayıblarını bir daha xatırlatdı: etik-mənəvi məsələlərdə sinizm, hüquqi bilgisizlik, məsuliyyətsiz məlumatlar, qaragüruh yanaşmayla kütlənin emosiyalarını coşdurmaq...

Öncə ondan başlayım ki, qətldə şübhəli bilinən şəxsin cinayəti sübuta yetirilməmiş bir sıra saytlar “Qatili tapıldı”, “Qatillə bağlı yeni faktlar” kimi məsuliyyətsiz, hüquqa zidd başlıqlarla xəbərlər yaydılar. İstintaq başa çatmadan, məhkəmə qərarı olmadan təqsirləndirilən şəxs statusunda olan birini “qatil” adlandırmaq hüquqi savadsızlıqdır. Təqsirsizlik prezumpsiyası hüquqi prinsipinə görə, cinayətin törədilməsində təqsirləndirilən şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, o, təqsirsiz sayılır. Sosial şəbəkələrdə sıradan istifadəçilər belə bir yanlışa yol verə bilər. Lakin medianın belə bir kobud səhvə yol verməsi bağışlanmazdır və daha pis nəticələrə yol aça bilər.

Yeri gəlmişkən, mərhum vəkil Elton Quliyev haqda kitabı işləyərkən onun vəkili olduğu səs-küylü işlər haqda məlumat toplayanda, hətta Qərb standartları ilə işləyən tanınmış saytlarda belə hüquqi qüsuru olan mətnlərlə rastlaşırdım. Mənbə etibarlı olmadığından peşəkar hüquqşünaslarla mütəmadi məsləhətləşməli olurdum. Dediyim odur ki, hüquq-mühafizə orqanlarının fəaliyyətini işıqlandıran jurnalistlərin hüquqi bilgilərinin artırılması, təkmilləşdirilməsi ilə bağlı müntəzəm və məcburi tədbirlər keçirilməlidir. Burası belə. Keçək başqa məsələyə.

Son bir neçə gün sosial şəbəkələrdə Xəzər TV-də yayımlanan “Səni axtarıram” proqramının müəllifi Xoşqədəm Hidayətqızının analoji son hadisələrlə bağlı məsuliyyət daşıması, ümumiyyətlə, bu tip sosial proqramların - ATV-də Zaur Baxşəliyevin “Bizimləsən”, ARB-də Elgiz Əkbərin “Elgizlə izlə” verilişlərinin qapanmasının zəruriliyi müzakirə olunur.

Ailə məsələlərini, itkin düşmüş şəxsləri ekrana daşıyan, müzakirəyə çıxaran proqramlar yaxın qonşularımızın telekanallarında da yer alır. Önəmli olan isə budur: verilişin təqdimatının necəliyi, hansı formada olması, yaradıcı heyətin peşəkarlığı...

Bu tip proqramlarda bir neçə detal narahatlıq üçün əsas verir.

Birinci məsələ azyaşlı uşaqların psixoloji gərginliklə dolu verilişlərdə iştirakı, birbaşa efirdə onların sosial-məişət, cinayət hadisələrinin müzakirələrinin, dava-dalaşlarının, qarşılıqlı ittihamların mərkəzinə atılması, sorğu-sual edilməsi ən azı uşaq hüquqlarının pozulmasıdır. Daha sərt desəm, proqram müəllifləri və telekanal rəhbərliyi tərəfindən spekulyasiyadır.

“Səni axtarıram”ın ötən ilin noyabrında gedən buraxılışların birində Nərminin azyaşlı yaxın qohumları –aparıcının sorğu-sualına, valideynlər, qohumlar arasında olan gərginliyə dözməyərək ağlayırlar və efirdən çıxarılırlar. Ardınca kulisdə olan həkim Aytən Səfərova, efirdən çıxarılan balacanı dörd dəfə sorğu-suala tutduğunu və aldığı təəssüratları efirdə bəyan edir. İş polis nəzarətində olduğu halda müəllif və ya Aytən Səfərova hansı səlahiyyətin yiyəsidir ki, uşaqları təkidli, psixoioji ağırlıqlı suallara məruz qoyur, ifadə alırlar və belə bir davranış hansı etik, hüquqi bazaya əsaslanır? Ümumiyyətlə, niyə uşaqlar yaşlarına uyğun olmayan proqramlara dəvət olunurlar?

“Elgizlə izlə”də Xaçmazdan olan, çoxuşaqlı kasıb ailə efirə gətirilir, uşaqların yanında onların problemləri müzakirə olunur, valideynlər aparıcılar və qonaqlar tərəfindən əqli əngəlli olduğuna görə alçaldılır, ananı isə bir neçə dəfə ağladırlar. Övladlarının gözü qabağında valideynlər təhqir olunur, uşaqlar “xəstə” adlandırılır.

Z.Baxşəliyevin “Bizimləsən” verilişinin buraxılışlarından birində isə 15 yaşlı Ruslanın taleyi müzakirəyə çıxarılır. Valideynləri ayrılan Ruslan həm qonaqlar, həm qohumlar tərəfindən psixoloji təzyiqə məruz qalaraq ağlayır.

Bu il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. Qanunun birinci maddəsində aşağıdakı bənd yer alıb: zərərli informasiya deyiləndə, uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat nəzərdə tutulur. Faktiki olaraq, adını çəkdiyim proqramlarda azyaşlı uşaqlar telekanalların məsuliyyətsizliyi üzündən psixi zorakılığa məruz qalır və təhqir olunurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Ayna.az-a verdiyi açıqlamada bu proqramların birdəfəlik yığışdırılması məsələsinin gündəmə gəlməyinin vacibliyini vurğulayır:

“Tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlanacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik.”

İkinci məsələ aparıcıların birbaşa efirdə məhkəmə istintaqını aparması, jurnalist kimi davranmaq, tərəfsiz olmaq əvəzinə özlərini hakim qismində görməsidir. Bir qayda olaraq, belə verilişlərdə heyət hüquqşünaslarla, polis orqanlarıyla, sosioloqlarla, psixoloqlarla sıx əməkdaşlıq şəraitində işləyir, necə davranmaq, nəyi demək, nəyi deməmək haqda məlumatlandırılırlar.

Tovuzda baş verən hadisə ilə bağlı buraxılışlarda gerçəkdən də istintaqa mane ola biləcək, deyilməsi lazım olmayan fikirlər səslənib. Misalçün, bir buraxılışda Nərminin arxasınca gedən bacısını sarı taksinin izləməsi, sürücünün təkidlə onun maşına oturmasını istəməsi haqda məlumat verilir. Məlumat doğrudursa, efirdə niyə deyilir? Bu, şübhəli olmasına əsas verən həmin adamı duyuq salmaq, əməlinin ört-basdır edilməsinə yardım etmək demək deyilmi? Başqa məsələ, müstəntiqə ifadə verdiyini deyən qohumlar həmin ifadələri verilişdə açıqlayırlar. Halbuki, ifadələr istintaq sirri kimi saxlanılmalı deyilmi? Niyə efirdə ifadələrin açıqlanmasına şərait yaradılır?

Zaur Baxşəliyev isə əminliklə deyir ki, istintaqın nəticəsində hadisəni törədən adamın əlində dəlilik kağızı olacaq və o, məsuliyyətdən qurtulacaq:

“Ən sonucda belə adamı atacaqlar ortaya ki, başı xarab imiş”.

İstintaq başa çatmamış nəticənin qeyri-obyektiv olacağını bildirən aparıcının belə bir məsuliyyətsiz bəyanatı, cinayətlərin cəzasız qalacağı haqda fikir formalaşdırması niyə ən azı MTRŞ tərəfindən cavabsız qalır?

Yaxud, X.Hidayətqızının oğurlayan şəxsə hədələyici ismarıclar göndərməsi, "Sənin izinə düşmüşük. Tezliklə tapacağıq. Özün təslim ol” deməsi cinayətkarı məlumatlandırmaq, onun əməlini daha yaxşı ört basdır etməyə yardım etməkdir.

Aparıcılar onlara ünvanlanan tənqidlərə qarşı “Yaxşılıq edirik, araşdırma aparırıq” deyib özlərinə bəraət verirlər. Bu, araşdırmadırmı?

Telejurnalist, professor Qulu Məhərrəmli dünyanın hər yerində bu tip verilişlər olduğunu qeyd edir:

“Amma istər beynəlxalq səviyyədə, istər yerli səviyyədə olan qanunvericilikdə uşaqlarla bağlı ciddi məhdudiyyətlər var. Dünyanın bir çox aparıcı televiziya kanallarında – BBC-də, Skandinaviya ölkələrində, Yaponiya telekanallarında etik qaydalar toplusu, xüsusən uşaqlarla bağlı jurnalistlərin bu məsələdə necə davranmasını göstərən konkret etik müddəalar var. Əgər bir uşaq oğurlanıbsa, istintaq aparılırsa, televiziyanın burda rolu nə olmalıdır? Xüsusən nəzərə alanda ki, onun həyatına ciddi təhlükə var. Cinayəti törədən adamlar həddən artıq həssas olurlar, informasiyanı ciddi izləyirlər, bəzən informasiyanın istiqamətinə uyğun olaraq öz hərəkətlərini müəyyənləşdirirlər. Ona görə, hesab edirəm ki, bu məsələdə nə qədər məhdud informasiya olarsa, bir o qədər zərərçəkənin həyatını qorumuş oluruq. Amma bizdə bəzi verilişlər, aparıcılar özlərini o qədər yüksəkdə hiss edir ki, hətta istintaqı, əməliyyat prosedurlarını da aşıb keçirlər. Hadisəni şiddətləndirirlər, romantik səviyyəyə qaldırırlar, detektivə çevirirlər və nəticədə insan həyatı məhv edilir. Ona görə bizim televiziyaların ekstremal şəraitdə etik davranış qaydaları olmalıdır. Xüsusən qeyri standart situasiyada necə davranmalıdır. Cinayət baş verirsə, o, detallarınadək açılmır. Hadisəni olduğu kimi göstərib əyani vəsaitə çevirmək olmaz. Televiziya bundan çəkinməlidir. İstər uşaqlarla, istər böyüklərlə bağlı istənilən cinayət hadisəsini bu cür bəh-bəhlə, bəzəyərək romantika qataraq çatdırmaq olmaz. Bunun arxasında insan taleyi dayanır”.

Araşdırmaçı-jurnalist Aytən Fərhadovanın fikrincə, ən birinci jurnalist qurbanını fəlakət qarşısında qoymamalıdır və onun mənbəni açmamaq hüququ burdan qaynaqlanır:

“Adətən jurnalist araşdırması zamanı son nəticə yayılır. İstintaqın fəaliyyətinə, qurbana ziyan vurmamaq üçün nəticə əldə edənə qədər araşdırmalar qapalı aparılır. Adını çəkdiyiniz proqramlarda isə jurnalist araşdırması aparmır, bu, primitiv özfəaliyyətdir”.

Telekanallarımızda yayımlanan verilişlərin canlı efirində araşdırma yoxdur, konkret məhkəmə istintaqı qurulur, qohumlar üz-üzə qoyulur, polisə verilən ifadələr açıqlanır, cinayətkara ismarıclar göndərilir, emosional, düşüncəsiz davranışlar cinayətkarı duyuq salır, mənbələr təhlükə altına alınır və s. Bu məsələni aktuallaşdırmaq lazımdır ki, həmin verilişlərə hüquqi baxımdan hansı imtiyazlar verilməlidir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Ayna.az-a verdiyi açıqlamada “Səni axtarıram” verilişinin məsuliyyətini qeyd edir:

“Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada məsuliyyət də yarana bilər”.

Üçüncü məsələ aparıcıların ən adi efir, ünsiyyət mədəniyyətindən, jurnalist etikası bir yana, insani etikadan uzaq olmalarıdır. “Elgizlə izlə”nin buraxılışlarından birində studiyaya küçəyə atılmış uşaqlar çıxarılır. Uşaqlara yardım etmək üçün zəng vuran vətəndaşlarla aparıcı kobud davranır, onlara çımxırır, aqressiya göstərir. Halbuki, çox sakit şəkildə təşəkkür edib, lazımi qurumların onlara dəstək verdiyini deyə bilərdi.

X.Hidayətqızı qətlə yetirilən uşağın anasını, nənəsi kimi saçını başını yolmadığına, ağlamadığına görə qınayır, “Anaya bax e, mən şok keçirirəm. Ata və nənədən başqa o uşağı istəyən yoxdur” deyir və qadın nəsə demək istəyəndə “Sən sus, sən danışma” əmrini verir. Bu, adi bir həqiqətdir ki, hər bir fərd öz ağrısını fərqli ifadə edir, ağlamaq hələ ağırının ifadəsi anlamına gəlmir. Ağlamaqlar da saxta ola bilər. Necə ki, efirdə X.Hidayətqızının, Z.Baxşəliyevin ağlaması, mərhəməti böyük çoxluğa süni gəlir.

Adını çəkdiyim proqramlarda kədərli musiqiləri, qətlə yetirilənin foto və video-görüntülərini, cənazə mərasimlərini təkrar-təkrar efirə gətirməklə müəlliflər tamaşaçıya emosional zorakılıq yaşadır, duyğuları istismar etməklə verilişi yas, mərsiyə formatına salır.

Zaur Baxşəliyev isə öz proqramında Şeyx Əbdüllə birləşərək, qəbilə təfəkkürünə adekvat olan “qana-qan” kimi çağırışlar edir, təklif olunur ki, qatili məhkəmənin yox, camaatın ixtiyarına versinlər və ölüm hökmünün qaytarılmasını təbliğ edirlər. Ölüm hökmünün bərpasına çağırış mənəvi barbarlıqdır, üstəlik, kim təminat verir ki, hansısa ədalətsiz, naşı hakimin səhvi üzündən hökm günahsız adama tətbiq olunmayacaq? Hətta qərb ölkələrinin məhkəmələrində dəfələrlə belə yanlışlıqlar yaşanıb.

İnsan talelərini müzakirəyə çıxaran proqramlar dövlətin nəzarətində olmalı, ictimai əsaslarla, sponsorsuz fəaliyyət göstərməlidir ki, kimsə fərdlərin taleyi üzərindən reytinq qazanmasın.

Və itkin düşən şəxslər televiziyada davamlı axtarılırsa, pis şəraitdə yaşayan, problemli ailələr efirə çıxarılırsa, bu, hər şeydən öncə sosial institutların fəaliyyətsizliyi, hüquq mühafizə orqanlarının işindəki boşluqlarla bağlıdır.

# 8184 dəfə oxunub

Müəllifin son yazıları

# # #