Dövlət sifarişli film niyə Vaqif Mustafayevə verilib?

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

21 aprel 2022
# 10:29

Bu yaxınlarda APA-da yayımlanan və müzakirələrə səbəb olan “Hanı bizim Zəfər ədəbiyyatımız, kinomuz?” məqaləsindəki bəzi məqamlara münasibətdə savadsız, əsaslandırılmamış mövqelərlə tanış oldum. Savadsız yanaşmalardan biri odur ki, müharibə yeni bitdiyindən mövzuya dair keyfiyyətli film çəkmək tezdir. Bu fikri səsləndirən şəxslər kino tarixindən xəbərsizdirlər və yanlış düşüncələri ilə insanları çaşdırırlar.

Sovetlər İttifaqında Viktor Eysımont “Bir qızcığaz vardı”, Sergey Gerasimov və Mixail Kalatozov “Məğlubedilməzlər” filmlərini Leninqradda mühasirədə qalanda çəkiblər. İkinci Dünya Müharibəsi zamanı Amerikada Ernst Lyubiç “Olum və ya ölüm”, Fritç Lanq “Qorxu Nazirliyi”, İtaliyada Roberto Rosselini “Roma açıq şəhərdir”, Birinci Qarabağ Müharibəsi zamanı isə Ceyhun Mirzəyev indiyədək bu mövzuda ekranlaşdırılmış ən yaxşı filmlərdən birini – “Fəryad”ı çəkib.

Bəs problem nədədir? Özü də dövlətin kinoya milyonlarla vəsait ayırdığı, texnologiyaların inkişaf elədiyi dönəmdə? Hə, yadıma düşmüşkən, sözügedən yazıda əsas məsələ bu idi ki, dövlətin ümumən mədəniyyətə ayırdığı maliyyə niyə səmərəli xərclənmir və yaradıcı qurumların nədən məhsuldar fəaliyyəti yoxdur.

Mədəniyyət Nazirliyinin, adı dəyişdirilsə də, fəaliyyətinin mahiyyəti dəyişməyən kino şöbəsinə yeni rəhbərlik təyin olunandan bir tammetrajlı film də meydana çıxarılmayıb. “Azərbaycanfilm”in “Narimanfilm”lə birgə istehsal etdiyi, azərbaycanlıların Qafandan qovulması, Xocalı soyqırımı və Qarabağın azad olunmasını əhatə edən, İlqar Safatın rejissoru olduğu “Doğma torpaq” filmi niyəsə gecikir. Asif Rüstəmovun ailə dramından bəhs edən “Mərmər soyuğu” bitsə də, treyleri belə yayılmayıb. Dövlət sifarişi ilə lentə alınan, Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” bədii filmi, rəsmiləşməyən xəbərlərə görə həm yaradıcı nöqteyi-nəzərdən, həm Qarabağ məsələsi ilə bağlı ümumi mövqeyimizə adekvat olmadığından hələ qəbul edilməyib. Bəs filmdə uyğun olmayan nələrdir? Mənim filmi izləmək fürsətim olmayıb. Lakin sözügedən ekran işinə baxan kino adamlarının ümumiləşmiş fikrincə, burda erməni tərəfi ilə bağlı səhnələr üstünlük təşkil eləyir, yumor lokal, kommersiya filmlərində olduğu kimi bayağıdır, İkinci Qarabağ Savaşının nəticələri lazımi qədər əksini tapmayıb. Suallar isə budur: Dövlət sifarişi əsasında film niyə məhz Vaqif Mustafayevə həvalə olunub? ( “Kult rejissordur” fikri arqument deyil) Ssenarini oxuyan ekspertlər kimlərdir, onun seçilmə mexanizmi necə baş verib, hansı kriteriyalara əsasən bu ssenariyə üstünlük verilib? Başqa alternativ ssenarilər olubmu? Dövlət sifarişi kimi məsuliyyətli bir tapşırıq zamanı niyə müsabiqə elan olunmayıb?

Əgər “Həyat, deyəsən, gözəldir” filmi gələcəkdə nümayişə çıxmayacaqsa, ona ayrılmış büdcənin itkisi necə qarşılanacaq? Başqa bir məsələ, bu film də daxil olmaqla, dövlət maliyyəsi hesabına istehsal olunan filmlərin büdcələri hansı səbəblərdən açıqlanmır?

“Hanı bizim Zəfər ədəbiyyatımız, kinomuz?” yazısına irad tutulan digər məqam yaradıcı adamın sifarişlə işləməsinə etirazdır. Guya sifariş əsasında ancaq konyuktur, formal əsərlər yaranır. Halbuki Hiçkokun “Şübhə”, Qodarın “Nifrət”, Miloş Formanın “Qu quşu yuvası üzərində” filmi prodüserlərin sifarişi ilə çəkilib. Azərbaycan kinosunun ən yaxşı filmlərindən biri “Babək”i də Eldar Quliyev sifarişlə çəkib. Hətta bu filmi çəkməyə rejissor könülsüz razılaşıb. Onlarla belə nümunə sadalamaq olar ki, “yaradıcı adam sifarişlə işləyə bilməz” fikrini inkar etsin. Həm də Qarabağla bağlı, kinomateriala yararlı olan onlarla təsirli, universal hekayələr var ki, müsabiqələr onların meydana çıxmasına şərait yarada bilər. Hərçənd, 2019-cu ildə Mədəniyyət Nazirliyinin, ötən il isə Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi müsabiqələrdə Qarabağ mövzusunda qalib gəlmiş ssenarilər nazirliyin diqqətindən kənarda qalıb. Bütün bunlar isə ona görə baş verir ki, nazirliyin kino sahəsində ideoloji xətti yoxdur və bugünkü kino siyasətinin prioritetləri bəlli deyil.

# 3875 dəfə oxunub

Müəllifin son yazıları

# # #