“İşim kişiləri yoldan çıxartmaqdır” MÜSAHİBƏ

“İşim kişiləri yoldan çıxartmaqdır” MÜSAHİBƏ
13 may 2014
# 15:47

Məşhur Hollivud aktrisası Skarlett Yohanssonun çəkildiyi yeni film “Under the Skin” (Dərinin altında) adlanır. Rejissoru Conatan Qleyzer olan fantastik trillerdə yadplanetli qadın yerə enərək kişiləri başdan çıxarır, öz planetlərinə yollayır. Hadisələr Qlazqo ətrafında baş verir. Bəzi səhnələr dokumental çəkilib. Yohansson doğrudan da təsadüfi kişilərə yaxınlaşıb onları tovlayır və onunla sevişməyi dilə tuturmuş.

- Nədən az büdcəli filmdə oynamağa razılıq verdiz?

-İntim yaradıcı mühitdə kiçik komandayla işləməyi sevirəm. Filmdə çox az dialoq var. Amma çəkiliş meydanından kənarda biz üç il filmi müzakirə eləmişik. Sonra müzakirələr iş zamanı da davam elədi. “Qisasçılar” filminin büdcəsi Conatanın filmindən azı 20 dəfə çoxdur. Amma söhbət yüksək büdcəli filmdən gedəndə ssenari ən xırda detalına kimi düşünülür, prodüser və məsləhətçilər isə rejissora özünü ifadə üçün çox imkan vermirlər. Yeri gəlmişkən, fikir verin, mənim adım daha çox hansı filmlərdə hallanır: “Tərcümənin çətinliyi”, “Matç point”, “Viki, Kristina, Barselona”. Bütün bunlar kiçik büdcəli filmlərdir.


- Sənədli çəkiliş zamanı siz küçədə bu qədər kişini necə tovladız və eyni zamanda sudan quru çıxdız?

-Conatan mənə dedi ki, çəkilişdə yeganə qadın olacam və digər personajları özüm tapmalıyam. Hollivudun sərt kastinq sisteminə alışdığımdan əvvəlcə rejissorun sadəlövhlüyünə təəccübləndim. Sonra düşündüm ki, küçəyə çıxıb istənilən adamı seçə bilərəm. Amma küçədə məni tanımamalıydılar. Heç kəsin ağlına gəlməzdi ki, kinoulduz gecələr mikroavtobusa minə bilər. Məni elə qrim eləmişdilər ki, tanımaq çətin idi. Səhnələri gizli kamera ilə çəkmişik. Hətta səhnələrdən birində mən yıxılıram və kişilər yardım edirlər. Küçədən keçənlərin ağlına da gəlmədi ki, çəkilişdədilər və özlərini böyük ekranda görəcəklər.

- Bu, yəqin ki, ən çətin tapşırıqlardan biri idi.

- Ssenariyə görə, mən kişilərə divan tutmadan öncə onları başdan çıxarmalıydım. Belə rolun verilməsi, mənim soyunanda özümü rahat hiss etmədiyim çox saylı çılpaq səhnələrimlə bağlıdır. Mən kamera qarşısında soyunmağı və xüsusən, lüt-üryan olmağı sevmirəm. Ona görə ilk dövrdə özümü narahat hiss edirdim. Sonra anladim ki, bədənimin seksuallığı heç kəsi maraqlandırmir. Rejissora mənim rolumu yaxşı oynamağım lazım idi.

-Məşhur rejissorlarla necə işləyirsiz?

-Bu, mənə adrenalin verir. Vudi Allenin “Matç point” filminə çəkiləndə o qədər həyəcanlanmışdım ki, kəkələməyə başladım. Onda Allen üstümə qışqırdı ki, “Sənin burda nə işin var. Özünü ələ al”. Və ixtiyarsız olaraq həyəcanımı idarə etdim.

- İldə bir neçə filmə çəkilirsiz. Gərgin iş tempi sizi yormur?

-Hər bir flm fiziki və emosional gərginliklə bağlıdır. Bəzən gündə 14 saat işləyirəm, tez-tez səndən xüsusi vərdişlər tələb olunur. Məsələn, “Ada” filmində idman zalını o qədər də sevməyən mən yüngül atletika ilə məşğul oldum. Çünki obrazım çox qaçmalıydı. Hətta bir dəfə 30 km qaçmalı oldum. Bilirsiz, həyatımın ən xoşbəxt anı odur ki, rejissor kameranı saxlayır və “Stop. Çəkildi. Afərin Skarlett” deyir.

-Sizi seks simvol adlandırmaq zövq verir?

-Səni eybəcər saymaqdansa yaxşı və seksual hesab etmələri daha yaxşıdır, deyilmi? Məni Merilin Monro, Qreta Qarbo adlandıranda əsəbləşirəm. Karyerama görə Sofiya Koppolaya borcluyam. “Tərcümənin çətinliyi” filmindən sonra uğur gətirdi. Bu filmə kimi az əhəmyyətli rollarda oynamışam. Onda heç kəsin ağlına da gəlmirdi ki, məni Hollivud ulduzları ilə müqayisə etsin.

-Peşənizdə ən çətini nədir?

-Səhər oyanmaq, rolunu ideal öyrənib vaxtında işə gəlmək. Və bir də yaxşı aktrisa və insan olmaq. Seks simvol və ya ikona olmaq istəmirəm.

Çevirdi: Sevda SULTANOVA

# 5041 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #