Kulis.az Sevda Sultanovanın “Əsl kino” layihəsində Kosta Qavrasın “Kiçik apokalipsis” və Piter Uirin “Qorxmaz” filmlərini təqdim edir.
Yunan əsilli fransız rejissoru Kosta Qavrasın “Kiçik apokalipsis” filmi 1993-cü ildə Berlin kinofestivalının əsas müsabiqəsində iştirak edib.
Süjet: Əhvalatın qəhrəmanı, polyak yazıçısı Stanislav (İrji Mentsel) bir neçə ildir ki, vətənini tərk edərək Parisdə yaşayır. O, uzun müddətdir ki, yazmır, cəmiyyətə uyğunlaşmır, heç kimlə tanış olmur. Buna səbəb onun xaraktercə qapalı olması, özünü lazımsız hiss etməsi və kommunist keçmişidir. Stanislavın keçmiş arvadı Barbara (Anna Romanovskaya) fransız Anri (Pyer Arditi) ilə ailə qurub. Və Stanislav onların evində yaşayır. Onun heç bir işə yaramaması Barbaranın ərini qıcıqlandırır. Bir dəfə Stanislav yaşadığı balaca otaqda təsadüfən yıxılır və balaca bir yanğın törədir. Anrinin dostu Jak (Andre Dyussolye) zənn edir ki, ona qərb cəmiyyətinin şərtlərində yaşamaq çətin olduğundan o, yaşamağın mənasını tapa bilmir və bu səbəbdən intihar etmək istəyir. Onlar Stanislavı gümrahlaşdırmaq üçün əsərlərini çap etməyi qərara alırlar. Tanış naşir isə təklif edir ki, Stanislav Romada papanın çıxışı zamanı etiraz olaraq, özünü yandırsın. Bu ona dünya şöhrəti gətirər və kitabları əla satılar. Stanislav isə ölmək istəmir...
Kosta-Qavras siyasi məzmunlu filmləri ilə tanınır. Rejissor filmlərində totalitar rejimlə üz üzə qalan insanı anladır, onu daha çox qlobal problemlər narahat edir. Kosta Qavras müxtəlif ölkələrdə filmlər çəkir.
Rejissorun “Kiçik apokalipsis” filmində də siyasi xətt var, amma o, ciddi bir mövzunu daha çox absurd qatda işləyir. Və dramatik məqamları tragikomik situasiyalara yerəşdirir. O, əsas vurğunu kapitalist cəmiyyətində hər şeyin alınıb satılmasına edir. Və nə vaxtsa ideyalara görə mübarizə aparan adamların dəyərlərinin itdiyini, məyusluğunu göstərir.
“Kiçik apokalipsis” filmi polyak yazıçısı Tadeuş Konvitskinin eyniadlı romanı əsasında çəkilib.
Avstraliyalı rejissor Piter Uirin “Qorxmaz” filmi 1993-cü ildə Oskar mükafatına nominant olub.
Süjet: Hadisələr Amerikada baş verir. Sərnişin təyyarəsi qəzaya uğrayır. Sərnişinlər arasında sağ qalanlar da var. Memar Maks (Ceff Bridces) bu qəzadan sağ çıxır. Digər sağ qalan sərnişin isə Karladır (Rozi Peres). Amma bu qəzada Karla körpəsini itirir. Dindar olan Karla körpəsinin ölümündə özünü günahkar bilir. Çünki təyyarə düşən zaman ana övladını qoruya bilmədiyini düşünür. Sonradan qəzadan sağ çıxanlara psixoloji yardım göstərən psixoloq Maksla Karlanı görüşdürür. Onlar bir birinin hisslərini yaxşı başa düşür. Bu tanışlıq Karlaya yaxşı təsir göstərir. Maks isə düşünür ki, qəza onun həyatında baş vermiş ən gözəl hadisədir...
Kəskin psixoloji dram amerikalı yazıçı Rafael İqlesiasın eyniadlı romanı əsasında lentə alınıb. Bu ekran əsəri ölümü yaxından duyan bir fərdin öz həyatını yenidən dəyərləndirməsi haqdadır. Qəza Maksı üçün bir növ katarsis rolunu oynayır. O, qorxu hissini itirir, bu qəzadan sonra həyata başqa cür baxır, onun yenidən dərk etməyə çalışır, evliliyini, sevgini yenidən sorğulayır.
Aktyor Ceff Bridcess qəza yaşamış adamın yaşantılarını dərindən duymaq üçün motosikletdə qəzaya düşmüş, komada yatmış tanışı ilə uzun müddət ünsiyyətdə olub. Aktrisa Rozi Peres ikinci plandakı ən yaxşı aktrisa nominasiyasında Oskara namizəd olub.
Təyyarənin düşməsi səhnəsini çəkmək üçün 2 milyon dollar və böyük bir qarğıdalı tarlası lazım olub. Çəkiliş üçün yaxınlıqdakı digər yollar bağlanıb.