O, bakılılarla qarabağlıları üz-üzə qoymuşdu

O, bakılılarla qarabağlıları üz-üzə qoymuşdu
5 sentyabr 2019
# 09:00

Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində “Ölüm növbəsi” filmini təqdim edir.

Süjet: Əhvalat Bakıətrafı kəndlərin birində baş verir. Baş qəhrəman Şamil (Şamil Süleymanlı) iki illik yuxudan sonra ayılır. Yuxudan ayılan Şamil dama çıxaraq ruhunun, günahlarının təmizlənməsi üçün tanrıya yalvarır. Onun bu müddətdə kənd sakinlərinin nə iş gördüklərini, hansı gizli niyyətlərinin olduğunu bilməsi, öncəgörmələri bir qism insanı narahat eləyir. Çirkin pullarla zənginləşən Murtuzun (Abbas Qəhrəmanov) yüksək rütbəli məmur Zeynalla (Cahangir Novruzov) işbirliyini bilən Şamil bu barədə onlara xəbərdarlıq eləyir. Onlar Şamili yollarından götürməyi qərara alırlar…

Rejissor Fikrət Əliyevin “Ölüm növbəsi” filmi 2009-cu ildə Sınaqfilm prodüser mərkəzində çəkilib. Törəmə süjet xətlərinin çox olduğu filmdə, müəllifin ana xəttdən tez-tez yayınması, əsas personajın, onun hekayəsinin digər kiçik hekayələrin fonunda görünməz qalması, artıq kadrlar, epizodlar strukturda pintilik, anlaşılmazlıq yaradıb. Misalçün, Murtuzun qızı Baharla (Aytac Nuri) kasıb Laçının (Mirkamil Kamilov) münasibətlərinə geniş yer verilməsi, onların məzmunsuz romantik, klipvarı təsvirləri, atasının qızının Laçınla ailə qurmasına qarşı çıxması, Laçının anasının (Gülər Nəbiyeva) xatirələri əhvalatın yarısını təşkil edir: vaxtilə məcburi köçkün olan Murtuzu, ailəsini Laçının atası Kazım (Elşən Rüstəmov) himayə edib, onlara evində sığınacaq verib. Və Murtuz varlanandan sonra artıq həyatda olmayan Kazımın ailəsini aşağılayır, təhqiramiz münasibət bəsləyir. Halbuki, bu cür həssas məsələlərdə (bakılı-qaçqın münasibəti) müəlliflərin diqqətli olması gərəkir. Başqa bir xətdə bərbər Əmirqulu (Qorxmaz Əlili), onun bərbərxanasına gələn müştərilərlə duzsuz, klişe zarafatları, Əzrayılla qarşılaşması epziodları təsvir olunur. Bu epizodlar zəncirində Şamil obrazı harasa yox olur, yaddan çıxır.

Anladığım qədərilə müəllif, bir kəndin mənzərəsini müxtəlif situasiyalar, personajlar vasitəsilə qurmaq, kollaj yaratmaq istəyib. Nəticədə isə yarımçıqlıq, natamamlıq əhvalatı bütünləşdirməyib. Ümumilikdə kinohekayənin məqsədi, ideyası aydındır: əhvalatın mərkəzində mənəvi dəyərlər, xeyirlə şərin mübarizəsi, sevgi dayanır. Ancaq rejissorin mövzuya münasibəti son dərəcə üzdəndir, o, əhvalatını publisistiklikdən, pafosdan arındırmır. Üstəlik, Şamilin didaktik tonu (onun ruhunun təmizlənməsindən ötrü dediyi monoloqu, “onların sevgisinin qarşısında heç kim dura bilməz” kimi təsirsiz fikirləri və s.) filmin bədii məqsədinə kölgə salır, onu sxematikləşdirir.

Bundan başqa rejissor surreal qatda işləməyə cəhd edib. O, nəqlində yuxu ilə gerçəkilik arasında sərhədi yox etməyə, hansısa irrasional dünyada gəzişmələrə, fantasmaqorik mühit qurmağa çalışır: Əmirqulunun gözünə balaca Əjdər (Orxan Hüseynli) Əzrayıl cildində görünür.

Və ya Şamil kənd sakinlərinin ölüm növbəsində dayandığını görür. Başqa biri kənd sakini Baharın yuxuda gördüklərinə reallıqda şahidi olur. Finalda Şamil ölür, dəfn olunur, kənd sakinləri isə Şamili evdə yatmış görürlər. Sürrealizmə xas olan xaotiklik, nəqldəki kəsimlər, absurdluq, dünyanın irrasional dərki, təhtəlşüurla, yuxuyla işləmə, reallıqda uyğun gəlməyən nəsnələrin kinoda uyğunuğu düşünülmüş metoddur, əsərin ideyasına xidmət edir, məntiqi var. Fikrət Əliyevin yozumundakı sürrealizmdə isə absurdluq yox, cəfənglik mövcuddur: Əzrayılın balaca Əjdərin cildində görünməsinin, ölüm növbəsində dayanan qızcığazın sonradan qəzaya uğramasının məntiqi anlaşılmır, ağıl dişi çıxaran qocanın, onun tum satan arvadının, qatıq satan uşağın, yoldan keçən qadının oğluna “sən də oxumasan o uşaq kimi qatıq satacaqsan” kimi kadr yığnağı filmə daxil olmasının səbəbi qaranlıq qalır. Yağışın təmizlik simvolu kimi verilməsi isə çoxdan köhnəlib və ən əsası o yeni kontekstə daxil edilmir, müsbət və mənfi qəhrəmanların qarşıdurması, Şamil obrazının təyinatı plakat üslubundadır. Sosial tənqidlərin bədii həlli yoxdur. Filmin tək-tük məziyyətlərindən biri operator işi (Rafiq Quliyev) - uğurlu, dolğun rakursların seçilməsidir.

# 3325 dəfə oxunub

Müəllifin son yazıları

# # #