Arvadını tərk edib homoseksualla evləndi...

Arvadını tərk edib homoseksualla evləndi...
25 may 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Danis Tanoviçin “Heç kəsin torpağı” və Enq Linin “Donqar dağ” filmlərini təqdim edir.

Bosniyalı rejissor Danis Tanoviçin “Heç kəsin torpağı” filmi 2001-ci ildə ekranlara çıxıb. Bosniya və Herseqovina, Sloveniya, Fransa, İtaliya, Böyük Britaniya və Belçikanın birgə istehsalı olan film “əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar”a, həmçinin beynəlxalq kinofestivallarda çoxsaylı mükafatlara layiq görülüb.

Süjet: Hadisələr 1994-cü ildə Bosniya müharibəsi zamanı baş verir. Bosniyalı əsgərlərin bir qrupu qatı dumanda azaraq serb mövqeyinə gedib çıxırlar. Onların hamısı serblər tərəfindən güllələnir, yalnız Çiki (Branko Curiç) sağ qalır. O, başlı-başına buraxılmış boş bir xəndəkdə gizlənə bilir. Kəşfiyyat məqsədilə serb əsgərləri ora iki əsgərini göndərir. Onlardan biri ölmüş bosniyalının altına mina qoyur ki, əsgər yoldaşları onu götürəndə partlayış baş versin. Əlverişli an gözləyən Çiki mina qoyan, nisbətən yaşlı əsgəri güllələyir, gənc əsgər Nino (Rene Bitorayats) isə yaralanır. Məlum olur ki, minaya uzadılmış Tsera (Filip Sovaqovoç) sağdır. Çiki Ninodan minanı zərərsizləşdirməyi tələb edir. Amma döyüş bölgəsinə yenicə gəlmiş Nino bunu bacarmadığını deyir.

Köməyə BMT-nin sülhməramlı qüvvələri gəlir. Bu bölgəni kurasiya edən BMT nümayəndəsi onlara tezliklə hadisə yerini tərk etmək barədə əmr verir. Amma sülhməramlı qüvvələrin serjantı Marşan (Jorj Siatidi) bölgəyə ezam olunmuş əcnəbi jurnalist Ceynin (Ketrin Kartlic) köməyi ilə rəhbərliyi yardım etməyə razı salır. Beynəlxalq ictimaiyyətin təzyiqindən qorxan rəhbərlik minanı zərərsizləşdirmək üçün sapyor göndərir. Alman sapyor minanın zərərsizləşdirməyin mümkünsüzlüyünü deyir. Vəziyyət daha da çıxılmaz hal alır...

Film Danis Tanoviçin şəxsi təcrübəsidir. O, müharibə zamanı Bosniya hərbçilərinin əməliyyatlarını lentə alıb. Bununla belə o, əhvalatda tərəf tutmur, haqlı-haqsız tərəf axtarmır. Rejissor daha çox, baş verənlərin mahiyyətinə vara bilməyən personajların şüurunda, düşüncələrində gəzişmə edərək suallar qoyur: Bu müharibə kimə lazım idi? Məqsədi nə idi? Və insan amilini, müharibənin anlamsızlığını önə çəkir.

Kənd və şəhərlərin yandırılması, saysız insan faciələri tərəflərə bir-birinə addım atmağa, barışa mane olur. Rejissor beynəlxalq təşkilatların baş verənlərə vecsizliyinə, daha çox özlərinin nüfuzunun qayğısına qalmasına vurğu edir. Faciəviliyin içindəki komik məqamlarla müəllif, situasiyanı necəsə yüngülləşdirməyə çalışır, hələ işıqlı nələrinsə ola biləcəyini göstərir. Bir epizodda Tsera Ninonu məcbur edir ki, soyunsun və xəndəkdən çıxaraq ağ maykasını yellətsin. Bununla da qarşı tərəfə sülhməramlı qüvvələrin çağırılması haqda mesaj verilsin. Yaxud tərəflər arasında müharibənin kimin tərəfindən başlaması ilə bağlı yaranan polemika tragikomik vəziyyət alır.

Rejissor təhkiyəsini, personajlarını psixoloji-emosional qatda araşdırır. Bundan ötrü dəqiq mizanlardan, rakurslardan, pauzalardan istifadə edir. Filmin vizual baxımdan maraqlı epizodlarından biri emosiyalarını cilovlaya bilməyən Tseranın Ninonu, jurnalistlərin, sülhməramlı qüvvələrin qarşısında öldürməsidir. Həmin an BMT-in əsgərlərindən biri vəziyyətin nəzarətdən çıxmaması üçün Tseranı da öldürür. Bir göz qırpımında olmuş hadisəni hər kəs şok içində izləyir. Hələ nə baş verdiyini dərk etməyən sülhməramlı qüvvələrin, sensasiyaya susayan jurnalistlərin və hadisəni studiyadan Ceynin kamerasından canlı izləyən televiziya işçilərinin üzündəki dəhşətin, riyazi dəqiqliklə ölçülmüş pauzalarla ardıcıl təsviri - müharibənin mənasızlığının, insanın faniliyinin dolğun vizual həllidir.

Final epizodunda BMT-in bu ərazini kurasiya edən yüksək rütbəli zabiti hiyləyə əl atır. Ölmüş əsgərlərdən birinin meyitini vertolyota aparmağı əmr edərək, jurnalistlərə guya onun minadan xilas etdikləri əsgərin olduğunu deyir.

Və Tsera xilas olmur.

Filmin adı – təkcə əhvalatdakı neytral zonanın ifadə etmir. O, həm də insanın yer kürəsinin sahibi olmadığı fikrini daşıyır.

***

Tayvanlı rejissor Enq Linin 2005-ci ildə çəkdiyi “Donqar dağ” filmi Amerika istehsalıdır və Venesiya festivalında “Qızıl Şir” mükafatına layiq görülüb.

Süjet: Hadisələr keçən əsrin 60-cı illərində Amerikanın Vayominq ştatında baş verir. Gənc amerikalılar Ennis (Hit Ledcer) və Cek (Ceyk Cillenhol) mövsümi iş axtaranda tanış olurlar. Hər ikisi Donqar dağ deyilən ərazidə saysız qoyunlara nəzarət edirlər. Günlərin birində içkidən sonra gənc oğlanların arasında cinsi münasibət baş verir, onların sevgi münasibəti başlayır.

Mövsüm bitəndən sonra onlar ayrılır. Ennis evlənir və iki qızı olur. Cek isə Texasda Lurin (Enn Heteuey) adlı qızla ailə qurur və cütlüyün bir oğlu doğulur. Lurinin valideynləri bu nikahdan razı deyil və qayınatası Ceki alçaltmağa çalışır. Bu münasibətdən yorulan Cek Ennisi düşünür.

Uzun illər sonra onlar görüşür. Və sevgilərinin güclü olduğunu anlayırlar. Ennisin arvadı Alma (Keyt Mara) təsadüfən onların öpüşdüyünü görür. Sarsılan qadın ərindən boşanma təklifi gələndə razılaşır.

Cek Ennisə birgə yaşamağı təklif etsə də o, razılaşmır. Ennisin təklifi rədd etməsinin kökündə uşaqlıq xatirəsi dayanır. Onun atasının iştirakıyla, öz həmcinsi ilə əlaqədə olan qonşu oğlan öldürübmüş. O, bu münasibətlərin faciə ilə bitəcəyini deyir.

Sonralar Ennis Cekin ölümü haqda xəbər alır. Arvadı Cekin bədbəxt hadisə nəticəsində öldüyünü desə də, Ennis Cekin homofoblar tərəfindən öldürüldüyünü düşünür...

Amerikalı yazıçı Enni Prunun eyniadlı əsəri əsasında çəkilən film melodram janrındadır. İki kovboyun sevgi münasibətinə görə bunu kino tarixində ilk gey-vestern də adlandırırlar.

“Donqar dağ” mükəmməl təbiət təsvirləri istisna olmaqla, kinematoqrafik özəlliyi olmayan, dramaturji material baxımdan ortabab melodramdır. Personajlar qadın və kişi ilə əvəz olunsaydı, film çətin ki mükafat alardı. Bununla belə film homoseksual münasibətlərin toplum tərəfindən qəbuledilməzliyinə, qəhrəmanların ağrısına, qorxusuna, təcrid olunmasına yer verildiyi üçün bu mövzuda çəkilən filmlərdən fərqlənir.

Ennis rolunu oynayan aktyor Hit Ledcer 2008-ci ildə dərman zəhərlənməsindən ölüb.

# 2796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #