Evdar qadın necə seks işçisinə çevrildi?

Evdar qadın necə seks işçisinə çevrildi?
5 oktyabr 2019
# 09:01

Kulis.az Sevda Sultanovanın “Əsl kino” layihəsində Sem Qarbarskinin “İrina Palm bunu yaxşı bacarır” və Cim Şeridanın “Mənim sol ayağım” filmlərini təqdim edir.

Belçika rejissoru Sem Qarbarskinin “İrina Palm bunu daha yaxşı edir” Böyük Britaniya, Belçika, Fransa, Almaniya və Luksemburqun birgə istehsalıdır. Film 2007-ci ildə Berlin kinofestivalında nümayiş olunub.

Süjet: Londonda yaşayan Meqqi (Marianna Feytful) təqaüdçüdür. Qadının nəvəsi Olli (Kori Burk) ağır xəstədir və onun müalicəsi ancaq Avstraliyada mümkündür. Bunun üçün isə ailəyə külli miqdarda maliyyə lazımdır. Meqqi oğlunun ailəsinə kömək etmək istəyir, amma əlindən nəsə gəlmir. Həmişə evdarlıqla məşğul ola qadın nəvəsini xilas etmək üçün iş axtarışına çıxır. “Seks dünyası” klubunun qarşısında “Ofisiant tələb olunur, maaş yüksəkdir” elanını oxuyanda burada işə düzəlməyi qərara alır. Amma klubun müdiri Miki (Miki Manoyloviç) Meqqiyə anladır ki, onlar ənənəvi anlamda ofisiant axtarmırlar. Bunun üçün o, bədəniylə müştərilərı xidmət etməlidir. Meqqi isə bunun üçün yaşlıdır. Qəfildən Mikini onun əllərinin zərifliyi diqqətini çəkir. O, qadına deyir ki, bu əllərlə o, yaxşı pul qazana bilər. Bundan ötrü o, əlləri ilə kişi müştərilərini orqazma çatdrımalıdır. Əlacsız qalan Meqqi təklifi qəbul edir. Onun müştəriləri getdikcə çoxalır. O, nəvəsinin müalicəsi üçün tələb olunan məbləği toplaya bilir. Və oğlu Tom (Kevin Bişop) həqiqəti biləndə onlar arasında konflikt yaşanır...

Filmin fabulası tanış hekayədən xəbər verir: ağır durumda olan birindən ötrü, doğmasının çıxılmazlıq içində çarə axtarması. Ancaq Sem Qarbarski ənənəvi situasiya daxilində qeyri-ənənəvi, fərqli, maraqlı əhvalat danışır. Əhvalat həm ekstremaldır, həm də yeni təcrübə. Müəllif təkcə Meqqinin fədakarlığını, mərhəmətini fokusa gətirmir. Onun evdar bir qadından zorən seks işçisinə çevrilməsi prosesi zamanı mənəvi-psixoloji çətinliklərini, tərəddüdlərini göstərir. O, seks biznesində bir alət olduğunu dərk etdiyi, yeni peşəsindən utandığı üçün əziyyət çəkir. Buna görə də Meqqi durumunu neytrallaşdırmağa çalışır: işə mexaniki yanaşır, kişiləri orqazma çatdırma prosesində kitab, jurnal oxuyur, iş otağını ürəyi istəyən kimi dekorsiya edir. Yəni fərdin hər hansı çətinlikdə uyğun yanaşma tapması onun xilasına çevrilir. Ən əsası isə Meqqi üçün fədakarlıq, sevgi söz yox əməldir.

İrland rejissoru Cim Şeridanın 1989-cu ildə ekranlara çıxan “Mənim sol ayağım” iki Oskara layiq görülüb və Britaniya Kino İnstitutu ekran əsərini XX əsrin ən yaxşı filmləri siyahısına daxil edib.

Süjet: Film real hadisələr əsasında çəkilib. Əhvalatın qəhrəmanı fiziki məhdudiyyəti olan irland Kristi Braundur (Deniel Dey Luis). Kristinin sağlam doğulmamasını qəbul etmək atası üçün çətin olur. Ətrafdakı adamlar isə Kristini natamam insan, beyni olmayan axmaq kimi qəbul edirlər. Serebral iflic olan Kristiyə ən çox anasının (Brenda Friker) sevgisi dayaq olur. O, ailəsinin və anasının sayəsində sol ayağı ilə çəkməyi və yazmağı öyrənir....

“Mənim sol ayağım” insan irdəsinin gücünü, əzmini göstərir. Bədənində yalnız sol ayağının barmağı işlək olan Kristi onunla rəsm çəkməyi və yazmağı öyrənir, həyata tutunur, ruhdan düşmür, özünü realizə edir.

Baş rolun ifaçısı Deniel Dey Lyui rola hazırlaşanda əlillər üçün reablitasiya mərkəzinin yaxınlığında ev kirayələyir, bir neçə ay əlilləri müşahidə edir, burada fiziki məhdudiyyəti olan adamlarla ünsiyyət qurur, dostlaşır. Obrazın həyatını tam yaşamaq, onu hiss etmək üçün sol ayağı ilə çəkməyi öyrənir və yalnız əlil arabasında hərəkət edir. Aktyor roluna o qədər alışmışdı ki, hətta çəkilişdən kənarda belə obrazdan çıxmırdı. Bu roluna görə o, ilk Oskarını qazanır.

# 11045 dəfə oxunub

Müəllifin son yazıları

# # #