“Bir cənub şəhərində” filminin pərdəarxası

“Bir cənub şəhərində” filminin pərdəarxası
11 iyul 2020
# 08:59

Kulis.az Eldar Quliyevin “Bir cənub şəhərində” filminin təhlilini təqdim edir.

Rüstəm İbrahimbəyovun yazdığı ssenaridə hadisələr 1960-cı illər Bakısının mərkəzi məhəllələrindən birində yaşanır. Əsərin qəhrəmanı Murad (Həsən Məmmədov) neftçidir. Onun bacısı Solmaz Tofiqi (Eldəniz Zeynalov) sevməsə də mühafizəkar ailəsinin təklifi ilə onunla evlənəcəyinə razılaşıb. Tofiq sonradan bir rus qadına vurulur və onun başqa qadınla evlənməsini Solmazın ailəsi qızlarının namusuna ləkə sayır. Məhəllə qanunlarına görə Murad Tofiqlə namus haqq-hesabı çəkməlidir…

Əlbəttə ki, filmdə rejissorun fokusu yalnız Murad və onun ailəsində baş verənlər deyil. Bu filmlə mentallığımızda kök salmış, əyalət məzmunlu namus anlayışına tənqidi rakurs gətirən rejissor məhəllənin sakinlərinin düşüncəsini, həyat tərzini incələyir. Biz burda iki fərqli toplumu və iki fərqli Bakını (inkişaf etmiş şəhər mənzərələri və yöndəmsiz evlərin yerləşdiyi, çadralı, müti qadınların yaşadığı məhəllə) görürük. Feodal təfəkkür və qanunlarıyla yaşayan məhəllə sakinlərinin jurnalist Cahangirin (Hacımurad Yegizarov) həmkarı olan qızların həyat baxışları ilə toqquşur. Əslində Cahangir də məhəllə qanunlarının gerizəkalı mahiyyətinin fərqindədir, amma onun bu yazılmamış qaydaları qırmaq cəsarəti yoxdur. Və o, özlüyündə bunu hətta təbii qəbul edir.

Maraqlıdır ki, hadisələrin gedişatında məhəllə qanunlarına qarşı çıxanlar elə mühafizəkar düşüncəli sakinlərin özləri olur. Misalçün, Tofiq ürəyinin səsinə qulaq asaraq, rus qadınla evlənir, məhəllənin namus qeyrət qanunlarına baxmayaraq, Murad onu öldürməkdən vaz keçir.

Gallery

Bundan başqa Muradın jurnalist Rənayla (Natella Adıgözəlova) evlənmək arzusu yenə yazılmamış qaydaları pozmaq idi. Rənanın məhəllədə yaşayan bir kişiylə – Cahangirlə dostluğunu, qadının yad kişinin evinə gəlməsini Muradın anası qəbul edə bilmir və onu öz ailəsinə yaraşdırmır. Amma Murad israrlıdır. Qəlbinin istəyi ilə mental diktatura arasında qalan Murad tərəddüd içərisindədir. Ona görə filmin finalı da açıq qalır.

Filmdə əsas tənqidi məqamlardan biri qadının azad düşüncəsinə, seçimlərinə dözümsüz münasibətdir. Eldar Quliyev sovetlərin sərt islahatlarının dəyişə bilmədiyi mühafizəkar dəyərlərin dünyagörüşümüzdə dərin kök saldığını italyan neorealizmi estetikasında göstərib. O, qəhrəman-antiqəhrəman konsepsiyasından imtina edir: onun qəhrəmanları real, yaxşı və pis tərəfləri ilə bərarər göstərilir.

Bir tərəfdən sovet dönəmində belə bir tənqidi filmin çəkilməsi normal idi. Çünki 1956-cı ildə SSRİ Kommunist Partiyasının XX qurultayından sonra Xruşşovun stalinizmi ifşa edən məruzəsi 1960-cı illər nəslinin və ümumiyyətlə, ölkənin həyatına ciddi təsir elədi. Rejimin mülayimləşməsinin təsiri kinomuzdan da yan ötmədi və liberallaşma sənətdə azadfikirliliyin inkişafına təkan verdi. Ancaq digər tərəfdən yenə də dövrünə görə “Bir cənub şəhərdə”ni cəsarətli film saymaq olar. Filmdə sanki ölkə içində tamamilə fərqli qanunlarla yaşayan başqa, qapalı bir ölkənin qurulduğu göstərilir: məhkəmə olmadan öz düşüncələrindən yola çıxaraq günün günortaçağı adam bıçaqlanması, sahə müvəkkilinin cinayətə susması, sakinlərin qisas aktına şərait yaratması, qadınların əsarətdə saxlanması… Bu “ölkədə” açıq fikir, yenilik yad element kimi qəbul olunur və ənənənin diktaturasına təslim olur. Bir qism adam hakim rolunu oynayaraq, digərlərinin özəl həyatına müdxailə edir, “el qınağı” psixoloji və fiziki təzyiq səviyyəsndə özünü göstərir. Təsadüfi deyil ki, filmin ekranlara çıxması iki il ləngidi.

Gallery

Həttə o vaxt KP. MK- nin penumunda kinostudiya rəhbərliyinə “Bir cənub şəhərində” ilə bağlı xəbərdarlıq edilmişdi ki, gəncləri doğru istiqamətləndirmək lazımdır. Onların qənaətincə, film həqiqətləri göstərmirdi.

Aydın Kazımzadənin məqalələrindən birində filmlə bağlı Eldar Quliyev deyir: “1969-cu il. Həmin illərin respublika rəhbərliyi və Moskvadan gəlmiş “kino rəisləri”nin baxışından sonra “Bir cənub şəhərində” adlı ilk tammetrajlı filmimi uzaq rəflərdən birinə qoydular. Çünki onlara elə gəlirdi ki, filmin yaradıcıları sovet gerçəkliyinə qara yaxır, sovet vətəndaşlarına şər atır, geridə qalmış adət-ənənələrinə həsəd aparılır və sair. Və günəşli yaz günlərinin birində məni studiya rəhbərliyinin otağına dəvət edib dedilər ki, axşam bir general filmə baxmağa gələcək. Odur ki, mən zalı və filmi baxışa hazırlamalıyam. “Bu film hərbçi adamı nəyi ilə maraqlandıra bilərdi?” sualıma heç kəs dəqiq cavab verə bilmədi.

Gallery

Təyin olunmuş vaxta on beş dəqiqə qalmış studiyaya atam – Tofiq Quliyev gəldi. Bu, məndən ötrü gözlənilməz oldu. Daha çox ona təəccübləndim ki, baxış haqqında atam haradan xəbər tutub. Mənim lal sualıma Tofiq müəllim cavab verdi ki, onu köhnə tanışı, respublikanın DTK-sının sədri Heydər Əliyev dəvət edib.

Axşam düşdü. Bir də gördük ki, studiyaya maşınlar daxil oldu və Heydər Əliyev bir neçə işçisinin müşayiəti ilə baxış zalına keçib atamla mehribanlıqla görüşəndən sonra, onun yanında əyləşib baxışı başlamağa icazə verdi. Tam sakitlikdə baxdığı film bitdi. Hamı rəhbərin rəyini gözləyirdi.

Kiçik pauzadan sonra səmimi gülümsəyib dedi: “Narahat olma, hər şey yaxşı olacaq. Amma çalış bu filmi milis rəhbərləri görməsinlər” (o vaxt danışırdılar ki, “Bir cənub şəhərində”ni görəndən sonra SSRİ daxili işlər naziri Şelokov hər hansı bir filmin ssenarisi ilə yaxından tanış olmadan çəkilişə köməklik göstərməyi milis işçilərinə qadağan edən daxili əmr verib). Sonra Heydər Əliyev Tofiq Quliyevi maşınına dəvət etdi və onlar getdilər...

Axşam atam mənə zəng edib dedi ki, yolda onlar film haqqında xeyli söhbətləşiblər və Heydər Əliyev mənə ən xoş arzularını çatdırmağı, həvəsdən düşməməyi və işimdə möhkəm olmağı xahiş edib. Həqiqətən də, respublikanın partiya rəhbəri seçiləndən az sonra Heydər Əliyev filmin ölkə ekranlarına çıxmasına nail oldu”.

Beləliklə, 1968- ci ilə çəkilən film 1970-ci ildə ekranlara çıxır.

Gallery

Yeri gəlmişkən, bir epizodda Cahangirlə həmkarları ilə birlikdə məhəllədə baş verən vəziyyəti analiz edirlər. Bu epizodu müəllifin mövqeyi, əhvalata kənar göz kimi də qəbul etmək olar.

Aktyor seçimi ümumən uğurlu aparılıb. Hərçənd, Murad roluna Həsən Məmmədovun çəkilməsinə kinostudiyada çoxu razı olmayıb. Baxmayaraq ki, buna kimi H. Məmmədov “Böyük dayaq” və “Arşın mal alan”da uğurlu rollar ifa etmişdi. Etiraz edənlərin bir qisminin fikrincə, H. Məmmədov “Arşin mal alan”da yaratdığı Əsgər obrazından sonra uğurlu rol ifa edə bilməzdi. Hətta onun yerinə Həsənağa Turabovun çəkməyi məsləhət görürdülər. Ancaq rejissor öz seçimində israr edir və Murad roluna H. Məmmədov çəkilir.

Çəkilişlər Təzəpir məscidinin ərafında yerləşən məhəllələrdən birində aparılıb. Filmin uğurlu alınmasının bir səbəbi də, yaradıcı heyətdə yeni düşüncəli, azad gəncliyin toplanmasıydı. Bu, Eldar Quliyevin kinoda ilk böyük işi, Rüstəm İbrahimbəyovun da ssenarist kimi ilk işi idi. Ssenari Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti əsasında ekranlaşdırlıb. Gənc bəstəkar Fərəc Qarayevin musiqisi də əhvalatın ritmini, əhvalını dəqiq tuta bilir.

Filmin operatoru Rasim Ocaqov, rəssamı Kamil Nəcəfzadədir.

# 16598 dəfə oxunub

Müəllifin son yazıları

# # #