Sevgilisinə görə siçan dərmanı içən qadın

Sevgilisinə görə siçan dərmanı içən qadın
21 avqust 2021
# 09:00

Kulis.az Qustav Floberin "Madam Bovari" romanı əsasında çəkilmiş filmləri təqdim edir.

Əsərin indiyədək iyirmiyə yaxın ekran versiyası çəkilib. Onların arasında maraq doğuran ekranlaşdırmalardan biri fransız rejissoru Jan Renuarın 1933-cü ildə lentə aldığı eyniadlı filmidir. Dünya kinosunun klassiklərindən biri, ən müxtəlif janrlarda işləyən, təhkiyə üslubuna dərin fəlsəfi düşüncə, istehzalı manera, eksperimentlər xas olan Renuarın yozumunda bu filmi izləmək maraqlı olardı. Təəssüf ki, internetdə yayımlanmadığından filmi izləmək imkanı olmadı.

Romanın ekran versiyalarını araşdıranda, əsasən, rejissorların kimliyinə, fərqli yozumlara önəm verdim və beş film izlədim. Onlardan üçü haqda geniş danışacağam. İki film haqda isə qısa bilgi ilə kifayətlənəcəyəm.

Bunlardan biri avstriyalı rejissor Hans Şott Şöbingerin 1969-cu ildə çəkdiyi, İtaliya və Almaniyanın birgə istehsalı olan "Madam Bovarinin günahları"dır. Diqqətimi çəkən filmin erotik janrda olmasıydı. Baş rola erotik kino ulduzu, italyan aktrisası Edvic Fenek çəkilib. Almaniyada "Çılpaq Bovari" adı ilə nümayiş olunan film həddən artıq səthi çəkilib və rejissor madam Bovarinin ehtiraslarını önə çıxarıb. Finalda isə Emma intihar etmir, o, həyatını dəyişdirməyə qərar verir.


Digər versiya Amerika və Böyük Britaniyanın birgə istehsalı olan, Tim Fayvellin quruluş verdiyi "Madam Bovari"dir. BBC məşhur romanların ekranlaşdırmasına xüsusi önəm verir və bu günə kimi yüzdən çox romanı film formatında istehsal edib. BBC-nin istehsal etdiyi filmlər kostyumları, keyfiyyətli operator işi və səs effektləri ilə seçilir. 2000-ci ildə lentə alınan, avstraliyalı aktrisa Frensis O Konnorun oynadığı film əsəri maksimim olduğu kimi təsvir edib və Floberin yaradıcılığına yeni bir yozum qatmayıb...

Romanın ən yaxşı ekranlaşdırması isə fransız rejissoru Klod Şabrola məxsusdur.

Romanın qısa süjeti: "Həkim Şarl Bovari bir fermeri müalicə edəndə, onun qızı Emma ilə tanış olur. Və tezliklə onunla evlənir. Şarlla ailə qurandan az sonra Emma anlayır ki, Şarlı sevmir. O, əyalətdə yaşamaqdan, boz ailə həyatından sıxılır, nələrinsə dəyişəcəyinə ümid edir. Həyatını dəyişmək ümidi ilə, başqa bir şəhərə köçmək üçün israr edir. Amma yeni şəhər, qızının doğulması Emmanın sıxıntısını azaltmır.

O, burada tələbə, notariusda işləyən Leonla tanış olur. Onunla ədəbiyyat, sənət, Parisin gözəlliyi haqda söhbətlər Emmaya zövq verir. Tezliklə Leon təhslini davam etdirmək üçün Parisə gedir.

Bir müddət sonra Emma zəngin, arvadbaz Rodolfla tanış olur. Rodolfa eşq hekayəti yaşayan qadın bahalı hədiyyələr alır və ərindən xəbərsiz borca girir. Bir müddət sonra bu münasibəti ciddiyə almayan Rodolf Emmadan ayrılır. Mənəvi zərbə alan Emma yatağa düşür və az sonra sağalır.

Daha sonra o, Parisdən qayıdan Leonla qarşılaşır. Bu dəfə onunla eşq macərası yaşayır. Və getdikcə borcları da çoxalır. Borca görə məhkəməyə verilən Emma çıxış yolu tapmaq üçün Leona, Rodolfa üz tutsa da rədd cavabı alır. Ümidsiz qadın siçan zəhəri içərək intihar edir. Əri onun ölümündən sonra borclardan və xəyanətindən xəbər tutur. Amma onu sevməkdə davam edir. Az sonra Şarl da ölür və qızı nənəsinin himayəsində böyüyür. Nənənin ölümündən sonra isə qız özünü dolandırmaq üçün fabrikə işə girir.

...Madam Bovarinin faciəsi, məhz - "Yeni fransız dalğa"sının yaradıcılarından biri, Hiçkokun, Langın, Lyubiçin kinematoqrafiyasından təsirlənən Şabrolun mövzusudur.

O, filmlərində bir qayda olaraq, müasir ailə institutunun böhranını, ona gətirən səbəbləri vurğulayır, ər və arvadın münasibətindəki çətinlikləri araşdırır, xəyanəti ilk baxışda rahatlıqla edən kişi və qadının içlərindəki ağrılı, çıxılmaz situasiyalara fokuslanır, personajlarının qüsurlarına, səhvlərinə rəğmən, tamaşaçını onlara anlayışla yanaşmağa sövq edir.

Şabrolun qəhrəmanları burjuaziya mühitinin adamlarıdır. Amma o, diqqəti personajların mənsub olduğu sosial sinfə çəkmir, problemləri bu sözün siyasi-iqtisadi anlamında görmür, çünki belə bir mövqe onun yaradıcılığını bəsitləşdirərdi. Söhbət hər şeydən əvvəl düşüncədəki burjuazlıqdan gedir.

Şabrol bu mühiti kulturoloji, cinsi, psixoloji, mənəvi dəyər, məişət və s. müstəvidə araşdırır. Personajların hedonizmi onları duyğusuzlaşdırır, cinayəti belə asanlıqla edirlər, riyakarlıq onlardan ötrü normallıqdır - içdə qəddar, insani dəyərlərdən uzaq olan bu adamlar cəmiyyətdə mədəni, kübar davranırlar. Şabrol təmkin və amansızlıqla onların intim gerçəkliyini üzə çıxarır: əslində, onlar ikili həyatdan, ziddiyyətlərdən əzab çəkirlər, əsəb gərginliyi iç dünyalarının dərinliyindədir və daim komforta canatma, hedonizm sonucda onların cəhənnəminə çevrilir.

Kriminal triller janrında özünün təkrarsız üslubunu yaradan rejissor, yaradıclığının özəlliklərini "Madam Bovari"yə də tətbiq edir. Əksər filmlərində olduğu kimi, burda da əhvalat idillik təsvirlərlə başlayır. Sonra isə hüzur dolu idillik təsvirlər təmkinlə, az qala hissolunmaz bir templə işgəncəylə, mənəvi əzablarla yüklənməyə başlayır.

Şabrol əsəri və qəhrəmanını ekzistensial qatda işləyib, onun yozumunda Emma meşşan, ehtiraslı, şöhrətpərəst qadın deyil. Bu nüanslar, sadəcə, Emmanın iç-emosional dünyasındakı gerçəkliyin, ağrılarının zahirə çıxan sublimasiyasıdır. Emma maddi dünya ilə heç cür uyuşa, dil tapa bilməyən, daim nəsə axtaran biridir.

Peşmançılığı ifadə edən "Mən niyə ərə getdim" sualı "Ona niyə ərə getdim" sualı kimi qoyulmur. Çünki Emmadan ötrü ərin kimliyi (kral və ya adi kənd həkimi olması) önəm daşımır. Özünə verdiyi sualın intonasiyası həyatındakı yeniliyin mənasızlığının ifadəsidir. Və Emmanın sevgi romanları da, statik məişətdən uzaqlaşıb dinamik rəngli həyat istəyi də - öz məninin çıxılmazlıqlarından, ekzistensial tənhalığından qaçmaq üçündür. Bunlar Emma üçün məqsəd yox, mövcudluğunda məna tapmağa yönəlik axtarışdır.

Bir epizodda Emma moda jurnallarına nəzər salır, onun üzündə Parisə, dəbdəbəli həyata heyranlıq, həvəs yox, sadəcə, laqeydlik, maraqsızlıq duyulur. Eyni ovqat Emmaya o, bala gedəndə də, sevgililəri ilə yataqda olanda da hakimdir. Əhvalatın hər detalı, onun bədəninin hər hərəkəti, jesti, üzünün ən xırda ifadəsi belə, Emmanın "mən niyə mövcudam" sualına cavab tapmağa ümidsiz cəhdidir.

Şabrolun digər personajları kimi, Emma da ətrafda ailəyə bağlı, yaxşı evdar qadın, ev sahibəsi obrazı yaradır, amma daxili həyatla üsyandadır. Qadın ailəsini qorumağa, ərinə, qızına qayğıkeş olmağa çalışır, amma zaman-zaman sevgisizlikdən, riyakar olmağı bacarmadığından içində nələrsə qırılır.

Yuxarıda dediyim kimi, Şabrolun yaradıcılığında burjuaziya siyasi-iqtisadi mənada əhəmiyyət daşımır. O, təfəkkürdəki burjuaziyanı - həyatın mənasını yalnız maddiyyatda görən və ancaq ümumi qəbul olunmuş dəyərlərə, əxlaqa inananları hədəfləyir. Emmanın məhz təklif edilmiş standart həyat qəliblərdən çıxmaq çabası, həyata başqa bucaqdan baxmaq cəhdi, onun həm də burjua təfəkkürə qiyamıdır. Və belə bir mühitdə fərqlilik, yenilikçilik ona bədbəxtlik gətirir.

Ədəbiyyat mütəxəssisləri romanı lakonikliyinə, sözlərdən son dərəcə dəqiq istifadəyə və fikirlərin aydın ifadəsinə görə yüksək qiymətləndirirlər.

Və Şabrol məhz bu stilistikanı kinoməkana gətirir. Filmdə artıq bir detal, artıq kadr yoxdur, o, radikal montaj metodundan, dəqiq seçilmiş pauzalardan, planlardan, musiqidən, mizanlardan orqanik istifadə edərək əhvalatın lakonikliyinə, məna dolğunluğuna nail olur.

Şabrol Emmaya onun qadın kimliyinin rakursundan da nəzər salır. Ərinin xaraktersizliyi, etinasızlığı, özünü peşəsilə bağlı mübahisələrdə müdafiə edə bilməməsi, zəifliyi onun qadın qəzəbini gücləndirir, xəyanət ehtirasını artırır. Əriylə ünsiyyət böhranına bu amil də təsirsiz ötüşmür. Ər isə bunun fərqində deyil, Emmanın kədərini görə, daxilində nə baş verdiyini duya bilmir. Və Emmanın xəyanətində həzzin, ehtirasın gücü yox, əzik ərdən və həyatdan qisas hakimdir.

Şabrol əksər filmlərində olduğu kimi, burda da passiv həyəcan daşıyan musiqidən istifadə edir. Və bu passivlik Şabrolun ləng templi kinodili ilə uyğunlaşır.

Təbii ki, filmin uğurunda müasir dövrümüzün təkrarolunmaz aktrisalarından biri İzabel Yupperin də rolu danılmazdır. Şabrol Yupperlə bir çox filmlərdə əməkdaşlıq edib və bu əsəri də özəlliklə, aktrisanın geniş imkanlarını nəzərə alaraq qurub. Çətin, ziddiyyətli obrazların mahir ifaçısı Yupper obrazını soyuq dramatizmlə oynayır. Aktrisa Emmanın qəfil duyğu dəyişikliklərini, ruhi sarsıntılarının fiziki ağrıya keçməsini natural ifa edir.

..."Madam Bovari"ni maraqlı yozumda təqdim edən digər rejissor Aleksandr Sokurovdur. Spesifik kino dilinə malik, çağdaş rus rejissoru Sokurov absolyut estetdir. Amma onun estetikliyi yalnız vizual xarakter daşımır, eyni zamanda, əhvalatda atmosferi təyin edir, personajların münasibətlərində, psixoloji vəziyyətlərdə, mövzuya yanaşmada dərin məna kəsb edir. Onun kino dilinə, impressionizm, yuxu, xatirələr, fantasmaqorik çalar, uzun, statik planlar, estetizmlə naturalizmin hibridi, metaforlar, metafizik traktovka xasdır. Təsvirləri, mizanları, rəng həlli intibah, barokko, romantizm üslubunda çəkilən klassik tablo estetikasındadır.

Sokurov deyir: "Mənim filmlərimdə təsvir həlli rejissor düşüncəmin əhəmiyyətli hissəsidir".

Rejissorun "Madam Bovari" əsasında çəkdiyi film, 1989-cu ildə ekranlara çıxan filmi "Xilas et və qoru" adlanır. Rejissor mətnin fabulasını, personajları saxlasa da, əhvalatı özünün kino dilinə, estetikasına uyğunlaşdıraraq tamamən sərbəst yozumlayıb.

Əhvalatın baş verdiyi məkan və zaman konkretləşdirilməyib. Hadisələr irreal, illüziyalarla reallığın sərhədinin itdiyi naməlum məkanda baş verir. Asketik əhval, məkandakı minimalizm, teatral şərtilik önə çıxır və rejissor ənənəvi nəqlin qaydalarndan imtina edərək təhkiyəsini impressionizm stilində vizual hissiyyatla doldurur. Vizual hissiyyat Emmanın (Sesil Zervudaki) narahat ruhunu, qəlbinin çırpıntılarını ifadə edir. Onun gah fransız, gah rusca danışması ətrafla ünsiyyətinin alınmamasının və özünü dərk edə bilməməsinin ifadəsidir.

İlk səhnələrdə Emmanın əriylə sevişmə səhnəsi yer alır. Sevişmə səhnəsində ancaq qadının üzü vurğulanır: sevişmədən zövq almayan, əzab çəkən, ziddiyyətli duyğular keçirən qadın üzü. Sevgililəri ilə intim aktda da onun üzü, vəziyyəti dəyişmir, cinsi akt zamanı Emma həzz alan qadına yox, zorlanmağa məruz qalmış meyitə oxşayır. Yataq səhnələri statik, hərəkətsiz, duyğusuz işlənib. Çılpaq səhnələrinə çox yer verilsə də, Sokurovun yozumunda bu, ehtiras oyatmır, əksinə, kamera elə baxış bucağını seçir ki, ordan sevişən qadın və kişi abstrakt varlığa oxşayır.

Rejissor Emmanın obrazını sırf psixofiziki səviyyədə verir, qadının mənəvi əzablarını fizioloji ağrılarından keçərək anladır. Ölüm səhnəsində də fizki ağrılarını qroteskləşdirir. Sokurovun kinodünyasında Emma daha çox ruhi anlamda mövcuddur.

Əhvalatın atmosferi Emmanın ovqatına uyğun olaraq melanxolik, xəstəhal qurulub. Əri Şarl isə təlxək, infantil kimi təsvir olunub.

Filmdə o dövrün kostyumlarından istifadə olunmayıb, personajları son dərəcə sadə geyindirməklə rejissor onların mənəvi dünyasına diqqəti çəkir.

Əhvalat boyu milçək vızıltısı, sanki maddi dünyanın dözülməzliyini ifadə edir.

Çılpaq şəkildə, qucağında qızına nəvaziş göstərən Emmanın təsviri Rafaelin "Sikst Madonnası" tablosunu xatırladır.

Amerikalı rejissor Vinsent Minellinin, 1949-cu ildə ekranlara çıxan "Madam Bovari"si Floberin məhkəmə prosesi ilə başlayır.

Floberin romanından parçalar "Paris icmalı" jurnalında çap olunandan sonra yazıçı məhkəməyə verilir. Prokuror onu ictimai əxlaqı, dini təhqirdə, xəyanəti poetikləşdirməkdə günahlandırır. Amma sonda Flober məhkəməni udur.

Filmdə Floberin dilindən məhkəmədə Emmanın əhvalatı danışılır və film də yazıçının nəqli üzərində qurulur. Minelli Emmanın (Cenifer Cons) faciəsini - onun mətbəx köləsi olmağa məcbur olması, mövcud sosial mühitin ona özünü ifadə üçün fürsət tanımaması, qadın azadlığının cəmiyyətdə önəmsənilməməsi kontekstində verərək, madam Bovarinin davranışına bəraət verir. Və bu, sanki həm də rejissorun o dövrün Amerika vətəndaşı qarşısında Emmaya verdiyi bəraətdir. Çünki həmin dönəmdə Amerika cəmiyyətində əxlaqa, ailə dəyərlərinə mühafizəkar baxış dominant idi.

Ona görə də, rejissor Emmanın bioqrafiyasını detallı danışaraq sonrakı davranışlarının hansı motivlərdən qaynaqlanmasını əsaslandırmağa çalışır.

Minellinin Emması nevrotikdir, ümumən filmə də bir nevroz atmosfer hakimdir. Onun xəyalları ilə reallığın uyğunlaşması nevrozunun səbəbi kimi göstərilir.

Romandan fərqli olaraq, Şarl öz həkim kimi imkanlarına əmin olmadığı üçün İppoliti əməliyyat eləmir.

# 4330 dəfə oxunub

Müəllifin son yazıları

# # #