Mirzə İbrahimov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev bu filmə görə vətəndaşlıqdan imtina edirdilər

Mirzə İbrahimov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev bu filmə görə vətəndaşlıqdan imtina edirdilər
15 fevral 2020
# 08:59

Kulis.az Qaçaq Nəbi haqda çəkilən “Atları yəhərləyin” filminin təhlilini təqdim edir.

“Qaçaq Nəbi” Süleyman Rüstəmin “Qaçaq Nəbi” (1940) mənzum pyesinin motivləri əsasında ekranlaşdırılıb. Ssenarinin yazılmasında peşəkar ssenarist Əhmədağa Muğanlı böyük rol oynayıb. O, ssenarini işləyərkən yalnız pyesdən yararlanmayıb, eyni zamanda Nəbi haqda real faktlardan istifadə edərək materialı zənginləşdirib.

S. Rüstəmin pyesində Qaçaq Nəbinin fəaliyyəti nəinki Azərbaycanda, həmçinin, Çar Rusiyasında hakimiyyətin ədalətsizliyindən əziyyət çəkən məzlumların mübarizəsi kimi ümumiləşdirilir. Nəbinin dəstəsinə qoşulan kazak Vasili obrazı, onlar arasında sinfi mübarizə ruhlu dialoq, Çar Rusiyasının müstəmləkəçilik xəttinin qabardılması bu ümumiləşdirmənin cəhətləri kimi meydana çıxır. Pyesdə göstərilir ki, Nəbinin qaçaq düşməsinə səbəb Həcərdir. Tapdıq bəyin oğlu Səlim bəyin gözü Həcərə düşür və o qızı özünün eyş-işrət məclisinə aparmaq istəyir. Onun qapısında nökər işləyən Nəbi Həcəri qorumaq üçün Səlim bəyi döyür, onun dostu Cümşüd bəyi isə öldürür. Bundan sonra onun qaçaqlıq həyatı başlayır. Sonra Səlim bəy Həcəri zorla qaçıraraq toy edir. Və toy günü Nəbi Həcəri oradan qaçırır.

Gallery

Əbdül Mahmudov və Həsənağa Turabovun birgə ekranlaşdırdığı “Atları yəhərləyin” (1985) filmində bu hadisə yoxdur. Yəni Səlimin (Rasim Balayev) Həcərə (Mömünat Qurbanova) sevgi bağlılığı göstərilmir. Tapdıq bəy, Cümşüd bəy, Vasili və bəzi obrazlar burada yer almayıb.

“Atları yəhərləyin” daha çox Qaçaq Nəbi haqda tarixi dramdır. Və ədəbi mətndən fərqli olaraq, ekran işində Həcər obrazı bir qədər arxa plana keçir. Pyesdə Həcərin Nəbidən olan uşağı Səlim bəyin adamları tərəfindən qətlə yetirilir. Filmdə isə onların uşağı doğuş vaxtı ölür. Gerçəkdə isə Nəbi və Həcərin üç övladı olub.

Gallery

Filmin süjet xətti Nəbinin qaçağa çevrilməsi prosesini yox, onun qaçaqlıq dövrünün mühüm məqamlarını əks etdirir. Ümumən isə, “Qaçaq Nəbi” kino əsəri kimi özəlliklərə malik deyil. Bununla belə film ideoloji, tarixi baxımdan dəyərlidir. Xüsusən, sovet hakimiyyətinin siyasətinə adekvat olmayan dialoqların yer almasını nəzərdə tuturam. Misalçün, bütöv Azərbaycan ideyası Nəbinin “Arazın o tayı da, bu tayı da mənim el-obamdı” fikrində səslənir. Əslində pyesdə də Cənubi və Şimali Azərbaycanını birgəliyi ayrı-ayrı səhnələrdə önə çəkilir. Ümumiyyətlə, Süleyman Rüstəmin yaradıcılığında Cənub mövzusu xüsusi yer tutur.

Rejissorlar Nəbinin dəstəsinin fəaliyyətini ədalətli göstərsə də, ideallaşdırma cəhdi yoxdu. Nəbinin dəstəsinin bəzi üzvlərinin günahsız adamları soyması, kəndxudaya (Həsən Əblucun) məhkəmə quraraq təhqir etmələri, nəticədə onun özünü öldürməsi suallar qoyur və düşündürür. Təhqir olunan kəndxudanın (bığı kəsilir) intiharı zamanı kamera Nəbinin çoxmənalı baxışına vurğulanır. Bu baxışda təəssüf də, peşmançılıq da, “davranışımız doğru idimi” sualı da oxunur.

Gallery

Döyüş səhnələri o qədər də peşəkar işlənməyib. Örnəyi, Nəbinin dəstə üzvlərinin həbsdən azad olunması, yaxud mühasirəyə alınması səhnələri tələsikdir, döyüş səhnələrinə xas olan gərilmə, gərginlik təsvirdən çox musiqi ilə ifadə olunur. Musiqinin ağır basması isə döyüş səhnələrini gərəksizcə poetikləşdirir, oradakı gerçəklik hissini öldürür, filmin ümumi tepmi ilə uyuşmur.

Final səhnəsində Nəbinin ölümü bir az aşağıdan yuxarı planda verilir. Bir qayda olaraq belə plan əzəməti, böyüklüyü ifadə edir. Yeri gəlmişkən pyes Nəbinin mübarizəsi ilə davam edir.

Gallery

Qaçaq Nəbi roluna Həsənağa Turabovan başqa Mikayıl Mirzənin, Fəxrəddin Manafovun da adları nəzərdən keçirlib. Bu rola Həsənağa Turabovun seçilməsinin əsas səbəblərindən biri onun Dövlət Kinematoqrafiya Komitəsində sədr vəzifəsində çalışan Azad Şərifovla yaxın dostluğuydu. Azad Şərifovun Adil İsgəndərovla münasibətləri soyuq idi və onunla yaxın olan Əbdül Mahmudova əngəl törətməsi ehtimalı vardı. Görünür, H. Turabovun ikinci rejissor olması da bu amillə bağlıydı.

Atla olan bəzi epizodlarda Həsənağa Turabova bənzəyən, at təlimçisi Sabir adlı gənc çəkilib. Yalnız iri planlarda Həsənağa Turabov çəkilib ki, burada onu dublyor əvəz edə bilməzdi. Həsənağa Turabovla yaxşı at çapan aktyorlardan biri olsa da, "Qorxma, mən səninləyəm!" filminə çəkiləndə bir əhvalat onun atlarla münasibətində problemə səbəb olur. H. Turabov çayda əl-üzünü yuyanda, bir az aralıda dayanmış atlardan biri ona tərəf gəlir. Aktyor həmin yerdən uzaqlaşmaq istəyəndə ayağı çay daşlarına ilişərək yıxılır, başı zədələnir. Bu hadisədən sonra o, atlardan çəkinirdi.

Gallery

“Atları yəhərləyin” filminin çəkilişlərindən xəbər tutan erməni tərəfi Moskvaya məktub yazaraq - Azərbaycanda vaxtilə dinc erməni əhalisinə divan tutan Nəbi haqqında filmin çəkildiyindən gileylənirlər. Məsələ ondaydı ki, rejissor Zəngəzur, Gorus zonalarında Qara Nəbi adlı bir soyğunçu ilə bağlı filmə bir epizod salır. Yeri gəlmişkən, Qaçaq Nəbinin özünü tutmaq və hökumətə təhvil vermək istəyən Qara Nəbi elə Qaçaq Nəbi tərəfindən qətlə yetirilib. Bu epizoda etiraz edən erməni tərəfi iddia edirdi ki, o, erməni xalqının düşmənidir və filmdə qəhrəman kimi verilib. Onunla bağlı olan kadrlar filmdən çıxarıldı. Bundan başqa Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Rəsul Rza və başqaları Moskvaya məktub yazaraq, filmin qadağan olunacağı təqdirdə SSRİ vətəndaşlığından, sovet hökumətinin onları təltif etdiyi bütün mükafat və fəxri adlarından imtina edəcəklərini, Qaçaq Nəbini onunla eyni dövrdə Arazın o tayında yaşamış soyğunçu Qara Nəbi ilə eyniləşdirməyin yolverilməz olduğunu qeyd etmişdilər. Onda Moskvadan bildirmişdilər ki, film ekranlara "Qaçaq Nəbi" adı ilə yox, başqa bir adla çıxsın. Erməni personajlar isə ümumiyyətlə ixtisar edilsinlər. Nəticədə filmin bir neçə adı meydana gəldi: “Atları yəhərləyin”, “Qanlı zəmi”.

1986-cı ildə “Qaçaq Nəbi” filminin yaradıcı heyətinə Azərbaycan Dövlət Mükafatı verilib.

Gallery

Dövlət mükafatı üzrə komitənin sədri Mirzə İbrahimov idi. Həmin komitənin bəzi üzvləri filmin Dövlət mükafatına təqdim olunmasına etiraz etmişdilər. Mirzə İbrahimov isə demişdi ki, biz bu filmə Dövlət mükafatı verməsək, ermənilər bizə rişxənd edəcəklər ki, bunlar heç özləri bu filmə dəyər vermirlər.

Filmdə məşhur epizodlardan biri İbişlə (Şahmar Ələkbərov) Nəbi arasındakı dialoqu təsvir edən səhnədir. Həmin səhnədə kasıb İbiş kəndxudanın onun arvadına gözü düşdüyünü deyir. Bundan sonra Nəbi İbişi kəndxuda təyin edir.

Gallery

Bu tarixçənin kontekstində müəyyən mənada, ssenaristlərdən biri Əhmədağa Muğanlının ulu babası Alınəzərlə bağlı əhvalat dayanır. O, Quba xanı Fətəli xanın sərkərdəsi olub. Alınəzər Qubada kasıb çobanın çox gözəl nişanlısına bir varlı bəy oğlunun gözü düşdüyünü bilir. Bəy oğlu deyir ki, bu xanım mənim olmalıdı. O zaman Alınəzər bəy başqasının nişanlısına başqa gözlə baxdığına görə ona irad tutur. O zaman bəy oğlu deyir ki, çoban kimdi ki məndən üstün olsun? Və qisas məqsədilə öz dəstəsini başına toplayıb Alınəzər kişinin ailəsindən, nəslindən olan kişiləri qılıncdan keçirilir və çox az ailə üzvü sağ qalır. Əhmədağa Muğanlının babası Qurban bələkdəydi və onun oğlan olduğunu bilmirlər. Ailə gecəylə Qubadan qaçır, müxtəlif bölgələrdə məskunlaşır, ən sonda Biləsuvar rayonunun Muğan kəndinə gəlirlər.

Filmin çəkilişləri Qobustanda, Şamaxıda, Laçında və kinostudiyanın pavilyonunda çəkilib.

Operator Kənan Məmmədov, bəstəkar Emin Sabitoğludur.

# 23318 dəfə oxunub

Müəllifin son yazıları

# # #