“Kamal Abdullanın qələmindən çıxan bütün ədəbi-bədii nümunələr ağlın gücüylə dərk olunması üçün deyil, daha çox qəlbin hökmüylə duyulması, hiss olunması üçün yazılıb.”
Gənc yaşlarında dünyasını dəyişmiş istedadlı Azərbaycan publisisti
Elçin Səlcuqun Kamal Abdulla yaradıcılığından bəhs edən
“Kədərin sirri” (Bakı, 2009) kitabından.
Bakı Slavyan Universiteti öz qapılarını mənim tələbə üzümə açanda sevinmişdim. Amma “mən çox əziyyət çəkdim, daha yaxşı universitetlərdə və ixtisasda oxumağa layiqəm” düşüncəsi dərslər başlayana kimi məni əzirdi. Bu düşüncə universitetin rektoru – Kamal Abdulla bizə ilk mühazirəni oxuyana qədər davam etdi. Elə rektorun ilk mühazirəsində hiss elədim ki, mənim Bakı Slavyan Universitetində oxumağım tale məsələsidir – bundan qaçmaq olmaz. Dərslərin gedişatında onu da hiss elədim ki, mənim hüquqşünas deyil, məhz filoloq olmağım da tale məsləsidir. Çünki mən bu dünyada olduqca rahatam və lağımları, izləri asanlıqla görə, ayırd edə bilirəm. Bəs səsləri necə tanıya bilirəmmi? Yox, mətnlərdən gələn səsləri hələ yaxşı tanıya bilmirəm. Bunun üçün bir müəllimə ehtiyac var. Həmin müəllimi isə tale özü bizim auditoriyaya gətirib.
Mənim ədəbiyyat və həyat müəllimim akademik Kamal Abdulla ilə tanışlığım belə başladı.
Kamal müəllimin öz düşüncələri əsasında qurub yaratdığı Bakı Slavyan Universitetin müəllimləri biz tələbələrə elm, bilik üfürməklə kifayətlənmirdi, dediklərinə görə (bunun həqiqət olduğunu sonra hər addımda hiss elədim) onlar bizdən həm də öyrənirdi. Bu qarşılıqlı öyrədib-öyrənmə prosesindən təkcə müəllimlər deyil, divarlar da danışırdı. Hə addımda tələbələrə “Docendo Doscimus” (latın dilində “Öyrədərək öyrənirəm”) sözlərini göstərməklə. Sanki o Universitetin divarları arasında olan hər kəs, Kamal Abdullanın ora qədim latın dilindən tapıb gətirdiyi bu sözlərin sehrinə düşmüşdü. Bakı Slavyan Universitetinin divarları arasında olan hər kəs öz biliyindən, maddi imkanından tutmuş, vəzifəsinə qədər hər şeyi bir-biri ilə bölüşürdü. Burada tələbələr müəllim, müəllimlər tələbə; tələbə rektor, rektor tələbə idi. Rektorun ideyası əsasında reallaşdırılan “Bir günlük xəlifə” layihəsi bütün klassik iyerarxiyanı darmadağın etmiş, onun yerində ideal mənəvi iyerarxiyası olan mühit yaratmışdı. Universitet hamının idi, texniki işçidən rektora, tələbədən doktoranta qədər hamının. Bu mühitin memarı mənim müəllimim Kamal Abdulla idi.
Tələbə yoldaşlarımdan bir az çox kitab oxumuşdum deyə auditoriyada təkəbbürlü davranırdım, amma bir gün “Docendo Discimus” sözlərini bizə anladan Kamal müəllim “Mən də tələbələrimdən öyrənirəm!” deyəndən sonra özümü yığışdırdım. Kamal Abdulla bu nöqtədən başlayaraq həm də mənim mənəvi müəllimim oldu.
Mən belə bir Universitetdə təhsil aldım, Kamal Abdullanın böyük müəllim kimi rəftarını auditoriyada, uzaqgörən elm təşkilatçısı kimi fəaliyyətini elmi konfranslarda, idarəetmə prinsiplərini Universitet dəhlizlərində, nəhayət mənəvi və intellektual dünyasını isə əsərlərini oxuyanda öyrəndim. Və hiss etdim ki, biz ruhən həmvətənlərik. Aydın sabahlara aparan bütün yollarda dostuq.
Bəzən tale yelkəni məni Kamal müəllimin yanından uzaq salsa da, yelkənlərin endiyi sakit havalarda mən yenə də özümü öz müəllimimin yanında gördüm. Çünki o mənə səsləri tanıtdırmışdı, o səslərə ki mən müəllimimin məsləhəti ilə öz içimdə yer vermişdim, həmin səslər məni doğma mənəvi məkana çağırırdı.
Biz tələbə-müəllim kimi ayrılandan sonra yenidən dövlət idarəetməsində ən ali qurum olan Prezident Administrasiyasında görüşdük. Bu dəfə müəllimim yüksəldiyi ali məqamda məni də öz yanında görmək istəmişdi və səxavət dolu təklifini məndən əsirgəməmişdi. Biz tələbə-müəllim üç il yorulmadan dövlətin göstərdiyi etimadı layiqincə doğrultmaq üçün çalışdıq, bu ölkədə yaşayan hər kəsin, hətta ölkəmizin ən ucqar kəndində yaşayan insanımızın da əlini sıxmaq üçün tələsdik. Mən bu işdə Kamal müəllimin yanında olmaqdan günlərlə qürurla danışa bilərəm. Kamal müəllimlə bu məqamda biz həm də dostlaşdıq.
Sonra dövlətin böyük müəllimimə verdiyi yeni missiya yenə də təhsil sahəsi idi. Nüfuzlu Azərbaycan Dillər Universitetinin rektoru kimi bu şərəfli işi üzərinə götürən Kamal Abdulla yenidən öz tələbəsi kimi mənə böyük etimad göstərdi və biz burada həmkar olduq. Qürurla deyirəm, bu gün də həmkarıq.
Filosoflardan biri deyib ki, həyatda hər şeyin dəyəri verilə bilər, müəllim əməyinin isə əsla. Buna görə mən özümü əbədi minnətdar hesab etdiyim müəllimimə olan borcumu heç zaman ödəyə bilməyəcəyimdən əmin olduğum andan onu daha yaxşı öyrənməyə başladım. Necə? Xalq yazıçısı Kamal Abdullanın qələminin məhsulu olan hər bir ədəbi-bədii nümuməni, akademik Kamal Abdullanın isə yazdığı elmi əsərləri oxumaqla, anlamaqla və onlar haqqında düşünməklə.
Bu məqamdan sonra Kamal Abdullanın mənəvi dünyasına səyahət başlayır və mən əsas qapısının üstünə “hamı səni sevənlər burdadı” yazılmış o qapıdan yeni bir dünyaya daxil oluram. Artıq buradan yeni üfüqlər görünür. O üfüqlərə Kamal müəllim məni də öz fikrinin qanadlarında aparır və o dünyanın Möhtəşəm Ahəngi ilə yenə də öz tələbəsini tanış etməyə başlayır. Öyrənmə burada da davam edir və inanıram ki, bu öyrənmə prosesi heç zaman bitməyəcəkdir.
Hadisələrin üfüqündən görünən Kamal Abdulla dünyası öz Möhtəşəm Ahəngi ilə bu dünyada xatırlamağa və unutmağa kimsəsi olmayanlar üçün ən ideal məkandır. O məkan ki, dünən ora şir yağmışdı, bu gün dəvə yağır, sabah, sabah isə… güman ki, çiçək yağacaq.
Kamal Abdulla dünyasında mənim tanıdığım Dədə Qorqud, Bamsı Beyrək, Qazan xan heç özlərinə oxşamırlar, özlərinə təzə geyimlər alıblar, mən tanıyan vaxt dillərinə gətirmədikləri sözləri indi az qala qopuz götürüb oxuyurlar. Qorqud qopuz çalmaqdan, ad verməkdən, “soy soylayıb-boy boylamaq”dan əlavə qələm götürüb yazı da yazır. Bayandur xan öz taxtından düşüb bəylər, xanlar arasında var-gəl edir.
Polifem Təpəgözlə, Beyrək Odisseylə, Penelopa Banuçiçəklə “tale qohumu”dur burada. Homer də Prometeyi zəncirləməyə gəlmiş Hefestin dəstəsinə qoşulub gedən Qorqudun dost-doğma qardaşıdır.
Bu dünyada Məhəmməd Füzuli öz şair taxtından qalxaraq sevdiyi gözəli axtarmağa gedir, tapanda sevinir, tapmayanda “şəbi-hicran yanar canım” deyib sızlayır, dünya insanını dərdlərdən xali etməkçün Uca Allahdan diz çöküb “qəm yemək kamali” diləyir.
Bu dünya gözlənilməzliklərlə doludur. Xəyalına gəlməyən bir hadisə qarşına çıxanda heç təəccüblənmə. Burada Paris öz seçimini sənin bildiyin kimi yox, öz bildiyi kimi edir, “O bir daha gəlməyəcək…” deyən Zərdüşt göylərdən insanların arasına enir, “Xaron ilk dəfə öz vəzifəsini sonadək yerinə” yetirmir. Bu dünya sakinlərinin İlişi gözləməkdən canlarına xəstəlik düşür, “Qibleyi-aləmin sevimli cəlladı” Məmmədqulunun qərarı ulduzları əridib yerə tökür, çəngəldə açan can çiçəkləri qan qoxuyur.
1, 2, 3, … 299, 300 azərbaycanlı doğulur, böyüyür bu dünyada. Azərbaycan ədəbiyyatına, tarixinə, bu gününə, gələcəyinə lazım olan “300 Azərbaycanlı”. Hər biri bir senturion. Prizmadan keçən ağ işıq tək rəngbərəng olan bu qəhrəmanlar “üç canavar qalınlığı qaftanlığı olan” qızdan, Gülhanə parkındakı cevizdən, gün işığını çiyinlərinə alanlardan, öz idealı olan şübhələnənlərdən, gül-çiçəklə qarşılayanlardan, süngüyə keçirilənlərdən, darvazasını fələk vuranlardan, şaxta öpüşlərin dadını bilənlərdən, hər şeyin özəyinə yetişmək istəyənlərdən, həqiqəti xalqından çox sevənlərdən, qara işıq görənlərdən, sevirəm deyib hiyləgərliyin daşını atanlardan, arıya bənzərlərdən və daha kimlərdən, kimlərdən ibarətdir.
Bu dünyanın sakinləri xoşbəxt, firavan, müasir Azərbaycan naminə 300 azərbaycanlıya – “300 əqidə və düşüncə burulğanı… 300 duyğu və fikir rəmzi”nə çevrilirlər.
Bu dünya yarımçıq əlyazmaların, görükməz təpələrə dırmanan sehrbazların, xatırlamağa və unutmağa kimsəsi olmayanların dünyasıdır. Bu dünya başdan-başa sirlərin sərgüzəştindən, odisseyasından ibarətdir.
Bu dünyanın sahibi olan mənim əziz müəllimim, mənə mətnlərdən gələn səsləri tanıtdıran Xalq yazıçısı, akademik Kamal Abdullanı 70 illik yubileyi münasibəti ilə onu böyük məhəbbətlə sevən minlərlə tələbələrindən biri kimi ürəkdən təbrik edirəm. Heç zaman bitməyəcək yaradıcılıq enerjisi və könül xoşluğu arzulayıram.