"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı
20 aprel 2026
# 11:35

Kulis.az Anar Oğuzun Cavid Ramazanovun "Amanabənd" romanı haqqında yazısını təqdim edir.

Cavanşir Yusiflinin Cavid Ramazanovun “Amanabənd” romanı haqqında yazdığı yazını görəndə “Bookcafe”də çay içirdim. Cavanşir bəyin yazısını oxuyub bitirən kimi kitab rəfinin yanında telefonla oynayan qıza yaxınlaşıb dedim: “Sizdə Cavid Ramazanovun ‘Amanabənd’ kitabı var?”.

Qız kitabı axtarıb tapana qədər çantamı yığıb kafedən çıxmaq üçün hazırlaşdım.

“Amanabənd” romanını oxuyan bütün tanışlarımdan yağlı təriflər eşitmişdim. Lakin həmin vaxtlar kitabı alıb oxumağa fürsətim olmamışdı. Sonra məişət problemlərimin arasında kitab da, Cavid Ramazanov da yadımdan çıxmışdı. İndi Cavanşir bəyin yazısını oxuyanda qərar verdim ki, fürsət düşmüşkən kitabı alıb oxuyum.

Kitabı elə taksidə oxumağa başladım.

Kitab “Sovetski”dən, can verən məhəllədən başlayır. “Sovetski”ni sökürlər, hamı köçüb, İlyas isə köçmür, evdən çıxmır. Polislər İlyasa evdən çıxması üçün iki gün möhlət verirlər.

“Bir qədər beləcə oturduqdan sonra belini ağrıtmasına fikir vermədən səs-küylə çarpayının dəmir torunun üstündə uzandı. Siqaret yandırdı və tavana baxa-baxa xatirələrə daldı”.

Müəllif belə bir uğursuz, peşəkarlıqdan uzaq, kal abzasla İlyasın xatirələrinə — 2002-ci ilə keçid edir. Kitabda hadisələr üçüncü şəxsin məhdud baxış bucağından nəql olunur; biz dünyaya yalnız İlyasın pəncərəsindən baxırıq.

Romanın ən uğurlu hissələri qəhrəmanın yeniyetməlik dövrünə aiddir. İlyasın yeniyetməlik dövrünə xas davranışları, anası və dostu Qulu ilə münasibətləri, Şəhlaya olan ilk hissləri və uşaqlıqdan yeniyetməliyə keçid dövrünün intim hissləri kifayət qədər canlı, inandırıcı və maraqlı qələmə alınıb.

Lakin əsas problem də elə buradadır. Müəllif qəhrəmanın yeniyetmə təfəkküründən o tərəfə keçirə bilməyib. Başqa cür ifadə etsək, müəllif qəhrəmanı böyüdə bilməyib. Kitabda İlyasın həm yeniyetməlik, həm də yetkinlik çağları təsvir olunsa da, yetkin İlyas obrazı xeyli dərəcədə axsayır; o, fiziki olaraq böyüsə də, düşüncəsi, hissləri, davranışları böyüməyib, elə yeniyetmə qalıb.

Mən hiss etdim ki, İlyasın böyüməməsi, hisslərinin, davranışlarının yeniyetmə qalması elə müəllifin özünün yeniyetmə qalması deməkdir. Gərək müəllif özü böyüyə ki, qəhrəmanını da əsərdə böyüdə bilsin. Əgər müəllif özü böyüməyibsə, yeniyetmə, infantil qalıbsa, qəhrəmanını necə böyüdə bilər? Kitabda sonuncu fəsli oxuyanda İlyasın böyüyə bilməməsinin, infantil qalmasının səbəbinin birbaşa müəllifdən qaynaqlandığına qəti şəkildə əmin oldum.

Kitabda “Sovetski” məhəlləsini bir fon kimi görəndə ümid edirdim ki, müəllif bu tarixi söküntü prosesini sosial-psixoloji müstəviyə daşıyacaq, dağıntılar altında qalmış insan talelərinin bədii təhlilini aparacaq. Xüsusən də “Amanabənd”in yazılarda “Çağdaş Azərbaycan romanı” kimi təqdim edilməsi, müəllifin ünvanına deyilmiş, yazılmış təriflər məndə böyük bir həvəs və ümid yaratmışdı.

“Sovetski”nin bir dağıntı metaforası kimi seçilməsi, əslində, uğurlu tapıntıdır. Təəssüf ki, məkan daxili dramla üzvi şəkildə birləşmir, sadəcə sönük bir fon kimi qalır.

Obrazların psixologiyası ilə məkanın ruhu arasında o dərin bağ hiss olunmur.

Müəllif kitabda bizə əsas iki xətti danışır: İlyasın anası ilə və Şəhla ilə olan münasibəti.

İlyasın anası ilə münasibəti bir az maraqlı olsa da, Şəhla ilə münasibəti, Şəhlaya aid hissələri, demək olar ki, infantil söhbətlərdir.

İlyas qonşusu Şəhlaya vurulur, dostu Qulu Şəhlaya xəbər göndərir ki, bəs İlyasın quşu sənə qonub. Şəhla da İlyasla cükküldəşməyə razılaşır. Gözü-qaşı ayrı oynayan Şəhla İlyasla görüşür, gəzir, öpüşür, əlləşir və bir gün çağırır ki, İlyas, ev boşdur, gəl bizə. İlyas da Şəhlagilə gedir, orada yenə öpüşürlər, əlləşirlər, əmişirlər, iş əsas məsələyə çatanda Şəhla deyir ki, dayan, indi evdəkilər gələcək, getməlisən. İlyas da pəjmürdə, pərişan vəziyyətdə evə qayıdır. Bu onların son isti görüşü olur. Bu görüşdən sonra Şəhla İlyasdan uzaqlaşır. Vəssalam!

İlyası Məcnun edən hadisə budur. İlyas illərlə qızı unuda bilmir. Hətta məlum olur ki, illər sonra “Sovetski” dağılanda İlyas evdən məhz bu qıza görə çıxmır. Amma bu eşqin alt qatı çox boşdur, əsassızdır. Ona görə də İlyasın hərəkətləri, Şəhlaya olan hissləri düşüklük kimi görünür.

Müəllif kitabda İlyasın monoloqlarını fərqli şriftlərlə verib. Şəhla İlyasa “Artıq başqasını sevirəm, bizdə alınmaz” deyəndən sonra müəllif belə bir monoloq yazır:

“Deməli, hər şey qurtardı. Belə tez! Göz açıb-yumana qədər! Elə bil zarafatdır. Za-ra-fat-dır bu? Qurtardı, sevgilim yoxdur daha! Yenə təkəm, əvvəlki vəziyyətimə qayıtdım… Necə ağrıdır. Ürəyim partlayacaq indi…”.

Bu hissə mənə serializm cərəyanına aid müəlliflərin kitablarını xatırlatdı. Adamın üstündə Allah var, serializm cərəyanına aid müəlliflər, məsələn, Nigar Səttarzadə, Bahar Bəxtiyarqızı, Şükufə İbrahimli, Əkbər Səfərli ayrılıq səhnələrini daha maraqlı, monoloqları daha duzlu yazırlar.

Həm də axı serializm cərəyanına aid adamlar Cavid bəy kimi Kafkadan, Folknerdən təşər-təşər danışmırlar, yerlə-göylə əlləşmirlər; onlar daha səmimidirlər, öz balaca aləmlərində iddiasız yaşayırlar və onların səhvlərini, kitablarındakı nöqsanları asanlıqla bağışlamaq olar. Cavid bəy isə müsahibələrində, yazılarında Kafkadan girib Folknerdən çıxır, ağır-ağır müəlliflərin, əsərlərin adlarını sadalayır, izmləri, janrları sıraya düzür, məsləhət verir, ağıl öyrədir, lakin yazdığı səhnələr göstərir ki, Cavid bəy mahiyyətcə, məzmun etibarilə serializm cərəyanına aiddir. Ən dəhşətlisi isə odur ki, bu adam heç adi ayrılıq səhnələrini də yaza, əsaslandıra bilmir. Bu mənada serializm cərəyanına aid müəlliflər Cavid bəylə müqayisədə daha peşəkar, ən əsası, daha maraqlı, səmimi görünürlər.

Buyurun, daha bir əttökən monoloq:

“Hər şey qurtardı. Belə tez. Göz açıb-yumana qədər… Oyuncaq kimi oynadıb atdı məni. Amma mən gör, necə xəyallara qapılmışdım. Hər şey qurtardı. Göz açıb-yumana qədər. Qəfildən. Necə ağrıdır, necə ağrıdır…”

Müəllifin necə əziyyət çəkməsi, məzmunsuzluğu, hıqqanması sözlərdən açıq-aydın görünür. Halbuki serializm cərəyanına aid istənilən müəllif bu monoloqu daha asanlıqla, ən əsası, daha maraqlı, daha duzlu yaza bilərdi.

Axı İlyas bu qızı niyə unuda bilmir? Şəhlanı bu qədər xüsusi edən nədir? Niyə Şəhladan sonra heç bir qız onun yerini tuta bilmədi? Ümumiyyətlə, Şəhladan sonra İlyasın həyatında qız oldumu? Aradan keçən bu illər ərzində İlyas harada idi, onun qarşısına niyə başqa qız çıxmadı? Məktəbi atıb zərgərlik öyrənən İlyası niyə əsgərə aparmadılar?

Bütün bu suallar çox vacib suallardır.

Sonuncu, yəni 16-cı fəslə qədər bu bayağı qız söhbəti saqqız kimi uzanır. Bu fəsildə artıq indiki zamana qayıdırıq və İlyas Şəhla ilə görüşməlidir. Mən yenə də ümidlə sonuncu fəsli oxuyurdum ki, bəlkə, bütün bu suallarımın cavabını bu fəsildə taparam.

Açığı, 16-cı fəsli oxuyanda elə bildim ki, bundan əvvəlki fəsil itib, kimsə kitabın 15-ci fəslini cırıb, mən 14-cü fəsildən sonra 16-cı fəsilə keçmişəm. Qayıdıb baxdım, gördüm ki, yox, 15-ci fəsil yerindədir. Amma iki fəsil arasında böyük bir boşluq hiss olunur.

İlyas 15-ci fəsildə Şəhladan ayrılır. Növbəti fəsildə isə artıq Şəhla ilə illər sonra görüşməyi planlaşdırır. Anası Vəfa ortalıqda yoxdur. Şəhla evlənib, boşanıb. Qulu Almaniyaya gedib. Elə deyəsən, müəllif də bu fəsildə ayılır: “Bəs bu boyda roman yazmışam, bu boyda boşluqlar buraxmışam, bunları kim dolduracaq? Bütün bu suallara kim cavab verəcək? Şəhla obrazını da açmamışam, Vəfa obrazının da üstündə işləmək lazımdır”.

Müəllif ayılandan sonra kitabı yığıb-yığışdırmağa, müxtəlif texnikalara əl ataraq bu boşluqları doldurmağa çalışır. Guya Şəhla ilə İlyas illər sonra görüşəndə Şəhla sual verir ki, sənin maman (anan) Vəfa mənə həmişə maraqlı gəlib, mənə bir az ondan danış, amma detallı danış. Müəllif bu səhnəni yazan kimi üçüncü şəxsin məhdud baxış bucağından, İlyasın perspektivindən yazdığı kitabı bu dialoq vasitəsilə birinci şəxsin təkinə keçirir, İlyasın dilindən kitabdakı boşluqları doldurmağa çalışır.

Anasını niyə adı ilə çağırdığını, anasını başqa kişi ilə yataqda tutduğunu, uşaqlıq zədələrini, unuda bilmədiyi səhnələri, anasını bıçaqlamaq istədiyini, məktəbi atdığını, zərgərlik öyrəndiyini, nənəsi ilə qaldığını, anasının kənddə bir kişiyə ərə getdiyini və o kişidən bir qızı olduğunu, həmin kişinin əvvəllər də məhəllədə dolandığını, əmisinin anası haqqında “fahişə” deməyini və bu qəbildən olan bir çox vacib məsələni müəllif 1-2 səhifədə İlyasın dilindən danışmaqla elə bilir ki, kitabdakı boşluqları doldura bildi, cavabsız suallara cavablar verdi.

Bu boyda həngaməni İlyas maşında Şəhlaya danışır, Şəhla da İlyasın bu danışdıqlarına qulaq asıb sadəcə bunu deyir: “Evdən niyə çıxmırsan?”.

İlyas da deyir, “Sənə görə”, indi də başlayır Şəhlaya olan eşqini əsaslandırmağa. Şəhla da öz növbəsində: “Ahh, xəyalpərəstlik, mənim uşaqlığım, o günlər… yeniyetməlik…” tipli cümlələrlə öz başına gələnləri danışmağa, özünə bəraət qazandırmağa başlayır.

Müəllif 200 səhifədə buraxdığı boşluqları bu yolla üç-beş səhifədə doldurmağa çalışır. Bu qədər ağır informasiyanın bir maşın söhbətində, həm də “Anan necədir?”, “Evdən niyə çıxmırsan?” kimi bəsit suallar vasitəsilə oxucunun üstünə püskürdülməsi, təəssüf ki, mövzuların bədii həlli deyil, sadəcə məcburi şəkildə kitabın dalını-qabağını zorla yığıb-yığışdırmaqdır.

Son səhnəni oxuyanda isə lap dəhşətə gəldim. Gözlərimə inana bilmədim. Son bir ayda hər gün serializm cərəyanından kitablar oxuduğum üçün elə bildim kitabları qarışdırmışam, ya da bu hissə mənim gözümə görünür.

Deməli, İlyas Şəhladan son dəfə bir xahiş edir. Deyir ki, sənə sürprizim var, gəl bizə. Qız da deyir, vaxtım yoxdur, getməliyəm. İlyas dirəşir, axırda təklif edir ki, mən gedirəm, düşün, daşın, istəsən gələrsən. İlyas düşüb gedir. Bu səhnədən sonra hadisələrə Şəhlanın perspektivindən baxırıq, onun gördüyü kimi görürük.

“Həyət qapısına çatanda dayanıb ətrafa baxdı. Qaranlıq küçədə heç kim gözə dəymirdi. Qulağını qapıya yaxınlaşdırıb içərini dinlədi, səs-səmir gəlmirdi. Qapını itələyib açanda paslı dəmirdən cırıltılı fəryad qopdu, həyətə girdi və daxil olması ilə gördüyü mənzərədən heyrətə düşdü…

Od tutub yanırdı həyət. Yerlərə, pilləkənlərin üstünə xırda yanar şamlar düzülmüşdü. Həyət qapısından başlamaqla və əşyaların arasından keçməklə yön bildirən şamlar pilləkənlərə qədər gəlir, pillələrin üstü ilə yuxarı qalxırdı. Şəhla İlyası çağırdı. Səs gəlmədi. Yenə çağırdı, yenə də hay verən olmadı. Təəccüblü nəzərlərlə ətrafına baxdı. Nə baş verirdi?

Şamlar onu pilləkənlərlə yuxarı qalxmağa səsləyirdi. Bir anlıq tərəddüd etdi, geriyə qayıtmaq istədi. Amma maraq güc gəldi, pilləkənlərlə yuxarı qalxmağa başladı. Bir vaxtlar yaşadığı evin qapısından içəri daxil olanda burada da yerlərə şamlar düzüldüyünü gördü.

Evin içində əşyalar gözə dəyirdi. Bu əşyalar başqa yerdən gətirilmişdi. Şəhla keçmiş otağına girəndə gördü ki, dəmir çarpayıya yorğan-döşək salınıb. Pəncərə taxçasında dolu külqabı, içində kolbasa qabıqları, xırda plastik qab, çörək qırıntıları və bıçaq olan boşqab vardı.

Nəyisə başa düşmək istəyirmiş kimi diqqətlə ətrafına baxdı, sonra da otaqdan çıxdı. O biri otaqlara keçdi. Bu otaqlarda da yanar şamlar gözə dəyirdi. Hər tərəfi gəzdikdən sonra giriş qapısına qayıtdı. Yenə İlyası çağırdı”.

Yazılarında, müsahibələrində Kafkadan girib Folknerdən çıxan, ağır-ağır müəlliflərin, kitabların adlarını sadalayaraq yeri gəldi-gəlmədi mütaliəsini, intellektual bazasını nümayiş etdirən Cavid Ramazanovu serial çəkməyə görəsən nə vadar edib?

“Amanabənd” haqqında təriflər yazan adamlar kitabın finalındakı səydəşliyi, düşüklüyü niyə görməyiblər? Bəlkə, kitaba tərif vuranlar da elə Cavid Ramazanov ağıldadırlar. Onlar da Cavid Ramazanov kimi böyüyə bilməyiblər, hissləri, davranışları infantil qalıbdır.

Kitabın axırında aşağısı 20 səhifə “sənə bir şey deyəcəyəm”, “bir azdan deyərəm”, “vacib bir şey deyəcəyəm” tipli ifadələrlə süni şəkildə uzadılan mənasız, məzmunsuz səhnələr oxumuşam.

Mən belə düşünürəm ki, Cavid Ramazanov düşük, səviyyəsiz türk seriallarının böyük, qızğın pərəstişkarıdır. Səviyyəsiz, düşük türk seriallarında şamların arasında evlilik təklifi edən oğlanları görüb xəyalları, təxəyyülü, arzuları kəskin şəkildə qıcqırıb, istər-istəməz yamanca təsirlənib. İstəyib ki, onun da kitabının finalı “romantik və təsirli” olsun. Götürüb belə bir səhnə yazıb. Başqa cür desək, düşük, səviyyəsiz türk seriallarının böyük pərəstişkarı olan, seriallardan təsirlənən Cavid Ramazanov həyatda etmək istədiyini kitabın axırında edib. Öz arzularını kitabın axırında İlyas vasitəsilə həyata keçirib.

Mənə çox maraqlıdır, Cavid Ramazanova səydəş, düşük arzuları, məsələn, çoxlu şamlar yandırıb həyət-bacaya düzməyi kitabda yox, elə həyatın özündə reallaşdırmağa nə mane olur? Çox güman, yaratdığı “intellektual obraz”. Mahiyyətcə, məzmunca serializm cərəyanına aid olan bu adam yazılarında, müsahibələrində yaratdığı “intellektual obrazın” qurbanına çevrilib. Cavid bəy iki stulun arasında qalıb. Mahiyyəti, təbiəti onu serializm stuluna tərəf itələyir, həyatda yaratdığı obraz isə serializm stulunda tamamilə rahat oturmağa imkan vermir. “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləri sanki Cavid Ramazanov üçün biçilib.

# 220 dəfə oxunub

Oxşar xəbərlər

Ceyrana görə Fransaya gedən yazıçı - Çingiz Aytmatov ona  məktubunda nə yazmışdı?

Ceyrana görə Fransaya gedən yazıçı - Çingiz Aytmatov ona məktubunda nə yazmışdı?

11:30 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

12:00 18 aprel 2026
"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

12:40 16 aprel 2026
"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər